Məhkəmə qərarları › İş №e-16(3-6)-695/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-695/2026

18.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-695/2026 18.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Ərizəçi Ərizəçi MMC tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından ərizəçi Ərizəçi MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı Ərizəçi MMC cavabdeh Cavabdeh MMC-dən ##.##.2020-ci il tarixli, ***/** saylı müqavilə üzrə ##.##.2026-cı il tarixə olan 62443,20 məbləğində əsas borcun, 12488 manat məbləğində cərimə dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 1993,41 manat pulun və 352,85 manat dövlət rüsumunun tutularaq Ərizəçi MMC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda iş Bakı Kommersiya Məhkəməsinin icraatındadır (2-2(4-11)-5076/2026). Eyni zamanda, ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC-yə məxsus (müqavilədə də qeyd edilmiş) Kapital Bank Bakı şəhər filialında yerləşən İBAN, H\H: AZ67AIIB40060019440428452102; M\H: AZ37NABZ01350100000000001944; S.W.İ.F.T: AIIBAZ2XXX, VÖEN: **********, kod: 200026 olan bank hesabına və Azərbaycan Respublikasında mövcud olan bank və digər kredit təşkilatlarındakı Cavabdeh MMC-yə məxsus hesablarda olan pul vəsaitləri üzərinə və cavabdehə məxsus bütün daşınar və daşınmaz əmlakın üzərinə borc tələbi həcmində, yəni 76924,61 manat həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, cavabdeh Cavabdeh MMC-yə məxsus Kapital Bank Bakı şəhər filialında yerləşən İBAN, H\H: AZ67AIIB40060019440428452102; M\H: AZ37NABZ01350100000000001944; S.W.İ.F.T: AIIBAZ2XXX, VÖEN: **********, kod: 200026 olan bank hesabında olan pul vəsaitlərinin üzərinə, habelə həmin bank hesabında pul vəsaiti olmadıqda, yaxud kifayət qədər olmadıqda Azərbaycan Respublikasının ərazisində faəliyyət göstərən digər bank hesabında (müvafiq olaraq bir bank hesabında pul vəsaiti olmadıqda, yaxud kifayət etmədiyi təqdirdə digər bank hesabına tətbiq edilməklə) olan pul vəsaitlərinin üzərinə (işçilərin əmək haqlarının, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) verilməsinə məhdudiyyət qoyulmadan)) iddia tələbini təşkil edən əsas borc məbləği həcmində, yəni 18272,3 manat pul məbləği həddində həbs qoyulması, cavabdeh Cavabdeh MMC-nin bank hesablarında pul vəsaiti olmadıqda, yaxud kifayət etmədikdə 18272,3 manat məbləğində ona məxsus daşınar və daşınmaz əmlakların özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi, ərizənin qalan hissədə təmin eidlməməsi qərara alınmışdır. Ərizəçi ##.##.2026-cı il tarixdə ərizəçi “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət ilə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e**(*-**)-***/**** saylı qərardadının ləğv edilməsini və müvəqqəti təminat tədbiri barədə ərizənin tam təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki: - Qeyd edir ki, digər aktlar borclu tərəfindən təsdiqlənməklə ərizəçiyə geri qaytarılmamışdır. Lakin ərizəçi tərəfindən ümumi üzləşmə aktı hazırlanmış və whatsapp tətbiqi üzərindən yoxlanılması üçün borclunun nümayəndəsinə göndərilmişdir. Nümayəndə tərəfindən üzləşmə aktı yoxlandıqdan sonra rəqəmlərin doğruluğuna təsdiq verilmişdir. Bu səs yazısından da bəllidir. Belə ki, iş materiallarına əlavə edilən şəkildən görünür ki, borclu 13 saniyəlik səs atmaqla üzləşmə aktında olan məbləğlərin uyğun gəldiyini təsdiq etmiş və qeyd edilən məbləğ qədər borc olduğunu etiraf etmişdir. Lakin üzləşmə aktını rəhbərliyin olmaması ilə əlaqələndirib imza, möhür edib sənədi göndərə bilməyəcəyini, amma yaxın zamanda göndərəcəyini bildirmişdir. Lakin bu tipli səhlənkarlıqlar borclu tərəfindən dəfələrlə edilmişdir. Hansı ki, aktı olmayan digər elektron qaimələrin aktını almaqda da bu səbəbdən ciddi problem yaşayır. Borclu tərəfə pretenziya məktubu göndərildikdən sonra heç bir akt və üzləşmə aktı bilərəkdən geri göndərilməmişdir. Buna baxmayaraq yazışma və səs yazısı təsdiq edir ki, borclu bütün borc məbləğini qəbul edir. Barəsində danışılan bu səs yazısı diskdə məhkəməyə təqdim edilir. Əlavə olaraq qaimələrin sistem tərəfindən təsdiq edilməsi dolayısı ilə cavabdehin ona göstərilən xidmətə və həmin xidmətin dəyərinə heç bir etirazının olmaması bu xidməti və xidmətin dəyərinin onun tərəifndən qəbul edilməsi deməkdir. Belə ki, məlum olduğu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral2021-ci il tarixli, ** №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilənvə elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. Bu qaydaların 3.3-cü bəndə əsasən cari elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. Yəni malın təhvil verilmədiyi halda cavabdeh tərəf iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina etməli və ya ən azı bununla bağlı öz etirazını bildirməli idi. Yəni malın və ya xidmətin təhvil verilmədiyi halda cavabdeh tərəf iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edməli və ən azı bununla bağlı öz etirazını bildirməli idi. Odur ki, həmin qaimələrin geri qaytarılmaması, etiraz edilməməsi xidmətin qəbul edildiyini və cavabdeh tərəfindən buna heç bir etiraz olmadığını sübut edir, əlavə olaraq yazışmalar və səs yazısı da bunun təsdiqidir, sadəcə bu gün cavabdeh borc məbləğini ödəməkdən yayınmaqdadır. Əlavə olaraq bildirir ki, cavabdehə göndərilmiş ##.##.2026-cı il tarixli pretenziya üzrə heç bir nəticə əldə edilməməsi, iş materiallarına əlavə edilmiş müqavilə, maliyyə arayışı, göstərilmiş xidmətlər üzrə aktlar, elektron qaimələr və qoşmada təqdim edilmiş bütün digər sənədlər, buna baxmayaraq artıq uzun müddətdir cavabdehin öhdəliyini icra etməməsi gələcəkdə də cavabdeh tərəfindən qətnamənin icrasından yayınacağını kifayət qədər sübut edir, hətta, müvafiq müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyini sübut edir. Habelə, ərizəçinin tətbiq edilməsini xahiş etdiyi təminat tədbirləri maraqlı şəxsin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə yox, təminat tədbiri tətbiq edilmədikdə ərizəçinin hüquqlarının lüzumsuz pozulması, hətta sonradan bu hüquqların həyata keçirilməsinin qeyri-mümkünlüyü və ümidsizliyi ilə nəticələnə bilər. Ədalətlilik və hüququn müəyyənliyi meyarlarından çıxış etsə, hal-hazırda ərizəçinin haqqı çatanlardan məhrum olduğu bir situasiyada onun haqqı çatanlardan məhrum olmasına səbəb olan cavabdehin, yalnız, yerinə yetirmədiyi öhdəlik həcmində (iddia üzrə tələb həcmində) əmlaklarının üzərinə həbs qoyulmaması, özgəninkiləşdirilməsinin qadağan edilməməsi cavabdehin sonradan da öhdəliyini icra etməməsinə imkan yaradır. Bu hal isə göstərdiyi xidmətin qarşılığını əldə edə bilməyən ərizəçinin vəziyyətini daha da ağırlaşdırır. Bir daha qeyd edir ki, müvəqqəti təminat tədbirləri daimi xarakter daşımır, bu səbəbdən də ərizəçinin ərizəsi təmin edildiyi təqdirdə cavabdeh tərəfindən gələcəkdə qətnamənin daha tez və asanlıqla icrasına, hətta öhdəliyin öncədən icra edilməsi halına nail olmaq mümkündür. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli Qərarına əsasən ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdimedilməsi ilə bağlı həddindən artıq vəzifə qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlardan birinə də məhz cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları aid etmək olar. Yuxarıda qeyd edilənlər bir daha öz təsdiqini tapır. Cavabdehin ödənişdən yayınması, dəfələrlə edilən müraciətlərə baxmayaraq müsbət nəticənin əldə edilməməsi cavabdehin vicdansızcasına öhdəliyini icra etməməsini təsdiq edir. Habelə, hal-hazırda məhkəməyə təqdim edilən yazışma və səs yazısı bu sübutlarla birlikdə qiymətləndirilməlidir. Odur ki, bu qərardad Ərizəçi MMC-ninvəziyyətini daha da çətinləşdirməklə qanuni olaraq haqqı çatanları tələb etməyə, həmçinin gələcək qətnamələrin icrasına maneə olacaqdır. -Qeyd edir ki, qoyulacaq həbs yalnız iddia tələbi həcmində olacağından və cavabdehin əmək haqqı, vergi və digər məcburi dövlət ödənişlərinə məhdudiyyət qoymayacağından bu nüansda belə müvafiq tədbir cavabdehin hüquqlarınıməhdudlaşdırmayacaq, mütənasiblik prinsipi tam olaraq gözləniləcək və bu yalnız ədalətin bərpası naminə ərizəçinin hüquqlarının qorunmasına xidmət edəcəkdir. Nəzərə alınmalıdır ki, Mülki ProsessualMəcəlləsinin 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya qeyd edir ki, ərizəçi tərəfindən verilmiş şikayətdə qərardadın əsaslılığı məhkəmənin müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməmiş hissəsində mübahisələndirilmiş, qərardadın həmin hissədə ləğv edilməsi və ərizənin təmin edilməyən hissəsinin təmin edilərək cavabdeh Cavabdeh MMC-yə məxsus bank hesablarında olan pul vəsaitləri və cavabdehə məxsus bütün daşınar və daşınmaz əmlak üzərinə iddia tələbinin ümumi məbləği olan 76924,61 manat həddində həbs qoyulmasını xahiş edilmişdir. Odur ki, məhkəmə kollegiyası qərardadın qanuniliyini və əsaslılığını ərizənin təmin edilməmiş hissəsində yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Faktiki hallar: -##.##.2020-ci il tarixli, ***/** saylı yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən, icraçı (ərizəçi) sifarişçi sifarişi əsasında ona məxsus yükləri (avadanlıqları) daşımaqla yükdaşıma xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilənin 5-ci bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.3-cü bəndinə əsasən, icraçı daşıdığı yükü sifarişçinin nümayəndəsinə və ya onun göstərdiyi şəxsə təhvil verir. Hər bir və ya bir neçə daşımadan sonra göstərilmiş xidmətin təhvil verilməsi haqqında akt tərtib olunur. -Tərəflər arasında 5 ədəd göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında akt imzalanmış, aktlara əsasən tərəflər sifarişçinin sifarişi əsasında icraçı tərəfindən ümumi dəyəri 18.272,3 manat məbləğində yüklərin daşındığını təsdiq etmişlər. Aktlar hər iki hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmişdir. -Bundan başqa, ərizəçi tərəfindən cavabdehə - 70,8 manat, 41,3 manat, 153,4 manat, 212,4 manat, 200,6 manat, 59 manat, 212,4 manat, manat, 16201,4 manat, 27163,6 manat, 354 manat, 3722,9 manat, 1097,4 manat, 354 manat, 802,4 manat, 94,4 manat, 1534 manat, 165,2 manat, 27393,7 manat və 436,6 manat olmaqla, ümumilikdə, 80269,5 manat məbləğində elektron qaimələr göndərilmişdir. Bütün elektron qaimələr “sistem tərəfindən təsdiqləndi” statusundadır. Belə ki, Mülki Prosessual Məcəllənin: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.5-ci maddəsinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Şikayətin kontekstinə uyğun olaraq qiymətləndirmə aparan məhkəmə kollegiyası nəzərə alır ki, işə baxan məhkəmə ərizənin 58652 manat məbləğində əmlakların, o cümlədən bank hesablarında olan pul vəsaitlərinin üzərinə həbs qoyulması hissəsində rədd edərkən, iş materiallarında yalnız 18272,30 manat məbləğində yüklərin daşındığını təsdiq edən ilkin sübutların mövcudluğuna, qalan məbləğ üzrə təqdim edilmiş sübutların isə həmin hissədə iddianın əsaslılığına dair ilkin qənaətə gəlmək üçün kifayət etməməsinə istinad etmişdir. Bununla bağlı qeyd edilir ki, müvəqqəti təminat tədbiri barədə icraat çərçivəsində iddia tələbinın əsaslılığının tam şəkildə sübuta yetirilməsi tələb edilməməsə də, tərəflər arasında mübahisənin həqiqətən mövcudluğuna və tələbin əsaslılığına dair ilk baxışdan (prima facie) qənaətə gəlməyə imkan verən həcmdə sübutların təqdim edilməsi zəruri hesab edilir. Hazırkı halda isə ərizəçinin müvəqqəti təminat tədbirinin təmin edilmədiyi hissədə iddianın əsaslılığı sübuta yetirilmək üçün elektron qaimələr, WhatsApp yazışmaları və səs yazıları təqdim etmişdir ki, həmin elektron qaimələr sistem tərəfindən təsdiqlənmiş, WhatsApp danışıqlarının aparan şəxslərin kimliyi, səsin kimə aid olması, həmin şəxslərin cavabdehi təmsil etmək səlahiyyətinin olub-olması kimi hallar isə əlavə araşdırma tələb edir. Odur ki, kollegiya mübahisə olmayan dövrlər üzrə xidmətlərin göstərilməsi faktının, eləcə də göstərilmiş həcm və dəyərlərinin tərəflərin imzası ilə möhürü ilə təsdiq edilmiş aktlarla təsdiq edildiyini də nəzərə alaraq birinci instansiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır ki, hazırkı halda təqdim edilən sübutlar iddia olunan borcun mövcudluğu barədə ilkin nəticəyə gəlmək üçün yetərli görünmür. Beləliklə, birinci instansiya məhkəməsi 58652 manat məbləğində əmlakların, o cümlədən bank hesablarında olan pul vəsaitlərinin üzərinə həbs qoyulması hissəsində rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Şikayət isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Ərizəçi Ərizəçi MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar