Məhkəmə qərarları › İş №e-16(3-6)-718/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-718/2026

21.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-718/2026 21.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, * saylı Notariat ofisində verilmiş 8İ-***** saylı ## ### 2026-cı il tarixli icra qeydi üzrə aparılan Nizami rayon İcra və Probasiya şöbəsində icra prosesinin dayandırlamasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ## ###### 2023-cü ildə X1 ilə Cavabdeh MMC arasında “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında yaranacaq öhdəliyin icrasını təmin etmək üçün Ərizəçi adına ünvan 1 ünvanında yerləşən, umumi sahəsi 104.6 kv/m olan qeyri-yaşayış sahəsini ipoteka predmeti olaraq girov qoyulmuşdur. İpoteka Müqaviləsi ümumilikdə qanunsuz və əsassızdır. Belə ki, müqavilənin əsası kimi, “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilədən yaranmış 84.000 manat məbləğində öhdəliyin yaranması göstərilmişdir. Halbuki, ipoteka müqaviləsi bağlanan zaman tərəflər arasında heç bir maddi öhdəlik mövcud deyildir. İpoteka müqaviləsinin özlüyündə qanunsuz olması səbəbi ilə, qeydiyyata alınmamışdır. Belə ki, ipoteka müqaviləsinin notariusda təsdiqlənməsi hələ ipoteka hüququnun yaranması demək deyildir. Qeyd edilənlər əsasında icra qeydi verilmiş və əmlakın hərracda çıxarılaraq, satılması prosessi baş tutacaq. İcra qeydinin ləğvi ilə bağlı Bakı Kommersiya Məhkəməsinə tərəfindən müraciət olunmuşdur. Lakin Məhkəmə müvafiq işə baxdığı dövrdə icra prosesi baş tutacaq və bu iddiaçıya geri qaytara bilməyəcəyi zərəri vuracaq. Bu səbəbdən müvəqqəti təminat tədbiri ilə bağlı qərar çıxarılması zərurəti vardır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə e-*(*-**)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, 8İ***** saylı ## ### 2026-cı il tarixli icra qeydi üzrə Nizami rayon İcra və Probasiya Şöbəsində aparılan icra icraatının (icra prosesi) dayandırılması qərara alınmışdır. Həmin qərardaddan cavabdeh Cavabdeh MMC şikayət verərək qərardadın ləğv edilməsi, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq olunması (icra icraatının dayandırılması) barədə ərizəsinin təmin edilməsindən imtina olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X2 arasında ##.##.2023-cü il tarixində bağlanmış "Biznes sisteminin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə" müqavilə üzrə X1 78.502 manat məbləğində borcu yaranmışdır. Sözügedən borc Sumqayıt Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ##.##.2026cı il tarixli qətnaməsi ilə öz təsdiqini tapmış, məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Həmçinin, Ərizəçi və X1 "Biznes sisteminin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə" müqavilədən irəli gələn öhdəliklərin təminatı rejimində ünvan 2 ünvanında yerləşən 104.6 kv/m sahəsi olan qeyri-yaşayış sahəsini qanunvericiliyə uyğun olaraq ipoteka ilə yüklü etmişlər. Tərəflərindən qanunvericiliyə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ilk öncə borclulara xəbərdarlıq edilmiş, daha sonra qanunda nəzərdə tutulan müddət bitdikdən sonra Notariat orqanına göndərilmişdir. Abşeron rayon * saylı Notariat ofisinin 8İ-***** reyestr nömrəli, ## ### 2026-cı il tarixli icra qeydinə əsasən əmlaka tutma yönəldilmişdir. İş hal-hazırda Nizami rayon İcra şöbəsinin icraatındadır. Tərəflərindən qanunvericiliyə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ilk öncə borclulara xəbərdarlıq edilmiş, daha sonra qanunda nəzərdə tutulan müddət bitdikdən sonra Notariat orqanına göndərilmişdir. Məhz Abşeron rayon * saylı Notariat ofisi borcun mübahisəsiz olduğunu nəzərə alaraq notariusa müraciət edilən vaxtadək borclular tərəfindən mübahisə edilmə barədə etiraz daxil olmadığına görə icra qeydini həyata keçirmişdir. Göründüyü kimi, qanunda istisna kimi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan həmin icra qeydinin verilməsinin birbaşa hüquqi əsası olan sənəd nəzərdə tutulmuşdur. Qanunda imperativ norma göstərilsə də məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılmadan, qanunsuz, “şəxsi maraqlarına” uyğun ədalətsiz qərardad qəbul etmişdir. İşin faktiki hallarından görünür ki, borclularla mübahisə uzun müddətdir ki davam etmiş və borcun qaytarılması üçün bütün icra hərəkətləri nəticəsiz qaldığına görə borcun ödənilməsinin təmin edilməsi ipoteka predmetinə yönəldilmişdir. Beləliklə, ərizəçilər tərəfindən qanuni qüvvəsini almış məhkəmə aktı ilə təsdiqlənmiş öhdəliyin icrasının qarşısını almaq məqsədilə verilmiş iddia və müvəqqəti təminat tədbiri barədə müraciəti hüquqdan suiistifadə xarakteri daşıyır. Məhkəmə mübahisəyə təktərəfli baxaraq şirkətin hüquqlarını lüzumsuz məhdudlaşdırmışdır. Məhkəmə müvəqqəti təminat tədbiri tətbiq edərkən kreditor olan Cavabdeh MMC-nin qanuni mənafelərini nəzərə almamışdır. Qanuni və icra olunmalı icra qeydinin dayandırılması borcun ödənilməsini qeyri müəyyən müddətə yubadır, MMC-nin mülkiyyət və alacaq hüquqlarını zərərə uğradır. Notariat haqqında qanunvericiliyin və Mülki Prosessual Məcəllənin tələblərinə əsasən notariusun icra qeydi mübahisəsiz öhdəliklər üzrə verilir və onun dayandırılması üçün əsaslı hüquqi sübutlar təqdim olunmalıdır. Borclunun iddia ərizəsindən hər hansı əsaslı sübut təqdim olunmamışdır. İddiaçının mahiyyət üzrə əsassız iddia qaldırması avtomatik olaraq icraatın dayandırılmasına əsas verə bilməz. Birinci instansiya məhkəməsi formal mülahizələrlə icra icraatını dayandırmaqla borclunun əmlakı gizlətməsinə və ya icradan yayınmasına şərait yaratmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ərizəçi Ərizəçi nümayəndəasi-vəkili tərəfindən məhkəməyə ərizə daxil olmuşduir. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməklə, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və aşağıda göstərilənlərə əsasən ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Göründüyü kimi, müvəqqəti təminat tədbirinin tətbiqi üçün yalnız məhkəmə aktının gələcəkdə icrasının çətinləşməsi ehtimalının mövcudluğu kifayət etmir. Belə tədbirin tətbiqi konkret iş üzrə ərizəçinin hüquqlarının qorunmasının və ya bərpasının gələcəkdə mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi barədə ilkin və ağlabatan əsaslandırmanın mövcudluğunu tələb edir. Həmçinin tətbiq edilən tədbir mübahisənin predmetinə uyğun, zəruri və tərəflərin hüquqi maraqları arasında mütənasib olmalıdır. Hazırkı iş üzrə ərizəçi mübahisələndirilən icra qeydi üzrə icraatın dayandırılmasını həmin icra qeydinə əsasən ipoteka predmetinin hərraca çıxarılaraq realizə edilə biləcəyi və bunun sonradan onun üçün bərpası mümkün olmayan nəticələr yarada biləcəyi ilə əsaslandırmışdır. Lakin iş materiallarından müəyyən edilir ki, Cavabdeh MMC ilə X1 arasında ## ###### 2023-cü il tarixdə bağlanmış “Biznes sisteminin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilədən irəli gələn öhdəlik üzrə borcun mövcudluğu Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmişdir. Həmin öhdəliyin icrasının təminatı kimi isə Ərizəçi məxsus qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Bu baxımdan, Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı mübahisənin mövcudluğu özüözlüyündə ipoteka predmetinə tutmanın yönəldilməsinin və notarius tərəfindən icra qeydinin aparılmasının hüquqi əsaslarını aradan qaldırmır. Ərizəçinin ipoteka müqaviləsinin hüquqi qüvvəsi və icra qeydinin qanuniliyi barədə irəli sürdüyü dəlillər mahiyyəti üzrə baxılmalı olan iddianın predmetidir və həmin dəlillərin əsaslı olub-olmaması hazırkı mərhələdə müvəqqəti təminat tədbirinin tətbiqi məsələsinin həllində qabaqcadan müəyyən edilə bilməz. Bununla yanaşı, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsində qanunverici icra sənədi və ya onun verilməsinə əsas olan sənədə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırılmasını müəyyən hallarda icra üzrə icraatın məcburi dayandırılması əsası kimi nəzərdə tutsa da, həmin normada “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan həmin icra qeydinin verilməsinin birbaşa hüquqi əsası olan sənəd istisna edilmişdir. Bu istisnanın hüquqi əhəmiyyəti ondan ibarətdir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı notarius tərəfindən aparılmış icra qeydinin mübahisələndirilməsi həmin icra qeydinin icrasının dayandırılmasına səbəb olmur. Əks yanaşma “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsində qanunverici tərəfindən açıq şəkildə müəyyən edilmiş istisnanın hüquqi nəticəsiz qalmasına gətirib çıxarardı. Ərizəçinin tələbi mahiyyət etibarilə notariusun icra qeydi üzrə artıq başlanmış icra icraatının dayandırılmasına yönəlmişdir. Halbuki müvəqqəti təminat tədbiri iddianın təmin edilməsini qabaqcadan həll edən və ya iddiaçının mübahisəli hüququnu təsdiq edən vasitə deyil, yalnız gələcək məhkəmə aktının real və səmərəli icrasını təmin etməyə yönəlmiş müvəqqəti prosessual tədbirdir. Hazırkı halda isə birinci instansiya məhkəməsi ipoteka predmetinin hərraca çıxarılmasının mümkünlüyünü müvəqqəti təminat tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi qiymətləndirmiş, lakin belə tədbirin tətbiq edilməsinin qanunvericilikdə nəzərdə tutulmuş xüsusi icra mexanizminə təsirini və kreditorun qanuni mənafelərinə yaradacağı nəticələri lazımi qaydada qiymətləndirməmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.7-ci maddəsinə əsasən, həmin Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrası üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Mülki Prosessual Məcəllənin 231.5-ci maddəsində də ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasının dayandırılması ilə bağlı analoji məhdudiyyət nəzərdə tutulmuşdur. Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı işdə söhbət məhkəmə qətnaməsinin deyil, notariusun icra qeydinin icrasından getdiyindən qeyd olunan normalar birbaşa tətbiq edilən norma kimi deyil, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı qanunvericinin müəyyən etdiyi xüsusi hüquqi rejimin qiymətləndirilməsi baxımından nəzərə alınmalıdır. Bu xüsusi rejim nəzərə alınmadan yalnız ümumi müvəqqəti təminat normalarına istinad edilməklə icra prosesinin dayandırılması, qanunvericilikdə nəzərdə tutulmuş icra mexanizminin məqsədinə uyğun olmazdı. Bundan başqa, ərizəçi mübahisələndirilən icra qeydinin icrası nəticəsində ona məhz hansı konkret və sonradan aradan qaldırılması mümkün olmayan zərərin vurulacağını kifayət qədər əsaslandırmamışdır. Əmlakın realizə olunması ehtimalının mövcudluğu özü-özlüyündə müvəqqəti təminat tədbirinin tətbiq edilməsini zəruri edən hal kimi qəbul edilə bilməz. Bunun üçün həmin tədbirin tətbiq edilmədiyi halda ərizəçinin hüquqlarının gələcəkdə bərpasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi konkret hallarla əsaslandırılmalıdır. Eyni zamanda, müvəqqəti təminat tədbiri tətbiq edilərkən yalnız ərizəçinin deyil, qarşı tərəfin də hüquq və qanuni mənafeləri nəzərə alınmalı, tətbiq edilən tədbirin tərəflərin hüquqi vəziyyətinə təsiri arasında mütənasiblik təmin edilməlidir. Hazırkı halda icra prosesinin qeyri-müəyyən müddətə dayandırılması qanuni qüvvəyə minmiş icra qeydi ilə təsdiq edilmiş öhdəliyin və həmin öhdəliyin icrasının təminatı olan ipotekanın reallaşdırılmasını əhəmiyyətli dərəcədə gecikdirir və bununla kreditorun qanuni mənafelərinə müdaxilə yaradır. Beləliklə, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyini qiymətləndirərkən mübahisənin yalnız ərizəçinin hüquqlarına mümkün təsiri baxımından yanaşmış, digər tərəfdən isə qanuni qüvvəyə minmiş icra qeydi ilə müəyyən edilmiş öhdəliyi, ipoteka saxlayanın hüquqlarını, “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi istisnanı və müvəqqəti təminat tədbirinin tərəflərin hüquqi vəziyyətinə təsirini lazımi qaydada nəzərə almamışdır. Odur ki, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi üçün tələb olunan zəruriliyi və mütənasibliyi kifayət qədər əsaslandırdığı qənaətinə gəlmək mümkün deyildir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, Cavabdeh MMC-nin şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin **(*-**)- ***/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı ləğv edilməli, Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ##.##.2026-cı tarixli qərardadı ləğv edilsin. Ərizəçi Ərizəçi tərəfindən verilmiş “Abşeron r., * saylı Notariat ofisində verilmiş 8İ-***** saylı ## ### 2026-cı il tarixli icra qeydi üzrə aparılan Nizami rayon İcra və Probasiya şöbəsində icra prosesinin dayandırılması barədə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə” təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar