Məhkəmə qərarları › İş №e-16(3-6)-720/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-720/2026

23.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-720/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizəçi “xxxx” Dövlət Tarix- Memarlıq Qoruğu Idarəsi X1 ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri, mütənasiblik prinsipi, iddia tələbinin əsaslılığına dair ilkin sübutlar) Hakimlər Mahmudova Təranə Nəriman qızı (sədrlik edən və məruzəçi), Abdullayev Elşən Uğur oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından ərizəçi “xxxx” Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsi X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı

1. Iddiaçı "xxxx" Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsi X1 cavabdeh cavabdeh1 tərəfindən ünvan 1 ünvanında (yeni ünvan: Kiçik Qala küçəsi, giriş 63) yerləşən 146,5 m² sahədə ictimai iaşə obyektinin boşaldılaraq “xxxx” Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsinə təhvil verilməsi; Müqaviləyə xitam verildiyi tarixdən obyektin Idarəyə faktiki təhvil verildiyi tarixədək Idarənin məhrum olduğu aylıq 10.000 (on min) manat məbləğində əldən çıxmış faydanın (zərərin) cavabdehdən tutularaq Idarənin xeyrinə ödənilməsi; Dövlət rüsumunun və iş üzrə çəkilmiş digər məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iş hazırda Bakı Kommersiya Məhkəməsinin icraatındadır (e-2- 2(4-11)-5362/2026).

2. Həmçinin ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh1 və digər şəxslərə “xxxx” Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsinin balansında olan ünvan 1 ünvanında (yeni ünvan: Kiçik Qala küçəsi, giriş 63) yerləşən 146,5m² sahədə ictimai iaşə obyektinin istifadəsinin dayandırılması və digər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, həmin məqsədlərlə müştəri qəbul edilməsi, xidmət göstərilməsi, mal və avadanlıq gətirilməsi qadağan edilməsi, müvəqqəti qadağanın faktiki icrasının təmin edilməsi və mübahisəli sahədə ictimai iaşə obyektinin fəaliyyətinin davam etdirilməsinin qarşısının alınması məqsədilə obyektin giriş qapısı bağlanılaraq həmin sahəyə sahibkarlıq fəaliyyəti məqsədilə giriş məhdudlaşdırılması barədə müvəqqəti təminat tədbirinin tətbiq olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə ərizə təmin edilməmişdir.

4. ##.##.2026-cı il tarixdə ərizəçi “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət ilə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadının ləğv edilməsini və müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli iş üzrə qərardadın əsaslandırıcı hissəsində ərizənin qismən təmin edilməli olduğu göstərildiyi halda, qərardadın nəticə (“Qərara aldı”) hissəsində bunun əksinə olaraq ərizənin təmin edilməməsi qərara alınmışdır. Beləliklə, qərardadın əsaslandırıcı hissəsi ilə nəticə hissəsi arasında açıq ziddiyyət yaranmış, həmin ziddiyyətin səbəbi qərardadda izah edilməmişdir. Əlavə olaraq, məhkəmə qərardadda ərizəçi tərəfindən gələcək əsas iddianın göstərilmədiyini qeyd etmişdir. Halbuki müvəqqəti təminat tədbiri haqqında ərizədə əsas iddianın bir ay müddətində məhkəməyə təqdim ediləcəyi açıq şəkildə göstərilmiş, eyni zamanda gələcək iddianın predmeti və tələb olunan müdafiə üsulu konkret olaraq ifadə edilmişdir. Buna baxmayaraq, məhkəmə ərizənin məzmununa uyğun olmayan nəticəyə gələrək həmin hala düzgün hüquqi qiymət verməmişdir. Iş materiallarına əsasən, cavabdeh1 və Idarə arasında # ###### 2026-cı il tarixlində 6 (altı) ay müddətinə sahibkarlıq fəaliyyətinin inkişafına şərait yaradılmasına dair ASM**/** nömrəli müqavilə (bundan sonra – Müqavilə) bağlanmışdır. § # ###### 2026-cı il tarixli ASM **/** nömrəli Müqavilənin: - 2.1.1.11-ci bəndinə əsasən, bu müqaviləyə xitam verildikdən sonra 3 (üç) gün müddətində sahənin təhvil alındığı anda olduğu vəziyyətdə Idarəyə təhvil verilməli; - 4.1-ci bəndinə əsasən, sahədə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə şərait yaradılması müqabilində fərdi sahibkar aylıq olaraq 146,5 m² sahə üçün 10000 (on min) manat məbləğində pul vəsaitini Idarəyə ödəməlidir; - 5.2-ci bəndinə əsasən, müqavilə imzalandığı tarixdən 6 (altı) ay müddətinə bağlanmışdır; - 5.3-cü bəndinə əsasən, müqavilə müddətinin bitdiyi günədək Idarə və ya fərdi sahibkar bu müqaviləyə xitam vermək niyyətini yazılı olaraq bildirmədiyi təqdirdə, bu müqavilənin müddəti eyni şərtlərlə növbəti 6 (altı) ay üçün uzadılmış hesab olunur. - 6.7-ci bəndinə əsasən, müqaviləyə xitam verildikdən sonra bu müqavilənin 2.1.1-ci bəndinin 11-ci hissəsində göstərilən müddətdə sahə Idarəyə təhvil verilmədikdə, fərdi sahibkar hər gecikdirilən gün üçün 100 (yüz) manat cərimə ödəyir; - 8.3-cü bəndinə əsasən, fərdi sahibkar tərəfindən bu müqavilənin şərtləri pozulduqda, müqavilədə göstərilən müddətlərə və bu müqavilə üzrə öhdəliklərinə əməl etmədikdə və yaxud fərdi sahikar tərəfindən və ya onun fəaliyyəti ilə əlaqədar sahəyə və ya ətrafda yerləşən tarix və mədəniyyət abidələrinə zərər dəyməsi hallarında Idarənin tələbi ilə bu müqaviləyə dərhal xitam verilə bilər. Müqavilənin yuxarıda qeyd olunan şərtlərinə baxmayaraq, müqavilə üzrə cavabdeh cavabdeh1 öhdəliyinə əməl etməmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdeh1a dəfələrlə müraciət olunmasına, pretenziya verilməsinə, mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq tərəfindən borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərilməmişdir. Həmçinin ona göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. ## #### 2026-cı il tarixli və ## ### 2026-cı il tarixli müqavilə üzrə öhdəliklərin icra edilməməsinə dair bildirişlər cavabdeh1 göndərilmiş, buna baxmayaraq şəxs öhdəliyini icra etməmişdir. # #### 2026-cı il tarixli müqavilə müddətinin uzadılmaması və turizm infrastrukturu obyektinin təhvil verilməsinə dair bildirişlə müqavilənin 5.2-ci bəndinə uyğun olaraq, müqavilənin qüvvədə olma müddəti # #### 2026-cı il tarixində başa çatdığı qeyd edilmişdir. Müqavilənin qüvvədə olma müddəti başa çatdığı tarixdən etibarən 3 (üç) gün ərzində, turizm infrastrukturu obyektini Müqavilənin 2.1.1.11-ci yarımbəndinin tələblərinə uyğun olaraq Idarəyə təhvil verilməsi tələb edilmişdir. ## #### 2026-cı il tarixli bildirişlə isə tərəfə turizm infrastrukturu obyektinin Idarəyə hələ də təhvil verilməməsi və faktiki olaraq cavabdeh1 qanunsuz istifadəsində qalması bildirilmişdir. Müqaviləyə xitam verildiyi tarixdən etibarən obyektdən hüquqi əsas olmadan istifadənin davam etdirilməsi nəticəsində yaranan istifadə haqqı obyektin Idarəyə faktiki təhvil verildiyi tarixədək hesablanacağı və həmin məbləğin cavabdeh1 tərəfindən ödənilməsi öhdəliyi yaranacağı qeyd edilmişdir. Belə ki, cavabdeh1 ## #### 2026-cı il tarixində uzun müddətdir ödəmədiyi borcunu ödəmiş lakin obyektləri boşaltmamış, qanunsuz istifadəni davam etdirmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, cavabdeh1 hazırda hər hansı hüquqi əsas olmadan, o cümlədən Idarənin razılığı olmadan Idarənin balansında olan ünvan 1 ünvanında (yeni ünvan: Kiçik Qala küçəsi, giriş 63) yerləşən 146,5m² sahəni (üzərində taxta konstruksiya ilə birlikdə) qanunsuz şəkildə istifadə etməyə davam edir.

6. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, ##.##.2026-cı il tarixli, e- **(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya şikayətinə etiraz

7. Şikayətə qarşı yazılı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

8. Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.

9. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

10. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.

11. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

12. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

13. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.

14. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər.

15. Maddə 264.0.5. Ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir.

16. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

Apellyasiya baxışının həddi

17. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

18. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.

19. Qanunverici tələb edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğuna dair dəlillər göstərilməklə, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi halları ilə əlaqələndirilib əsaslandırılmalıdır.

20. Qeyd olunmalıdır ki, ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında müvəqqəti təminat tədbirləri tətbiq edilə bilməz - ərizəçidən gözlənilən odur ki, o, hüquqlarının müdafiəsi üçün iddia icraatının nə üçün yetərli olmadığını, nəyə görə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırsın. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər - ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.Belə olan halda məhkəmədən gözlənilən odur ki, o, ərizəçinin təqdim (istinad) etdiyi sübutların onun iddia tələbinin əsaslılığına kifayət qədər dəlalət edib-etmədiyini aydınlaşdırsın və həmin araşdırma əsasında gəldiyi qənaət çərçivəsində müvafiq qərar versin.

21. Həmçinin qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbirləri tətbiq edilərkən ümumi hüquqi prinsip kimi mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. MPM-in 157.6-cı maddəsindəki yeni tənzimləmələr tələb edir ki, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu yeni tənzimləmələr ona işarə edir ki, hətta digər əsaslara görə müvəqqəti təminat tədbirlərinin tətbiqi mümkün olsa belə, mütənasiblik prinsipi baxımından yol verilən hesab edilməyə bilər. Ona görə də, məhkəmələr belə ərizələr üzrə müvəqqəti təminat tədbirinin hansı növünün tətbiqi ilə bağlı seçim edərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bununla bağlı olaraq onu da nəzərə almaq lazımdır ki, "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il ## #### tarixli qərarında da mütənasiblik prinsipinə xüsusi vurğu edilməklə belə bir hüquqi mövqe ifadə olunmuşdur ki, tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır və buna görə də, məhkəmələr belə ərizələrə baxarkən tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını yoxlamalı və müvafiq meyarlara istinadla qiymətləndirməlidirlər. Beləliklə, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. Bu mənada kollegiyanın qənaətinə görə, ərizəçinin görülməsini istədiyi müvəqqəti təminat tədbiri, iddiasının təmin edilməsi halında qətnamənin icrasını təmin etmək, eləcə də onun icrasını gələcəkdə çətinləşdirən (qeyrimümkün22. edə bilən) halların aradan qaldırılması, yaxud hüquqlarının qorunması (təmin və ya bərpa edilməsinin) və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədinə xidmət edən tədbir kimi qiymətləndirilə bilməz.

23. Kollegiya hesab edir ki, məhkəmə şərh olunan meyarları və ərizəçinin dəlillərini araşdırmış, zəruri əsaslandırma apararaq müvafiq nəticəyə gəlmişdir.

24. Kollegiya ilk növbədə qeyd edir ki, müvəqqəti təminat tədbiri mübahisənin mahiyyəti üzrə həll edilməsinə yönəlmiş müdafiə vasitəsi deyil, gələcəkdə qəbul ediləcək məhkəmə aktının icrasının mümkünlüyünü təmin etməyə xidmət edən prosessual vasitədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən, belə tədbirin tətbiqi üçün ərizəçinin hüquqlarının pozulmasına yönəlmiş hərəkətlərin mövcudluğu, həmin hərəkətlərin mövcud vəziyyətin dəyişməsinə yönəlməsi və nəticədə ərizəçinin hüquqlarının təmin və ya bərpa edilməsinin mümkün olmayacağına və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinə kifayət qədər əsasların olması müəyyən edilməlidir.

25. Hazırki halda ərizəçinin müvəqqəti təminat tədbiri qismində tələb etdiyi tədbirlər mahiyyət etibarilə həmin gələcək iddia tələbinin faktiki nəticəsini qabaqcadan təmin etməyə yönəlmişdir.

26. Belə ki, ərizəçi tərəfindən tələb edilən tədbirlər, yəni mübahisəli sahədə ictimai iaşə obyektinin fəaliyyətinin dayandırılması, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin, müştəri qəbul edilməsinin, xidmət göstərilməsinin, mal və avadanlıq gətirilməsinin qadağan edilməsi, habelə obyektin giriş qapısının bağlanılaraq həmin sahəyə sahibkarlıq fəaliyyəti məqsədilə girişin məhdudlaşdırılması tətbiq edildiyi halda cavabdehin həmin sahədən istifadə imkanını faktiki olaraq tam aradan qaldırmış olacaqdır.

27. Halbuki hazırkı mərhələdə tərəflər arasında bağlanmış ##.##.2026-cı il tarixli ASM **/** saylı müqaviləyə xitam verilib-verilmədiyi, müqavilənin 5.3-cü bəndinə uyğun olaraq onun növbəti altı ay müddətinə uzadılıb-uzadılmadığı və cavabdehin həmin sahədən istifadəsinin hüquqi əsasının mövcud olub-olmaması məsələləri mübahisəlidir. Bu məsələlərin həlli isə işin mahiyyəti üzrə araşdırılmasını, tərəflərin təqdim etdikləri sübutların qiymətləndirilməsini və nəticə etibarilə gələcək iddia üzrə məhkəmə qətnaməsinin qəbul edilməsini tələb edir.

28. Bu baxımdan mübahisənin mahiyyəti üzrə həllini tələb edən halların müvəqqəti təminat tədbiri qaydasında qabaqcadan müəyyən edilməsi yolverilməzdir. Müvəqqəti təminat tədbirinin tətbiqi ilə cavabdehin mübahisəli sahədən istifadəsinin tam dayandırılması, faktiki olaraq, iddiaçının gələcəkdə tələb edə biləcəyi sahənin boşaldılması və ona təhvil verilməsi nəticəsinin əvvəlcədən əldə edilməsinə səbəb ola bilər. Bu isə müvəqqəti təminat tədbirinin mahiyyəti və prosessual təyinatı ilə uzlaşmır.

29. Eyni zamanda, müvəqqəti təminat tədbirinin tətbiqi üçün yalnız ərizəçinin hüququnun pozulması barədə ehtimalın mövcudluğu kifayət etmir. Tədbirin tətbiq edilməməsinin gələcəkdə qəbul ediləcək məhkəmə aktının icrasını qeyri-mümkün və ya əhəmiyyətli dərəcədə çətinləşdirəcəyini göstərən konkret və kifayət qədər əsaslandırılmış hallar mövcud olmalıdır. Hazırkı halda isə ərizəçi tərəfindən belə bir riskin konkret məzmunu açıqlanmamışdır. Mübahisəli obyektin cavabdehin istifadəsində qalmasının gələcəkdə obyektin boşaldılmasına dair məhkəmə qətnaməsinin icrasını hansı səbəbdən qeyrimümkün 30. və ya əhəmiyyətli dərəcədə çətinləşdirəcəyi müəyyən edilmir. Əksinə, obyektin fiziki mövcudluğu və mübahisənin predmetinin müəyyən olması nəzərə alındıqda, gələcəkdə iddia təmin ediləcəyi halda qəbul olunacaq məhkəmə aktının icrasının yalnız müvəqqəti təminat tədbirinin tətbiq edilməməsi səbəbindən qeyri-mümkün olacağı barədə nəticəyə gəlmək üçün əsas yoxdur.

31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin tələb etdiyi müvəqqəti təminat tədbirinin tətbiqi gələcək iddianın mahiyyəti üzrə nəticəni faktiki olaraq qabaqcadan təmin edə, cavabdehin hüquq və qanuni mənafelərinə əhəmiyyətli müdaxilə yarada və tərəflər arasındakı həll edilməmiş mübahisəni mahiyyəti üzrə qabaqcadan həll etmək nəticəsinə səbəb ola bilər.

32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.

33. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara a l d ı:

Ərizəçi “xxxx” Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsi X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar