Məhkəmə qərarları › İş №e-16(3-6)-725/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-725/2026

23.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-725/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-**(*-**)-****/**** saylı qərardadından “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Ərizəçi “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsində ərizəçi tərəfindən cavabdehə qarşı iddia ərizəsi qaldırılanadək cavabdeh Cavabdeh MMC-yə məxsus hazır məhsul (əmtəə), habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar üzərinə 320000 (üç yüz iyirmi min) manat həcmində həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-**(*-**)-****/**** saylı qərardadı ilə, “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin müvəqqəti təminat tədbiri barədə ərizəsi rədd edilmişdir. “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd edilən qərardaddan ##.##.2026-cı il tarixdə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi, müvəqqəti təminat tədbiri haqqında ərizənin təmin edilməsi, Bakı Kommersiya Məhkəməsində ərizəçi tərəfindən cavabdehə qarşı "vurulmuş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi qaldırılanadək cavabdeh Cavabdeh MMC-yə məxsus hazır məhsul (əmtəə), habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar üzərinə 320000 (üç yüz iyirmi min) manat həcmində həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bank ilə cavabdeh arasında məhkəmə mübahisəsi kredit borcunun ödənilməsi üçün ipotekaya yönəldilmə ilə bağlıdır. İpoteka isə hazırki iş üzrə ərizəçiyə məxsusdur. Vergi xidmətinin reyestrindən görünür ki, cavabdehin dövlətə 86036.79 AZN borcu vardır. Bununla yanaşı Banka olan borcun ödənilməsini təmin etmir. Cavabdeh banka olan borcun ödənilməsindən arxayındır ki, ipoteka var, borc ona yönəldilməklə ödəniləcəkdir. Göründüyü kimi, cavabdehin borcun ödənilməsinə yönəldilmiş hərəkətsizliyi nəticəsində hazırki iş üzrə ərizəçiyə zərərin dəyməsi qaçılmazdır. Ərizəçi bu vəziyyətdə zərəri gələcəkdə qarşılamaq üçün cavabdehə qarşı iddianın qaldırılması və iddia qaldırılanadək müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsində haqlıdır və prosessual hüququdur. Bundan başqa MTT işi mahiyyəti üzrə həll etmir. MTT ərizəçinin cavabdehə qarşı qaldıracağı iddia ərizəsi üzrə qəbul ediləcək qətnamənin icrasını təmin etmək məqsədi daşıyır. İşin mübahisəsiz hallarını təsdiq edən sənədləri ərizəyə əlavə etmişik və bu sənədlər tam hüquq verir ki, ərizəçi əmlakını qorumaq və ya gəlcəkdə əmlakı realizə ediləcəyi təqdirdə zərərini qarşılamaq məqsədilə tədbirlərə əl atsın. Bu tədbirlərdən biri də MTT barədə ərizənin verilməsidir. Bakı Kommersiya Məhkəməsi ərizəni təmin etməməklə cavabdehi arxayınlaşdırmışdır, ərizəçinin əmlak vəziyyətini ağırlaşdırmışdır. Cavabdehin ərizəçiyə vurduğu zərər aşkardır, bunun əvəzini ödəmək üçün iiddiaçının həmin miqdarda geriyə tələb (reqres) hüququ vardır. Cavabdehin Banka olan borcu ərizəçinin əmlakı hesabına ödənilir, belə bir vəziyyətdə ərizəçinin gözləmə mövqeyində qalması və Bankla cavabdeh arasında gedən mübahisənin sonunu gözləməsi və cavabdeh prosessual hüquqlarından istifadə etməklə yxarı instansiyalara şikayət verməsi, ərizəçinin əmlakı üzərində sərbəst sərəncam vermək hüquqlarını məhdudlaşdırır, ərizəçi əmlakı üzərində sərəncam verə bilmir. Bir daha qeyd etmək istəyirik ki, artıq kreditin qaytarılma müddəti bitmişdir. Ərizəçi bu kreditin təminatı üçün əmlakını ipoteka qoyanda cavabdehin banka borcunu vaxtında qaytaracağı vədinə inanmışdır. Artıq bu inam itirildiyi üçün ərizəçinin prosessual tədbirlərə əl atması onun hüququdur. Bakı Kommersiya məhkəməsi qərardadında mütənasibliyi qorumamışdır, əksinə cavabdehə münasibətdə ona şərait yaratmışdır. Qeyd edilənlər Bakı Kommersiya Məhkəməsinin qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsi üçün əsaslardır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfinə hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə, müvəqqəti təminat tədbirləri qismində cavabdehə müəyyən hərəkətləri etmək qadağan edilə bilər. Məhkəmə qeyd etmişdir ki, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir (MPM- 157.2). Müvəqqəti təminat tədbirləri tətbiq edilərkən o mövqedən çıxış edilir ki, baxılan mübahisə ilə həmin tədbir arasında əlaqə mövcud olsun, görülən tədbir məhz ərizəçinin hüquqlarının qorunmasının təmin edilməsinə yönəlsin. Bu tədbirin görülməsi üçün ərizə ilə pozulmuş və ya mübahisəli hüququn mövcudluğunu təsdiq edən sübut məhkəməyə təqdim olunmalıdır. Müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyi üçün irəli sürülən dəlillərə qiymət verilərkən əmin dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbir görülmədikdə ərizəçinin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı və işdə iştirak edən digər şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməsi nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ##.##.2018-ci il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsinin həmin Qərarda əks olunan hüquqi mövqeyinə görə,“İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar Ərizə və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, hazırki iş üzrə ərizəçi “X1 MMC hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-*-*(***)-***/**** saylı iş üzrə cavabdehdir. Məhkəmə qeyd etmişdir ki, e-*-*(***)-***/**** saylı iş üzrə, iddiaçı Üçüncü şəxs ASC cavabdehlər “X1” MMC, Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh MMC-dən Üçüncü şəxs ASC-nin xeyrinə ## ###### 2023-cü il tarixli, 107-NF-*******/KM №-likredit müqaviləsinə əsasən ##.##.2024-cü il tarixə banka əsas borcu 299.284,06 manat, ##.##.2024-cü il tarixə faiz borcu üzrə 18.458,68 manat, ##.##.2024-cü il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 1595,47 manat, cəmi 319.338,21 manat kredit borcunun və 609,34 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə; İpoteka qoyan “X1” MMC-yə məxsus ##.##.2023-cü il tarixli, 107-NF5274735/İP saylı ipotekamüqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş Şirvan şəhəri, Heydər Əliyev prospekti, 52 ünvanında yerləşən ümumi sahəsi, 1493,8 kv.m olan qeyri-yaşayış binası və 0.0836 ha torpaq sahəsinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçı Üçüncü şəxs ASC-yə olan319.338,21 manat kredit borcunun və 609,34 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə;“X1” MMC-yə məxsus Şirvan şəhəri, Heydər Əliyev prospekti, 52 ünvanında yerləşən ümumi sahəsi, 1493,8 kv.m olan qeyriyaşayış binası və 0.0836 ha torpaq sahəsindən məcburi boşaldılması haqqında barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş ##.##.2023-cü il tarixli 107-NF-5274735/İP müqaviləsinə əsasən ipoteka qoyan “X1 MMC ona məxsus Şirvan şəhəri Heydər Əliyev prospekti 52 ünvanında yerləşən qeyri-yaşayış binası və 0.0836 ha torpaq sahəsini Üçüncü şəxs ASC ilə Cavabdeh MMC arasında Bakı şəhərində bağlanmış 470.000 manat məbləğində ##.##.2023-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı kimi bankın xeyrinə ipoteka qoymuşdur. Göründüyü kimi, iddiaçı Üçüncü şəxs ASC cavabdehlər “X1” MMC, Cavabdeh MMCyə qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə yekun məhkəmə aktı qəbul olunmamışdır. Bu baxımdan məhkəmə qeyd etmişdir ki, hazırda ərizəçi olan, digər iş üzrə cavabdeh İipoteka qoyan) olan “X1” MMC-nin borc alan Cavabdeh MMC-yə qarşı hələ reqres hüququ yaranmamışdır. Hazırda ərizəçi olan, digər iş üzrə cavabdeh (ipoteka qoyan) olan “X1” MMC-nin borc alan Cavabdeh MMC-yə qarşı hələ reqres hüququ yaranmamışdır. Məhkəmə qeyd edir ki, müvəqqəti təminat tədbiri barədə ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurəti faktiki cəhətdən əsaslandırılmalıdır. Lakin ərizəçi ərizəsində bu zərurəti əsaslandırmamış, Cavabdeh MMC-yə qarşı iddia qaldıracağını bildirərək, MMC-yə məxsus hazır məhsul (əmtəə), habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar üzərinə 320000 (üç yüz iyirmi min) manat həcmində həbsin qoyulmasını məhkəmədən xahiş etmişdir. Halbuki, mövcud vəziyyətin dəyişəcəyi halda iddiaçının hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğu, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi konkret işin faktiki halları ilə əlaqələndirilməklə əsaslandırılmalı, yalnız bu halda belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalı idi ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, iddiaçının hüquqlarının qorunmasını mümkünsüz edə yaxud əhəmiyyətli dərəcədə çətinləşdirə bilər deyə onların hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbiri barədə ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurəti faktiki cəhətdən əsaslandırılmalıdır. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ərizənin rədd edilməsi nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-**(*-**)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar