Məhkəmə qərarları › İş №e-16(3-6)-726/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-726/2026

24.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-726/2026 24.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Ərizəçi “Uğur İndustry” MM-nin müvəqqəti təminat tədbiri barədə ərizə üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-**(*-**)-****/**** saylı qərardadından “Uğur İndustry” MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: Ərizəçi “Uğur İndustry” MMC müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, əsas iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənəndək cavabdeh “TVM İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) məxsus və ya həmin şirkətin istifadəsində olan, üçüncü şəxslərdə saxlanılan əmlak, pul vəsaiti (Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün banklardakı və digər kredit təşkilatlarındakı hesabları) üzərinə iddia məbləği həcmində, yəni 212,987.01 manat məbləğində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026 tarixli e-**(*-**)-****/**** saylı qərardadı ilə "Uğur İndustry" MMC-nin ərizəsi qismən təmin edilərək, “TVM İnşaat” MMC-nin mülkiyyətində olan 212.987 manat 01 qəpik dəyərində olan daşınar və daşınmaz əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. “Uğur İndustry” Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-****/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qərardadının, “Uğur İndustry” MMC-nin ərizəsinin “TVM İnşaat” MMC-yə məxsus bank hesablarında olan pul vəsaiti üzərinə həbs qoyulması tələbinin təmin edilməməsinə dair hissədə ləğv edilməsini, ləğv edilmiş hissədə yeni qərardad qəbul edilərək “Uğur İndustry” MMC-nin müvəqqəti təminat tədbiri haqqında ərizəsinin tam təmin edilməsini, cavabdeh “TVM İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) məxsus, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün banklardakı və digər kredit təşkilatlarındakı hesabları üzərinə iddia məbləği – 212,987.01 manat həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini, əks təqdirdə şikayətin baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin hallarına və təqdim edilmiş sübutlara açıq-aşkar uyğun deyil. Məhkəmə bir tərəfdən iddia tələbinin ilkin sübutlarla əsaslandırıldığını və cavabdehin borcunu təsdiq edən üzləşdirmə aktının mövcudluğunu qəbul edir. Digər tərəfdən isə, bu cür vicdansız davranış nümayiş etdirən borcluya qarşı qanunun nəzərdə tutduğu ən effektiv və prioritet tədbirin (bank hesabına həbs) tətbiqindən imtina edir. Bu, ziddiyyətli nəticədir. Əgər borcun mövcudluğu və cavabdehin ödəmədən yayınması faktları mövcuddursa, məntiqi nəticə ən etibarlı təminat tədbirinin seçilməsi olmalıdır. Məhkəmənin yalnız əmlakın özgəninkiləşdirilməsini qadağan etməklə kifayətlənməsi, işin hallarından irəli gələn risklərin ciddiliyini nəzərə almayan və ərizəçinin hüquqlarını effektiv şəkildə təmin etməyən yarımçıq bir nəticədir. Birinci instansiya məhkəməsi bank hesablarına həbs qoyulmasından imtina etməklə, cavabdehin hüquqdan sui-istifadə etməsinə şərait yaratmış olur. Bank hesabları sərbəst olan cavabdeh, ərizəçinin 212,987.01 manat məbləğindəki vəsaitini öz dövriyyəsində istifadə etməyə davam edir, bu vəsait hesabına mənfəət əldə edir, eyni zamanda borcunu ödəmədiyi üçün ərizəçini həmin vəsaitdən məhrum edərək ona ziyan vurur. Təminat tədbirinin tətbiqi məhz belə halların qarşısını almağa yönəlməlidir. Məhkəmənin qərarı isə tərəflərin hüquq bərabərliyi və maraqlar balansını pozaraq, hüququndan sui-istifadə edən tərəfin mövqeyini gücləndirmişdir. Ən effektiv təminat tədbirinin tətbiqi cavabdehin bu davranışına son qoymaq və onu öhdəliyini icra etməyə məcbur etmək üçün yeganə real vasitə idi. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-**(*-**)-****/**** saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya qeyd edir ki, ərizəçi “Uğur İndustry” MMC tərəfindən verilmiş şikayət qərardadın müvəqqəti təminat tədbiri barədə ərizənin “TVM İNŞAAT” MMC-yə məxsus Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən banklardakı və digər kredit təşkilatlarındakı hesablarında olan pul vəsaitlərinə həbs qoyulması tələbinin təmin edilməməsinə dair hissəsinin ləğv edilməsinə və ərizənin həmin hissədə təmin edilməsinə yönəlmişdir. Odur ki, məhkəmə kollegiyası qərardadın yalnız həmin hissədə qanuniliyini və əsaslılığını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli və Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-**(*-**)-****/**** saylı qərardadı ləğv edilməli, iş üzrə yeni qərardad qəbul edilməli, müvəqqəti təminat tədbiqi barədə ərizə qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 158.1-ci maddəsinə əsasən aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq. 158.3-cü maddəsinə əsasən 158.3. Əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə: 158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; 158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; 158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak. Göründüyü kimi Azərbaycan Respublikası MPM-in 158.3-cü maddəsində cavabdehə məxsus əmlak üzərinə həbs qoyulmasının həyata keçirilməsi ardıcıllığı müəyyən edilmişdir. Həmin normaya əsasən cavabdehə məxsus əmlak üzərinə həbs qoyularkən ilk növbədə cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı - qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə üzərinə həbs qoyulmalıdır. Birinci instansiya məhkəməsi göstərilən normanın tələblərini nəzərə almamış, müvəqqəti təminat tədbiri barədə ərizədə xüsusi olaraq cavabdehə məxsus bank hesablarında olan pul vəsaitlərinin üzərinə həbs qoyulması xahiş edildiyi halda qanunun tələblərinə əsasən birinci növbədə həbs qoyulmalı olan əmlaklara aid edilən cavabdehin hesabında olan pul vəsaitləri üzərinə həbs qoymadan sonrakı növbədən olan əmlakların özgəninkiləşdirilməsini qadağan etmiş, bununla da prosessual pozuntuya yol vermişdir. Cavabdehin istifadəsində olan və üçüncü şəxslərdə saxlanılan əmlakın üzərinə həbs qoyulması barədə ərizəçinin tələbinə münasibətdə qeyd edilməlidir ki, həmin əmlak MPM-in 158.3-cü maddəsində müəyyən edilmiş ardıcıllığa əsasən həbs tətbiq ediləcək əmlak kateqoriyasına aid olduğundan, onun ayrıca təminat tədbiri kimi göstərilməsinə zərurət yoxdur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad yoxlanılan hissədə ləğv edilməli, müvəqqəti təminat tədbiri barədə ərizə qismən təmin edilməli, müvəqqəti təminat tədbiri olaraq cavabdeh “TVM İnşaat” MMC-nin bank hesablarında olan 212.987,01 manat məbləğində pul vəsaitinin üzərinə, işçilərin əmək haqlarının və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan, həbs qoyulmalıdır. Bank hesablarında 212.987,01 manat vəsait olmadığı və ya kifayət etmədiyi halda, mövcud pul vəsaitinə həbs qoyulmalı, çatışmayan məbləğ həcmində isə cavabdeh “TVM İnşaat” MMC-yə məxsus daşınar və daşınmaz əmlakların özgəninkiləşdirilməsi qadağan edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Ərizəçi “Uğur İndustry” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-**(*-**)-****/**** saylı qərardadı yoxlanılan hissədə ləğv edilsin. Ərizə qismən təmin edilsin. Cavabdeh “TVM İnşaat” MMC-nin bank hesablarında olan 212.987,01 manat məbləğində pul vəsaitinin üzərinə, işçilərin əmək haqlarının və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan həbs qoyulsun. Bank hesablarında 212.987,01 manat vəsait olmadığı və ya kifayət etmədiyi halda, mövcud pul vəsaitinə həbs qoyulsun, çatışmayan məbləğ həcmində isə cavabdeh “TVM İnşaat” MMC-yə məxsus daşınar və daşınmaz əmlakların özgəninkiləşdirilməsi qadağan edilsin. Qalan hissədə ərizə rədd edilsin. Qərardad dərhal icra edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar