Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-732/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri) Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər Talışinski Fuad Şəmsəddin oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ:
1. İddiaçı Ərizəçi cavabdeh “xxxx BOKT” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış ##.##.2022-ci il tarixli, ****/**** nömrəli nömrəli kredit müqaviləsi üzrə olan əsas və faiz borcunun Azərbaycan Respublikası Auditorlar Palatasının mütəxəssis rəyi ilə dəqiqləşdirilməsi, ödənişlərin əsas kredit və standart faiz borcuna silinməsi və 12056,33 manat əsassız cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək “xxxx” BOKT MMC, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi və digərlərinə qarşı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulması və həmin mənzilin özgəninkiləşdirilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək müvəqqəti təminat tədbiri ilə əmlakın üzərinə həbs qoyulması barədə ərizə vermək məcburiyyətindədir. Belə ki iş üzrə cavabdeh tərəf yeganə yaşayış yeri olan Suraxanı rayonu, D yaşayış sahəsi ev 13 mənzil 113 ünvanında yerləşən mənzili özgəninkiləşdirmək üçün çalışır. Bu səbəbdən müvəqqəti təminat tədbiri ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 16(5-104)- ***/**** nömrəli qərardadına əsasən ərizə qismən təmin edilərək iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ünvan 1 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsi “xxxx” BOKT MMC və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır.
5. Cavabdeh “xxxx” BOKT MMC qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını və müvəqqəti təminat tədbirinin ləğv edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 16(5-104)- ***/**** nömrəli qərardadına əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadından cavabdeh “xxxx” Bank Olmayan Kredit X2 Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı ləğv edilərək, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq olunması barədə ərizəsi təmin edilməmişdir.
ŞİKAYƏTİN DƏLİLLƏRİ, ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ VƏ BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN ŞİKAYƏTƏ DAİR GƏLDİYİ NƏTİCƏ
7. Ərizəçi Ərizəçi şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 16(5-104)- 410/2026 qərardadının əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadla “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin (Ədalətli əhkəmə araşdırılması hüququ) tələbləri pozulmuşdur. Avropa Konvensiyasının 6-cımaddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Аvropa Konvensiyası məhkəmə qərarlarının əsaslandırılması hüququnun təmin edilməsini tələb edir. 6-cı maddə tələb edir ki, dövlətdaxili məhkəmələr çıxardıqları qərarları əsaslandırsınlar. Lakin hazırkı halda, birinci instansiya məhkəməsi ##.##.2026-cı il tarixli qərardadla gəldiyi nəticəni düzgün əsaslandırmamışdır.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 16(5-104)- 410/2026 saylı qərardadı ilə, şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
TƏTBİQ EDİLƏN HÜQUQ NORMALARI və MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-157.2,157.5-157.6-cı maddələrini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki, yuxarıda sadalanan maddələrin məzmununa əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq, o cümlədən çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər; 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir; 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər; 157.4. İddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir; 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 159.4. Məhkəmə aşağıdakı hallarda müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizənin geri qaytarılması haqqında qərardad qəbul edir: 159.4.1. ərizəyə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə; 159.4.2. ərizə imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; 159.4.3. arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə bu Məcəllənin 479-cu maddəsində müəyyən edilmiş tələblərə cavab vermədikdə;
13. İşdən görünür ki, tərəflər arasında mübahisə borc məbləğinin müəyyən edilməsi barədədir, belə ki, iddiaçı iddia edir ki, cavabdehlə aralarında bağlanmış ##.##.2022-ci il tarixli, ****/**** nömrəli nömrəli kredit müqaviləsi üzrə əsas və faiz borcu düzgün hesablanmamışdır. Yəni, iddia tələbi üzrə iddiaçının hüquqi marağı kredit müqaviləsi üzrə ödəməli olduğu borcun dəqiq məbləğinin müəyyənləşdirilməsi yönündədir, iddiaçının borcunun olmadığına dair, icra qeydi üzrə icra icraatının yanlış aparılmasına dair hər hansı dəlili və ya tələbi mövcud deyil. Müvəqqəti təminat tədbiri isə tələbə bağlılıq prinsipi əsasında tətbiq edilən tədbir olmaqla, iş yekunlaşanadək iddiaçı bərpası qeyrimümkün zərərdən qoruyan mexanizmdir.
14. Müvəqqəti təminat tədbiri ilə tətbiq edilən tədbir iddia tələbinə və gözlənilən nəticəyə mütənasib olmalıdır. Yəni, hazırda borcun mövcudluğu, iddiaçının mülkiyyətində olan mənzilin ipoteka ilə yüklü edildiyi mübahisəsiz olduğundan, ipoteka predmetinin üzərinə həbs qoyulması, özgəninkiləşdirilməsi və s. icra icraatına lüzumsuz müdaxilə təşkil etməklə mütənasib tədbir kimi nəzərdən keçirilə bilməz. Çünki, tələbin təmin ediləcəyi halda borc məbləğində dəyişiklik, azalma edilməsi, icra yekunlaşdıqdan sonra cavabdehdən artıq ödənişlərin tutularaq iddiaçıya ödənilməsi və s. heç bir əlavə tədbirə və əvvəlcədən tənzimləməyə zərurəti olmayan icra hərəkəti olacaqdır. Tələbin təmin edilməyəcəyi halda isə, ipoteka predmetinin həbsdə saxlanılması icra sənədinin gec icra edilməsi ilə nəticələnəcək, bu zaman qarşı tərəfin kifayət qədər maddi zərərə uğrayacağı aşkardır.
15. Konstitusiya Məhkəməsi Plenumu yuxarıda adıçəkilən ##.##.2018-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında MPM-in 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər.
16. Məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən müvafiq tədbirlərin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı, tətbiq olunacaq tədbirin isə irəli sürülmüş tələbə mütənasib olub-olmamasına hərtərəfli qiymət verməli və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktını qəbul etməlidir.
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizə üzrə gəldiyi qənaət ilə razılaşaraq qeyd edir ki, iddia tələbi ilə sözügedən tədbirlər arasında əlaqənin mövcud olması, bu tədbirin tətbiq edilməsinin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyi müəyyən edilmir, tədbirlər iş üzrə çıxarılacaq qətnamənin tam və düzgün icrasını təmin etməyə yönəlmiş tədbir deyildir. Halbuki məhkəmə müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, tətbiq edilməsi xahiş olunan təminat tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər.
18. Beləliklə də, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəyə baxarkən tədbirlərin tətbiq edilməsinin əsaslı olub-olmamasına, həmçinin tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olub-olmasına hərtərəfli qiymət vermiş və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktını qəbul etmişdir. Belə olan halda da, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
20. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDI:
Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: Günel Abbasova Hakimlər imzalar: Fuad Talışınski Məmməd Məmmədov