Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-739/2026 22.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X3 (sədrlik edən və məruzəçi), Qafarova Rəna Nazim qızı və Abdıyev Fuad Vilayət oğlundan ibarət tərkibdə, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəsi ilə bağlı qəbul edilmiş Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadından iş üzrə cavabdeh X7 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 2 (köhnə ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi məhəllə 60, ev 9D, mənzil 43, giriş 1) ünvanındakı yaşayış evindən oğlu X2 ilə birlikdə istifadə etməsinə yaratdığı maneələrin aradan qaldırılması və cavabdehin mənzildə yaşamalarına və mülkiyyət hüququna müdaxilə edən qanunsuz hərəkətlərin dayandırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı Ərizəçi “daşınar əmlakların üzərinə həbs qoyulması və onların siyahıya alınaraq saxlanması üçün tərəflərə təhvil verilməsi” növündə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, ünvan 3 ünvanında yerləşən mənzildə və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən **** saylı, 0.2356 ha torpaq sahəsindəki bağ evində yerləşən və ərizəyə əlavə edilən siyahıda göstərilən ona və onun 2 oğluna məxsus olan şəxsi geyim, zəruri ev və məişət əşyalarının, habelə ümumi mülkiyyətdə olan daşınar əmlakların üzərinə (ərizəyə əlavə edilmiş siyahıda göstərilən əmlaklar) mahiyyəti üzrə yekun məhkəmə qərarı qəbul edilənədək həbs qoyulması və və ona və onun 2 oğluna məxsus olan şəxsi geyim, zəruri ev və məişət əşyalarının ona, digər əşyaların isə Maraqlı şəxs saxlanması üçün təhvil verilməsi, həmin daşınar əmlakların və şəxsi əşyaların cavabdeh Maraqlı şəxs tərəfindən özgəninkiləşdirilməsi, gizlədilməsi, zədələnməsi, yerinin dəyişdirilməsi və ya üçüncü şəxslərə verilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh Maraqlı şəxs qarşı mülkiyyət hüquqlarının müdafiəsi, mənzilə və bağ evinə köçürülmə, yaşayış sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinin dayandırılması iddia tələbinə dair Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda iş məhkəmənin icraatındadır. Məhkəməyə təqdim edilmiş iddia ərizəsində və dəqiqləşdirilmiş iddia tələblərində qeyd edildiyi kimi, şəxsi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzildə və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən **** saylı, 0.2356 ha torpaq sahəsindəki bağ evində ona və övladlarına (o cümlədən oğlu X5 və X4) məxsus çoxsaylı daşınar əşyalar, şəxsi geyimlər, məişət və ev əşyaları, habelə nikah dövründə əldə olunmuş ümumi mülkiyyətdə olan əmlaklar yerləşir. Lakin cavabdeh Maraqlı şəxs qanunsuz olaraq hər iki daşınmaz əmlakın kilidlərini dəyişdirərək onu və oğlanlarını yaşayış sahələrinə buraxmır, onlara məxsus olan zəruri şəxsi geyim, məişət və digər daşınar əşyaları götürməyinə tamamilə mane olur. Cavabdehin aqressiv davranışları və qanunsuz əməlləri səbəbindən onu və övladlarını özünə məxsus geyim və zəruri ev əşyalarından belə istifadə etmək imkanından məhrum olunmuşdur. Nəzərə almaq lazımdır ki, cavabdehin birtərəfli qaydada mənzili və bağ evini zəbt etməsi, onun daxil olmasına mane olması şəraitində hər iki daşınmaz əmlakda yerləşən ona və oğlanlarına məxsus şəxsi geyimlərin, zəruri ev və məişət əşyalarının, habelə ümumi mülkiyyətdə olan daşınar əmlakların cavabdeh tərəfindən gizlədilməsi, özgəninkiləşdirilməsi, zədələnməsi, başqa şəxslərə ötürülməsi və ya məhv edilməsi üzrə real və ciddi təhlükə mövcuddur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək, iddiaçı X6 cavabdeh Maraqlı şəxs qarşı «mülkiyyət hüququnun müdafiəsi, istifadə hüququna yaradılan maneələrin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinin dayandırılması» tələbinə dair mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, ünvan 3 ünvanında yerləşən mənzildəki kondisioner, LG QLED televizor, künc divanı, kreslo, jurnal masası, yemək masası və 6 ədəd stul, komod (qonaq otağı), güldanlar 2 ədəd böyük (meyvə qabı), 2 ədəd orta ölçülü (konfet qabı), 3 ədəd gül üçün güldan, komodda olan qab-qacaq: 3 komplekt boşqab dəsti (12 x 3 = 36 ədəd), viski bokalları, qrafin və 6 ədəd bokal, çarpayı, daxili qarderob (şkaf-kupe), komod və kreslo, 2 ədəd yataq yanı tumba, 1 ədəd puf, televizor, kondisioner (əsas yataq otağı), şəxsi əşyalar: üst və gündəlik geyimlər, ayaqqabılar, kondisioner, televizor, çarpayı, yazı masası, tumba, kreslo, kitab rəfləri (1-ci uşaq otağı və qarderob otağı), kondisioner, televizor, çarpayı, yazı masası, tumba, daxili qarderob (şkaf-kupe), kreslo, divan (2-ci uşaq otağı), kondisioner, televizor, soyuducu, qaz plitəsi, aspirator, soba, mikrodalğalı soba, masa, 6 ədəd stul, divan, elektrik məişət cihazları, ətçəkən maşın, əl və stolüstü mikser, 2 ədəd blender, multibişirici, tozsoran, ütü, qəhvə aparatı, diametri 36 sm olan təzyiqli qazan, diametri 40 sm olan təzyiqli qazan, müxtəlif ölçülü qazan dəsti, 2 ədəd fen, 3 komplekt Luminarc qabqacaq dəsti, paltaryuyan maşın (mətbəx), mənzilə, qaraja, bağ evinə, Lökbatana və Dubaya dair sənədlər, ali və orta təhsilin başa çatmasını təsdiq edən diplomlar, 2 ədəd əmək kitabçası, açarlar və bağ evinin pultu, şəxsi əşyalar: 4 cüt çəkmə, 6 cüt tufli (qadın ayaqqabısı), 6 cüt idman ayaqqabısı, 10 cüt bosonojka (sandal), uzun norka (xəz palto), 2 ədəd palto, yaşıl rəngli isti tüklü gödəkçə, xəzli qara gödəkçə, kapüşonlu və xəz haşiyəli gödəkçə (pesets), ağ gödəkçə, 7 ədəd gecə/gecəlik paltarı, kostyumlar, paltarlar, şalvarlar, alt paltarları, koftalar, şərflər, papaqlar, qış geyimləri, 10 ədəd çanta (Ərizəçi aid olan sənədlər və şəxsi əşyalar) və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, **** saylı bağ sahəsi ünvanındakı bağ evində yerləşən 2 ədəd yeni soyuducu, həmçinin 2 ədəd köhnə soyuducu, 5 ədəd televizor (2 böyük televizor qonaq otağında və bilyard otağında, həmçinin mətbəxdə, yataq otağında və aşağı mərtəbədə yerləşən bilyard otağında), paltaryuyan maşın (1 ədəd yeni və 1 ədəd köhnə), 2 ədəd mikrodalğalı soba, qaz plitələri (mətbəx, bilyard otağı və yay mətbəxi üçün), Sony markalı səsucaldan, 5 ədəd kondisioner, müxtəlif ölçülü çərçivələrdə şəxsi və ailə fotoşəkilləri adlı əşyalar siyahıya alınmaqla üzərinə həbs qoyulması; Ərizəçi məxsus olan şəxsi geyim, zəruri ev və məişət əşyalarının Ərizəçi, digər əşyaların isə Maraqlı şəxs saxlanması üçün təhvil verilməsi; qərardadda göstərilən daşınar əmlakların və şəxsi əşyaların cavabdeh Maraqlı şəxs tərəfindən özgəninkiləşdirilməsi, gizlədilməsi, zədələnməsi, yerinin dəyişdirilməsi və ya üçüncü şəxslərə verilməsinin qadağan edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, hazırda tərəflər arasında mülkiyyət hüququnun müdafiəsi, istifadə hüququna yaradılan maneələrin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinin dayandırılması ilə bağlı mübahisə mövcuddur. Ərizəçinin üzərinə həbs qoyulmasını tələb etdiyi əmlaklar iddiaçının mülkiyyətində olan yaşayış sahəsindədir. Nə qədər ki, tərəflər arasında daşınmaz əmlaklara dair hazırda mülki iş məhkəmənin icraatındadır, ərizədə göstərilən və siyahıda qeyd edilən daşınar əmlakların üzərinə mahiyyəti üzrə yekun məhkəmə qərarı qəbul edilənədək həbs qoyulmalı və Ərizəçi məxsus olan şəxsi geyim, zəruri ev və məişət əşyaları Ərizəçi, digər əşyalar isə Maraqlı şəxs saxlanması üçün təhvil verilməlidir. Məhkəmə iddiaçının övladları X4 ##.##.2004-cü il və X5 ##.##.2007-ci il təvəllüdlü olmasını, yəni yetkinlik yaşına çatmalarını nəzərə alaraq hesab etmişdir ki, onlara məxsus daşınar əmlakların üzərinə həbs qoyulması, siyahıya alınması və onlardan istifadənin qadağan edilməsi ilə bağlı ərizəçi Ərizəçi müraciət etmək üçün subyektiv hüququ mövcud deyildir. Bu səbəbdən hazırkı ərizə X4 və X5 məxsus daşınar əmlaklara dair hissədə təmin edilə bilməz. Həmin qərardaddan cavabdehin nümayəndəsi (vəkili) Vəkil məhkəməyə qərardaddan şikayət təqdim edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026- cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadının ərizə təmin edilən hissədə ləğv edilməsini, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı sahiblik hüququ əmlaka faktiki sahibliyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Müvəqqəti təminat tədbiri nəticəsində cavabdehin faktiki sahibliyində olan əşyaların bir qisminin ondan götürülüb iddiaçıya verilməsi nəzərdə tutulur. Əsas iş üzrə bu əşyaların kimə məxsusluğu müəyyən edilmədiyi halda belə müdaxilə mübahisənin mahiyyəti üzrə həll edilməmiş hüquqi münasibətin təminat tədbiri vasitəsilə dəyişdirilməsi deməkdir. Mübahisələndirilən qərardadla cavabdehin sahibliyində olan çoxsaylı daşınar əşyalar üzərində sahiblik, istifadə və sərəncam imkanları ciddi şəkildə məhdudlaşdırılmış, müəyyən kateqoriyaya aid əşyaların isə faktiki olaraq başqa şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu dərəcədə müdaxilə yalnız qanuni məqsəd, konkret zərurət və mütənasib əsaslar mövcud olduqda mümkündür. Əsas iddianın predmetinə daxil olmayan daşınar əşyalarla bağlı belə geniş müdaxilənin zəruriliyi müəyyən edilməmişdir. Mülkiyyət hüququ əmlaka sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu əhatə edir. Məhkəmə daşınar əşyaların kimə məxsusluğu barədə əsas mübahisə aparılmadığı və bu barədə ayrıca iddia tələbi olmadığı halda həmin əşyaların üzərinə həbs qoymuş və onların faktiki saxlanma rejimini dəyişdirmişdir. Xüsusilə müəyyən əşyaların iddiaçıya verilməsi mülkiyyət və sahiblik münasibətlərinə birbaşa müdaxilədir. Müvəqqəti təminat tədbirinin məqsədi mövcud vəziyyətin dəyişməsi nəticəsində ərizəçinin hüquqlarının qorunmasının mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşməsinin qarşısını almaqdır. Məhkəmə daşınar əşyaların üzərinə həbs qoyulmaması və onların faktiki bölgüsünün həyata keçirilməməsi halında əsas iddia üzrə daşınmaz əmlakdan istifadəyə yaradılmış maneələrin aradan qaldırılması barədə gələcək məhkəmə müdafiəsinin niyə mümkünsüz və ya çətin olacağını göstərməmişdir. Qanun iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu tələb edir. Lakin daşınar əşyaların kimə məxsusluğu, onların hansı hissəsinin iddiaçının şəxsi əmlakı, hansı hissəsinin ümumi əmlak olması və konkret əşyaların ona verilməli olması barədə ilkin sübutlara qərardadda hüquqi qiymət verilməmişdir. Müvəqqəti təminat tədbiri məqsədə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına səbəb olmamalıdır. Əsas iddianın predmeti daşınmaz əmlakdan istifadəyə maneələrin aradan qaldırılması olduğu halda, iki ayrı ünvanda yerləşən çoxsaylı mebel, məişət texnikası, qab-qacaq, geyim, sənədlər və digər daşınar əşyalar üzərinə həbs qoyulması və onların faktiki sahibliyinin dəyişdirilməsi tədbirin miqyasının iddia tələbinin hüdudlarını açıq şəkildə aşdığını göstərir. Bu norma cavabdehə məxsus əmlak üzərinə həbs qoyulmasını mümkün təminat vasitəsi kimi nəzərdə tutur, lakin həmin norma MPM-in 157.2, 157.5 və 157.6-cı maddələrindən ayrılıqda tətbiq edilə bilməz. Məhkəmə konkret daşınar əşyalar üzərinə həbsin əsas iddia ilə hansı funksional əlaqəyə malik olduğunu müəyyən etməmişdir. Sadəcə əşyaların mübahisə olunan daşınmaz əmlakda yerləşməsi belə əlaqəni yaratmır. Qanun müvəqqəti təminat tədbirinin tətbiqi üçün həmin tədbir olmadan MPM-in 157.2-ci maddəsində nəzərdə tutulan məqsədə nail olmağın mümkün olmadığının əsaslandırılmasını tələb edir. İddiaçının ərizəsində isə yalnız daşınar əşyaların gizlədilməsi və ya özgəninkiləşdirilməsi barədə ümumi ehtimal irəli sürülmüşdür. Konkret təhlükə və həmin tədbirin əvəzolunmazlığı əsaslandırılmamışdır. Məhkəmə də bu qanuni şərtin mövcudluğunu müəyyən etməmişdir. Müvəqqəti təminat tədbiri işi qabaqcadan mahiyyəti üzrə həll etməməlidir. “Ərizəçi məxsus olan” əşyaların ona verilməsi barədə göstərişlə məhkəmə, faktiki olaraq, həmin əşyaların ona məxsusluğu barədə ilkin deyil, icrası məcburi nəticə yaratmışdır. Bu isə əsas işdə mübahisə predmeti olmayan mülkiyyət və sahiblik məsələsinin təminat mərhələsində həll edilməsinə gətirib çıxarır. Birinci instansiya məhkəməsi aşağıdakı mühüm faktiki halları aydınlaşdırmamışdır: birincisi, daşınar əşyaların əsas iddianın predmetinə daxil olub-olmadığı müəyyən edilməmişdir. Əsas iddianın məzmunundan görünür ki, mübahisə daşınmaz əmlakdan istifadə və bu istifadəyə yaradılmış maneələrin aradan qaldırılması ilə bağlıdır. İkincisi, konkret hansı hərəkətin daşınar əşyaların itirilməsi, özgəninkiləşdirilməsi, gizlədilməsi və ya məhv edilməsi üzrə real təhlükə yaratdığı araşdırılmamışdır. İddiaçının abstrakt ehtimalı konkret fakt kimi qəbul edilmişdir. Üçüncüsü, siyahıya daxil edilmiş əşyaların hansının iddiaçıya, hansının cavabdehə və ya digər şəxslərə məxsus olduğu müəyyən edilməmişdir. Dördüncüsü, “zəruri ev və məişət əşyaları” anlayışına hansı konkret əşyaların daxil olması müəyyən edilməmişdir. Beşincisi, daşınar əşyaların həbs edilməsinin və bir qisminin iddiaçıya verilməsinin daşınmaz əmlakdan istifadə hüququna dair əsas iddianın gələcək icrası üçün hansı səbəbdən zəruri olduğu araşdırılmamışdır. Bu hallar müəyyən edilmədən tətbiq edilmiş təminat tədbiri qanunun tələb etdiyi fərdiləşdirilmiş məhkəmə qiymətləndirilməsinə deyil, ümumi ehtimallara əsaslanmışdır. Qərardadda iddiaçıya aid olduğu qəbul edilən daşınar əşyaların həqiqətən onun mülkiyyətində olması barədə nəticənin hansı konkret sübutlarla təsdiq edildiyi göstərilməmişdir. İddiaçının öz ərizəsində əşyaların bir hissəsini şəxsi əmlakı, digər hissəsini isə nikah dövründə əldə edilmiş ümumi əmlak adlandırması özü həmin əşyaların hüquqi statusunun mübahisəli və ayrıca araşdırma tələb edən məsələ olduğunu göstərir. Bununla yanaşı, əşyaların özgəninkiləşdirilməsi, gizlədilməsi, zədələnməsi və ya məhv edilməsi barədə “real və ciddi təhlükə”nin mövcudluğu heç bir konkret hadisə və ya obyektiv sübutla təsdiq edilməmişdir. Cavabdehin yaşayış sahəsinə girişə mane olduğu barədə iddia ilə daşınar əşyaları satacağı, gizlədəcəyi və ya məhv edəcəyi barədə nəticə arasında səbəb-nəticə əlaqəsi yoxdur. Məhkəmə fərziyyə xarakterli iddianı sübuta yetirilmiş fakt kimi qəbul etməklə müvəqqəti təminat tədbirinin tətbiqi üçün tələb olunan sübut standartını faktiki olaraq aradan qaldırmışdır. Məhkəmənin gəldiyi əsas nəticə ondan ibarətdir ki, tərəflər arasında daşınmaz əmlaklarla bağlı mübahisə olduğuna görə həmin daşınmaz əmlaklarda yerləşən daşınar əşyalar üzərinə də həbs qoyulmalıdır. Belə nəticə hüquqi və məntiqi baxımdan əsassızdır. Daşınar əşyanın müəyyən mənzildə və ya bağ evində yerləşməsi həmin əşyanı daşınmaz əmlakın hüquqi tərkib hissəsinə və ya həmin daşınmaz əmlaka dair mübahisənin predmetinə çevirmir. Əks yanaşma qəbul edilərsə, daşınmaz əmlakla bağlı istənilən istifadə mübahisəsi həmin əmlak daxilində yerləşən bütün şəxsi və məişət əşyalarının birmənalı olaraq ayrıca təminat obyektinə çevrilməsinə səbəb olar ki, bu da müvəqqəti təminat institutunun məqsədi ilə uzlaşmır. Məhkəmənin qərardadında daxili uyğunsuzluq da mövcuddur. Bir tərəfdən əşyaların yerinin dəyişdirilməsi və üçüncü şəxslərə verilməsi qadağan olunur, digər tərəfdən həmin əşyaların müəyyən hissəsinin faktiki olaraq iddiaçıya təhvil verilməsi göstərişi verilir. Daha mühüm olan isə odur ki, məhkəmə bir tərəfdən qərardadın işi qabaqcadan mahiyyəti üzrə həll etmədiyini göstərir, digər tərəfdən “Ərizəçi məxsus olan” əşyaların mövcudluğunu artıq müəyyən edilmiş fakt kimi qəbul edib onların ona təhvil verilməsini qərara alır. Əgər həmin əşyaların ona məxsus olması əsas işin predmeti üzrə araşdırılmayıbsa, belə nəticə təminat mərhələsində həmin əşyaların hüquqi mənsubiyyətinin qabaqcadan müəyyən edilməsi deməkdir. Bundan başqa, “zəruri ev və məişət əşyaları” ifadəsi o qədər abstrakt və qiymətləndirici xarakter daşıyır ki, onun birbaşa icrası obyektiv olaraq yeni mübahisə yaratmağa qadirdir. Qərardad icra məmuruna hansı televizorun, soyuducunun, mebelin, qab-qacağın, məişət texnikasının və ya digər əşyanın “zəruri” olduğunu müəyyən etmək səlahiyyəti vermir və verə də bilməz. Məhkəmə aktının icrası onun məzmununun icra məmuru tərəfindən sonradan yaradılması ilə əvəz edilə bilməz. Nəticə etibarilə, müvəqqəti təminat tədbiri mövcud vəziyyəti qorumaq əvəzinə onu dəyişir, əsas iddiada mövcud olmayan yeni əmlak mübahisəsi yaradır və cavabdehin mülkiyyət və sahiblik hüquqlarına iddianın predmetinə uyğun olmayan həddə müdaxilə edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərardadı mübahisə edilən hissədə ləğv edilməli, ərizə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-157.3-cü maddələrinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Bu Məcəllənin 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Mülki-Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddələrinə görə müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. ...Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Belə ki, yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, müvəqqəti təminat tədbirləri mülki iş üzrə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişdirilməsi halında ərizəçinin hüquqlarının qorunmasının, təmin edilməsinin və ya bərpa olunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq, habelə qəbul ediləcək məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq edilən prosessual tədbirlərdir. Məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi barədə ərizələrə baxarkən belə tədbirlərin tətbiqini şərtləndirən halların kifayət qədər əsaslandırılıbəsaslandırılmadığına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslılığını, tələb olunan təminat tədbirinin mübahisənin predmetinə bilavasitə aid olub-olmadığını və irəli sürülmüş tələblə mütənasibliyini hərtərəfli qiymətləndirməlidir. Eyni zamanda, məhkəmə işdə iştirak edən bütün şəxslərin qanuni mənafeləri arasında ədalətli balansı təmin etməklə, qəbul etdiyi məhkəmə aktında müvəqqəti təminat tədbirinin tətbiqini zəruri edən halları və həmin tədbirin seçilməsinin əsaslarını ətraflı və aydın şəkildə göstərməlidir. Beləliklə, məhkəmə araşdırmasının göstərilən istiqamətdə aparılmasını təmin etmək üçün ərizəçi ilk növbədə, tələb olunan müvəqqəti təminat tədbirinin mübahisənin predmetinə bilavasitə aid olub-olmadığını əsaslandırmalı, daha sonra həmin tədbirin tətbiqini zəruri edən halların mövcudluğunu və irəli sürdüyü dəlillərin əsaslılığını göstərməlidir. Eyni zamanda, ərizəçi mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının, təmin edilməsinin və ya bərpa olunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi barədə real təhlükənin mövcudluğunu əsaslandırmalı, həmin təhlükənin konkret olaraq nədən ibarət olduğunu və hansı hallarda yarana biləcəyini işin faktiki halları ilə əlaqələndirməklə göstərməlidir. Bu baxımdan, müvəqqəti təminat tədbirinin tətbiqi üçün yalnız ehtimal xarakterli və ümumi mülahizələrin irəli sürülməsi kifayət hesab edilə bilməz. Ərizəçi istinad etdiyi halların mövcudluğunu konkret faktlara və ilkin sübutlara əsaslanmaqla əsaslandırmalıdır. Belə qiymətləndirmə aparılmadan yalnız ehtimallara əsasən təminat tədbirinin tətbiqi MPM-in 157-ci maddəsinin məqsədinə uyğun hesab edilə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı işdə iddianın predmeti iddiaçının mənzildən və bağ evindən oğlu ilə birlikdə istifadəsinə yaradılan maneələrin aradan qaldırılması və mülkiyyət hüququna müdaxilə edən hərəkətlərin dayandırılması olduğu halda, tətbiqi tələb olunan müvəqqəti təminat tədbiri mənzildə və digər ünvanda yerləşən daşınar əmlakların üzərinə həbs qoyulmasını və həmin əmlaklarla bağlı sərəncam vermənin məhdudlaşdırılmasını nəzərdə tutur. Beləliklə, tələb olunan müvəqqəti təminat tədbiri ilə əsas iddia tələbi arasında birbaşa və bilavasitə əlaqənin nədən ibarət olduğu ərizəçinin müraciətindən müəyyən edilmir. Ərizəçi iddia tələbi ilə tətbiqi tələb olunan müvəqqəti təminat tədbiri arasında zəruri hüquqi əlaqənin mövcudluğunu, habelə həmin tədbirin tətbiq edilməsinin gələcəkdə qəbul ediləcək məhkəmə aktının vaxtında, tam və düzgün icrasına necə xidmət edəcəyini əsaslandırmamışdır. Bu səbəbdən, tələb olunan müvəqqəti təminat tədbirinin tətbiqinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsinin məqsədlərinə uyğun olduğu, habelə həmin maddədə nəzərdə tutulmuş zərurət və mütənasiblik meyarlarına cavab verdiyi qənaətinə gəlmək mümkün deyildir. Tələb olunan müvəqqəti təminat tədbiri ilə əsas iddia tələbi arasında zəruri hüquqi əlaqənin mövcud olmadığı müəyyən edildiyindən, məhkəmə kollegiyası müvəqqəti təminat tədbirinin tətbiq edilməsini şərtləndirən digər meyarların, o cümlədən iddianın əsaslılığına dair ilkin sübutların mövcudluğunun və mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının, təmin edilməsinin və ya bərpa olunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi barədə real təhlükənin olub-olmamasının və s. ayrıca yoxlanılmasına zərurət olmadığı qənaətinə gəlir. Göründüyü kimi, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəyə baxarkən ərizəçi tərəfindən təqdim edilmiş dəlillərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş şərtlərin mövcudluğunu təsdiq edib-etmədiyini hərtərəfli araşdırmamış və həmin dəlillərə lazımi hüquqi qiymət verməmişdir. Məhkəmə qərardadında yalnız qanunvericiliyin müvafiq normalarını sadalamaqla kifayətlənmiş, müvəqqəti təminat tədbirinin tətbiq edilməsini şərtləndirən meyarların mövcudluğu baxımından zəruri araşdırma aparmamışdır Odur ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin **(*-**)- ***/**** saylı ## ###### 2026-cı il tarixli qərardadı qismən - ərizənin təmin edilən hissəsində ləğv edilməli, ərizə həmin hissədə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16(5-98)-436/2026saylı ## ###### 2026-cı il tarixli qərardadı qismən - ərizənin təmin edildiyi hissədə ləğv edilsin. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəsi həmin hissədə rədd edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Rəna Qafarova Fuad Abdıyev
Məhkəmə qərarları › İş №e-16(3-6)-739/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-739/2026
22.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver