Məhkəmə qərarları › İş №e-16(3-6)-758/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-758/2026

23.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-758/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 məruzəsi ilə, Şirinov Ziya Allahverdi oğlu və Mahmudova Təranə Nəriman qızından ibarət tərkibdə, Ərizəçi İsayev Osman İsmayıl oğlunun müvəqqəti təminat tədbiri barədə ərizəsinə baxılmasına dair Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsində, yazılı icraat qaydasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nin təsisçiliyindən çıxarılması və Cəmiyyətin nizamnamə kapitalında payı olan 174200 manat pulun,Cavabdeh MMC-nin 2016-cı ildən hal-hazıradək qazandığı mənfəətindən ona çatası payı olan 20 faizi miqdarında pulun, Cəmiyyətin balansında olmuş və hazırda olan avtomobillərin dəyərinin və bank hesabında olan pul vəsaitinin 20 faizi miqdarında pulun, 100 manat və 464 manat ödənilmiş dövlət rüsumunun, 350 manat vəkilin xidmət haqqının onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş hazırda Bakı Kommersiya Məhkəməsinin icraatındadır (e-2-2(4-11)-2568/2026). Daha sonra, ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh MMC-ə məxsus daşınar və daşınmaz əmlaka, o cümlədən bank hesabına 174200 manat pul məbləği həddində həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizə qismən təmin edilmişdir. Həmin qərardaddan cavabdeh MMC-nin verdiyi şikayət məhkəmənin ## ######## 2026cı il tarixli qərardadı ilə təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Mülki Prosessual Məcəllənin 133.1-133.3-cü maddələrinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 363.1.3-cü maddəsində isə təsbit edilmişdir ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İşin materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin mübahisələndirilən qərardadı ## ###### 2026-cı il tarixdə cavabdehin “Elektron Məhkəmə” informasiya sistemində olan kabinetinə yerləşdirilmişdir. Cavabdeh həmin qərardaddan ## ###### 2026-cı il tarixdə şikayət vermişdir. Göründüyü kimi, cavabdeh qərardaddan şikayəti qanunla nəzərdə tutulmuş 10 günlük müddəti ötürməklə vermişdir. Lakin cavabdeh şikayətinə müddətin bərpası barədə ərizə əlavə edərək, qeyd etmişdir ki, elektron məhkəmə informasiya sistemində aparılan yeniləmə ilə əlaqədar və ASAN imza yaranan problemlərə görə qərardadın mövcudluğundan ##.##.2026-cı il tarixdə məlumatlı olmuşlar. Yalnız icra vərəqəsini həmin tarixdə əldə etmiş, dərhal şikayət verdiklərindən müddətin ötürülmədiyini hesab edirlər. Prosessual müddətin bərpa edilməsini və şikayətə mahiyyəti üzrə baxılmasını xahiş edirlər. Kollegiya qeyd edir ki, əgər tərəf məhkəmə aktından şikayət verməklə yanaşı, həmçinin müddətin bərpası haqqında ərizə verərək qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab etməyi xahiş edirsə, bu halda məhkəmənin üzərinə düşən vəzifə buraxılmış müddətin bərpası haqqındakı ərizəni tərəflərin iştirakı ilə məhkəmə iclasında müzakirə etməklə ərizənin təmin və ya rədd, yaxud müddətin buraxılmamış hesab edilməsinə dair müvafiq nəticəyə gəlməkdən ibarətdir. Birinci instansiya məhkəməsi isə müddətin bərpası haqqında cavabdeh tərəfindən verilmiş ərizəni bu qaydada müzakirə etməli olduğu halda bunu etməmiş, onun şikayət vermə müddətini ötürüb-ötürmədiyi, ötürmüşdürsə bunun üzrlü səbəblərdən baş verib-vermədiyi məsələlərinə aydınlıq gətirmədən və bununla bağlı qəbul ediləcək məhkəmə aktından işdə iştirak edən şəxslərin şikayət vermə hüquqlarının olmasını nəzərə almadan şikayəti apellyasiya instansiyasına göndərmişdir. Bu səbəblə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin mümkünlüyü üçün əsas yoxdur və kommersiya işi cavabdeh Cavabdeh MMC-nin müddətin bərpası haqqında ərizəsinə baxılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və kommersiya işi apellyatorun müddətin bərpası barədə ərizəsinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar