Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-16(3-7)-46/2026 25.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), X1 və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi (bundan sonra – ərizəçi) müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. İşin halları
1. Gəncə şəhər * saylı Notariat ofisinin ##.##.2025-ci il tarixli, 8İ-1625 nömrəli icra vərəqəsinə əsasən, ipoteka predmeti olan Ərizəçi mülkiyyətində olan Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsində 0.0547 ha torpaq sahəsi və üzərindəki ** saylı fərdi yaşayış evi ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. (Öhdəliyi müəyyən edən ***micGNDJ/** saylı əlavə kredit müqaviləsi müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 43416.7 manat əsas borc, 1692.24 manat faiz borc, 155.68 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 45264.62 manat təşkil edir).
2. İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə ****************** nömrəli, ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsində 0.0547 ha torpaq sahəsi və üzərindəki ** saylı fərdi yaşayış evi hərrac qalibi Xəlilov İlqar Zirəddin oğluna 45646 manata satılmışdır.
3. Ərizəçi-iddiaçı Ərizəçi cavabdehlər Xəlilov İlqar Zirəddin oğluna, “xxxx” MMC Hərrac Mərkəzinə və Gəncə şəhəri üzrə İcra idarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evinə aid “hərracın və hərracın yekunlarına dair protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Xəlilov İlqar Zirəddin oğlunun adına verilmiş Çıxarışın ləğv edilərək fərdi yaşayış evinin əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. (mülki iş № e- 2(5-121)-1499/2026). İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı təmin etmək üçün tədbir görərək onun və ailə üzvlərinin Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsi ** saylı ünvanda yerləşən evdən çıxarılması üzrə Gəncə şəhəri üzrə İcra İdarəsində iş üzrə icraatın dayandırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışlar ki, Gəncə Şəhər Məhkəməsində cavabdehlər Xəlilov İlqar Zirəddin oğluna, “xxxx” MMC Hərrac Mərkəzinə və Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı “hərracın və hərracın yekunları barədə prtokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilərək mülkün əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddia qaldırmışdır və hazırda həmin iş məhkəmənin icraatındadır. Gəncə şəhəri * saylı notariat ofisinin ##.##.2025-ci il tarixli icra qeydi əsasında o və ailə üzvləri yaşadıqları, ona məxsus ipoteka predmeti olmuş Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsi ** saylı ünvanda yerləşən evə tutma yönəldilərək hərrac vasitəsilə satılmış və heç bir məhkəmə qərarı və icra vərəqəsi olmadan, hazırkı mülkiyyətçinin tələbi ilə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru onların evdən çıxarılmaqlarını tələb edir. O, bundan əvvəl müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edib o və ailə üzvlərinin Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsi ** saylı ünvanda yerləşən evdən çıxarılmaqları üzrə Gəncə şəhəri üzrə İcra İdarəsində iş üzrə icraatın dayandırılmasını xahiş etmiş, məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Təmin edilməmənin əsası kimi, qeyd edilmişdir ki, Ərizəçi kredit müqaviləsi üzrə “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinə yaranmış borca görə tutmanın onun mülkiyyətində olan mənzilə yönəldilməsi nəticəsində həyata keçirələcək hərəkətlərin qarşısını almaq üçün icra üzrə icraatın dayandırılmasını xahiş edir. Lakin bunu hansı əsasla istədiyini ərizədə əsaslandırmır. Sadəcə müvafiq iddia ilə məhkəməyə müraciət etdiyini bildirir. Ərizəyə hansı əsasla həmin hərracın nəticələrini mübahisələndirdiyi və bunu təsdiq edəcək ilkin sübutları təqdim etməmişdir. Lakin, hazırda o, müstəqil ekspertiza vasitəsilə Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsi ** saylı ünvanda yerləşən ev barəsində qiymətləndirmə keçirtmiş və ekspertizanın ##.##.2026-cı il tarixli rəyindən fərdi yaşayış evinin bazar dəyərinin 135 000 manat olması öz təsdiqini tapmışdır. Bu barədə rəyi hazırkı ərizəyə əlavə etmişdir. Buradan onun iddiasının əsaslı olması aydın olur. Belə ki, məhkəmədə qaldırdığ sözügüdən iddia üzrə mülki iş materiallarında ev barəsində qiymətləndirilmə keçirilmədən hərracın evin hazırkı bazar dəyərindən qat-qat aşağı qiymətə yəni, ilkin satış qiyməti 59000 manata keçirildiyi və 45646 manata satıldığı aydın olur. Bundan başqa, hərrac mərkəzi tərəfindən onlara evin hərraca çıxarılacağı barədə heç bir bildiriş göndərilmədiyi də iş materialları ilə öz təsdiqini tapır. Halbuki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyanın “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası”nın təsdiq edilməsi barədə24” oktyabr 2024-cü il tarixli Qərarının 2.3-cü maddəsinə əsasən Təşkilatçı sifarişçidən sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair elanı Portalda yerləşdirir və bu barədə Portal öz funksional imkanlarından istifadə etməklə tələbkara və borcluya sms və ya elektron poçt (olduqda) vasitəsilə bildiriş göndərir. Ona nə SMS, nə də bildiriş göndərilməmişdir və bu hal da iş materialları ilə öz təsdiqini tapır. Bankdan götürdüyü kredit məbləğini evin təmirinə xərclədikdən sonra evin təmirdən əvvəlki qiymətə satılması birbaşa onun konstitusion hüquqlarını pozmuşdur. Göründüyü kimi, iddia tələbi əsaslıdır və hazırda onun tərəfindən qaldırılmış iddia ilə əlaqədar mülki iş üzrə qətnamə çıxandan sonra qətnamənin icrasında çətinlik yaranmaması üçün o qaldırdığım iddiaya baxılıb yekun qərar qəbul edilənədək İcra üzrə icraatın dayandırılmasını istəyir.
6. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qəraradı (hakim – Nərgiz Məmmədova) ilə, ərizənin təmin edilməməsi qərara alınmışdır.
7. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsasındırmışdır ki, müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməsi icra sənədinin icrasına məhdudiyyət yaratmaqla, onun icrasını uzun müddət mümkünsüz edə bilər ki, bu da icra sənədi üzrə tələbkarın hüquqlarının pozulması ilə nəticələnməklə yolverilməzdir. Nəzərə alınmalıdır ki, icra edilməli icra sənədinin icrasına maneə olan müvəqqəti təminat tədbiri növündə qərarın qəbul edilməsi sui-istifadəyə şərait yaradan, dispozitiv imkandan və diskression səlahiyyətlərdən kənar prosessual hərəkət kimi yolverilməzdir.
8. Məhkəmə həmçinin ərizəçinin – iddiaçının iddia tələbinin əsaslı olması barədə iddialarına münasibət bildirərək qeyd etmişdir ki, tərəfin hərracın nəticələrini mübahisələndirdiyi hər iki hal – həm ona bildiriş verilməməsi, həm də ipotekanın ilkin satış qiymətinin aşağı olması məhkəmə icraatında araşdırılmalı olan məsələlərdir. Bu məsələlər araşdırılmadan iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların olmasından bəhs oluna bilməz. Belə ki, prosesin gedişində iddiaçı tərəfin vəsatəti ilə hərrac təşkilatından lazımi sənədlər tələb olunmuş, lakin müvafiq sorğuya hazırda cavab alınmamışdır. İddiaçı tərəfin müstəqil qiymətləndiricidən aldığı rəyə isə digər tərəfin münasibət bildirmək imkanı da vardır. Bütün bunlar araşdırılmadan tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların olmasından bəhs oluna bilməz (Bunun mübahisə üzrə məhkəmənin yekun qənaəti olmadığı, yalnız ərizəyə əlavə edilmiş sənədlərdən görünən formal nəticə olduğu diqqətdə saxlanılmalıdır).
9. Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1, 157.2, 157.3, 157.5, 158.1.5, 158.1.6, 163.1, 263-264 və 268-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ##.##.2018-ci il tarixli qərarına istinadən əsaslandırmışdır.
10. Qərardaddan narazı qalan ərizəçi şikayətlə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-in 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Qərardaddan şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Qərardaddan şikayətinin dəlilləri
12. Qərardad qanunsuz və əsassızdır ona görə də qərardad ləğv edilməli və ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməlidir. Belə ki, məhkəmənin gəldiyi hüquqi nəticə əsaslı hesab edilə bilməz. Belə ki, onun iddianı təmin etmək üçün tədbir görərək iddiaçının Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsi ** saylı ünvanda yerləşən evdən çıxarılma üzrə Gəncə şəhəri üzrə İcra İdarəsində iş üzrə icraatın dayandırılmasına dair ərizəsi Gəncə Şəhər Məhkəməsinin e-**(*-***)-**/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmişdir. Təmin edilməməyin əsası kimi, qeyd edilmişdir ki, Məhkəmə hesab edir ki, müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməsi icra sənədinin icrasına məhdudiyyət yaratmaqla, onun icrasını uzun müddət mümkünsüz edə bilər ki, bu da icra sənədi üzrə tələbkarın hüquqlarının pozulması ilə nəticələnməklə yolverilməzdir. Bununla bağlı qeyd edilməlidir ki, işin halları ondan ibarətdir ki, cavabdehlər Xəlilov İlqar Zirəddin oğluna, “xxxx” MMC Hərrac Mərkəzinə və Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı (hərracın və hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilərək mülkün əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddia qaldırıbdır. Həmin iş Gəncə Şəhər Məhkəməsinin icraatındadır. Gəncə şəhəri * saylı notariat ofisinin ##.##.2025-ci il tarixli İcra qeydi əsasında o və ailə üzvləri yaşadığı ona məxsus olmuş ipoteka predmeti olmuş Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsi ** saylı ünvanda yerləşən evə tutma yönəldilərək hərrac vasitəsilə satılmış və heç bir məhkəmə qərarı və icra vərəqəsi olmadan, hazırkı mülkiyyətçinin tələbi ilə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru evdən çıxarılmaqlarını tələb edir. O, bundan əvvəl müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edib onun və ailə üzvlərinin Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsi ** saylı ünvanda yerləşən evdən çıxarılmaqları üzrə Gəncə şəhəri üzrə İcra İdarəsində iş üzrə icraatın dayandırılmasını xahiş etmiş, məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Təmin edilməmənin əsası kimi, qeyd edilmişdir ki, ərizəçi kredit müqaviləsi üzrə “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinə yaranmış borca görə tutmanın onun mülkiyyətində olan mənzilə yönəldilməsi nəticəsində həyata keçirələcək hərəkətlərin qarşısını almaq üçün icra üzrə icraatın dayandırılmasını xahiş edir. Lakin bunu hansı əsasla istədiyini ərizədə əsaslandırmır. Sadəcə müvafiq iddia ilə məhkəməyə müraciət etdiyini bildirir. Ərizəyə hansı əsasla həmin hərracın nəticələrini mübahisələndirdiyi və bunu təsdiq edəcək ilkin sübutları təqdim etməmişdir. Lakin, hazırda o müstəqil ekspertiza vasitəsilə Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsi ** saylı ünvanda yerləşən ev barəsində qiymətləndirmə keçirtmiş və ekspertizanın ##.##.2026-cı il tarixli rəyindən fərdi yaşayış evinin bazar dəyərinin 135 000 manat olması öz təsdiqini tapır. Buradan onun iddiasının əsaslı olması aydın olmasına baxmayaraq, məhkəmə həmin halın məhkəmə araşdırılması predmeti olduğunu bildirir. Halbuki, həmin sübut məhkəmə araşdırılması predmeti olsa da, qaldırdığı iddia tələbi üzrə məhkəmənin bundan öncəki ərizəsini təmin etməməsinin əsası kimi qeyd etdiyi ilkin sübutdur. Məhkəmədə qaldırdığı sözügedən iddia üzrə mülki iş materiallarında ev barəsində qiymətləndirilmə keçirilmədən hərracın evin hazırkı bazar dəyərindən qat-qat aşağı qiymətə yəni, ilkin satış qiyməti 59000 manata keçirildiyi və 45646 manata satıldığı aydın olur. Bundan başqa, hərrac mərkəzi tərəfindən ona evin hərraca çıxarılacağı barədə heç bir bildiriş göndərilmədiyi də iş materialları ilə öz təsdiqini tapır. Halbuki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyanın “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası”nın təsdiq edilməsi barədə 24” oktyabr 2024- cü il tarixli Qərarının 2.3.-ci maddəsinə əsasən Təşkilatçı sifarişçidən sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair elanı Portalda yerləşdirir və bu barədə Portal öz funksional imkanlarından istifadə etməklə tələbkara və borcluya sms və ya elektron poçt (olduqda) vasitəsilə bildiriş göndərir. Ona nə SMS, nə də bildiriş göndərilməmişdir və bu hal da iş materialları ilə öz təsdiqini tapır. Bankdan götürdüyü kredit məbləğini evin təmirinə xərclədikdən sonra evin təmirdən əvvəlki qiymətə satılması birbaşa onun konstitusion hüquqlarımı pozmuşdur. Göründüyü kimi, bütün bu qeyd edilənlər iddianın əsaslı olması üçün ilkin sübutların mövcud olduğunu göstərsə də ərizəsi əsassız olaraq təmin edilməmişdir. Həmçinin qeyd edir ki, onun qaldırdığı tələb təmin edilərsə və o, həmin vaxta kimi evdən çıxarılarsa evə ondan sonra köçənlərin yüksək xərc çəkib təmir etdirdiyi evi hansı vəziyyətə gətirəcəkləri və bundan sonra keçiriləcək ekspertin evə hansı qiymət qoyacağı məlum deyildir. Eyni zamanda qətnamə çıxarılandan sonra icrasında çətinlik yaranmaması üçün onun iddiasına baxılıb yekun qərar qəbul edilənədək çətinlik yaranmaması üçün icra üzrə icraatın dayandırılması barədə ərizənin təmin edilməməsi qanuna uyğun deyil.
b) Qərardaddan şikayətə qarşı etirazın dəlilləri
13. Cavabdeh Xəlilov İlqar Zirəddin oğlu qərardaddan verilmiş şikayətə qarşı məhkəməyə etirazla müraciət edərək şikayətin əsassız olduğunu bildirmiş və Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli Qərarı
14. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.
Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il ## ###### tarixli Qərarı
15. Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.
17. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.
18. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər.
19. Maddə 157.4. İddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir.
20. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.
21. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.
22. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: ... 158.1.5 borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6 icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq;
Apellyasiya baxışının hədləri
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
25. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1 və 157.2-ci maddələri).
28. Məhkəmə qeyd edir ki, müvəqqəti təminat tədbirinin əsas məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdır. Bu mənada, müvəqqəti təminat tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi ərizəçinin hüquqlarının qorunmasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər.
29. Qanunun tələbindən göründüyü kimi, müvəqqəti təminat tədbiri müstəsna xarakter daşıyır və onun tətbiqi üçün iki əsas şərtin mövcudluğu zəruridir: - iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların olması (MPM-nin 157.5.2-ci maddəsi); - müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi halda ərizəçinin hüquqlarının qorunmasının qeyri-mümkün və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin əsaslandırılması (MPM-nin 157.5.1ci maddəsi).
30. Bundan əlavə, MPM-nin 157.6-cı maddəsinə əsasən tətbiq edilən müvəqqəti təminat tədbiri irəli sürülmüş tələbə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli Qərarında da vurğulanmışdır ki, məhkəmələr iddianın təmin olunması tədbirləri ilə irəli sürülmüş tələb arasında əlaqəni, həmin tədbirin mütənasibliyini və tərəflərin qanuni mənafelərinin balansını təmin etməlidirlər.
32. Məhkəmə qeyd edir ki, birinci instansiyası məhkəməsi mahiyyət etibarı ilə düzgün nəticəyə gəlsə də hazırki ərizəyə müvəqqəti təminat tədbiri kimi qiymət verməkdə haqlı olmamışdır.
33. Belə ki, işin halları ondan ibarətdir ki, icra qurumu ləğv olunmamış və ya geri götürülməmiş icra sənədi üzrə icra hərəkətlərini həyata keçirir və bu icra qurumunun vəzifəsidir.
34. Müvəqqəti təminat tədbirinin tətbiqinin əsasları və məqsədləri ilə bağlı qanunvericiliyin tələblərinə uyğun ətraflı izah qərardadın 27-31-ci bəndlərində verilmişdir ki, hazırki halda ərizəçinin ərizəsi üzrə tələb olunan hərəkət müvəqqəti təminat tədbiri deyildir.
35. İş üzrə icra icraatın dayandırılmasının məcburiliyi və icraatın dayandırılmasının mümkün olduğu hallar İcra haqqında Qanunun 18 və 19-cü maddələri ilə tənzimlənir.
36. Ərizəçi həmin iş üzrə tərəfdir ki, İcra haqqında Qanunun 29.1-ci maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər.
37. Belə olan halda icra işinin tərəfi olaraq ərizəçi icra qurumunun hərəkət və ya hərəkətsizliyindən icra sənədinin icrasına nəzarəti həyata keçirən məhkəməyə şikayətlə müraciət etmək hüququ vardır ki, ərizəçinin icra icraatının dayandırılması ilə bağlı müraciəti icra qaydasında həll olunan məslədir.
38. Beləliklə məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi ərizənin rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də mövqeyinin əsaslandırmasını düzgün həyata keçirməmişdir. Lakin gəlinmiş nəticə düzgün olduğundan məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.
39. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir.
40. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
41. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 157-158, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.