Məhkəmə qərarları › İş №e-16(3-7)-62/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-7)-62/2026

10.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-16(3-7)-62/2026 10.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X5 (məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – ərizəçi) (maraqlı şəxslər – maraqlı şəxs4 Açıq Səhmdar Cəmiyyəti, maraqlı şəxs1, maraqlı şəxs3, maraqlı şəxs2) müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadından maraqlı şəxs maraqlı şəxs2 nümayəndəsi (vəkili) X1 (bundan sonra – maraqlı şəxs) tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. Işin halları

1. Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi ünvanında yerləşən 5 ha torpaq sahəsi ##.##.2011-ci il tarixdə maraqlı şəxs2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. ##.##.1985-ci il tarixli, III-ЖГ seriyalı ****** nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər ##.##.1985-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar.

3. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə görə “kredit verən “xxxx” IKB ASC (indiki Ərizəçi ASC) ilə kredit alan maraqlı şəxs1 arasında bağlanmış ##.##.2013-cü il tarixli **-S-*-*-***-** nömrəli kredit müqaviləsi üzrə alınmış kreditin maraqlı şəxs1 tərəfindən ailə ehtiyacları üçün istifadə olunduğu müəyyən edilməsi” qət edilmişdir.

4. Iddiaçı Ərizəçi Açıq Səhmdar Cəmiyyəti cavabdehlər maraqlı şəxs1, maraqlı şəxs3 və “xxxx” ASC-yə qarşı “illik 5 faiz üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə ##.##.2026-cı il tarixdə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər maraqlı şəxs1, maraqlı şəxs3 və “xxxx” ASC-dən Ərizəçi ASC-nin xeyrinə ##.##.2017-ci il tarixdən ##.##.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün 232929,46 manata illik 5 (beş) faizlə hesablanmış 78484,29 manat, ##.##.2024-cü il tarixdən ##.##.2026-cı il tarixədək gecikdirilmiş vaxt üçün 409692,24 manata illik 5 (beş) faizlə hesablanmış 46090,38 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 124574,67 manat məbləğində borcun və 415 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Gəncə şəhər ərazi idarəsinin ##.##.2011-ci il tarixli MA seriyalı, ******* saylı, qeydiyyat nömrəsi 1511017176 olan çıxarışa əsasən maraqlı şəxs2 mülkiyyətində (maraqlı şəxs1 birgə mülkiyyətçi olması nəzərə alınmaqla) olan Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində 5 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 131,1 m sahədən ibarət qeyri-yaşayış binasının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışlar ki, Ərizəçixxxx“xxxx IKB” ASC) ilə maraqlı şəxs1 arasında bağlanmış ##.##.2013-cü il tarixli, **-S*-*-***-** saylı kredit müqaviləsinə əsasən bank müştəriyə 36 ay müddətinə illik 19 faiz ödəmək şərti ilə 600000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada yerinə yetirilmədiyindən, Ərizəçi ASC iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin ## #### 2017-ci il tarixli 2(001)- ****/**** saylı qətnaməsi ilə iddiaçı “xxxx” IKB-nin cavabdehlər maraqlı şəxs1, “xxxx” ASC, maraqlı şəxs3 və maraqlı şəxs2 qarşı iddiası qismən təmin edilərək, cavabdehlər maraqlı şəxs1, maraqlı şəxs4 ASC və maraqlı şəxs3 müştərək qaydada kredit üzrə 579778.78 manat, faiz üzrə 247408.32 manat faiz, cərimə üzrə 1000 manat, cəmi 828187.1 manat Ərizəçixxxx“xxxx IKB” ASC) xeyrinə tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin ## ####### 2021-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə cavabdeh maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilmiş, cavabdehlər maraqlı şəxs1, maraqlı şəxs4 ASC, maraqlı şəxs3 “xxxx” X7 (Ərizəçi ASC-nin) xeyrinə müştərək qaydada tutulmalı olan faiz borcunun məbləği 231929.46 manat, cəmi məbləğ 812708.24 manat müəyyən edilmişdir. Məhkəmə qətnaməsindən sonra borclu tərəfindən ödənişlər edilmiş, nəticədə onun hazırda banka olan qətnamə üzrə əsas borcu 59.778,78 manat, faiz borcu isə 231929.46 manat, cərimə 1000 manat,cəmi 292708,24 manat təşkil edir. Sözügedən borc borclu tərəfindən geri qaytarılmamış və bu vəziyyət davam etməkdədir. ##.##.2013-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən eyni zamanda məhkəmə qətnaməsi qüvvəsini alıb icraya yönəldiyi tarixdən hazırkı vaxta kimi cavabdehlər tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdehlər tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdehlər tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Borclu maraqlı şəxs1 Rzayeva (Əliyeva) Xoşbəxt Tayan qızı ilə nikahlarını ##.##.1985-ci il tarixdə qeyd etdirməklə ailə qurmuşlar. Krediti götürən maraqlı şəxs1dur və həmin kredit istehlak məqsədi ilə götürülmüşdür, bu da o anlama gəlir ki, götürülmüş kredit ailə ehtiyacları üçün istifadə olunmuşdur. Əks halda maraqlı şəxs1 özünə məxsus olan 229798 ədəd səhmi bank qarşısında ipoteka ilə yüklü edən zaman arvadı maraqlı şəxs2 ##.##.2013-cü il tarixdə razılıq ərizəsi verməzdi o baxımdan ki, maraqlı şəxs1 götürmüş olduğu krediti ailə ehtiyacı üçün yox, bir başqa məqsəd üçün xərcləyəcəkdir. maraqlı şəxs1 arvadı maraqlı şəxs2 nikahda olduqları dövrdə, yəni ##.##.2011-ci il tarixdə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində 5 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 131,1 m sahədən ibarət qeyri-yaşayış binası əldə etmiş və bu hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeyd etdirməklə ******* nömrəli çıxarış almışdır. Bu da, o deməkdir ki, sözügedən daşınmaz əmlak birgə nikah dövründə əldə olunmuş əmlak sayılır. Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində 5 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 131,1 m sahədən ibarət qeyri-yaşayış binası cavabdehlərin birgə nikah dövründə əldə etdikləri əmlak olduğundan borclu maraqlı şəxs1 da həmin əmlak üzərində mülkiyyət hüququ vardır. Digər tərəfdən maraqlı şəxs1 tərəfindən götürülmüş öhdəlikdə arvadı maraqlı şəxs2 da məsuliyyət daşıdığından bu öhdəlik ona da aid edilməlidir. Buna görə də iddiaçı Ərizəçi ASC cavabdehlər maraqlı şəxs4 Açıq Səhmdar Cəmiyyətinə, maraqlı şəxs1 və maraqlı şəxs3 qarşı iddia ərizə ilə Gəncə Şəhər məhkəməsinə müraciət edərək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 124574.67 manat məbləğində əldən çıxmış faydanın cavabdehlərdən müştərək qayda da tutulması barədə qətnamə qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət edəcəkdir. Eyni zamanda məhkəmənin nəzərində çatdırır ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə “Kredit verən “xxxx” IKB ASC (indiki Ərizəçi ASC) ilə kredit alan maraqlı şəxs1 arasında bağlanmış ##.##.2013-cü il tarixli **-S-*-*-***-** nömrəli kredit müqaviləsi üzrə alınmış kreditin maraqlı şəxs1 tərəfindən ailə ehtiyacları üçün istifadə olunduğu müəyyən edilməsi” qət edilmişdir. Qeyd olunan qətnamədən cavabdehlər maraqlı şəxs1 və maraqlı şəxs2 kassasiya şikayətləri vermişlər lakin kassasiya şikayəti təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi qüvvədə saxlanılmışdır.

7. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı (hakim – Nərgiz Məmmədova) ilə, ərizə qismən təmin edilərək maraqlı şəxs2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi ünvanında yerləşən 5 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 131,1 kv.m. sahədən ibarət qeyri-yaşayış binanın özgəninkiləşdirilməsi qadağan edilmişdir.

8. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsasındırmışdır ki, ərizəyə əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi ünvanında yerləşən 5 ha torpaq sahəsi ##.##.2011-ci il tarixdə maraqlı şəxs2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin iş materiallarında olan ##.##.1985-ci il tarixli, III-ЖГ seriyalı ****** nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər ##.##.1985-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Buradan belə görünür ki, ərizəçinin müvəqqəti təminat tədbiri kimi məhdudiyyət tətbiq edilməsini tələb etdiyi Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi ünvanında yerləşən 5 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 131,1 m sahədən ibarət qeyri-yaşayış bina tərəflərin birgə nikahı dövründə maraqlı şəxs2 adına qeydiyyata alınmışdır. (Bunun mübahisə üzrə məhkəmənin yekun qənaəti olmadığı, yalnız ərizəyə əlavə edilmiş sənədlərdən görünən formal nəticə olduğu diqqətdə saxlanılmalıdır). Həmçinin ərizəyə əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə görə “kredit verən “xxxx” IKB ASC (indiki Ərizəçi ASC) ilə kredit alan maraqlı şəxs1 arasında bağlanmış ##.##.2013-cü il tarixli **-S-*-*-***-** nömrəli kredit müqaviləsi üzrə alınmış kreditin maraqlı şəxs1 tərəfindən ailə ehtiyacları üçün istifadə olunduğu müəyyən edilməsi” qət edilmişdir.

9. Məhkəmə bu əmlaka münasibətdə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi ilə bağlı ərizəçinin xahişini qismən əsaslı saymışdır. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, ərizəyə əlavə edilmiş sənədlərdən bu əmlakın tərəflərin birgə nikahı dövründə əldə edilmiş olması ilə bağlı kifayət qədər ilkin sübutların olduğu göründüyündən əmlakın mülkiyyətçi maraqlı şəxs2 tərəfindən özgəninləşdirilməsi ərizəçinin məhkəmədə hüququnun qorunmasını əhəmiyyətli dərəcədə çətinləşdirəcəkdir. Odur ki, həmin əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi şəklində müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə zərurət var.

10. Lakin, məhkəmə əmlakın üzərinə həbs qoyulmasını zəruri hesab etməmişdir. Ona görə ki, bu əmlakın özgəninkiləşdirməsini qadağan etməklə ərizəçinin hüquqlarının pozulmasının qarşısını almaq mümkündür. Əlavə olaraq əmlakların üzərinə həbs qoyulmasına zərurət yoxdur. Belə bir zərurət olmadan əmlakın üzərinə həbs qoyularsa bu, mülkiyyətçinin əmlak üzərindəki hüquqlarının lüzumsuz məhdudlaşmasına gətirib çıxarar ki, heç bir müvəqqəti təminat tədbirinin tətbiqi bununla nəticələnməməlidir. Belə ki, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, maddə 157.6).

11. Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1, 157.2, 157.3, 157.5, 157.5.1, 157.5.2, 157.6, 157.7, 158.1.2 və 158.1.3-cü maddələrinə istinadən əsaslandırmışdır.

12. Qərardaddan narazı qalan maraqlı şəxs şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir. 13.

Qərardaddan şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Qərardaddan şikayətinin dəlilləri

14. Qərardad qanunsuz və əsassızdır, ona görə də, qərardad ləğv edilməli və ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməlidir. Belə ki, ərizəçi müvəqqəti təminat tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, AR ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi Idarəsinin ##.##.2011-ci il tarixli MA seriyalı, ******* saylı, qeydiyyat nömrəsi 1511017176 olan çıxarışa əsasən, ona məxsus olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində 5 ha torpaq sahəsi və onun üzərində olan 1 mərtəbəli 131,1 kv.m sahəsi olan qeyri-yaşayış binasının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışır ki, həyat yoldaşı maraqlı şəxs1 bankdan küllü miqdarda kredit götürmüş və vaxtında geri qaytarmamışdır. Buna görə də onun mülkiyyətində olan daşınmaz əmlakın üzərinə həbs qoyulmalıdır. Bunu da onunla əsaslandırmışlar ki, o, həyat yoldaşı ilə nikaha girdikdən sonra həmin əmlakı əldə etmişdir. Ərizəçi onu da qeyd etmişdir ki, gələcəkdə, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 124574,67 manat məbləğində pulun onlardan tutulmasına dair iddia tələbi irəli sürəcəkdir. Qeyd edir ki, məhkəmə tərəfindən qəbul olunmuş qərardadla onun mülkiyyət hüquqları kobud şəkildə pozulur. Belə ki, həyat yoldaşının bankdan götürdüyü kreditin təminatı var. Iş materiallarından da görünür ki, həmin kredit məbləğinin təminatı olaraq, həyat yoldaşının əsas səhm payı olan və müşahidə şurasının sədri vəzifəsini daşıdığı maraqlı şəxs4 ASC-yə məxsus yoldaşı maraqlı şəxs1 adında olan 231398 ədəd səhmlərdən 229798 ədəd səhm girov qoyulmuşdur. Belə ki, həmin səhmlərin nominal dəyərinin 2 manat olması da kredit müqaviləsinə əlavə olunmuş girov müqaviləsindən görünür. Həmçinin ərizəçi özü bildirir ki, götürülmüş kredit məbləğinin 70% ödənilmiş və hal-hazırda 290.000 manat civarında kredit borcu var. Deməli kredit müqaviləsinin təminatı olan girov predmeti qalıq borcun ödənilməsini təmin edir. Ona görə də hesab edir ki, qeyd olunan qərardad tamamilə əsasız və qanunsuzdur. Məhkəmə iş materiallarını araşdırmadan onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qərardad qəbul etmişdir. Həmçinin onu da qeyd edir ki, əgər götürülmüş kredit məbləğinin təminatı varsa, qeyd olunan təminatı həmin məbləğə yönəltmək olur. Ərizəçi o halda kreditordan gecikdirilmiş vaxt üçün illik 5 faiz pul tələb edə bilər ki, o həmin kreditin ödənilməsindən yayınsın. Konkret bu məsələdə, qeyd olunan borc məbləğinin kreditin təminatına yönəldilməsi iş üzrə icra səlahiyyətləri həyata keçirdən orqandan və qeyd olunan girov predmetini saxlayan orqan olan Milli Depozit Mərkəzidən asılıdır.

b) Qərardaddan şikayətə qarşı etirazın dəlilləri

15. Ərizəçi qərardaddan şikayətə qarşı birinci instansiya məhkəməsinə etiraz ünvanlayaraq, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadından maraqlı şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir.

16. Etiraz onunla əsaslandırılmışdır ki, şikayətin dəlilləri ilə razılaşmır və bunu aşağıdakılarla əsaslandırır. Əvvəla maraqlı şəxs ona istinad edir ki, kredit müqaviləsi üzrə təxminən 290.000 manat civarında borc qalıb və həmin borc da ipoteka predmetinin hərrac qaydasında satışı əsasında ödənilə bilər. Məhkəmənin nəzərinə çatdırılır ki, kredit borcunun qaytarılmasına dair Bakı Apelyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli 2( ***)-***/**** nömrəli qətnaməsi üzrə icra sənədi Bakı şəhəri Binəqədi Rayon Icra şöbəsinə göndərilmiş və ##.##.2022-ci il tarixdə icraata daxil olmuşdur. Göründüyü kimi 4 ildən artıq müddətdir ki, qətnamə icrasız vəziyyətdə qalmış və bu müddət davam etdikcə kreditorun 5 faiz üzrə məhkəmədə iddia qaldırmasına əsas verir. Bundan əlavə bildirir ki, maraqlı şəxs2 əmlakı üzərinə müəyyən məhdudiyyətin qoyulmasının istənilməsinin əsası ondan ibarət olmuşdur ki, Gəncə Apelyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli 2(104)- ***/**** nömrəli qətnaməsi ilə maraqlı şəxs1, maraqlı şəxs3 və “xxxx” ASC-dən gecikdirilmiş vaxt üçün illik beş faiz borcu 119392 manatın tutularaq Ərizəçi ASC-yə ödənilməsi qət edilmişdir. ##.##.2013-cü il tarixli **-S-*-*-***- İ* nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin bir daşıyıcısı da maraqlı şəxs2dır. Belə ki, maraqlı şəxs2 ilə maraqlı şəxs1 ər-arvad olduğundan Ərizəçi ASC tərəfindən məhkəmədə iddia qaldırılmış, sonda Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)****/**** nömrəli qətnaməsi ilə kredit verən “xxxx” IKB ASC ilə kredit alan maraqlı şəxs1 arasında bağlanmış ##.##.2013-cü il tarixli 10-S-1 -*-***-** nömrəli kredit müqaviləsi üçün alınmış kreditin maraqlı şəxs1 tərəfindən ailə ehtiyacları üçün istifadə olunduğunun müəyyən edilməsi... qət edilmişdir. Tələb olunan 119392 manatın cavabdehliyi maraqlı şəxs2 olduğundan, onun adına olan bu və digər əmlakla bağlı icra icraatı qaydasında tədbir görülməsinə, maraqlı şəxs2 bu məbləğə görə öz əmlakı ilə bağlı məsuliyyət daşımasına zəmin yaranmışdır. Bundan əlavə məhkəmənin nəzərinə çatdırılır ki, artıq bank tərəfindən cavabdehlərə qarşı ##.##.2013-cü il tarixli **-S-*-*-***-** nömrəli kredit müqaviləsindən irəli gələn tələblə bağlı bir iddia hazırlanmış, bu yaxın gün ərzində həmin iddia ilə məhkəməyə müraciət olunacaqdır.

Tətbiq edilən hüquq

“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli Qərarı

17. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

Avropa Məhkəməsi “Hakansson və Sturesson Isveçə qarşı” iş üzrə 1990-cı il ## ###### tarixli Qərarı

18. Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.

20. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

21. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər.

22. Maddə 157.4. Iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir.

23. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.

24. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

25. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; ...

26. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; ...

Apellyasiya baxışının hədləri

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası MPM və ya MPM) 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

29. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

30. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – məhkəmə kollegiyası) qeyd edir ki, maraqlı şəxs qərardadın ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, ərizənin təmin edilmiş hissəsini mübahisləndirir. Ərizənin təmin edilməmiş hissəsi isə onun mənafeyinə toxunmur. Odur ki, məhkəmə kollegiyası, MPM-in 372.6ci maddəsinin tələbindən çıxış edərək qərardadın əsaslılığını mübahisələndirilən hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.

32. Belə ki, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1 və 157.2-ci maddələri).

33. Məhkəmə qeyd edir ki, müvəqqəti təminat tədbirinin əsas məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdır. Bu mənada, müvəqqəti təminat tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi ərizəçinin hüquqlarının qorunmasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər.

34. Qanunun tələbindən göründüyü kimi, müvəqqəti təminat tədbiri müstəsna xarakter daşıyır və onun tətbiqi üçün iki əsas şərtin mövcudluğu zəruridir: - iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların olması (MPM-nin 157.5.2-ci maddəsi); - müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi halda ərizəçinin hüquqlarının qorunmasının qeyri-mümkün və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin əsaslandırılması (MPM-nin 157.5.1ci maddəsi).

35. Bundan əlavə, MPM-nin 157.6-cı maddəsinə əsasən tətbiq edilən müvəqqəti təminat tədbiri irəli sürülmüş tələbə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli Qərarında da vurğulanmışdır ki, məhkəmələr iddianın təmin olunması tədbirləri ilə irəli sürülmüş tələb arasında əlaqəni, həmin tədbirin mütənasibliyini və tərəflərin qanuni mənafelərinin balansını təmin etməlidirlər.

37. Iş materiallarından görünür ki, ərizəçi tərəfindən gələcəkdə irəli sürülməsi nəzərdə tutulan tələb kredit münasibətlərindən irəli gələn pul tələbinin, o cümlədən gecikdirilmiş müddət üçün illik 5 faizlə hesablanmış məbləğin tutulmasına yönəlmişdir. Həmin tələb üzrə borcluların öhdəliklərinin icra edilməməsi ilə bağlı artıq məhkəmə mübahisələri mövcud olmuş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsi ilə kredit borcu üzrə müəyyən edilmiş məbləğin cavabdehlərdən müştərək qaydada tutulması qət edilmişdir. Eyni zamanda, iş materiallarında həmin qətnamə üzrə icra sənədinin ##.##.2022-ci il tarixdə icraata daxil olmasına baxmayaraq, öhdəliyin tam icra edilmədiyi barədə ərizəçinin mövqeyi də öz əksini tapmışdır. Bu hallar gələcəkdə irəli sürüləcək pul tələbinin faktiki icrasının təmin olunması məsələsinin real xarakter daşıdığını göstərən ilkin hallardan biri kimi qiymətləndirilə bilər.

38. Maraqlı şəxsin əsas dəlillərindən biri ondan ibarətdir ki, kredit öhdəliyinin təminatı kimi maraqlı şəxs1 məxsus səhmlər girov qoyulmuş, həmin girov predmetinin mövcudluğu isə bankın tələbini təmin etmək üçün kifayət edə biləcəyindən mübahisəli daşınmaz əmlaka münasibətdə hər hansı məhdudiyyətin tətbiqinə ehtiyac qalmamışdır.

39. Lakin, məhkəmə kollegiyası hesab edir ki, göstərilən hal öz-özlüyündə tətbiq edilmiş müvəqqəti təminat tədbirinin əsassızlığına dəlalət etmir.

40. Əvvəla, hazırkı mərhələdə mübahisənin predmeti həmin girov predmetinin son nəticədə kredit borcunun tam ödənilməsini təmin edib-etməyəcəyinin müəyyənləşdirilməsi deyildir. Digər tərəfdən, iş materiallarından borclunun öhdəliyinin uzun müddət ərzində tam icra edilmədiyi, əvvəlki məhkəmə aktları ilə müəyyən edilmiş borcun mövcud olduğu və ərizəçinin yeni pul tələbi irəli sürmək niyyətində olduğu görünür ki, iş materiallarından göründüyü kimi, ərizəçi Ərizəçi Açıq Səhmdar Cəmiyyəti tərəfindən ##.##.2026-cı il tarixdə artıq Gəncə Şəhər Məhkəməsinə cavabdehlər maraqlı şəxs1, maraqlı şəxs3 və “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “illik 5 faiz üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi təqdim edilmişdir. Həmin iddia ərizəsi ilə cavabdehlərdən ##.##.2017-ci il tarixdən ##.##.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün 232929,46 manat məbləğinə illik 5 faizlə hesablanmış 78484,29 manat, habelə ##.##.2024-cü il tarixdən ##.##.2026-cı il tarixədək gecikdirilmiş vaxt üçün 409692,24 manat məbləğinə illik 5 faizlə hesablanmış 46090,38 manat məbləğində əldən çıxmış faydanın, ümumilikdə 124574,67 manat məbləğində pul vəsaitinin və 415 manat dövlət rüsumunun tutulması tələb edilmişdir ki, həmin tələb səhmlər girov qoyulması ilə təmin edilməmişdir.

41. Göstərilən hal hazırkı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi məsələsinin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Belə ki, müvəqqəti təminat tədbirlərinin tətbiqi institutu gələcəkdə məhkəməyə müraciət ediləcək tələbin icrasının təmin edilməsinə yönəlməklə yanaşı, iddia artıq məhkəməyə təqdim edildikdə həmin tələbin faktiki və səmərəli müdafiəsinin təmin olunmasına xidmət edir. Bu baxımdan, ərizəçinin əvvəlki müraciətində gələcəkdə irəli sürəcəyini bildirdiyi pul tələbinin ##.##.2026-cı il tarixdə faktiki olaraq məhkəməyə təqdim edilməsi həmin tələbin artıq hipotetik və ya ehtimal olunan deyil, konkret məhkəmə mübahisəsinin predmetinə çevrildiyini göstərir.

42. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin təqdim edilməsi müvəqqəti təminat tədbirinə olan zərurəti öz-özlüyündə aradan qaldırmır. Əksinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.3-cü maddəsinin məzmunundan irəli gəldiyi kimi, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin iddia ərizəsi ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilməsi mümkündür. Buna görə də hazırkı işdə müvəqqəti təminat tədbirinin tətbiqi məsələsi artıq məhkəməyə təqdim edilmiş konkret pul tələbinin gələcək icrasının təmin edilməsi baxımından qiymətləndirilməlidir.

43. Bu şəraitdə yalnız başqa bir təminat vasitəsinin mövcudluğuna istinad etməklə gələcək iddianın icrasının tam təmin ediləcəyini əvvəlcədən və qəti şəkildə qəbul etmək mümkün deyildir.

44. Həmçinin, girov predmetinin mövcudluğu ilə hazırkı müvəqqəti təminat tədbirinin tətbiq edilməsinin bir-birini istisna edən hallar olması barədə şikayətçinin mövqeyi də əsaslı sayıla bilməz. Müvəqqəti təminat tədbirinin tətbiqinin məqsədi mövcud borcun hansı əmlak hesabına tutulmasının əvvəlcədən müəyyənləşdirilməsi deyil, gələcək məhkəmə müdafiəsinin səmərəliliyinin qorunmasıdır. Bu səbəbdən digər təminat mexanizminin mövcud olması, yalnız o halda müvəqqəti təminat tədbirinin tətbiqinə maneə yarada bilər ki, həmin mexanizmin gələcək tələbin icrasını tam və real şəkildə təmin etdiyi, əlavə təminat tədbirinə isə obyektiv zərurətin olmadığı müəyyən edilmiş olsun. Hazırkı iş üzrə isə belə nəticəyə gəlməyə imkan verən kifayət qədər məlumat mövcud deyildir.

45. Şikayətçinin mübahisəli daşınmaz əmlakın yalnız maraqlı şəxs2 adına dövlət qeydiyyatında olmasına və bu səbəbdən həmin əmlaka münasibətdə müvəqqəti təminat tədbirinin tətbiq edilməsinin onun mülkiyyət hüququnu əsassız məhdudlaşdırmasına dair dəlilinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrində yalnız bir şəxsin adına qeydiyyata alınması həmin əmlakın hüquqi rejiminin bütün hallarda yalnız formal qeydiyyat məlumatları əsasında müəyyən edilməsini şərtləndirmir.

46. Belə ki, iş materiallarından Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi ünvanında yerləşən 5 ha torpaq sahəsinin ##.##.2011-ci il tarixdə maraqlı şəxs2 adına dövlət reyestrində qeydiyyata alındığı, tərəflərin isə ##.##.1985-ci il tarixdə rəsmi nikaha daxil olduqları görünür. Bununla yanaşı, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə ##.##.2013-cü il tarixli kredit müqaviləsi üzrə maraqlı şəxs1 aldığı kredit vəsaitinin ailə ehtiyacları üçün istifadə edilməsi müəyyən edilmişdir. Göstərilən hallar birlikdə qiymətləndirildikdə, ərizəçinin gələcək tələbinin maraqlı şəxs2 əmlak hüquqları ilə müəyyən əlaqəsinin mövcudluğunu ilkin sübutlar səviyyəsində istisna etməyə imkan vermir.

47. Məhz buna görə də, birinci instansiya məhkəməsi mübahisəli əmlakın tərəflərin nikah dövründə əldə edilmiş əmlak olması barədə yekun nəticəyə gəlmədən, yalnız ərizəyə əlavə edilmiş sənədlərdən irəli gələn ilkin məlumatları nəzərə almış və həmin əmlakın özgəninkiləşdirilməsinin gələcəkdə ərizəçinin hüquqlarının qorunmasını əhəmiyyətli dərəcədə çətinləşdirə biləcəyini əsaslı olaraq qəbul etmişdir. Bu yanaşma müvəqqəti təminat tədbirinin hüquqi təbiətinə uyğundur. Çünki, həmin mərhələdə məhkəmədən əmlakın mülkiyyət rejiminə dair yekun hüquqi qiymət verməsi tələb olunmur və belə qiymətin verilməsi də,ı mübahisənin mahiyyəti üzrə baxılmasının predmetinə çevrilə bilməz.

48. Maraqlı şəxsin mülkiyyət hüquqlarının kobud şəkildə pozulması barədə dəlili də məhkəmə kollegiyası tərəfindən əsaslı hesab edilmir. Çünki birinci instansiya məhkəməsinin qərardadından aydın şəkildə görünür ki, məhkəmə ərizəçinin tələb etdiyi həbs tədbirini tətbiq etməmiş, yalnız mübahisəli daşınmaz əmlakın özgəninkiləşdirilməsini qadağan etmişdir. Beləliklə, mülkiyyətçinin həmin əmlaka sahiblik və istifadə imkanlarını tamamilə aradan qaldıran və ya əmlak üzərində digər hüquqlarını qeyri-mütənasib şəkildə məhdudlaşdıran tədbir seçilməmişdir.

49. Əksinə, məhkəmənin həbs tədbirindən imtina etməsi və yalnız özgəninkiləşdirmənin qadağan edilməsi ilə kifayətlənməsi göstərir ki, birinci instansiya məhkəməsi ərizəçinin gələcək hüquqlarının qorunması ilə maraqlı şəxsin mülkiyyət hüququ arasında ağlabatan tarazlığı nəzərə almışdır. Belə məhdudiyyətin məqsədi əmlakın mülkiyyətçisinin həmin əmlakdan istifadə etməsinin qarşısını almaq deyil, onun mübahisə predmetinin gələcəkdə üçüncü şəxslərə özgəninkiləşdirilməsi yolu ilə mümkün icranı çətinləşdirəcək vəziyyət yaratmasının qarşısını almaqdır.

50. Bu baxımdan, tətbiq edilmiş tədbir Mülki Prosessual Məcəllənin 157.6-cı maddəsində nəzərdə tutulan mütənasiblik tələbinə də cavab verir. Belə ki, həmin norma müvəqqəti təminat tədbirlərinin 157.2-ci maddədə nəzərdə tutulmuş məqsədlərə mütənasib olmasını və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməsini tələb edir. Hazırkı işdə isə əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi gələcək tələbin icrasının təmin edilməsinə yönəlmiş, eyni zamanda əmlaka həbs qoyulmadığından mülkiyyətçinin hüquqlarına daha ağır müdaxilədən çəkinilmişdir.

51. Eyni zamanda, maraqlı şəxsin ərizəçinin yalnız kreditin girov təminatına yönəlməsini tələb edə biləcəyi barədə dəlili də müvəqqəti təminat tədbirinin qanunsuzluğunu müəyyən etmir. Çünki, hazırkı qərardadla kredit borcunun tutulması və ya girov predmetinin realizə edilməsi məsələsi həll edilmir. Bu məsələlər müvafiq icra və ya ayrıca məhkəmə icraatı çərçivəsində hüquqi qiymətləndirmənin predmetini təşkil edə bilər. Hazırkı prosessual mərhələdə isə məhkəmənin vəzifəsi gələcək iddia üzrə mümkün hüquqi müdafiənin səmərəliliyinin qorunması üçün qanunla nəzərdə tutulmuş müvəqqəti tədbirin zəruri olub-olmadığını müəyyən etməkdir.

52. Beləliklə, iş materiallarında mövcud olan ilkin sübutlar ərizəçinin gələcək tələbinin tamamilə əsassız olduğunu göstərmir. Əksinə, tərəflərin nikah münasibətində olması, mübahisəli əmlakın nikah dövründə qeydiyyata alınması, kredit vəsaitinin ailə ehtiyacları üçün istifadə edilməsinin məhkəmə aktı ilə müəyyən edilməsi, əvvəlki məhkəmə aktları üzrə borcun mövcudluğu və həmin öhdəliyin uzun müddət ərzində tam icra edilməməsi birlikdə qiymətləndirildikdə, müvəqqəti təminat tədbirinin tətbiq edilməsini ilkin mərhələdə zəruri hesab etmək üçün kifayət edən halların mövcudluğu qənaətinə gəlməyə əsas verir.

53. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, hazırkı qərardadla maraqlı şəxs2 mübahisəli əmlak üzərində mülkiyyət hüququnun olub-olmaması, həmin əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilib-edilməməsi, maraqlı şəxs2 əsas borc və ya gələcəkdə tələb edilən digər məbləğ üzrə maddi məsuliyyət daşıyıb-daşımaması məsələlərinə yekun hüquqi qiymət verilmir. Bu məsələlər gələcək iddianın mahiyyəti üzrə araşdırılmalı və tərəflərin təqdim edəcəyi sübutlar əsasında həll edilməlidir. Müvəqqəti təminat tədbirinin tətbiqi isə yalnız həmin hüquqi nəticələrin gələcəkdə müəyyən edilə bilməsini və məhkəmə müdafiəsinin real olaraq həyata keçirilməsini təmin edən prosessual vasitə kimi çıxış edir.

54. Nəticə etibarilə, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqi üçün qanunvericilikdə nəzərdə tutulmuş ilkin şərtlərin mövcudluğunu düzgün qiymətləndirmiş, ərizəçinin hüquqlarının gələcəkdə qorunmasının əhəmiyyətli dərəcədə çətinləşməsi ehtimalını nəzərə almış və seçilmiş tədbirin xarakterini tərəflərin hüquq və qanuni mənafeləri ilə uzlaşdırmışdır. Qərardadın mübahisəli daşınmaz əmlaka həbs qoyulmasını deyil, yalnız onun özgəninkiləşdirilməsinin qadağan edilməsini nəzərdə tutması isə tədbirin zəruri həddən artıq geniş tətbiq edilmədiyini və mülkiyyətçinin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına yol verilmədiyini göstərir.

55. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin mövcud olduğunu düzgün müəyyən etmiş, ərizənin qismən təmin edilməsi barədə nəticəyə gəlmiş və qərardad qəbul edərkən MPM-in 157–159-cu maddələrinin tələblərini pozmamışdır.

56. Qeyd olunmalıdır ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli Qərarından qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

57. Mütənasiblik prinsipi Insan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur.

58. Avropa Məhkəməsi “Hakansson və Sturesson Isveçə qarşı” iş üzrə 1990-cı il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz.

59. Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

60. Beləliklə, məhkəmə hesab edir ki, müvəqqəti təminat tədbiri barədə ərizənin qismən təmin edilməsi qanunamüvafiq olmuşdur. Birinci instansiya məhkəməsinin ərizənin qismən təmin edilməsi barədə gədliyi nəticə əsaslıdır. Odur ki, şikayət təmin edilməməli və mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanmalıdır.

61. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir.

62. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

63. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 157-158, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

Maraqlı şəxs maraqlı şəxs2 nümayəndəsi (vəkili) X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı – ərizənin təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar