Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-16(3-7)-67/2026 26.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi “AZRİB” MMC-nin müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizəsinə (Açar sözlər: fərdi yaşayış evinə müvəqqəti köçürülmə) Hakimlər X3 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə Ərizəçi “AZRİB” MMC-nin müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizəsi barədə Tovuz Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli e-**(*-***)-**/**** nömrəli qərardadından “AZRİB” MMC tərəfindən tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi İdarəsinin məktubundan görünür ki, ləgv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən Tovuz rayonu, Qatax kendinde yerlegen 0.61 ha kend təsərrüfatlı təyinatlı torpaq sahəsinə dair JN-346, KOD-******** saylı "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktı Cavabdeh oglu və onun ailə üzvlərinin adlarına işlənilmişdir. Lakin dövlət aktında vətəndaş Cavabdeh adı "X2" kimi qeyd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
2. Ərizəçi “AZRİB” MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənədək müvəqqəti təminat tədbiri qismində JN-346, KOD-******** saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Cavabdeh və onun ailə üzvlərinin adına işlənmiş 0.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsinin (satılması, bağışlanılması və s) cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
3. Ərizə belə əsaslandırılmışdır ki, Cavabdeh ilə “AZRİB” MMC arasında bağlanmış əmək müqaviləsinə əsasən o, cəmiyyətdə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmiş, işçi ilə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İşlədiyi dövrdə O MMC-yə 15069,57 (on beş min altmış doqquz manat əlli yeddi qəpik) manat maddi ziyan vurmuşdur. Belə ki, O, yazılı izahatında qanunsuz əməllər törətməklə iddiaçıya maddi ziyan vurduğunu etiraf etmiş, vurduğu ziyanı ödəyəcəyi ilə bağlı vəd versə də heç bir ödəniş etməmişdir. Buna görə də 15069,57 manat dəymiş ziyanın və ödənilmiş 60 manat mediasiya rüsumunun cavabdeh Cavabdeh tutularaq “AZRİB” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi barədə iddia ərizəsi ilə Tovuz rayon Məhkəməsinə müraciət etmişlər və e-2(5-163)- ****/**** nömrəli iş icraatdadır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən Tovuz rayonu, Çatax kəndində yerləşən 0.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN346, KOD******** saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı Cavabdeh və onun ailə üzvlərinin adına işlənmişdir. Hesab edirlər ki, iddia tələbi üzrə qətnamənin gələcək icrasının təmin edilməsi üçün JN-346, KOD-******** saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən qeydiyyta alınmış 0.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsi (satılması, bağışlanılması və s) cavabdehə və digər şəxslərə qadağan edilməlidir.
4. Tovuz Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli e-**(*-***)-**/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
5. Həmin qərardaddan narazı qalan “AZRİB” MMC şikayət verərək, Tovuz Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli e-**(*-***)-**/**** nömrəli qərardadın ləğv edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin özgəninkiləşdirilməsinə yönəlmiş hərəkətlərin cavabdehə və onun ailə üzvlərinə qadağan edilməsi onun ailə üzvlərinin hüquq və mənafelərini pozur. Bu hissədə hesab edir ki, məhkəmə ərizəni tamamilə rədd etməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə həmin əmlakın üzərinə cavabdehə məxsus hissədə həbs qoymaqla ərizəni təmin edə bilərdi. Məhkəmə praktikasında çoxsaylı nümunələr vardır ki, ümumi mülkiyyətdə olan bu cür əmlaklara cavadehə məxsus hissədə həbs qoyulmuşdur. Yəni sözügedən qərardad vahid məhkəmə praktikasının da pozulmasına gətirib çıxarmışdır. Bundan başqa, qərardadda Nazirlər Kabinetinin qərarına istinad edilməsinə münasibətdə bildirir ki, hazırkı iş üzrə mübahisə cavabdehin və ya onun ailə üzvlərinin kənd təsərrüfatı fəaliyyəti ilə bağlı olan mübahisə deyildir, tam maddi məsuliyyət haqqında müqavilə bağlanıldığı halda işçinin işəgötürənə vurduğu ziyanın ödənilməsi tələbi ilə bağlıdır. Bu isə Əmək Məcəlləsi ilə, əməldə cinayət əlamətləri aşkar edilərsə həmçinin Cinayət Məcəlləsi ilə tənzimlənən məsələdir. Normativ hüquqi aktlarının iyerarxiyasına əsasən isə qanun Nazirlər Kabinetinin qərarından üstün hüquqi qüvvəyə malikdir. Buna görə də hesab edir ki, məhkəmə maddi hüquq normalarını, eyni zamanda vahid məhkəmə praktikasını əsas götürərək ərizəni təmin etməli idi.
7. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli e- **(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi tərəfindən tətbiqi xahiş olunan müvəqqəti təminat tədbiri JN-346, KOD-******** saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Cavabdeh ilə yanaşı onun ailə üzvlərinin də adına işlənmiş 0,61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tam şəkildə özgəninkiləşdirilməsinin qadağan edilməsini nəzərdə tutur.
13. Belə olan halda, tələb olunan müvəqqəti təminat tədbirinin yalnız borclunun deyil, həmin torpaq sahəsinə hüquqları sənədlə təsbit edilmiş ailə üzvlərinin də hüquq və qanuni mənafelərinə toxunduğu nəzərə alınmalıdır.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri qarşıya qoyulmuş məqsədə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına səbəb olmamalıdır.
15. Hazırkı halda, mübahisəli torpaq sahəsinin Dövlət Aktında borclu ilə yanaşı onun ailə üzvlərinin də adına işlənməsi həmin şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ayrıca nəzərə alınmasını zəruri edir. Torpaq sahəsinin bütövlükdə özgəninkiləşdirilməsinə qadağa qoyulması isə həmin şəxslərin də öz hüquqlarını həyata keçirməsinə maneə yarada biləcək nəticəyə səbəb olur.
16. Bu baxımdan, ərizəçinin hüquqlarının müdafiəsi məqsədilə tələb olunan tədbirin tətbiq edilməsi borclunun və torpaq sahəsinə hüquqları olan digər şəxslərin hüquqlarının məhdudlaşdırılması arasında ədalətli balansın gözlənilməməsinə səbəb ola bilər.
17. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, müvəqqəti təminat tədbiri tətbiq edilərkən onun hansı hüquqi münasibəti və hansı şəxsin hüququnu məhdudlaşdırdığı konkret şəkildə müəyyən edilməli, tədbirin tətbiqinin zəruriliyi işin konkret halları ilə əsaslandırılmalıdır.
18. Beləliklə, ərizəçi tərəfindən tələb olunan tədbirin tətbiq edilməsinin zəruriliyi, məqsədəuyğunluğu və mütənasibliyi barədə kifayət qədər əsaslar müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi ərizəni təmin etməkdən imtina etməkdə haqlı olmuşdur.
19. Bu səbəbdən apellyasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas yaratmır və birinci instansiya məhkəməsinin müvəqqəti təminat tədbirinin tətbiqindən imtina barədə qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli e-**(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.