Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-115/2026 06.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadından ərizəçi “İNEX” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi “İNEX” Məhdud Məsuliyyətli Cəmiyyəti müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, müvəqqəti təminat tədbiri kimi ##.##.2026-cı il tarixli, **** nömrəli «Nisyə alıq-satqı haqqında» Müqavilə üzrə alqı-satqı predmeti olmuş «Elos Trio» cihazının üzərinə həbs qoyulmasını və həmçinin həmin cihazın cavabdeh Cavabdeh götürülərək e-*(*-***)-***/**** saylı mülki işə dair iddia tələbi üzrə yekun məhkəmə qərarı qəbul edilənədək müvəqqəti olaraq iddiaçı “İNEX” MMC-nin müvafiq anbarında saxlanca təhvil verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, «İNEX» MMC ilə fiziki şəxs Cavabdeh arasında ##.##.2026-cı il tarixli, **** nömrəli «Nisyə alqı-satqı haqqında» Müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış «Müqavilə»yə əsasən, Satış obyekti olan (işlənməmiş) «Elos Trio» cihazı və görünüşləri əvvəlcədən razılaşdırılmış hədiyyələr ##.##.2026-cı il tarixli Təhvil-təslim aktına əsasən Cavabdeh təhvil verilmişdir. Tərəflər arasında bağlanmış ##.##.2026-cı il tarixli «Müqavilə Əlavəsi»nin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 10000 (on min) manat müəyyən edilmişdir. «Müqavilə Əlavəsi»nin 2.3-ci bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən 1000 (bir min) manat ödəniş edilmişdir. Daha sonra, isə müqavilə üzrə öhdəliyin icrası Cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuşdur. ##.##.2026-cı il tarixdə 375 (üç yüz yetmiş beş) manat ödəniş icra edilməli idi. Lakin qeyd olunan ödənişlər cavabdeh tərəfindən bugünədək icra edilməmişdir. Belə ki, həm dəfələrlə telefon danışıqları aparılmış, həm də rəsmi xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh satış obyekti olan «Elos Trio)» cihazı üzrə ödəniş öhdəliyindən boyun qaçırmışdır. Yuxarıda qeyd edilən halların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və mövcud müqaviləyə zidd əməl olması səbəbilə Şamaxı Rayon Məhkəməsinə müraciət edilmiş, hal-hazırda iddia ərizə üzrə e-*(*-***)-***/**** saylı mülki iş Şamaxı Rayon Məhkəməsində (hakim Qürur Abasov) icraatdadır. Şamaxı Rayon Məhkəməsi, hakim Qürur Abasovun icraatında olan e-2(5-157)- ***/**** saylı mülki iş üzrə mübahisə predmeti olan və müqavilənin əsasını təşkil edən alqı-satqı predmeti olan «Elos Trio» cihazı halhazırda cavabdeh Cavabdeh istifadəsindədir və cihazın yeri barədə bizə heç bir məlumat vermir. Bu hal özlüyündə tərəflər arasında imzalanmış ##.##.2026-cı il tarixli, **** nömrəli müqaviləyə zidd haldır. Belə ki, ##.##.2026-cı il tarixli, **** nömrəli müqavilənin 3.1-ci bəndinə əsasən, “Satış qiyməti Sifarişçi tərəfindən İcraçıya tam ödənilmədiyi müddətdə satış obyekti İcraçının əmlakıdır və qeyd-şərtsiz İcraçıya məxsusdur”. Göründüyü kimi cavabdeh müqavilə öhdəliklərini pozmaqla yanaşı, iddiaçıya heç bir məlumat vermədən və razılıq almadan, mülkiyyət hüququ iddiaçıya məxsus olan müqavilə predmetini müxtəlif üçüncü şəxslərin istifadəsinə verə, yaxud özgəninkiləşdirə bilər. Bu hal müqavilə predmetinin üçüncü şəxslərə ötürülməsi, gizlədilməsi, zədələnməsi, satılması və ya ümumiyyətlə iddiaçı “İNEX” MMC üçün əlçatmaz vəziyyətə salınması riskini real və ciddi şəkildə artırır. Müqavilə predmetinin məhkəmə prosesinin davam etdiyi müddət ərzində özgəninkiləşdirilməsi gələcək məhkəmə qətnaməsinin icrasını əhəmiyyətli dərəcədə çətinləşdirə və ya qeyri mümkün edə bilər. Belə ki, alqı-satqı premeti olan «Elos Trio» cihazının hal-hazırda cavabdehin faktiki istifadəsində olması e-*(*-***)-***/**** saylı mülki iş üzrə cavabdeh Cavabdeh qarşı iddiasının təmin ediləcəyi təqdirdə məhkəmə qətnaməsinin gələcəkdə icrasının çətin və ya qeyri-mümkün olacağı qənaətinə gəlməyə əsas verir. Çünki alqı-satqı premeti olan «Elos Trio» cihazı üçüncü şəxslərə verildiyi təqdirdə saxlanılması, indiki halda sözügedən cihazdan istifadə etməyə hər hansı bir hüququ olmadığı halda həmin cihazdan tələblərə uyğun şəkildə istifadə edilib-edilməməsi, başqa şəxs(lər)ə icarəyə verilibverilməməsi, sözügedən cihazın saz vəziyyətdə saxlanılıbsaxlanılmaması və s. kimi hallar bizə qeyri-müəyyəndir. Yuxarıda sadalanan qeyrimüəyyən hallar isə öz növbəsində e-2(5- ***)-***/**** saylı mülki iş üzrə gələcəkdə qəbul ediləcək qətnamənin icrasının mümkün olmayacağına və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinə əsas verir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirik ki, e-*(*-***)- ***/**** saylı mülki iş üzrə iddia tələbi üzrə borc öhdəliyinin kifayət qədər böyük məbləğ olması (iddia tələbi: 9156 (doqquz min yüz əli altı) manat) və həmin məbləğin ödənilməsinin faktiki reallıqda təminatı sözügedən «Elos Trio» cihazı olması kimi hallar nəzərə alınaraq ##.##.2026-cı il tarixli, **** nömrəli «Nisyə alıq-satqı haqqında» Müqavilə üzrə alqı-satqı predmeti olmuş «Elos Trio» cihazının üzərinə həbs qoyulması zəruridir. Şamaxı Rayon Məhkəməsinin e-**(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə ərizəçi “İNEX” Məhdud Məsuliyyətli Cəmiyyətinin “müvəqqəti təminat tədbirlərinə dair” ərizəsinin təmin olunmaması qərara alınmışdır (hakim Qürur Abasov). Hazırda İNEX” Məhdud Məsuliyyətli şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin e-**(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadının ləğv olunmasını, ## #### 2026-cı il tarixli, **** nömrəli “nisyə alqı-satqı” müqaviləsi üzrə alqı-satqı predmeti olmuş “Elos Trio” cihazının üzərinə həbs qoyulmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ərizədə göstərilən faktiki riskləri qiymətləndirməmişdir. Əmlakın üzərinə həbs qoyulması ona görə əhəmiyyətlidir ki, gələcəkdə iddia təmin edildiyi təqdirdə əmlakın üzərinə həbs qoyularaq onun hərracda satılmasından əldə olunan vəsait iddia tələbi üzrə borca yönəldilə bilər. Mübahisə predmeti olan cihaz üzərində hər hansı məhdudiyyət tətbiq edilmədiyi halda cavabdeh tərəfindən onun taleyi ilə bağlı istənilən sərəncam hərəkətlərinin həyata keçirilməsi mümkündür. Belə ki, hazırda “Elos Trio” cihazı cavabdehin istifadəsindədir. Bu isə cihazın üçüncü şəxslərə verilməsi, satılması, özgəninkiləşdirilməsi, gizlədilməsi, zədələnməsi və ya istifadəyə yararsız vəziyyətə salınması riskini artırır. Birinci instansiya məhkəməsi bu halların hər hansı birinə hüquqi qiymət verməmiş, yalnız iddia tələbinin pul xarakterli olmasına istinad etməklə ərizəni rədd etmişdir. Əsas iddia tələbi 9.156 manat təşkil edir. Üzərinə həbs qoyulması tələb edilən cihazın müqavilə üzrə satış qiyməti isə 10.000 manatdır. Lakin nəzərə almaq lazımdır ki, cihaz bir müddətdir istifadə olunur və bu artıq cihazın yeni cihaz olmadığı və amortizasiya olaraq qiymətinin düşdüyü qənaətinə gəlir. Bu səbəbdən tələb edilən təminat tədbiri iddia məbləği ilə mütənasib olmaqla yanaşı cavabdehin hüquqlarını lüzumsuz məhdudlaşdırmır. Şamaxı Rayon Məhkəməsinin e-**(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin e-**(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından “İNEX” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Qürur Abasov). Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə verilmiş şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Həmin Məcəllənin 157.5.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. MPM-nin 157-ci və 158-ci maddələrinin məzmunundan görünür ki, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Eyni zamanda məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Nəzərə almaq lazımdır ki, müvəqqəti xarakterli ilkin müdafiə institutunu, o cümlədən iddianın təmin edilməsinə yönəlmiş təminat tədbirlərini nəzərdə tutmaqda qanunvericinin məqsədi iddianın təmin ediləcəyi təqdirdə, ərizəçinin hüquqlarının qorunmasını əvvəlcədən təminat altına almaqdan və onu gələcəkdə baş verə biləcək neqativ nəticələrdən qorumaqdan ibarətdir. Bu baxımdan müvəqqəti təminat tədbirinin tətbiqi barədə məsələnin həll edilməsi zamanı qanunvericinin qeyd olunan mövqeyi mütləq nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiq olunmasının məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, mübahisə predmeti olan “Elos Trio” cihazı hazırda cavabdehin faktiki istifadəsindədir, müqavilə üzrə ödəniş öhdəliyi tam icra edilməmiş və cihazın üçüncü şəxslərə verilməsi, özgəninkiləşdirilməsi, sərəncam verilməsi riski mövcuddur. Belə vəziyyətdə mübahisə predmeti olan cihaz üzərində hər hansı məhdudiyyətin olmaması gələcəkdə iddia təmin edildiyi halda məhkəmə qətnaməsinin icrasını əhəmiyyətli dərəcədə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu isə MPM-in 157.2-ci maddəsində nəzərdə tutulan müvəqqəti təminat tədbirinin tətbiqi məqsədinə uyğundur. Belə ki, tərəflər arasında bağlanmış “Nisyə alqı-satqı haqqında” müqaviləsi üzrə yaranmış borc ödənmədikdə tələbin alqı-satqı müqaviləsinin predmetinə yönəldilməsi müqavilənin 3.1-ci bəndinə əsasən işin zəruri halı kimi qiymətləndirilə bilər. Müqavilənin həmin bəndində qeyd olunur ki, “Göstərilən «Xidmət» üzrə satış obyekti və satış obyektinin satış qiyməti «İcraçı» və «Sifarişçi» tərəfindən öncədən müəyyən edilir. Bütün bunlar və hesablaşma qaydaları Müqavilənin ayrılmaz tərkib hissəsi olan Müqavilə Əlavəsində öz əksini tapır”. Həmin müqaviləyə əlavənin 3.1-ci bəndində qeyd olunmuşdur ki, “Satış qiyməti «Sifarişçi» tərəfindən «İcraçı»ya tam ödənilmədiyi müddətdə satış obyekti «İcraçı»nın əmlakıdır və qeyd-şərtsiz «İcraçı»ya məxsusdur”. Buna görə məhkəmə kollegiyası “Elos Trio” cihazının özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsini daha məqsədəuyğun hesab edir.Bununla əlaqədar məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əmlakın üzərinə həbs qoyulması cavabdehin hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb ola bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Ərizəçi “İNEX” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı ləğv edilsin. Ərizəçi “İNEX” Məhdud Məsuliyyətli Cəmiyyətinin müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi qismən təmin edilsin. Şamaxı Rayon məhkəməsinin icraatında olan iddiaçı «İNEX» MMC-nin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair *(*-***)-***/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək ərizəçi “İNEX” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2026-cı il tarixli, **** nömrəli «Nisyə alıq-satqı haqqında» Müqavilə üzrə alqı-satqı predmeti olmuş «Elos Trio» cihazının özgəninkiləşdirilməsi cavabdeh Cavabdeh qadağan edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-8)-115/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-115/2026
06.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver