Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-130/2026 25.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin icraatında olan işə baxılıb qətnamə qəbul edilənə kimi ona şəhid ailəsi olaraq hər ay verilən Prezident təqaüdündən “xxxx” ASC tərəfindən tutulmaların dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ##.##.2024-cü il tarixdə “xxxx” ASC-dən onlayn qaydada ilkin 20.3 faiz olmaqla 59 ay müddətinə 15800 manat kredit götürmüşdür. 9308 manat faiz olmaqla 25108 manat kredit adındadır. Götürdüyü kredit pulunu cavabdehə vermişdir. Cavabdeh onu aldatmış, kredit müddətinin iki il olduğunu ona bildirmiş, o, da inanıb kredit götürüb həmin pulu da ona vermişdir. Hətta ona bildirmişdir ki, həmin krediti har ay özü ödəyəcəkdir. O, bugünki gündən dövləti tərəfindən ona verilən şəhid pulu ilə krediti ödəyir. Ilk olaraq kredit müddəti 24 ay yox, 59 ay imiş. Dəfələrlə onun adına onlayn götürülən kredit pulunun bağlanmasını cavabdehdən tələb etsə də, cavabdeh onun tələblərinə heç bir məhəl qoymamışdır. Cavabdeh Seyidov Elvin Mirəhməd oğlu onun qız nəvəsidir və onun saflığından sui-istifadə edərək onu aldatmışdır. Onun adına götürülən kredit məbləğini nəvəsi atası maraqlı şəxs2 məxsus karta yönəltmişdir. Iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-dən onlayn götürdüyü kreditin cavadehdən alınaraq ona verilməsini xahiş etmişdir. Hazırda iddia tələbi icraatdadır. Qeyd olunan kredit məbləğinin ödənilməsi tarixi şəhid ailəsi kimi ona hər ay verilən Prezident təqaüdündən əvvələ düşdüyündən kredit məbləğinə faiz hesablanaraq həmin təqaüddən tutulur ki, həmin məbləğ şəhid ailəsi kimi ona hər ay verilən Prezident təqaüdünün 50 faizdən çoxunu təşkil edir. Bu da onun sosial vəziyyətini çox ağırlaşdırır. Heç bir yerdə işləmir, xəstə adamdır, ancaq bu ödənişlərlə dolanır. Bu səbəbdən iddia tələbinə məhkəmədə baxılıb qurtarana kimi kredit məbləğinin şəhid ailəsi kimi ona hər ay verilən Prezident təqaüdündən tutulmasının dayandırılması barədə müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Abşeron Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Məlahət Abbasova) ərizə təmin edilməmişdir. Qərardaddan ərizəçi Ərizəçi ##.##.2026-cı il tarixdə şikayət verərək, Abşeron Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin sözügedən qərardadı qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının kobud pozuntusu ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qərardadda qeyd edir ki, ərizəçinin müraciəti kifayət qədər əsaslandırılmamışdır və müvəqqəti təminat tədbirləri cavabdehin hərəkətləri nəticəsində yaranacaq dəyişikliklərin qarşısını almaq məqsədi daşıyır. Lakin məhkəmə nəzərə almamışdır ki, bank tərəfindən heç bir məhkəmə qərarı və rəsmi icra sənədi olmadan onun həm pensiyasına, həm də şəhid ailəsi üzvü kimi dövlət tərəfindən ona ayrılmış Prezident təqaüdünə birbaşa tutma yönəldilmişdir. Bu tutmaların ümumi məbləği onun gəlirlərinin 50 faizindən çoxunu təşkil edir. Şəhid ailəsi üçün nəzərdə tutulan Prezident təqaüdü sosial və kompensasiya xarakteri daşıdığından, “Icra haqqında” Qanunun 68.1.2-ci maddəsinə əsasən, onun üzərinə tələb yönəldilə bilməz. Hazırda bank tərəfindən bu məbləğdən tutulma aparılması qanunsuzdur. Qanunsuz tutulmanın məhkəmə prosesi bitənədək davam etməsi ərizəçinin maddi durumuna bərpa edilməz ziyan vurur. Bu səbəbdən müvəqqəti təminat tədbiri barədə ərizənin təmin olunmaması ərizəçinin məhkəmə müdafiəsi hüququnu səmərəsiz edir. Məhkəmənin “təminat tədbiri yalnız cavabdehin hərəkətlərinə qarşı yönəlməlidir” yanaşması düzgün deyildir. Çünki müvəqqəti təminat tədbirinin məqsədi ərizəçinin hüquqlarının hazırkı vəziyyətdə qorunmasını təmin etməkdir. Qanunvericiliyin də tələbindən göründüyü kimi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmək üçün kifayət qədər hüququ olduğu halda, məhkəmə iş üzrə zəruri halları nəzərə almadan əsassız qərardad qəbul etmişdir. Abşeron Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)- ***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işdə ərizəçi müvəqqəti təminat tədbiri kimi “xxxx” ASC tərəfindən ona verilən təqaüddən kredit üzrə tutulmaların dayandırılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Hazırki müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə isə həmin məqsədə xidmət etmir. Yəni onun təmin edilib-edilməməsinin cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (digər şəxslərin) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almağa aidiyyəti yoxdur. Başqa sözlə, Ərizəçi hazırki ərizəsini kifayət qədər əsaslandırmadığından məhkəmə ərizənin təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından həmin tutulmaların hansı hüquqi və faktiki əsasla, hansı qaydada və hansı icra sənədi əsasında həyata keçirildiyi müəyyən edilmir. Ərizəçi tutulmaların bank tərəfindən həyata keçirildiyini, onun gəlirlərinin 50 faizindən çoxunu təşkil etdiyini bildirsə də, konkret olaraq tutulmanın kredit müqaviləsi üzrə bank tərəfindən avtomatik silinmə, hər hansı icra sənədi əsasında icra edilməsi və ya digər qaydada həyata keçirilməsi barədə məlumat və bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu hal xüsusi əhəmiyyət kəsb edir. Belə ki, müvəqqəti təminat tədbirinin tətbiqi üçün məhkəmə ilk növbədə qarşısının alınması tələb olunan hərəkətin mövcudluğunu, onun hüquqi əsasını və həmin hərəkətin məhz cavabdeh tərəfindən həyata keçirildiyini müəyyən edə bilməlidir. Ərizəçi isə bu xüsusatları konkret və mötəbər sübutlarla əsaslandırmamışdır. Bundan başqa, ərizəçinin əsas iddia tələbi “xxxx” ASC-dən götürdüyü kredit məbləğinin cavabdeh Seyidov Elvin Mirəhməd oğlundan alınaraq ona verilməsi ilə bağlıdır. Başqa sözlə, hazırkı iddianın predmeti kredit öhdəliyinin mövcudluğu və onun nəticələrinin aradan qaldırılması deyil, ərizəçinin izahına görə cavabdehin onu aldadaraq onun adına kredit götürülməsinə və həmin vəsaitdən istifadə etməsinə görə məsuliyyət daşıması ilə əlaqədardır. Bu mübahisəyə yekun hüquqi qiymət isə işə mahiyyəti üzrə baxılarkən, tərəflərin təqdim etdiyi sübutlar əsasında verilə bilər. Beləliklə, ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyini, tələb olunan tədbirlə iddia tələbi arasında əlaqəni, tədbir görülmədiyi halda hüquqlarının müdafiəsinin çətinləşəcəyini və ya mümkün olmayacağını, habelə şikayətdə göstərildiyi kimi tutulmaların qanunsuzluğunu kifayət qədər əsaslandırmamış və təsdiq edən sübutları təqdim etməmişdir. Xüsusilə də tutulmaların hansı qaydada həyata keçirildiyi və bunun üçün hansı hüquqi əsasın mövcud olduğu müəyyən edilmədiyindən hazırkı mərhələdə müvəqqəti təminat tədbirinin tətbiqi üçün kifayət hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin göstərilən əsaslandırması ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat təbdirinin tətbiqi barədə mövcud ərizəni təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmiş və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-8)-130/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-130/2026
25.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver