Məhkəmə qərarları › İş №e-16(3-8)-60/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-60/2026

13.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-60/2026 13.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin 16 aprel 2026-cı il tarixli e-**(*-**)-**/**** nömrəli qərardadından maraqlı şəxs Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı “İdrak” Liseyi ## ##### 2026-cı il tarixdə cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İstehsalat Birliyi tərəfindən iddiaçıya hesablanmış 18379,95 (on səkkiz min üç yüz yetmiş doqquz manat doxsan beş qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-2-2(4-13)- ***/**** nömrəli qərardadı ilə həmin iddia ərizəsi icraata götürülərək, məhkəmə icraatı mümkün hesab edilmişdir. Ərizəçi “İdrak” Liseyi “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizə ilə məhkəməyə müraciət edərək mübahisə üzrə yekun məhkəmə aktı qəbul edilənədək liseyin ünvan 2 ünvanında yerləşən Sumqayıt filialına (abonent kodu: 017700311800000) qaz təchizatının verilməsinin dayandırılmasının Cavabdeh İstehsalat Birliyinə və digər şəxslərə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “İdrak” Liseyinin ünvan 1 ünvanında yerləşən Sumqayıt filialı ilə (abonent kodu: 017700311800000) qaz təchizatının verilməsi üçün Cavabdeh İstehsalat Birliyi arasında “Qaz paylacısı ilə sənaye qaz qurğularının istifadəçisi arasında qazın alqı-satqısı müqavilə”si imzalanmışdır. Ərizəçi tərəfindən istifadə olunmuş qazın dəyəri vaxtı-vaxtında ödənmişdir. Lakin 2025-ci ilin avqust ayında qaz sayğacının dövlət yoxlamasından keçirilməsi barədə aktdan məlum olmuşdur ki, liseyə məxsus qaz sayğacının müvafiq qaydada çıxarılması nəzərdə tutulmuşdur. 2025-ci ilin avqust ayında isə qaz sayğacı Cavabdeh İstehsalat Birliyi tərəfindən çıxarılmışdır. Üzərindən uzun müddət keçməsinə və bu müddət ərzində sayğacın təmiri ilə bağlı ödənişin iddiaçı tərəfindən həyata keçirilməsinə baxmayaraq hazırkı tarixədək sayğac yerinə quraşdırılmamışdır. Sayğac çıxarıldıqdan sonra iddiaçı tərəfindən qazın istehlak səviyyəsi əvvəlki qaydada olmasına baxmayaraq, bu müddət ərzində Cavabdeh İstehsalat Birliyi tərəfindən real olmayan ödəniş qaimələri göndərilmiş, şişirdilmiş borc məbləği hesablanmışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya külli miqdarda - 18379,95 (on səkkiz min üç yüz yetmiş doqquz manat doxsan beş qəpik) manat məbləğində borc hesablanmışdır. Lakin borc məbləğinin hansı əsasla, hansı aktla hesablandığı müəyyən deyildir. Müraciət edildiyi təqdirdə belə bunun izahı verilməmiş, səbəbləri də izah edilməmişdir. Qeyd olunan müddətdə qaz sayğacı yararsız olması səbəbi ilə laboratoriyaya aparılmışdır. Bu müddət ərzində isə liseyə ümumilikdə əsassız olaraq 18379,95 (on səkkiz min üç yüz yetmiş doqquz manat doxsan beş qəpik) manat məbləğində borc hesablanmışdır. Həmin borc məbləği ilə bağlı Sumqayıt Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş, borc məbləği məhkəmə qaydasına mübahisələndirilmişdir. Lakin çıxarılmasının üzərindən uzun müddət keçməsinə baxmayaraq sayğacın yenidən quraşdırılmaması və cavabdeh tərəfindən əsassız borc məbləğinin hesablanması öz növbəsində liseyə verilmiş qaz təchizatının dayandırılmasına gətirib çıxara bilər. Bu isə öz növbəsində liseyin fəaliyyətini iflic edəcəyi kimi, liseydə təhsil alan yüzlərlə şagirdin konstitusion təhsil hüququnun dolayı olaraq pozulmasına gətirib çıxaracaqdır. Maraqlı şəxs Cavabdeh İstehsalat Birliyi ## ##### 2026-cı il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-**(*-**)-**/**** nömrəli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini, əks təqdirdə işin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tətbiq etməmiş, nəticədə ərizəçinin tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız qərardad qəbul etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 16 aprel 2026-cı il tarixli e-**(*-**)-**/**** nömrəli qərardadı ilə maraqlı şəxs Cavabdeh İstehsalat Birliyinin Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-**(*-**)-**/**** nömrəli qərardadından şikayətinin təmin edilməməsi və həmin qərardadın qüvvəsində saxlanılması, Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-**(*-**)-**/**** nömrəli qərardadından maraqlı şəxs Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Həlimə Alıyeva). Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-**/**** nömrəli qərardadı ilə verilmiş şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Həmin Məcəllənin 157.5.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. MPM-nin 157-ci və 158-ci maddələrinin məzmunundan görünür ki, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Eyni zamanda məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Nəzərə almaq lazımdır ki, müvəqqəti xarakterli ilkin müdafiə institutunu, o cümlədən iddianın təmin edilməsinə yönəlmiş təminat tədbirlərini nəzərdə tutmaqda qanunvericinin məqsədi iddianın təmin ediləcəyi təqdirdə, ərizəçinin hüquqlarının qorunmasını əvvəlcədən təminat altına almaqdan və onu gələcəkdə baş verə biləcək neqativ nəticələrdən qorumaqdan ibarətdir. Bu baxımdan müvəqqəti təminat tədbirinin tətbiqi barədə məsələnin həll edilməsi zamanı qanunvericinin qeyd olunan mövqeyi mütləq nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiq olunmasının məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq tərəflərin maraqları arasında balansı qiymətləndirmiş, mütənasiblik prinsipini tətbiq etmiş və müvəqqəti təminat tədbirini qismən tətbiq etməkdə haqlı olmuşdur. Buna görə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və şikayətin dəlillərini və qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Maraqlı şəxs Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 16 aprel 2026-cı il tarixli e-**(*-**)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar