Məhkəmə qərarları › İş №e-16(3-8)-63/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-63/2026

20.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-63/2026 20.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI ərizəçi Ərizəçi Açıq Səhmdar Cəmiyyətinin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının hakimləri Xəlilov Ramin Adilxan oğlu (məruzəçi hakim), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi Açıq Səhmdar Cəmiyyətinin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadından ərizəçi Ərizəçi Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. Ərizəçi Ərizəçi Açıq Səhmdar Cəmiyyəti ## ##### 2026-cı il tarixdə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin mülkiyyətində olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 0,7080 ha sahədən ibarət torpaq sahəsinin, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 15,3718 ha sahədən ibarət torpaq sahəsinin, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 3,8651 ha sahədən ibarət torpaq sahəsinin, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 4,9998 ha sahədən ibarət torpaq sahəsinin, Qəbələ rayonu, Mamaylı kəndində yerləşən, 3 ha sahədən ibarət torpaq sahəsinin, Qəbələ rayonu, Mamaylı kəndində yerləşən, 6,0733 ha sahədən ibarət torpaq sahəsinin, Qəbələ rayonu, Mamaylı kəndində yerləşən, 27,8991 ha sahədən ibarət torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi ASC cavabdeh Cavabdeh MMC-yə qarşı “5 faiz borcu” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edəcəkdir. Hesab edirik ki, həmin tələblə yanaşı müvəqqəti təminat tədbiri kimi Cavabdeh MMC-nin mülkiyyətində olan əmlaklar üzərinə həbs qoyulmalıdır. Belə ki, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-**/**** saylı ## ###### 2024-cü il tarixli qətnaməsi ilə ƏrizəçiASC-nin Cavabdeh MMC və digərlərinə qarşı borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmişdir. Qətnamənin icrası zamanı tutma ipoteka predmetlərinə yönəldilmiş və bundan sonra cavabdehlərin qətnamə üzrə açıq borcu qalmışdır. Eyni zamanda Cavabdeh MMC-nin ## ###### 2018-ci il tarixli kredit müqaviləsi üzrə 45225.95 USD 5 % borcu mövcuddur.

3. Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadı ilə Ərizəçi Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə təmin edilməmişdir.

4. Ərizəçi Ərizəçi Açıq Səhmdar Cəmiyyəti həmin qərarddan şikayət vermişdir.

5. Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

6. Şikayət ərizə ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qərardadın 3-cü bəndində əsas iddia tələbinin Bakı Kommersiya Məhkəməsinə veriləcəyinin qeyd edilməsinə baxmayaraq, təminat tədbiri barədə ərizənin Sumqayıt Kommersiya Məhkəməsinə verilməsini ziddiyyət kimi qiymətləndirmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, bu qanunauyğun yanaşmadır. Mülki prosessual qanunvericiliyə əsasən əsas iddia tələbi Bakı Kommersiya Məhkəməsinə veriləcəkdir. Lakin, cavabdeh Cavabdeh MMC-nin hüquqi ünvanı (Quba rayonu) və təminat tədbiri tətbiq edilməsi istənilən əmlakların yerləşdiyi ərazi Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olduğu üçün, iddia qaldırılana qədərki müvəqqəti təminat tədbiri barədə ərizə qanunun tələblərinə tam riayət edilməklə məhz Sumqayıt Kommersiya Məhkəməsinə təqdim edilmişdir. Hakimin bunu irad tutması maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsidir.

7. Məhkəmə 45225,95 ABŞ dolları tələbə qarşı torpaq sahələrinin üzərinə həbs qoyulmasını qeyri-mütənasib hesab etmiş və əmlakların real dəyərinin qeyri-müəyyən olduğunu əsas gətirmişdir. Lakin, nəzərə alınmalıdır ki, üzərinə həbs qoyulması istənilən torpaq sahələri regionlarda (Qəbələ) yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlardır. Bu cür əmlakların bazarda sürətli likvidliyi (satılma qabiliyyəti) zəifdir və məcburi icra (hərrac) zamanı onların real satış qiyməti dəfələrlə aşağı düşür. Həmçinin, iddia məbləğinə gələcəkdə icra rüsumu və digər xərclər də əlavə olunacaqdır. Borcun tam, qeyd-şərtsiz və təxirəsalınmadan icrasını təmin etmək üçün qeyd edilən torpaq sahələrinin hamısının üzərinə həbs qoyulması mütənasiblik prinsipinə tam cavab verir. Bu səbəbdən müvəqqəti təminat tədbiri barədə ərizə tam təmin edilməli olduğu halda, məhkəmənin mütənasiblik əsası ilə ondan tamamilə imtina etməsi qanunsuzdur.

b) Şikayətə qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

9. Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 157.4. İddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

10. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

11. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. Ərizəçi Ərizəçi Açıq Səhmdar Cəmiyyəti göstərir ki, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsi ilə Ərizəçi ASC-nin Cavabdeh MMC və digərlərinə qarşı borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair iddia ərizəsi mahiyyəti üzrə baxılaraq qismən təmin edilmiş, qətnamədən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının ## #### 2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddiaçı Ərizəçi ASC-nin iddia tələbinin illik 5 faizlə hesablanmış faiz borcunun tutulması hissəsi baxılmamış saxlanılmışdır.

14. ASC hesab edir ki, belə olan halda əsas iddia tələbinin bir hissəsi gələcəkdə icra üçün açıq qalmışdır və bu icranın çətinləşməsinin qarşısını almaq üçün müvəqqəti təminat tədbiri tətbiq edilməsi əsasları yaranışdır.

15. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

16. İlk növbədə məhkəmə kolegiyası nəzərə alır ki, müvəqqəti təminat tədbiri barədə ərizədə, ərizəçi Ərizəçi ASC tərəfindən Cavabdeh MMC-yə qarşı “5 faiz borcu” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət ediləcəyi qeyd edilməsinə baxmayaraq, həmin tələblə bağlı olan müvəqqəti təminat tədbiri barədə ərizəsini Sumqayıt Kommersiya Məhkəməsinə ünvanlanmışdır.

17. Ərizəçinin bu yanaşması prosessual qaydalarla uyğun deyil. Belə ki, Mülki Prosessual Məcəllənin 159.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizə mübahisəni həll edən hakim tərəfindən daxil olduqdan sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq ayrıca icraatda baxılmalıdır. Yəni, müvəqqəti təminatın tətbiqi yalnız həmin ərizənin təqdim edildiyi məhkəmənin yurisdiksiyası çərçivəsində və ayrı icraatda həll olunmalıdır.

18. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının ## #### 2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə baxılmamış saxlanılmış kredit müqaviləsi üzrə 5 faiz borcun tələbi barədə iddia əvvəlki əsas mübahisənin predmeti olmuş tələb üzrə işə baxmış Bakı Kommersiya Məhkəməsində qaldırılacaqsa, müvəqqəti təminat tədbirinin tətbiqi üzrə ərizənin hazırda başqa yurisdiksiyaya aid olan Sumqayıt Kommersiya Məhkəməsinə təqdim olunması prosessual normanın pozulmasıdır. Bu səbəbdən birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hala istinad olunmaqla müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməməsi əsaslı olmuşdur.

19. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi öz ərizəsində səhv və ya düz formada iddia ərizəsini Bakı Kommersiya Məhkəməsinə verəcəyini bildirmiş, lakin cavabdehin hüquqi ünvanının Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olmaqla əsaslandırmışdır. Lakin yuxarıdaki hüquqi mövqeyə əsasən müvəqqəti təminat tədbiri barədə ərizə işə baxan (və ya baxacaq) məhkəməyə təqdim edilməlidir.

20. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbirləri MPM-in 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

21. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, mövcud ərizəyə ərizəçinin əsaslandığı hallarla bağlı və tələbin kifayət qədər əsaslılığına dair sübutlar əlavə edilməmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Odur ki, şikayət təmin olunmamalı, Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar