Məhkəmə qərarları › İş №e-16(3-8)-71/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-71/2026

25.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-71/2026 25.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə (müvəqqəti təminat tədbiri, torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış obyektlərindən istifadə edilməsinə qadağa qoyulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, Quba Rayon Məhkəməsinin e-**(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında ona məxsus 0.4123 hektar (ha) torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış obyektlərindən istifadənin Cavabdeh və cavabdeh tərəfdən çıxış edən, həmçinin qanuni mənafeyi iddiaçı Ərizəçi mənafeyi ilə ziddiyyət təşkil edən digər şəxslərə qadağan edilməsi, həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış obyektlərinin qapılarının açarlarının cavabdeh Cavabdeh, açarlar cavabdehdə olmadığı təqdirdə isə müvafiq şəxsdən alınaraq iddiaçı Ərizəçi verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1ndə yerləşən Ərizəçi məxsus 0.4123 hektar (ha) torpaq sahəsi və torpağın üzərində yerləşən qeyri-yaşayış obyektləri cavabdeh Cavabdeh qanunsuz istifadəsindədir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Ərizəçi adına ##.##.2022-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nörməli dövlət reyestrindən çıxarış verilmişdir. Lakin cavabdeh Cavabdeh heç bir qanuni əsas (icarə müqaviləsi, razılıq və s.) olmadan həmin əmlakı zəbt edərək qanunsuz istifadə edir. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh əmlakı boşaltmaqdan imtina edir və hazırda mülkiyyətindən istifadə etməklə qanunsuz gəlir əldə etməkdədir.

3. Quba Rayon Məhkəməsinin e-**(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim İ.Qazıbəyov) ərizə qismən təmin edilərək, - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən, tam mülkiyyət hüququ ilə Ərizəçi adına qeydiyyata alınmış ünvan 1ndə yerləşən 0.4123 ha kənd təsərrüfatı torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış obyektlərindən istifadə edilməsinin Cavabdeh və qanuni mənafeyi iddiaçı Ərizəçi mənafeyi ilə ziddiyyət təşkil edən digər şəxslərə qadağan edilməsi; - Qərardadın dərhal icra olunması; - Müvəqqəti təminat tədbirinin bir ay müddətinə tətbiq edilməsi və ## ### 2026-cı il tarixdə qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır.

4. Bu qərardaddan cavabdeh Cavabdeh şikayət verərək, Quba Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadının ləğv edilməsini və ərizənin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

5. Quba Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməyərək işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1ndə yerləşən 0.4123 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ ilə Ərizəçi adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli kitabın ** nömrəli səhifəsində qeydiyyata alınmışdır. Ərizəçi müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizədə sözügedən mübahisəli torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış obyektlərinin qapılarının açarlarının cavabdeh Cavabdeh, açarlar cavabdehdə olmadığı təqdirdə isə müvafiq şəxsdən alınaraq ərizəçi Ərizəçi verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edib ki, hazırkı mülki iş üzrə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmaması və ya əhəmiyyətli dərəcədə çətinləşməsi halı məhz həmin torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış obyektlərindən istifadə edilməsi ilə bağlı ola bilər. Məhz bu hissədə ərizənin təmin edilməsi məqsədəuyğun deyildir.

7. Məhkəmə müvəqqəti təminat tədbirinin qəbul ediləcək qərarın icrasını çətinləşməsinin və ya mümkün olmamasının qarşısını almaqla yanaşı, görüləcək tədbirin məhkəmə mübahisəsinin davam edəcəyi müddət ərzində mülkiyyətçinin sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə də mane olmayacağını nəzərə alıb. Ona görə də hesab edib ki, ərizə qismən təmin edilməli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2022- ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən, tam mülkiyyət hüququ ilə Ərizəçi adına qeydiyyata alınmış ünvan 1ndə yerləşən 0.4123 ha kənd təsərrüfatı torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış obyektlərindən istifadə edilməsi Cavabdeh və cavabdeh tərəfdən çıxış edən, həmçinin qanuni mənafeyi iddiaçı Ərizəçi mənafeyi ilə ziddiyyət təşkil edən digər şəxslərə qadağan edilməlidir.

8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157.1, 157.2, 157.3, 157.7, 158.2-ci, 159, 160-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Şikayətin dəlilləri

9. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər Prokurorunun müavini Mobil Şəfiyev tərəfindən qəbul edilmiş qərara əsasən Ərizəçi barəsində etdiyi şikayət üzrə qəbul edilmiş cinayət işinin rədd edilməsi haqqında qərar ləğv edilərək fakt üzrə cinayət işi başlanılmışdır. Həmin qərarda iş hazırkı iş üzrə ərizəçi olan Ərizəçi tərəfindən bir neçə epizod, həmçinin mübahisəli torpaq üzrə də dələduzluğa məruz qalmağı ilə bağlı göstərdiyi xüsusatların araşdırılması qeyd olunmuşdur. İş baxılması üçün Nərimanov Rayon Polis İdarəsinə göndərilmişdir. Nərimanov Rayon Polis İdarəsində ********* nömrəli cinayət işi başlanılaraq cinayət işi baxılmasından ötrü müstəntiq Tuqay Allahverdizadəyə həvalə edilmişdir. Ərizəçi də orada həmin torpaq sahəsi və digər məsələlər ilə bağlı araşdırma getməsinə baxmayaraq, burada ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin ərizəsinə nəzər saldıqda görünür ki, ərizəçi nə ərizəni verməklə eyni anda iddia qaldırmış, nə işin icraatda olan zaman gedişatı zamanı ərizə vermiş, nə də ərizə verən zaman yaxın müddət ərzində iddia qaldıracağı niyyəti ilə bağlı hər hansı qeyd verməmişdir. Buradan da göründüyü kimi ərizəçi ərizəni qanunvericiliyin tələblərinə uyğun olaraq deyil, məhz formal qərardad alması üçün etmiş, məhkəmə də onun formal ərizəsini əsaslı hesab edərək qərardad çıxarıb hüquqlarını əsassız yerə məhdudlaşdırmışdır. Ərizəçi tərəfindən yol verilmiş qanunazidd əməllərin araşdırılması ilə bağlı Nərimanov RPİ-də aparılan araşdırmanın nəticəsi barədə məlumat əldə olunmamışdır. Məhkəmədə ərizəçi tərəfindən yol verilmiş qanunazidd əməllərin araşdırılması ilə bağlı Nərimanov RPİ-də araşdırma aparılması barədə məlumat olmadığından iş üzrə yalnış nəticəyə gəlinmişdir. Mübahisəli daşınmaz əmlak rəsmi sənəd üzrə ərizəçinin mülkiyyətində olsa da, faktiki olaraq onun tərəfindən verilmiş pul ilə alınmışdır. Bu səbəblə mövcud qərardad ləğv edilməli və ərizəni rədd edilməsi haqqında yeni qərardad çıxarılmalıdır.

b) Şikayəti qarşı etirazın dəlilləri

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1 və 157.2-ci maddələrinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1-ci maddəyə əsasən müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2-ci maddəyə əsasən iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6-cı maddəyə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 158.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri üçün aşağıdakı tədbirlər görülə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti malikdir.

Apellyasiya baxışının hədləri

13. Şikayətdən görünür ki, apellyator Quba Rayon Məhkəməsinin e-**(*-***)- **/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir.

14. Ona görə də, kollegiya Quba Rayon Məhkəməsinin e-**(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və Quba Rayon Məhkəməsinin e-**(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı tam, həmin qərardadla bağlı ##.##.2026-cı il tarixli qərardadı isə qismən şikayətin təmin edilməyən hissəsində ləğv edilməli və müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəyə yenidən baxılması üçün iş Quba Rayon Məhkəməsinə qaytarılmalıdır.

16. Öyrənilən işdən müəyyən edildi ki, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında iddiaçı Ərizəçi məxsus 0.4123 hektar (ha) torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən qeyriyaşayış obyektlərindən istifadə edilməsinin Cavabdeh və cavabdeh tərəfdən çıxış edən, həmçinin qanuni mənafeyi iddiaçı Ərizəçi mənafeyi ilə ziddiyyət təşkil edən digər şəxslərə qadağan edilməsi, həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış obyektlərinin qapılarının açarlarının cavabdeh Cavabdeh, açarlar cavabdehdə olmadığı təqdirdə isə müvafiq şəxsdən alınaraq iddiaçı Ərizəçi verilməsini xahiş etmişdir.

17. İşə baxan birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəni qismən təmin edərək, ünvan 1ndə yerləşən 0.4123 ha kənd təsərrüfatı torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış obyektlərindən istifadə edilməsinin Cavabdeh və qanuni mənafeyi iddiaçı Ərizəçi mənafeyi ilə ziddiyyət təşkil edən digər şəxslərə qadağan edilməsi nəticəsinə gəlmişdir.

18. Məhkəmənin qeyd olunan nəticəyə gələrkən əsaslandığı mövqeyini işin hallarına uyğun hesab etməyən apellyasiya kollegiyası mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

19. MPM-in müddəalarına əsasən, iddiaçı iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər və məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifə qoya bilər. Lakin bu halda, təminat tədbiri gələcəkdə iddianın təmin olunacağı halda iddiaçının pozulmuş hüquqlarının qorunmasına xidmət etsə də, hər bir halda işə baxan məhkəmə tərəflərin hüquq bərabərliyindən çıxış etməli, iddianın uğurlu olmayacağı halda digər şəxslərin (cavabdeh və üçüncü şəxslərin) hüquqlarının müdafiəsinin mümkünlüyünü, başqa sözlə, təmin tədbirindən əvvəlki vəziyyətə qayıtmağın mümkünlüyünü nəzərə almalıdır. Digər tərəfdən, müvəqqəti müdafiə tədbiri “müvəqqəti olaraq” iddianın uğurlu olması ehtimalı yüksək olduğu halda, iddiaçının hüquqlarının qorunmasına yönəlmiş təminat tədbiridir və bu təminat tədbiri tərəflərin hüquq və məhkəmə qarşısında bərabərliyi nəzərə alınmaqla “müvəqqəti” tənzimləmə xarakterli olmalı, bir tərəfin əlverişsiz vəziyyətə düşməsi ilə nəticələnməməlidir.

20. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu səbəbdən də işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Müvəqqəti təminat tədbiri üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır.

21. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını, gələcək icraya hansı qaydada təsir edibetməyəcəyini araşdırmalıdır. Bundan əlavə məhkəmə irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, gələcəkdə iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin tətbiq olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər.

22. Qeyd olunduğu kimi mahiyyət etibarilə müvəqqəti təminat tədbirləri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün bu növ qərar qəbul edilərkən iddianın əsaslı olub-olmadığı nəzərə alınmalıdır. Çünki bu tədbirlər qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə biləcək halların qarşısını almaq məqsədi ilə tətbiq edilir. Demək ki, iddianı təmin edən qətnamə çıxarılması üçün ilk növbədə iddia əsaslı olmalı, ən azından bu növ iddia irəli sürən şəxsin subyektiv hüququ malik olması açıq-aşkar olmalıdır.

23. Müvəqqəti təminat tədbirinin tətbiq edilməsi o zaman əsaslı sayılır ki, əlaqəli iş üzrə də iddianın uğurluluğu bəlli olsun və mümkün görünsün. Çünki müvəqqəti təminat tədbiri institutunun məqsədi heç də hüquqdan sui-istifadə etmək demək deyil. Məhkəmələr ərizəyə baxarkən bu tədbirləri nəyə görə təmin yaxud rədd etməsinin səbəblərini mütləq göstərməli və bunu əsaslandırmalıdır.

24. Sadalanan prosessual tələbləri ərizənin dəlilləri ilə əlaqəli şəkildə təhlil edən məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunvericilik müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizənin məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilmə imkanını nəzərdə tutmuşdur.

25. Göstərilən tələbləri hazırkı işə tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, əvvəla hazırkı vəziyyətdə kifayət qədər mürəkkəb xarakterli mübahisənin mövcudluğu halı davam etsə də, ərizəçinin analoji qaydada əsaslandırılmış iddia ərizəsi ilə məhkəməyə müraciət hüququndan istifadə halı müəyyən edilmir. Doğrudur, məhkəməyə müraciət hüququ mütləq hüquq olmasa da, hazırkı müvəqqəti təminat tədbirinin məzmunu, habelə bu qərardaddan şikayətin məzmunu mübahisənin mürəkkəb xüsusiyyətini aşkar edir.

26. İşin digər vacib halı isə ondan ibarətdir ki, mübahisəli torpaq sahəsi ilə bağlı tərəflər arasında mübahisə mövcuddur. Belə ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1ndə yerləşən 0.4123 ha kənd təsərrüfatı torpaq sahəsi tam mülkiyyət hüququ ilə Ərizəçi adına qeydiyyata alınmışdır. Yenə şikayətin məzmunundan görünür ki, cavabdeh Cavabdeh müraciəti əsasında müvafiq polis idarəsində Ərizəçi barəsində cinayət işinin araşdırılması davam edir. Cavabdeh həmin şikayətin məzmununun məhz hazırkı mübahisənin predmeti olan torpaq sahəsi və üzərində yerləşən obyektlərlə əlaqəli olduğunu əsaslandırır.

27. Kollegiya nəzərə alır ki, bu cür kifayət qədər ziddiyyətli məqamların mövcud olduğu vəziyyətdə mübahisəli torpaq sahəsindən və üzərindəki obyektlərdən istifadə edilməsinin cavabdehə qadağan edilməsi qeyri-müəyyən vəziyyət yaratmaqla, mövcud halda balanslaşdırılmış yanaşma hesab edilmədiyi kimi, eyni zamanda müvəqqəti təminat tədbirinin mahiyyəti ilə də uzlaşmır.

28. Qeyd olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin e-**(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı tam, həmin qərardadla bağlı ##.##.2026-cı il tarixli qərardadı isə qismən şikayətin təmin edilməyən hissəsində ləğv edilməli və müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəyə hazırkı qərardadda qeyd olunan xüsusatlar istiqamətində, tərəflərin iştirakı ilə müzakirə aparılmaqla yenidən baxılması üçün iş Quba Rayon Məhkəməsinə qaytarılmalıdır.

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402- 406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qərara aldı:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin e-**(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı tam, həmin qərardadla bağlı Quba Rayon Məhkəməsinin e-**(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı isə qismən – şikayətin təmin edilməyən hissəsində ləğv edilsin. Ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəyə yenidən baxılması üçün iş Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar