Məhkəmə qərarları › İş №e-16(3-8)-74/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-74/2026

26.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-74/2026 26.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X5 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadından cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. Mingəçevir Regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinin ##.##.2026-cı il tarixli, **-*/*-**-***/**** saylı arayışın surətindən görünür ki, X3 ilə Ərizəçi ##.##.2021-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 511 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Heydərova” soyadı verilmişdir.

2. Mingəçevir Regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinin ##.##.2026-cı il tarixli, *-**-*/*-**-***/**** saylı arayışın surətindən görünür ki, X2 ##.##.2022-ci ildə anadan olmuş, atası Heydərov Rəmzi Ramiz oğlu, anası Maraqlı şəxsdır.

3. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və sözügedən tələblə bağlı e-*(*- ***)-****/**** saylı mülki iş hazırda məhkəmənin icraatındadır.

Birinci instansiya məhkəməsindəki icraat

4. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə məhkəmədə baxılıb qurtarana kimi ##.##.2022-ci il təvəllüdlü övladı X2 ilə ona şənbə və bazar günləri saat 11:00-dan 18:00-dək müvəqqəti təminat tədbiri olaraq görüş vaxtının təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə ##.##.2021-ci il tarixdə Mingəçevir Regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan ##.##.2022-ci il təvəllüdlü X2 adlı bir övladları var. Cavabdehlə münasibətləri əvvəl normal olsa da, sonradan pozulmuşdur. Nikahın pozulması barədə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda övladını görə bilmir. Bu səbəbdən uşaqla görüş vaxtının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə mübahisəyə baxılıb həll olunana kimi ##.##.2022-ci il təvəllüdlü övladı X2 ilə ona müvəqqəti görüş verilməsini və göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir.

6. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim Mirnəsir Mirhəsənli) ərizə qismən təmin edilmiş, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə e-*(*-***)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul olunanadək, ərizəçi Ərizəçi övladı ##.##.2022-ci il təvəllüdlü X2 ilə sərbəst şəkildə ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi və ünsiyyət qaydasının hər həftənin şənbə günü saat 11:00-dan saat 18:00dək təyin edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün uşağın - ##.##.2022-ci il təvəllüdlü X2 onun yaşayış yeri üzrə ünvan 1 ünvanda hər həftənin şənbə günü saat 11:00-da cavabdeh Maraqlı şəxs tərəfindən ərizəçi Ərizəçi, həmin gün (şənbə günü) saat 18:00-da isə eyni ünvanda ərizəçi Ərizəçi tərəfindən cavabdeh Maraqlı şəxs təhvil verilməsi, qərardadın dərhal icra edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

7. Cavabdeh Maraqlı şəxs vəkili və nümayəndəsi İsmayılov Kənan Şəmşəddin oğlu elektron kabinet vasitəsilə həmin qərardaddan şikayət verərək, Ərizəçi Abşeron Rayon Məhkəməsinə göndərdiyi müvəqqəti təminat tədbiri barədə ərizənin dəyişdirilməsi, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadına əsasən hər həftənin şənbə günü saat 11:00-dan 18:00-dək təyin edilmiş görüş saatının azaldılaraq 11:00dan 15:00-dək müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim Mirnəsir Mirhəsənli) şikayət təmin edilməmiş və şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

9. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh Ərizəçi üçün təyin edilmiş 7 saatlıq görüş vaxtı övladı azyaşlı olduğu üçün çox uzundur, övladı hələ balacadır və bu qədər uzun müddət ondan ayrı qalması ona mənfi təsir edə bilər. Bundan əlavə cavabdeh Ərizəçi övladı bağçada olduğu vaxtlarda teztez gəlib onun tədrisinə mane olur. Eyni zamanda uşağı ondan soyutmaq üçün müxtəlif addımlar atır. Bununla yanaşı cavabdeh özü nikahın pozulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, ailə birliyinin pozulmasını istəyən tərəfdir. Belə olduğu halda müəyyən olunmuş görüş saatının azaldılaraq 11:00-dan 15:00-dək müəyyən edilməsinin daha düzgün olduğunu hesab edir.

b) Şikayətə qarşı etirazın dəlilləri

10. Cavabdeh Ərizəçi şikayətə qarşı yazılı etirazında qeyd etmişdir ki, övladı Barış həmişə onunla birlikdə yaşamışdır və ona çox bağlıdır. Maraqlı şəxs işlədiyindən və iş vaxtı səhər saat 8:00-dan 18:00-dək olduğundan övladı bağçada belə olmamış, ona anası və o baxmışdır. Onun iş vaxtı qısa olduğuna görə Barış daha çox onun yanında olmuş və onu nənəsi böyütmüşdür. Ailədə baş verənlərdən sonra Barış anası ilə birlikdə qalır. Buna baxmayaraq o, cavabdehə də çox bağlıdır. Bütün günü uşaq bağçada olur və o, uşağını həftənin bir günü məhkəmənin müəyyən etdiyi müddətdə görür. Bu heç də ona pis təsir etmir, əksinə oğluyla ünsiyyətdə olmaqla onun inkişafında, tərbiyəsində iştirak etmiş olur. Bir valideyn olaraq övladının tərbiyəsinə pis təsir edən heç bir zərərli vərdişi yoxdur. Ali təhsilli həkimdir. Övladı ilə olan bağlarının qırılmasını və arasında soyuqluq yaranmasını istəmir. Anası isə əksinə buna çalışır ki, övladı ondan uzaqlaşsın. Həftənin hər günü anasının yanındadı, bircə dəfə bir neçə saatlıq onunla olur. Övladı körpə deyil, artıq 5 yaşına keçib. Qeyd edilənlərin nəzərə aılınması və görüş vaxtının qısaldılmamasını xahiş edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

11. Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 157.4. İddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

12. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

13. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

14. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

15. 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsilı ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdirlər. 61.2-ci maddəsinə əsasən uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2020-ci il tarixli Qərarı:

14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2016-cı il ## #### tarixli, 8- */**** №-li qərarına edilmiş əlavə və dəyişikliklərə əsasən: 7.1 məhkəmələrə izah edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq uşaq yanında olan tərəfə digər tərəfin uşağı (uşaqları) ilə məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən uşağı tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olubolmamasına qiymət verilməlidir”.

17. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2011-ci il tarixli Qərarı; 2-ci bəndinə görə uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə,... ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

19. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbiri barədə vəsatət mübahisənin əvvəlcədən həlli kimi qiymətləndirilməməlidir. Mövcud məsələyə tərəflərin birgə nikahından doğulmuş azyaşlı uşaqların üstün mənafeyi əsas götürülməklə hüquqi qiymət verilməlidir.

22. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir...

23. İşdən aydın olur ki, tərəflərin birgə nikahından doğulmuş ##.##.2022-ci il təvəllüdlü X2 anasının yanındadır. Tərəflər arasında olan nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edilmişdir. Ailə Məcəlləsinin 22-ci maddəsinin tələbi baxımından nikahın pozulması zamanı mübahisəyə baxılarkən, uşağın kimin yanında qalması və aliment məsələsi tələbin qoyulub-qoyulmamasından asılı olmayaraq məhkəmənin həll etdiyi məsələlər sırasındadır.

24. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Ərizəçi övladı ##.##.2022-ci il təvəllüdlü X2 ilə ünsiyyətdə olmaq hüququnun təmin edilməsi məqsədəuyğundur.

25. Şikayətin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, uşaqla ünsiyyətdə olmaq üçün yetərli bir vaxtın müəyyən edilməsi uşaqdan ayrı yaşayan valideynin uşaqla ünsiyyətdə olmaqla bağlı pozulmuş hüququnun bərpa edilməsi ilə yanaşı ünsiyyətdə olan uşağın da üstün maraqlarının qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, uşağın da öz atası ilə ünsiyyətdə olmaq hüququ var və bu hüquq hər hansı əsaslı hal olmadan məhdudlaşdırıla bilməz.

26. Bundan başqa, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. (MPM-in 157.7-ci maddəsi)

27. MPM-in 159.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır.

28. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mövcud müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Odur ki, şikayət təmin olunmamalı, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar