Məhkəmə qərarları › İş №e-16(3-8)-84/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-84/2026

03.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-84/2026 03.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğludan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin təmin olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh adına olan “Hyundai Sonata” markalı, **-CL-*** nömrə nişanlı və “İnfiniti FX-35” markalı, **XR*** nömrə nişanlı avtomaşınların üzərinə müvəqqəti təminat tədbiri kimi həbs qoyulması, həmin avtomaşınların özgəninkiləşdirilməsinin cavabdehə və üçüncü şəxlərə qadağan edilməsi və avtomaşınların saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır.

3. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə ərizəçi Ərizəçi Abşeron Rayon Məhkəməsinin icraatında olan *(****)-****/**** nömrəli mülki iş üzrə cavabdeh Cavabdeh qarşı qarşı Abşeron rayonu, Məmmədli kəndində 0.03 ha toraq sahəsində yerləşən fərdi yaşayış evinin satışından əldə edilmiş 77000 manat pulun yarısının, yəni 38500 manat məbləğin onun xeyrinə tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi pul tələbi ilə bağlı məhkəməyə müraciət edildiyindən, hazırki mübahisə üzrə isə ərizəçi tərəfindən üzərinə həbs qoyulması və özgəninkiləşdirilməsinin qadağan edilməsi xahiş olunan “Hyundai Sonata” markalı, **-CL-*** nömrə nişanlı və “İnfiniti FX-35” markalı, 99XR-667 nömrə nişanlı avtomobillər mübahisə predmeti olmadığından ərizə təmin edilə bilməz. Belə ki, mübahisə predmeti təşkil etməyən avtomobillərin özgəninkiləşdirilməsinin qadağan edilməsi iddiaçının pozulması ehtimal edilən hüquqlarının davamlılığının və mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının qarşısının alınması məqsədi daşımır.

4. Ərizəçi Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi və müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişdir.

5. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

6. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi Ərizəçi cavabdeh - Cavabdeh ilə 2015-ci ildən daimi olaraq birgə yaşasalar da, nikahları ## #### 2019-cu ildə 4 Saylı Bakı ASAN Xidmət mərkəzinin Qeydiyyat şöbəsində alınmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 598 № ilə qeyd edilmişdir. ##.##.2020-ci ildə birgə nikahda olarkən Abşeron rayonu, Məhəmmədli kəndində ailələrinin də maddi dəstəyi ilə 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini torpaqla birlikdə 30000 manata almışlar. Sonradan ailə münasibətləri pozulmuş, faktiki yaşadığı ünvanda yaşamağı mümkün olmadığından müvəqqəti olaraq kirayədə qalır. Birgə nikah dövründə alınmış və yaşadıqları Məhəmmədli kəndindəki evlərini sataraq ona və uşaqlarına ayrı, özünə isə ayrıca ev almaq qərarına gəlmişlər. Bu məqsədlə Maştağa qəsəbəsində yerləşən ** saylı Notariat ofisinə müraciət etmiş və yaşayış evini ##.##.2024-cü ildə 77000 manata satmışlar. Satışdən əldə edilmiş pulun hamısını cavabdeh götürmüş və əvvəlcən də sövdələşdikləri kimi ona və övladlarına ev almaq üçün vatsapla ona müxtəlif ev təklifləri göstərmişdir. Bu proses bir müddət davam etdikdən sonra, cavabdeh özünə ev tikmiş və onun və övladlarının da haqqını özü mənimsəmişdir. Qeydiyyatda olduqları yaşayış evinin mülkiyyətçisi artıq başqa şəxsdir. Birgə nikah dövründə cavabdehlə əldə etdikləri Məhəmmədli kəndində yerləşən evin iradəsinə uyğun olaraq özgəninkiləşdirilmişdir. Lakin evlə torpağın satışından əldə edilmiş 77000 manat pul aralarında bölünməli idi. Lakin cavabdeh bütün vəsaiti ələ alaraq onunla bölüşməkdən imtina edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin sorğuya ##.##.2026-cı il tarixli cavab məktubuna əsasən ona indi məlum olmuşdur ki, cavabdeh öz adına adına “Hyundai Sonata” markalı, **-CL-*** nömrə nişanlı və “İnfiniti FX-35”markalı, **-XR-*** nömrə nişanlı avtomaşınlar qeydiyyatdan keçmişdir. Hesab edir ki, ona çatası puldan bu avtomobillər alınmışdır. Bu səbəbdən iddianı təmin tədbiri kimi həmin avtomaşınların da üzərinə iddia tələbi həcmindən həbs qoyulmalı və onların özgəninkiləşdirilməsi qadağan edilməlidir.

b) Şikayətə qarşı etirazın dəlilləri

7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

AİLƏ MƏCƏLLƏSİ:

M a d d ə 32. Ər-arvadın birgə mülkiyyəti:

8. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

9. Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 157.4. İddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək;

Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

10. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

11. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı ləğv edilməli, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin təmin olunması barədə ərizəsi qismən təmin edilərək, Cavabdeh xüsusi mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-CL-*** nömrə nişanlı və “İnfiniti FX-35” markalı, 99XR-667 nömrə nişanlı avtomobillərin özgəninkiləşdirilməsinə qadağa qoyulmalıdır.

13. Belə ki, iş materiallarından görünür ki, ərizəçi Ərizəçi cavabdeh Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş və sonradan satılmış yaşayış evinin satışından əldə olunan 77.000 manat məbləğində pul vəsaitinin yarısının, yəni 38.500 manatın onun xeyrinə tutulması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddia tələbinin mahiyyəti pul tələbi ilə bağlı olsa da, ərizəçi cavabdehin adına qeydiyyatda olan əmlakın özgəninkiləşdirilməsi nəticəsində gələcəkdə mümkün məhkəmə qətnaməsinin icrasının çətinləşəcəyini əsas gətirərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin ##.##.2026-cı il tarixli məktubuna əsasən Cavabdeh adına ##.##.2022-ci il tarixdən “Hyundai Sonata” markalı, **-CL-*** nömrə nişanlı və ##.##.2025-ci il tarixdən “İnfiniti FX-35” markalı, **-XR-*** nömrə nişanlı avtomobilərin üzərinə müvəqqəti təminat tədbiri kimi həbs qoyulması, həmin avtomobillərin özgəninkiləşdirilməsinin cavabdehə və üçüncü şəxlərə qadağan edilməsi və avtomobillərin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsini xahiş etmişdir.

14. İlk növbədə, məhkəmə kollegiyası qeyd ki, hazırkı mübahisə ailə münasibətlərindən irəli gələn əmlak xarakterli tələbə aiddir. Belə ki, ərizəçi birgə nikah dövründə əldə edilmiş və sonradan özgəninkiləşdirilmiş daşınmaz əmlakın satışından əldə olunan vəsaitdə pay hüququnun tanınmasını və ona çatası hissənin cavabdehdən tutulmasını tələb edir. Buna görə də, hazırkı iş üzrə tərəflər arasında mübahisənin predmeti konkret nəqliyyat vasitələri deyil, birgə nikah dövründə formalaşmış əmlak kütləsinə daxil olmuş vəsait üzərində pay hüququndan irəli gələn pul tələbidir.

15. Məhkəmə kollegiyası hesab edir ki, belə xarakterli mübahisələrdə müvəqqəti təminat tədbiri seçilərkən həm iddiaçının gələcəkdə mümkün qətnamənin icrasının təmin edilməsində olan marağı, həm də cavabdehin mülkiyyət hüququnun əsassız və qeyri-mütənasib şəkildə məhdudlaşdırılmaması zərurəti nəzərə alınmalıdır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri iddiaçının hüquqlarının qorunması üçün tətbiq edilir və məqsəd, cavabdehin hərəkətləri nəticəsində mövcud vəziyyətin dəyişdirilməsi səbəbindən ərizəçinin hüquqlarının icrasının çətinləşməsinin qarşısını almaqdır.

17. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması, əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından və zəruri hallarda onun götürülməsindən ibarətdir. Bu, borclunun əmlakını gizlətməsi, satması və ya başqa yollarla üçüncü şəxslərə ötürməsi nəticəsində alacağın ödənilməsinin çətinləşməsinin qarşısını almaq məqsədi daşıyır.

18. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin ##.##.2026-cı il tarixli məktubuna əsasən Cavabdeh adına ##.##.2022-ci il tarixdən “Hyundai Sonata” markalı, **-CL-*** nömrə nişanlı və ##.##.2025-ci il tarixdən “İnfiniti FX-35” markalı, **- XR-*** nömrə nişanlı avtomobillər qeydiyyatdadır.

19. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ərizəçi ilkin olaraq məhkəmə müraciət edən zaman iddia tələbinin pul olması onun hazırki ərizə ilə məhkəməyə müraciət etməklə əmlaklar üzərinə həbsin qoyulmasını tələbini irəli sürməsi istisna edilə bilməz. Belə ki, cavabdehin adına qeydiyyatda olan avtomobillər üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılmaması halında, həmin əmlakın satılması, bağışlanması, girov qoyulması və ya digər üsullarla üçüncü şəxslərə keçirilməsi mümkündür. Belə vəziyyət yarandığı təqdirdə isə ərizəçinin iddia etdiyi pul tələbi üzrə gələcəkdə qəbul edilə biləcək məhkəmə qətnaməsinin icrası əhəmiyyətli dərəcədə çətinləşə və ya mümkünsüz ola bilər. Həmçinin artıq ərizəçi məhkəmə ictaatının gedişində iddia ərizəsinə dəqiqləşdirmə verərək əmlaklar üzərində payların müəyyən edilməsi ilə bağlıda müraciət etmişdir.

20. Eyni zamanda məhkəmə kollegiyası nəzərə alır ki, avtomobillərin özgəninkiləşdirilməsinə qadağa qoyulması cavabdehin həmin nəqliyyat vasitələrindən gündəlik istifadə etmək hüququnu məhdudlaşdırmır və onu faktiki olaraq əmlakdan məhrum etmir. Bu tədbir yalnız avtomobillər üzərində sərəncam vermək hüququnun müvəqqəti məhdudlaşdırılmasına yönəlmişdir. Beləliklə, tətbiq edilən təminat tədbiri ərizəçinin mümkün hüquqlarının qorunması məqsədinə xidmət etməklə yanaşı, cavabdehin mülkiyyət hüququna həddindən artıq müdaxilə yaratmır və tərəflərin mənafeləri arasında ədalətli tarazlığı təmin edir.

21. Məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti təminat tədbirinin təmin olunması barədə ərizədə cavabdehin mülkiyyətində olan avtomobillərin üzərinə müvəqqəti təminat tədbiri kimi həbs qoyulması və ya avtobillərin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi barədə tələb hissəsində ərizənin təmin edilməsinə zərurət yoxdur.

22. Belə ki, Mülki prosessual qanunvericiliyin tələblərinə görə, müvəqqəti təminat tədbiri qarşıya qoyulan məqsədə uyğun, zəruri və mütənasib olmalı, tərəflərin hüquq və qanuni mənafeləri arasında ədalətli tarazlığı təmin etməlidir. Hazırkı halda avtomobillərin üzərinə həbs qoyulması və onların cərimə meydançasına yerləşdirilməsi cavabdehin həmin əmlakdan istifadəsini tam və ya əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla onun mülkiyyət hüququna daha ağır müdaxilə təşkil edərdi.

23. Avtomobillərin cərimə meydançasına yerləşdirilməsi halında avtomobillərin uzun müddət məhkəmə mübahisəsi bitib qətnamə icra olunanadək onların istifadə olunmaması halında daşınar əşyaların əvvəlki maya dəyərinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə və onların yararsız vəziyyətə gətirib çıxara bilər ki, bu da cavadehin mülkiyyət hüququnun pozulmasına gətirib çıxarar.

24. Bundan başqa, iş materiallarında cavabdehin avtomobilləri gizlətməyə, məhv etməyə, onların texniki vəziyyətini qəsdən yararsız hala salmağa və ya məhkəmə aktının mümkün icrasından yayınmaq məqsədilə faktiki sahiblikdən çıxarmağa yönəlmiş hərəkətlər etməsi barədə hər hansı mötəbər sübut mövcud deyildir. Belə olan halda, avtomobillərin faktiki götürülərək cərimə meydançasına yerləşdirilməsi zərurət meyarına cavab verməyən və cavabdehin mülkiyyət hüququnun lüzumsuz məhdudlaşdırılması ilə nəticələnən tədbir olardı.

25. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin hüquqlarının etibarlı şəkildə qorunması üçün cavabdehin mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı və “İnfiniti FX-35” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin özgəninkiləşdirilməsinə qadağa qoyulması kifayət edir.

26. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi qismən təmin edilməli, cavabdeh Cavabdeh xüsusi mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı və “İnfiniti FX- 35” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin özgəninkiləşdirilməsinə qadağa qoyulmalıdır. Bununla yanaşı, qeyd edilən nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması, onların götürülərək cərimə meydançasına yerləşdirilməsi və ya istifadəsinin məhdudlaşdırılması üçün hazırkı mərhələdə kifayət qədər hüquqi və faktiki əsaslar müəyyən edilmədiyindən ərizə həmin hissədə təmin edilməməlidir.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı ləğv edilsin. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi qismən təmin edilsin. Cavabdeh Cavabdeh xüsusi mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı və “İnfiniti FX-35” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin özgəninkiləşdirilməsinə qadağa qoyulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar