Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-89/2026 18.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Hacıyev Vahid Məcid oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadından maraqlı şəxs Maraqlı şəxs Istehsalat Birliyi tərəfindən şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında tərəflərin iştirakı olmadan baxaraq MÜƏYYƏN ETDİ:
1. Iddiaçı Ərizəçi ## ### 2026-cı il tarixdə cavabdeh Maraqlı şəxs Istehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək ona məxsus Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən sahibkarlıq obyektinə Maraqlı şəxs Istehsalat Birliyi tərəfindən hesablanmış 4288,68 (dörd min iki yüz səksən səkkiz manat altmış səkkiz qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə qətnaməsi çıxarılanadək ona məxsus Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən sahibkarlıq obyektinə təbii qazın verilməsinin dayandırılmasının maraqlı şəxs Maraqlı şəxs Istehalat Birliyinə qadağan olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
3. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, ərizəçi Ərizəçi məxsus Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: 017705800100020) 4288,68 (dörd min iki yüz səksən səkkiz manat altmış səkkiz qəpik) manat məbləğində mübahisəli borca münasibətdə təbii qazın verilməsinin dayandırılmasının maraqlı şəxs Maraqlı şəxs Istehsalat Birliyinə qadağan edilməsi qərara alınmışdır.
4. Cavabdeh həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsi, əks təqdirdə işin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə AR NK-nın ##.##.2011-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2, 5.4, 5.5, 6.5, 6.5-1-ci bəndlərinə və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun 2.1, 4.1, 4-1.1-ci maddələrinə istinad edilməklə göstərilmişdir ki, məhkəmə işin faktiki, həqiqi hallarını tam,obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tətbiq etməmiş, nəticədə ərizəçinin tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız qərardad qəbul etmişdir.
5. Sumqayıt Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə cavabdeh Maraqlı şəxs Istehsalat Birliyi tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 159. Müvəqqəti təminat tədbirləri haqqında ərizəyə baxılması 159.1. Müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Maddə 163. Müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardaddan şikayət verilməsi 163.1. Müvəqqəti təminat tədbirləri üzrə bütün qərardadlardan şikayət vermək olar. 163.2. Müvəqqəti təminat tədbiri haqqında qərardad şikayət verən şəxsə xəbər verilmədən çıxarılmışsa, şikayət vermək müddəti həmin qərardadın ona məlum olduğu gündən hesablanır. 163.3. Müvəqqəti təminat tədbiri haqqında qərardaddan şikayət verilməsi həmin qərardadın icrasını dayandırmır. 163.4. Müvəqqəti təminat tədbirini ləğv etmək haqqında və yaxud müvəqqəti təminat tədbirinin bir növünü digəri ilə əvəz etmək haqqında qərardaddan şikayətin verilməsi qərardadın icrasını dayandırır. Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək;
7. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli Qərarı
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
8. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
9. Nəzərə almaq lazımdır ki, müvəqqəti xarakterli ilkin müdafiə institutunu, o cümlədən iddianın təmin edilməsinə yönəlmiş təminat tədbirlərini nəzərdə tutmaqda qanunvericinin məqsədi iddianın təmin ediləcəyi təqdirdə, ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasını əvvəlcədən təminat altına almaqdan və onu gələcəkdə baş verə biləcək neqativ nəticələrdən qorumaqdan ibarətdir. Bu baxımdan müvəqqəti təminat tədbirinin tətbiqi barədə məsələnin həll edilməsi zamanı qanunvericinin qeyd olunan mövqeyi mütləq nəzərə alınmalıdır.
10. Iddia ərizəsinin və müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin məzmunlarından aydın olur ki, mübahisələndirilən 4288,68 manat məbləğində borc məbləği iddiaçıya məxsus müəssisənin qaz istehlakı nəticəsində yaranmış debitor borc deyildir, Maraqlı şəxs IB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ## ### 2025-ci il tarixli akta əsasən hesablanmış məbləğdir.
11. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericilikdə müvəqqəti təminat tədbirlərinin cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.
12. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi ## ### 2025-ci il tarixli aktın məzmununda müəssisədə istifadə olunan qaz cihazlarının ümumi sərfinin (267 m3/saat) sayğacın maksimal ölçmə həcmindən (60 m3/saat) çox olduğu qeyd edilmişdir. Həmin akt əsasında yazılmış borc məbləği mübahisələndirilirsə, həmin aktda qeyd edilənlərin əsaslılığı və hesablanmış məbləğin iddiaçıdan tutulmalı olub-olmaması yalnız məhkəmə araşdırmasından sonra müəyyən edilə bilər.
13. AR MPM-in 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qaz təchizatı üzrə əsas pərakəndə satış fəaliyyəti və ölkə üzrə qazın paylanması Maraqlı şəxs IB tərəfindən həyata keçirilir və bu qurumun fəaliyyəti dövlət tərəfindən tənzimlənir və nəzarətdə saxlanılır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinə dair yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək iddiaçıya təbii qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan edilməsi məqsədəuyğun olmuşdur.
14. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
15. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA A L D İ:
Şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.