Məhkəmə qərarları › İş №e-16(3-8)-92/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-92/2026

22.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-92/2026 22.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Ərizəçi cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh3 və cavabdeh4 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (müvəqqəti təminat tədbiri-torpaq sahəsinin özgəninkiləşdirilməsinə qadağa qoyulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin e-**(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdehlər cavabdeh3 və cavabdeh4 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2025-ci il qeydiyyat tarixli çıxarışdan müəyyən olunur ki, Xudat şəhəri ərazisində yerləşən 0.07 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2025-ci il qeydiyyat tarixli çıxarışdan müəyyən olunur ki, Xudat şəhəri ərazisində yerləşən 0.02 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2025-ci il qeydiyyat tarixli çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu, Aşağıoba kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2025-ci il qeydiyyat tarixli çıxarışdan müəyyən olunur ki, Xudat şəhəri ərazisində yerləşən 0.08 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Ərizəçi cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh3 və cavabdeh4 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh2 ilə cavabdeh4 arasında bağlanmış olan Xudat şəhəri ünvanında yerləşən, ümumi sahəsi 0.07 ha olan torpaq sahəsinə dair ##.##.2025-ci il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarışın (Qeydiyyat nömrəsi: **********); cavabdeh2 ilə cavabdeh4 arasında bağlanmış olan Xudat şəhəri ünvanında yerləşən, ümumi sahəsi 0.02 ha olan torpaq sahəsinə dair ##.##.2025-ci il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarışın (Qeydiyyat nömrəsi: **********); cavabdeh2 ilə cavabdeh3 arasında bağlanmış olan Xudat şəhəri ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinə dair ##.##.2025-ci il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarışın (Qeydiyyat nömrəsi: 2825020464) etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Hazırda iddiaçı məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə müraciət edərək, məhkəmədən Xudat şəhəri ünvanında yerləşən, ümumi sahəsi 0.07 ha olan torpaq sahəsinin; Xudat şəhəri ünvanında yerləşən, ümumi sahəsi 0.02 ha olan torpaq sahəsinin; ünvan 1nvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinin; Xudat şəhəri ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulması və məhkəmə mübahisəsi yekunlaşana qədər həmin əmlaklarla bağlı hər hansı sənədləşmə prosedurunun qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən, cavabdeh qismində çıxış edən cavabdeh1 ilə nikahı pozulmuşdur. Birgə nikah dövründə əldə olunan əmlakların məhkəmə qaydasında bölünməsi üçün iddia qaldırmışdır. Nikah dövründə əldə olunmuş əmlakların üzərinə həbs qoyulması barədə məhkəməyə vəsatət təqdim etdikdən sonra Xaçmaz Rayon Məhkəməsi tərəfindən əmlakların üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmışdır. e-*(***)-****/**** saylı mülki iddia üzrə məhkəmə çəkişməsi davam edərkən hakim Nərmin Abiyevanın vermiş olduğu sorğu nəticəsində məlum olmuşdur ki, cavabdeh1, onun vəkili (əvvəllər Xaçmaz rayon icra və probasiya şöbəsində işləmiş icra məmuru işləmiş) Şahin adlı şəxs Xaçmaz rayon icra və probasiya şöbəsi ilə əlbir olaraq Xaçmaz rayon məhkəməsi tərəfindən əmlakların üzərinə həbs qoyulmasına dair qərardadın icrasını yubadaraq, məhkəmə mübahisəsində olan əmlakları ayrı-ayrı şəxslərin adına özgəninkiləşdirməyə nail olmuşlar. Xaçmaz rayon icra və probasiya şöbəsinin vəzifəli şəxsləri öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, cavabdeh1 və onun vəkili əvvəllər Xaçmaz rayon icra və probasiya şöbəsində işləmiş hal-hazırda vəkillər kollegiyasının üzvü olan Şahin adlı şəxsin köməyi ilə üzərində onun mülkiyyət hüququ olan əmlakları özgəninkiləşdirmişlər. Belə ki, cavabdeh1 ilə qardaşı cavabdeh2 arasında guya borc mübahisəsi yaranmış, nəticə etibarı ilə Xaçmaz Rayon Məhkəməsinin *(***)-****/**** saylı qətnaməsinə əsasən, cavabdeh1 680000 manat həcmində vəsaitin tutularaq qardaşı cavabdeh2 ödənilməsi qət edilmişdir. Qətnamənin icrasını təmin etmək məqsədilə Xaçmaz rayon İcra və Probasiya şöbəsi tərəfindən ##.##.2025-ci il tarixli protokol tərtib edilərək *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli icra sənədinə əsasən, borcun tutulması birgə nikah dövründə əldə olunmuş və ½ hissədə onun mülkiyyəti hesab olunan əmlaklara yönləndirilmişdir. Hətta görünən tərəf odur ki, məhkəmə qətnaməsini tez bir zamanda icraya göndərmək üçün Xaçmaz Rayon Məhkəməsinin *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini alan kimi icra şöbəsi tərəfindən məqsədli şəkildə əmlaklar üzərinə həbs qoyulmuşdur. Onun sözügedən borc və məhkəmə icraatından məlumatı olmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən sorğuya verilən ##.##.2025-ci il tarixli, 3-21-3-34/2-13043.**** saylı cavab məktubuna əsasən, müəyyən olunur ki, cavabdeh1 adına birgə nikah dövründə daşınmaz əmlaklar rəsmiləşmiş və sonradan həmin əmlaklar özgəninkiləşdirilmişdir. Müvafiq qurumdan məktubla birlikdə göndərilən qoşma əmlak sənədlərində məlum olur ki, cavabdeh1 ##.##.2025-##.##.2024cü il tarixləri arasında (birgə nikah dövrü) əldə edilən əmlaklar bölünməsin deyə qardaşı ilə əlbir olmuş, formal məhkəmə simulyasiyası yaradaraq özünü məhkəmə qaydasında borclu qismində tanıtmağa nail olmuş və əmlakları məqsədli şəkildə özgəninkiləşdirmişdir. Nikah dövründə əldə olunan əmlaklar guya borc müqabilində cavabdehin qardaşının mülkiyyətinə verilmiş, sonuncu isə vicdanlı satıcı siması yaradaraq əmlakları özünün çevrəsindən olan üçüncü şəxslərə (cavabdeh4 və cavabdeh3) formal alqı-satqı müqavilələri əsasında “satmışdır”. Nikah dövründə əldə edilən və qanunsuz olaraq özgəninkiləşdirilən əmlaklardan alqı-satqı müqaviləsi və çıxarışı əldə edə bildiyi əmlaklar aşağıdakılardır. 1) Xudat şəhəri ünvanında yerləşən, ümumi sahəsi 0.07 ha olan torpaq sahəsi; 2) Xudat şəhəri ünvanında yerləşən, ümumi sahəsi 0.02 ha olan torpaq sahəsi; 3) ünvan 1nvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi; 4) Xudat şəhəri ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi. Cavabdehlər əlbir olaraq onun mülkiyyət hüququnu pozmuşlar. Birgə nikah dövründə hər hansı şəxsə, hətta yaxın qohumlarına belə borcları olmamışdır. Həmin borc formal olaraq birgə nikah dövründə əldə olunmuş əmlakları ələ keçirmək məqsədilə düşünülmüşdür. Bu səbəbdən də cavabdeh1 ilə nikahın pozulması barədə mübahisələr yarandığı bir vaxtda cavabdeh1 ilə qardaşı cavabdeh2 arasında həmin əmlakları ələ keçirmək məqsədilə görünüş üçün borc müqaviləsi bağlamışdır. Əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir, əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqazidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Bu baxımdan müvafiq müqavilələr heç biri hüquqi nəticə yaratmamış və bağlandığı andan etibarsızdır. İşin faktiki hallarına əsaslanaraq ##.##.2026-cı il tarixdə əmlaklarla bağlı verilmiş çıxarışların etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda cavabdeh4 və cavabdeh3 adına qanunsuz olaraq özgəninkiləsdirilmiş əmlakların mülkiyyət hüququ yalnız “görüntü” xarakteri daşıyır. Dolayısı ilə, əmlaklar rəsmiyyətdə özgəninkiləşdiriimiş görünsə də, faktiki olaraq cavabdeh1 faktiki istifadə və sahibliyindədir. Cavabdehlərin qanunla onun payına düşən əmlakları verməmək üçün həmin əmlakları növbəti dəfə qanunsuz olaraq özgəninkiləşdirəcəkləri istisna olunmur.

8. Xaçmaz Rayon Məhkəməsinin e-**(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə təmin edilmişdir (hakim N.Ağazadə).

9. Bu qərardaddan cavabdeh3 və cavabdeh4 ayrı-ayrılıqda şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin e-**(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər.

10. Xaçmaz Rayon Məhkəməsinin e-**(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətlər təmin edilməmiş, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin əsas məqsədi, ərizəçinin hüquqlarının qorunmasından ötrü mövcud mübahisəli vəziyyətin, eləcə də, mübahisə predmetinin əvvəlki vəziyyətdə qorunub saxlanılmasından, iddianın təmin ediləcəyi halda, mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını çətinləşdirən və ya qeyri-mümkün edən halların aradan qaldırılmasından ibarətdir. Məhkəmə iddianın gələcəkdə təmin edilə biləcəyi ehtimalından çıxış edərək, mübahisə predmeti olan torpaq sahəsinin gələcəkdə özgəninkiləşdirildiyi halda iddiaçının hüququnun bərpasının mümkün olmayacağını, nəzərə alaraq, müvəqqəti təminat tədbirinin təmin edilməsini zəruri hesab edir (Bunun mübahisə üzrə məhkəmənin yekun qənaəti olmadığı, yalnız ərizəyə əlavə edilmiş sənədlərdən görünən formal nəticə olduğu diqqətdə saxlanılmalıdır).

12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157.1, 157.2, 157.3, 157.5, 157.7, 158.1, 160.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Şikayətin dəlilləri

13. Qeyd olunduğu kimi qərardaddan cavabdeh3 və cavabdeh4 ayrı-ayrılıqda şikayət verəsələr də, onların şikayətlərinin dəlilləri anoloji qaydada əsaslandırılmışdır. Şikayətdə qeyd olunur ki, birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qərardad qanunsuz və əsassızdır. İş üzrə hallar tam və obyektiv araşdırılmamış, prosessual və maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Mübahisənin mahiyyəti üzrə araşdırma aparılmadan tərəf kimi onların məhkəmə müdafiəsi hüquqları pozulmuşdur. Məhkəmənin əmlakların sənədləşdirilməsinə qadağa qoyması kifayət qədər əsaslandırılmayıb və bu tədbir mülkiyyət hüququnu əsassız məhdudlaşdırır. Birinci instansiya məhkəməsinin əmlakların özgəninkiləşdirilməsi və sənədləşdirilməsi üzərinə qadağa qoyulmasına dair qərardadı qanunsuz və əsassızdır. İş materiallarında təminat tədbirinin tətbiqini zəruri edən real təhlükə sübuta yetirilməmişdir. Məhkəmə tərəfindən tərəflərin mənafelər balansı nəzərə alınmamış, mülkiyyət hüququna qeyri-mütənasib məhdudiyyət tətbiq edilmişdir. Təminat tədbirinin tətbiqi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmadığından qərardad ləğv edilməlidir. Ərizəçi tanımır və heç vaxt əlaqələri olmamışdır. Ərizəçi iddia ərizəsində göstərdikləri həqiqəti əks etdirmir. Onun dedikləri hüquqi məntiqə sığmır. İddia ərizəsini öz fərziyyələri əsasında yazıb təqdim etmişdir. Şikayətçilər vicdanlı alıcıdırlar. Hazırkı ərizə əsasında mülkiyyət hüququ ilə onlara məxsus əmlaklara həbs qoyulması qanunsuz və əsassız mövqedir. Göstərilənlərə əsasən şikayət təmin edilməli, Xaçmaz rayon Məhkəməsinin **(*-***)- **/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı qanunsuz və əsassız olduğundan tamamilə ləğv edilməlidir. b) Şikayəti qarşı etirazın dəlilləri

14. Şikayətlərə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1 və 157.2-ci maddələrinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1-ci maddəyə əsasən müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2-ci maddəyə əsasən iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6-cı maddəyə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 158.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri üçün aşağıdakı tədbirlər görülə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır.

Apellyasiya baxışının hədləri

17. Şikayətlərdən görünür ki, apellyatorlar Xaçmaz Rayon Məhkəməsinin e-**(*- ***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

18. Ona görə də, kollegiya Xaçmaz Rayon Məhkəməsinin e-**(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Apellyasiya instansiya məhkəməsi şikayətləri iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli və Xaçmaz Rayon Məhkəməsinin e-**(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

20. Apellyasiya kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni hazırkı halda işin hallarına uyğun hesab edir və öz mövqeyini aşağıdakı şəkildə əsaslandırır.

21. İşin araşdırılan hallarından bəlli oldu ki, hazırkı iş üzrə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edən şəxs ərizədə özgəninkiləşdirilməsi qadağan edilən torpaq sahələrinin alqı-satqı müqaviləsini iddia ərizəsi ilə mülki qaydada məhkəmə icraatında mübahisələndirmişdir. Konkret olaraq ərizəçi cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh3 və cavabdeh4 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh2 ilə cavabdeh4 arasında bağlanmış olan Xudat şəhəri ünvanında yerləşən, ümumi sahəsi 0.07 ha olan torpaq sahəsinə dair ##.##.2025-ci il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarışın (Qeydiyyat nömrəsi: **********); cavabdeh2 ilə cavabdeh4 arasında bağlanmış olan Xudat şəhəri ünvanında yerləşən, ümumi sahəsi 0.02 ha olan torpaq sahəsinə dair ##.##.2025-ci il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarışın (Qeydiyyat nömrəsi: **********); cavabdeh2 ilə cavabdeh3 arasında bağlanmış olan Xudat şəhəri ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinə dair ##.##.2025ci il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarışın (Qeydiyyat nömrəsi: 2825020464) etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. İddia ərizəsinin əsaslandığı faktiki hallar ondan ibarətdir ki, mübahisələndirilən əmlaklar onunla cavabdeh cavabdeh1 bigə nikah dövründə əldə etdikləri əmlaklardır. Onun cavabdehə qarşı həmin əmlakların bölünməsi tələbinə dair məhkəmə qətnaməsinin icrasından yayınmaq məqsədi ilə sonuncu öz qardaşı ilə formal şəkildə borc münasibətləri yaratmış, məhkəmə qətnaməsinin qəbul edilməsinə nail olmuş, habelə son nəticədə əmlakların hazırkı iş üzrə digər cavabdehlər cavabdeh3 və cavabdeh4 adına qeydə alınmasına nail olmuşdur. Hesab edir ki, sonuncu iki şəxs vicdanlı alıcı deyil, məhz cavabdehlərin özlərinin tanışlarıdır. Sadəcə vicdanlı alıcı görüntüsü yaratmaqla məhkəmə mübahisəsindən əmlakların yayındırılmasına çalışırlar. Ona görə hazırkı müvəqqəti təminat tədbiri ilə bağlı ərizəylə məhkəmə müraciət etməli olmuşdur.

23. Kollegiya qeyd edir ki, əvvəla MPM-nin müddəalarına əsasən, iddiaçı iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər və məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifə qoya bilər. Lakin bu halda, təminat tədbiri gələcəkdə iddianın təmin olunacağı halda iddiaçının pozulmuş hüquqlarının qorunmasına xidmət etsə də, hər bir halda işə baxan məhkəmə tərəflərin hüquq bərabərliyindən çıxış etməli, iddianın uğurlu olmayacağı halda digər şəxslərin (cavabdeh və üçüncü şəxslərin) hüquqlarının müdafiəsinin mümkünlüyünü, başqa sözlə, təmin tədbirindən əvvəlki vəziyyətə qayıtmağın mümkünlüyünü nəzərə almalıdır. Digər tərəfdən, müvəqqəti müdafiə tədbiri “müvəqqəti olaraq” iddianın uğurlu olması ehtimalı yüksək olduğu halda, iddiaçının hüquqlarının qorunmasına yönəlmiş təminat tədbiridir və bu təminat tədbiri tərəflərin hüquq və məhkəmə qarşısında bərabərliyi nəzərə alınmaqla “müvəqqəti” tənzimləmə xarakterli olmalı, bir tərəfin əlverişsiz vəziyyətə düşməsi ilə nəticələnməməlidir.

24. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu səbəbdən də işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Müvəqqəti təminat tədbiri üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır.

25. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Bundan əlavə məhkəmə irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, gələcəkdə iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin tətbiq olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər.

26. Göründüyü kimi müvəqqəti təminat tədbirləri işin mahiyyəti üzrə həll edilməsi demək deyil, sadəcə mövcud vəziyyətin dəyişəcəyi təqdirdə iddiaçının hüquqlarının bərpaedilməzliyinin qarşısını almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual təminat tədbiridir.

27. Qeyd olunan məqsədə çatmaq üçün qanunverici müvəqqəti təminat tədbirlərinin növlərini, habelə müvəqqəti təminat tədbirinin qüvvədə olma müddətini, bu müddət ərzində iddiaçının üzərinə qoyulan vəzifələr, habelə əlaqəli mülki işdə iddianın uğursuzluğu halında tərəfin müvəqqəti təminat tədbirinin ləğvi ilə məhkəməyə müraciət hüququnu nəzərdə tutmuşdur.

28. Sonda kollegiya bir daha qeyd edir ki, apellyatorların hazırkı şikayətdə əsas istinad etdikləri-əmlakın vicdanlı alıcısı olmaları barədə dəlilləri məhz əlaqəli mülki işin araşdırılması zamanı yoxlanıb qiymət verilməli olan məsələdir. Həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktının nəticəsi birbaşa hazırkı müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardada təsir imkanına malikdir.

29. Beləliklə yuxarıda şərh olunan mülki prosessual qanunvericiliyin normalarını bir daha hazırkı işin hallarına tətbiq edərək kollegiya qeyd edir ki, göründüyü kimi müvəqqəti təminat tədbiri qətnamənin icrasını gələcəkdə qeyri-mümkün edə biləcək halların qarşısının alınmasına yönəlmiş müvəqqəti xarakterli prosessual tədbir kimi tətbiq edilir. Həmin tədbirlər işi mahiyyəti üzrə qabaqcadan həll etmir. Məhz bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır.

30. Qeyd olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən, Xaçmaz Rayon Məhkəməsinin e-**(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır.

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

Qərara aldı:

cavabdeh3 və cavabdeh4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin e-**(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar