Məhkəmə qərarları › İş №e-16(3-8)-97/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-97/2026

02.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-97/2026 02.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi ASC-nin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin təmin edilməməsinə dair Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadından ərizəçi Ərizəçi ASC tərəfindən şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi ASC müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh2 mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində ************ reyestr nömrəli, 0.0250 ha torpaq sahəsinin hər hansı bir formada özgəninkiləşdirilməsinin, həmin əmlakla bağlı müxtəlif məzmunlu əqdlər bağlanılmasının və müxtəlif sənədləşmə işlərinin aparılmasının cavabdehlərə və üçüncü şəxslərə qadağan olunması barədə müvəqqəti təminat tədbirinin tətbiqinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərardadla, ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu cavabdeh2 məxsus olan Quba rayonu, Vladimirovka kəndində yerləşən ************ reyestr nömrəli 0.0250 ha, ************ reyestr nömrəli 0.36 ha, ************ reyestr nömrəli 0.8404 ha torpaq sahələri, habelə Quba rayonu, Ağbil kəndində yerləşən ************ reyestr nömrəli 0.3190 ha torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. Qeyd olunur ki, *(***)-***/**** nömrəli iş üzrə Ərizəçi ASC tərəf qismində iştirak etmədiyindən, həmin qərardadın qəbul edilməsindən bankın məlumatı olmamışdır. Həmçinin, qərardad nə kağız daşıyıcıda, nə də elektron kabinet vasitəsilə banka təqdim edilməmişdir. Yalnız Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qərardadın məzmunu ilə tanış olduqdan sonra sözügedən qərardadın mövcudluğu barədə banka məlum olmuşdur. Bundan əlavə, bank tərəfindən Quba rayon İcra və Probasiya Şöbəsinə icra işi materiallarında olan sənədlərlə tanış olmaq barədə müraciət edilsə də, həmin müraciət təmin edilməmiş və banka hər hansı sənəd təqdim olunmamışdır. Bankda mövcud olan məlumata əsasən, borclu cavabdeh2 məxsus bir neçə əmlakla yanaşı, bankın xeyrinə ipoteka ilə yüklü olan Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.0250 ha torpaq sahəsi də tələbkar cavabdeh1 borcun əvəzi qismində təklif edilmiş, tələbkar tərəfindən həmin təklif qəbul edilmiş və nəticədə icra şöbəsi tərəfindən sözügedən əmlakın tələbkarın mülkiyyətinə verilməsi barədə qanunsuz protokol tərtib olunmuşdur. Hazırda həmin protokola əsasən, tələbkar cavabdeh1 ipoteka predmeti olan qeyd edilən torpaq sahəsini öz mülkiyyətinə keçirmək niyyətindədir. Bu hal hazırkı ərizəyə əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadında da öz əksini tapmışdır. Ərizədə göstərilir ki, Ərizəçi ASC ilə cavabdeh2 arasında bağlanılmış ##.##.2022-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən, borcluya 120 ay müddətinə, illik 30 faizdən çox olmamaq şərti ilə 300.000 AZN məbləğində kredit limiti ayrılmışdır. Həmin kredit limiti çərçivəsində bağlanılmış ##.##.2024-cü il tarixli razılaşmaya əsasən isə, borcluya 36 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 40.000 AZN məbləğində kredit verilmişdir. Əsas kredit limiti razılaşmasından irəli gələn öhdəliklərin təminatı məqsədilə cavabdeh2 ilə bağlanılmış ##.##.2022-ci il tarixli, 8100222-134418901İ nömrəli ipoteka müqaviləsinə əsasən, Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.0250 ha torpaq sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bankın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2022-ci il tarixində, 2822004901 qeydiyyat nömrəsi və ************ reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Hazırda kredit öhdəliklərinin icrasında gecikmə mövcuddur. Belə ki, borclunun cari tarixə banka qarşı 19.535,52 AZN məbləğində əsas borc, 1.032,68 AZN məbləğində faiz borcu və 94,87 AZN məbləğində cərimə borcu yaranmışdır və borc məbləği hər keçən gün artmaqda davam edir. İpoteka predmeti ilə təmin edilmiş kredit öhdəlikləri üzrə bankın tələbləri bu günədək ödənilməmişdir. Ərizəçi hesab edir ki, qeyd olunan hüquqi və faktiki hallara əsasən, cavabdeh2 məxsus və Ərizəçi ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Quba rayonu, Vladimirovka kəndində yerləşən ************ reyestr nömrəli 0.0250 ha torpaq sahəsinin üçüncü şəxs cavabdeh1 təklif edilməsi, habelə bununla bağlı müvafiq sənədləşmələrin aparılması qanunsuz olmaqla bankın hüquq və qanuni mənafelərinin kobud şəkildə pozulmasına səbəb olmuşdur. Göstərilən hallarla bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət ediləcəyi bildirilməklə qeyd edilmişdir ki, iddia qaldırılanadək olan müddət ərzində mübahisəli əmlak özgəninkiləşdirilə, həmin əmlak barəsində müxtəlif məzmunlu əqdlər bağlanıla və digər hüquqi hərəkətlər həyata keçirilə bilər. Bu isə gələcəkdə ərizəçinin hüquqlarının müdafiəsini, təminini və ya bərpasını əhəmiyyətli dərəcədə çətinləşdirə və ya mümkünsüz edə, həmçinin ərizəçiyə bərpası mümkün olmayan zərər vura bilər. Bununla əlaqədar olaraq, ərizəçi tərəfindən məhkəmədən müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi xahiş olunmuşdur. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır (hakim İbrahim Qazıbəyov). Ərizəçi Ərizəçi ASC həmin qərardaddan ##.##.2026-cı il tarixdə şikayət verərək, Quba Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadının ləğv edilməsini və müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əsas kredit limiti razılaşmasından irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi cavabdeh2 ilə bağlanılmış ##.##.2022-ci il tarixli 8100222- 134418901İ saylı ipoteka müqaviləsinə əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.0250 ha torpaq sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bankın ipoteka hüququ DƏDRX-in Ərazi İdarəsində ##.##.2022-ci il tarixində (qeydiyyat №: 2822004901 reyestr №: ************) dövlət qeydiyyatına alınmışdır. Bildirirlər ki, Bankın tərəf olmadığı *(***)-***/**** saylı icra işi üzrə borclu cavabdeh2 mülkiyyətində olan bir neçə əmlakla yanaşı, bankda ipoteka ilə yüklü olan Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.0250 ha torpaq sahəsi də tələbkara borcun qarşılığında təklif olunmuş, tələbkar tərəfindən həmin təklif qəbul edilmiş, həmin əmlakın da tələbkarın mülkiyyətinə verilməsinə dair protokol tərtib edilmiş, tələbkar öz iradə ifadəsini həmin protokolda göstərmişdir. Həmin protokol mülki hüquqi nəticələrə səbəb olur. Hazırda həmin protokol əsasında tələbkar cavabdeh1 həmin torpaq sahəsini öz mülkiyyətinə keçirmək niyyətindədir, iş materiallarında mövcud olan Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadında da qeyd olunan hal əksini tapır. Qeyd edirlər ki, hazırkı MMT ərizəsi məhkəməyə verildikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Lakin məhkəmə həm MTT ərizəsinin rədd edilməsi, həm də iddianın qəbul edilməsindən imtina edilməsi ilə bağlı qərardadı eyni tarixdə qəbul etmişdir. Hələ qanuni qüvvəyə minməmiş məhkəmə aktına hazırkı qərardadda istinad edilməsi düzgün deyildir. Digər tərəfdən məhkəmənin e-*(*-***)-***/**** saylı qərardadıdan bank tərəfindən şikayət də verilmişdir. MTT ərizəsinin əsaslandırılmasında da göstərilmişdir ki, bank tərəfindən iddia qaldırılanadək olan müddət ərzində hər an sözügedən əmlak hər hansı bir formada özgəninkiləşdirilə, həmin əmlakla bağlı müxtəlif məzmunlu əqdlər bağlanıla və müxtəlif sənədləşmə işləri həyata keçirilə bilər. Belə olan təqdirdə ərizəçinin hüquqlarının qorunması, təmin və ya bərpa edilməsi mümkün olmayacaq, ərizəçinin hüquqlarına işə baxılacaq olan müddətdə, qətnamənin icra olunacağı müddətdə bərpası mümkün olmayan ziyan dəyəcəkdir, onun öz hüquqlarını məhkəmədə və ya başqa bir qurumda müdafiə etməyi əhəmiyyətli dərəcədə çətinləşdirəcək və ya mümkünsüz edəcəkdir. Hesab edirlər ki, məhkəmə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin, və iddia ərizəsinin məzmununu düzgün təfsir etməmiş və bu səbəbdən düzgün nəticəyə gəlməmişdir.Sözügedən işlər mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Şikayətin məzmunundan aydın görünür ki, qeyd olunan qərardad Ərizəçi ASC-nin qanunvericilikdə təsbit olunmuş hüquqlarını pozur. Qərardad maddi və prosessual hüquq normasının pozulması ilə çıxarıldığı üçün ləğv olunmalı və müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə təmin edilməlidir. Məhkəmə MTT ərizəsini rədd edərkən əsas gətirmişdir ki, iddia icra məmurunun hərəkətlərindən verilən şikayət xarakteri daşıyır. Azərbaycan Respublikası “İcra haqqında” Qanununun müvafiq müddəalarına (87-ci maddəsinə) əsasən, icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) və ya qəbul etdiyi qərarlardan hüquq və mənafelərinin pozulduğunu hesab edən şəxslər həmin hərəkətlərdən məhkəməyə şikayət vermək hüququna malikdirlər. Hazırkı qərardad həm də hamının qanun və məhkəmə qarşısında bərabərliyi, işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxmalı olması, xüsusilə də hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ haqqında konstitusion normaların pozulması ilə nəticələnmişdir. İcra haqqında qanunun 87-ci maddəsində icra məmurunun hərəkət və ya hərəkətsizliyindən hər kəsin deyil, yalnız tələbkar və ya borclunun inzibati məhkəməyə şikayət vermək hüququ müəyyən edilmişdir. İddianın mahiyyətindən açıq aydın görünür ki, ərizəçi sözügedən icra işi üzrə tərəf deyil, yəni borclu və ya tələbkar deyil. Belə olan halda qanunu baxımdan bankın inzibati qaydada mübahisə irəli sürməsi mümkün deyildir. Həmçinin iddianın mahiyyətindən aydın olur ki, əmlakın qəbul edilməsi ilə bağlı protokolda tələbkarın iradə ifadəsi özündə əks olunur və həmin protokol mülki hüquqi nəticələrə səbəb olur. Yəni iddia inzibati mübahisə mahiyyətinə də malik deyildir. Sözügedən işlər mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Hesab edirlər ki, qeyd edilən qərardad ilə bankın məhkəmə müdafiəsi hüququ pozulmuş və məhkəmə sözügedən maddi normaların tələblərini pozmuşdur. Qeyd edilən normaların məzmunundan da müəyyən etmək olur ki, cavabdeh2 mülkiyyətində olan və Ərizəçi ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Quba rayonu, Vladimirovka kəndində yerləşən ************ reyestr nömrəli, 0.0250 ha torpaq sahəsinin bankın tərəf olmadığı bir icra sənədi üzrə tələbkara cavabdeh1 təklif edilməklə onun mülkiyyətinə verilməsi ilə bağlı protokolun tərtib edilməsi bankın ipoteka saxlayan olaraq mülki hüquqlarını kobud surətdə pozur. Sözügedən MTT təmin edilmədiyindən bankın ipoteka haqqında qanunda və mülki məcəllədə təsbit edilmiş hüquqlarının qorunması pozulmuşdur. Məhkəmə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin, və iddia ərizəsinin məzmununu düzgün təfsir etməmiş və bu səbəbdən düzgün nəticəyə gəlməmişdir. Ona görə də qeyd edilən maddi normaların tələblərinə də riayət edilməmişdir. Məhkəmə müvəqqəti təminat tədbirinin tətbiqi tələbi barədə ərizənin təmin edilməməsi ilə bağlı qərardad qəbul edərkən AR-nın MPM-nin 157.5.1 və 157.5.2-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar qeyd edilsə də, məhkəmə ərizəyə baxarkən buna diqqət yetirməmişdir. Əmlakın tələbkarın mülkiyyətinə verilməsinə dair protokol tərtib edilmiş, tələbkar öz iradə ifadəsini həmin protokolda göstərmişdir. Həmin protokol mülki hüquqi nəticələrə səbəb olur. cavabdeh1 həmin torpaq sahəsini öz mülkiyyətinə keçirmək niyyəti iş materiallarında mövcud olan Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadında qeyd olunmuşdur. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin qaldırdığı iddianın əhəmiyyəti itəcək, ərizəçinin hüquqlarının bərpası son dərəcədə çətinləşəcəkdir. Bunun qarşısını almaq məqsədilə yeganə hüquqi və qanuni yol həmin əmlaka dair müvəqqəti təminat tədbirinin tətbiq edilməsidir. Hesab edirlər ki, birinci instansiya məhkəməsi ərizəçinin qaldırdığı MTT ərizəsinin və iddia tələbinin (sənədlərin etibarsızlığı) mahiyyətini düzgün qiymətləndirməyərək, mübahisəni “icra məmurunun hərəkətindən şikayət” kimi tövsif etmişdir. MPM-in 9-cu maddəsinə əsasən, məhkəmə tərəflərin tələbləri ilə bağlı faktları obyektiv araşdırmalıdır. Mülki tələbin inzibati şikayət kimi qiymətləndirilməsi prosessual hüquq pozuntusudur. Bundan başqa, mübahisənin predmeti əmlak üzərindəki hüquqlar və bu hüquqlara təsir edən sənədlər olduğundan, aidiyyət qaydalarına görə işə mülki məhkəmə baxmalı idi. Bundan başqa məhkəmənin nəzərinə çatdırılır ki, MTT-nin təmin edilməsi müvəqqəti xaqrakter daşıyır və irəli sürülmüş əsas tələbə mütənasibdir. Heç bir halda cavabdehlərin hüquqlarını pozmur. Göründüyü kimi məhkəmə qeyd edilən prosessual normaların tələblərini pozmuşdur. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin növü kimi cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoyulması tədbiri qeyd edilmişdir. Ərizəni təmin etməyən birinci instansiya məhkəməsi öz qərardadını belə əsaslandırmışdır ki, ərizə məhkəməyə iddia ilə eyni vaxtda verilmiş, lakin, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e- *(****)-***/**** saylı qərardadı ilə iddiaçı Ərizəçi ASC cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “təklif məktubunun və protokolun etibarsızlığı” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə qeyd etmişdir ki, ərizəçinin təqdim etdiyi dəlillər və istinad etdiyi hallar mahiyyət etibarilə icra orqanı tərəfindən həyata keçirilən icra hərəkətlərinin qanuniliyinin mübahisələndirilməsinə yönəlmişdir. Belə ki, ərizəçi Quba Rayon İcra və Probasiya Şöbəsi tərəfindən ipoteka predmeti olan əmlakın tələbkara təklif edilməsini, bununla bağlı müvafiq protokolun tərtib edilməsini, habelə həmin əmlakın tələbkarın mülkiyyətinə keçirilməsi istiqamətində aparılan icra məmurunun hərəkətlərini qanunsuz hesab etdiyini bildirmiş, həmin hərəkətlərin qarşısının alınması məqsədilə müvəqqəti təminat tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin mənasına görə müvəqqəti təminat tədbirləri iddia tələbinin gələcəkdə mümkün icrasını təmin etmək, mövcud hüquqi və faktiki vəziyyətin dəyişdirilməsi nəticəsində məhkəmə müdafiəsinin səmərəsiz hala düşməsinin qarşısını almaq məqsədi daşıyan prosessual təminat vasitəsidir. Bu institutun tətbiqi üçün tərəflər arasında mülki hüquq münasibətlərindən irəli gələn və məhkəmədə baxılmalı olan iddia mövcud olmalı, tətbiq edilən tədbir isə həmin iddia predmetinin qorunmasına yönəlməlidir. Hazırkı halda isə ərizəçinin irəli sürdüyü tələblər hər hansı mülki hüquq münasibətindən irəli gələn iddianın təmin edilməsinə deyil, icra orqanı tərəfindən həyata keçirilən hərəkətlərin qarşısının alınmasına xidmət edir. Ərizəçi faktiki olaraq icra məmurunun həyata keçirdiyi prosedurun, o cümlədən əmlakın tələbkara təklif olunması və bununla bağlı sənədləşmənin qanuniliyini mübahisələndirir. Bu isə mahiyyət etibarilə icra məmurunun hərəkətlərindən verilən şikayət xarakteri daşıyır. Müvəqqəti təminat tədbirləri haqqında icraat isə öz hüquqi təbiətinə görə icra hərəkətlərinin qanuniliyinin araşdırılması, icra sənədinin icrasının dayandırılması və ya icra prosesinə müdaxilə edilməsi məqsədi daşımır. Əks yanaşma müvəqqəti təminat institutunun təyinatından kənara çıxılması ilə nəticələnər və qanunvericilikdə icra hərəkətlərindən şikayət verilməsi üçün nəzərdə tutulmuş xüsusi prosessual mexanizmdən formal olaraq yan keçilməsi anlamına gələrdi. Bundan əlavə, ərizəçinin tələb etdiyi qadağaların tətbiqi faktiki olaraq icra orqanı tərəfindən həyata keçirilən icra tədbirlərinin dayandırılması və icra prosesinin nəticələrinin qarşısının alınması ilə nəticələnə bilərdi. Halbuki, belə hüquqi nəticələr yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada icra məmurunun qərarlarından və hərəkətlərindən verilmiş şikayətə baxılması zamanı müzakirə edilə bilər. Müvəqqəti təminat tədbiri vasitəsilə icra prosesinin dayandırılması və yaxud icra məmurunun qərarlarının və ya hərəkətlərinin hüquqi nəticələrinin aradan qaldırılması yolverilməzdir. Məhkəmə həmçinin nəzərə almışdır ki, hazırkı iş üzrə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmuşdur. Bu halda isə müvəqqəti təminat tədbirinin tətbiqi üçün zəruri olan prosessual əsas da mövcud deyildir. Çünki müvəqqəti təminat tədbiri müstəqil hüquqi müdafiə vasitəsi olmayıb, yalnız məhkəmə tərəfindən baxılan və ya baxılmalı olan iddia tələbinin təmin edilməsinə xidmət edir. İddianın yolverilməz hesab edildiyi halda, həmin iddianın Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Həmin Məcəllənin 52.2.-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Kollegiya qeyd edir ki, ərizə məhkəməyə iddia ilə eyni vaxtda verilmiş, lakin, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(****)-***/**** saylı qərardadı ilə iddiaçı Ərizəçi ASC cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “təklif məktubunun və protokolun etibarsızlığı” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edildiyindən, müvəqqəti təminat tədbiri tətbiq edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəçinin ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 395-396, 398, 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI : Şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar