Məhkəmə qərarları › İş №e-16(3-9)-118/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-9)-118/2026

14.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-16(3-9)-118/2026 14.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-**(*-***)-***/**** saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun Masallı şəhəri, Digah yaşayış massivi, Bakı prospektində yerləşən 208 kv.m sahəsi olan qeyriyaşayış obyektini Masallı Rayon Məhkəməsinin icraatında olan *(*-***)-****/**** saylı mülki iş yekunlaşana qədər cavabdeh Cavabdeh müəyyən hərəkətlər etməsinə (istifadə etməsinə) qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadı ilə ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsinin təmin edilməsi, iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı zəbt olunmuş obyektdən çıxarılması, obyektin əvvəlki vəziyyətə gətirilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə Masallı Rayon Məhkəməsinin icraatında olan 2(5- 145)- ****/**** saylı mülki iş üzrə çıxarılacaq yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək Ərizəçi mülkiyyətində olan Masallı şəhəri, Digah yaşayış massivi, Bakı prospektində yerləşən 208 kv.m sahəsi olan qeyri-yaşayış obyektindən Cavabdeh müəyyən hərəkətlər etməsi (istifadə etməsi) qadağan edilməsi, qərardadın dərhal icra edilməsi və icrasının Masallı Rayon Icra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. (Hakim: Zeynal Zeynalov) Cavabdeh Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadından şikayət verərək, Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-**(*- ***)-***/**** saylı qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Masallı Rayon Məhkəməsinin e-**-(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı ilə icarə əsasında istifadəsində olan obyektinə giriş-çıxış qadağan edilmişdir. O, sözügedən qərardad ilə razı deyil, çünki həmin qərardad onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Heç bir əsas olmadan istifadəsində olan 200000 manatlıq malı olan mağazasına giriş-çıxışı qadağan edilmişdir. Hansı mötəbər sənədə istinad edib bu qərarı qəbul edilmişdir. Qərardad qanunsuz olduğundan ləğv edilməlidir. Çıxarmış qərardad qanunsuzdur və onun mülkiyyət hüquqlarını pozur. O, Ərizəçi uzun illərdir tanıyır. Masallı şəhəri, Bakı prospektində özünə məxsus obyketi var və o, həmin obyektdə təsərrufat mallarının satışı ilə məşğul olur. Ərizəçida obyektinin yanında özünə məxsus obyekti var idi və onu başqa şəxslərə icarəyə vermiş idi. Icarəyə götürənlər obyekti işlədə bilmədiklərindən 2014-cü il tarixdən obyekti o, Ərizəçi icarəyə götürərək işlədir. 2025-ci ilin may ayı idi, Ərizəçi obyekti satmaq istədiyini bildirdi və onun alacağı təqdirdə endirimli qiymətlə satacağını bildirdi. 2025-ci ilin avqust ayına kimi onunla danışıqları getmiş və sonda onunla 65000 manata obyekti razılaşmışlar. Obyektin sənədi olmadığından ilkin ödəniş kimi 10000 manat Ərizəçi ödəniş etmişdir. Obyektin sənədləşmə işlərini tam şəkildə çıxarışa qədər ərizəçi özü yerinə yetirəcəkdi. 2025-ci ilin avqust ayından halhazıradək o, ərizəçiyə icarə pulu vermir. Razılaşmaqlarında olmuşdu ki, icarə pulunu sonda haqqhesab edərkən nəzərə alınacaqdır. Çünki Ərizəçi onun dükanından oğlunun evinin təmiri üçün mal-material götürmüş və əşyaların pulunu nisyə yazdırmışdır. O, obyektdən əvvəllər anbar kim istifadə edirdi. Obyektin təmirinə 50000 manat pul xərcləmişdir, mal-materialı yığmaq üçün 20000 manat vitrin aksesuarlarına pul vermişdir. Obyektinin içində təxminən 200000 manata yaxın mal var. Istər təmir dövründə, istər təmirdən sonra ərizəçi bir dəfədə olsun obyektinə gələrək narazılığını bildirməmişdir. Əvvəldən və əzəldən də qiymətdə razılaşmışlar. 2026-cı ilin may ayı bilmişdir ki, Ərizəçi obyekti başqa adama qeyri-rəsmi şəkildə satmışdır. Obyekti alan Vüqar Əliyev adlı şəxs obyektinə gələrək buranın yeni sahibi olduğunu, icarə haqqını bundan sonra ona verməli olduğunu bildirmişdir. Onunla və Dövlət Səfərovla mübahisələri düşmüş və bu barədə hətta polisdə belə araşdırma getmişdir. Ərizəçi ona qarşı məhkəmədə obyektdən çıxarılma tələbi barədə iddia qaldırmışdır. O, həmin iddia tələbinə qarşı qarşılıqlı iddia tələbini hazırlayır, sözügedən iddia tələbinidə qəbul etmir. Məhkəmə heç bir araşdırma aparmadan, onun biznes sahəsini məhv edir. O, dövlətə vergi verən bir sahibkardır, mübahisəli obyektdə 3 nəfər işçi işlədir, qanunsuz qərar nəticəsində o, mağazasından təyinatı üzrə istifadə edə bilmir. Banklardan götürdüyü kreditləri var, aylıq öhdəlikləri var, bütün bunları dükanının işləməsi nəticəsində ödəyirdi. Amma və lakin indi heç bir ödənişi edə bilmir. Obyektin işləməsi Ərizəçi iddia tələbinə heç bir aidiyyatı yoxdur. Obyektdən çıxarılma vermiş, o da qarşılıqlı iddia olaraq ondan 70000 manat obyetdə qoyduğu təmir pulunu istəmişdir. Qərardadın əsaslandırıcı hissəsində yazılmışdır ki, tərəflər arasında olan münasibətlərin bu cür davam etməsi tərəflər arasında müəyyən problemlərin yaranmasına səbəb ola bilər. Bir cümlə ilə onun sahibkarlıq fəaliyyəti məhv edilmişdir. Obyektin işləməsi ərizəçinin hansı maraqlarına toxunur, hansı mötəbər sübuta istinad edilir ki, ərizə təmin edilmişdir. Ümumiyyətlə ərizəçinin iddia qaldırmağa subyektiv hüququ varmı? Icraatınızda olan iddia ərizəsi 6 ay ərzində yekunlaşacağı təqdirdə ona nə qədər ziyan dəyəcəyini bilirsinizmi? Obyekt işləyəcəyi təqdirdə ərizəçiyə hansı ziyanlar dəyə bilər. Ən pis halda 6 ayın icarə haqqısını əlavə alacaqdır. 5 səhifəlik qərardadda bir cümlə belə əsaslandırma aparılmamışdır. Həmçinin ən əsası onun ərizəçi ilə icarə müqaviləsi var, 12 il müddətinə o, obyekti icarə əsasında işlətmişdir. Həmin obyektdə külli miqdarda pul xərcləmişdir. Mülki mübahisə də gedir. Hesab edir ki, çıxarılmış qərardad qanunsuz olduğundan ləğv edilməlidir. Masallı Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-***)- ***/**** saylı qərardadının dəyişdirilmədən saxlanılması, Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-**(*-***)-***/**** saylı qərardadı ləğv edilməli, müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, müvəqqəti təminat tədbiri mübahisənin mahiyyəti üzrə həllinə qədər tərəflər arasında mövcud olan faktiki və hüquqi vəziyyətin qorunmasına xidmət edən müstəsna və müvəqqəti xarakterli prosessual vasitədir. Belə tədbirin tətbiqi yalnız ərizəçinin bunu tələb etməsi ilə şərtlənmir. Müvəqqəti təminat tədbirinin tətbiqi üçün konkret işin hallarından irəli gələn real zərurət mövcud olmalı, həmin tədbirin görülməməsinin gələcək məhkəmə müdafiəsini mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşdirəcəyi əsaslandırılmalı, habelə seçilmiş tədbir qarşı tərəfin hüquqlarına qoyulan məhdudiyyət baxımından qarşıya qoyulan məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinin mahiyyətindən də görünür ki, müvəqqəti təminat tədbirinin tətbiqinin əsasını cavabdehin və ya digər şəxslərin hərəkətləri nəticəsində mövcud vəziyyətin dəyişməsi və bunun nəticəsində ərizəçinin hüquqlarının gələcəkdə qorunmasının, təmin və ya bərpa edilməsinin mümkünsüz və yaxud əhəmiyyətli dərəcədə çətinləşməsi təhlükəsi təşkil edir. Eyni zamanda, həmin Məcəllənin 157.6cı maddəsi müvəqqəti təminat tədbirinin qarşıya qoyulan məqsədə mütənasib olmasını və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına səbəb olmamasını tələb edir. Birinci instansiya məhkəməsi də qərardadında məhz bu normalara istinad etmişdir. Lakin məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı işdə qeyd edilən şərtlərin mövcudluğu ərizəçi tərəfindən kifayət qədər əsaslandırılmamışdır. Belə ki, ərizəçi mübahisəli qeyri-yaşayış obyektindən cavabdehin istifadəsinin davam etməsinin konkret olaraq onun hansı hüququnun gələcəkdə müdafiəsini mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşdirəcəyini göstərməmişdir. Ərizənin əsaslandırılmasından görünür ki, tərəflər arasında uzun müddət ərzində həmin obyektlə bağlı istifadə münasibətləri mövcud olmuş, obyekt əvvəlki dövrdə cavabdehin istifadəsində olmuş, sonradan isə həmin münasibətlərin hüquqi əsası və obyektin istifadəsinin davam etdirilməsinin qanuniliyi barədə mübahisə yaranmışdır. Ərizəçinin öz izahatında da mağazanın təxminən on ilə yaxın müddətdə cavabdehə şifahi razılaşma əsasında icarəyə verildiyi göstərilmişdir. Bu baxımdan, cavabdehin mübahisəli obyektdən istifadə etməsinin özü, əlavə konkret təhlükə müəyyən edilmədən, Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş zərurət meyarının mövcudluğunu təsdiq edən hal kimi qəbul edilə bilməz. Ərizəçi cavabdehin gələcəkdə obyekti yararsız hala sala biləcəyi barədə narahatlığını bildirsə də, iş materiallarından həmin təhlükənin real, bilavasitə və qaçılmaz xarakter daşıdığını təsdiq edən kifayət qədər obyektiv məlumat müəyyən edilmir. Ərizəçinin istinad etdiyi hallar əsasən tərəflər arasında yaranmış mübahisəli münasibətlər və cavabdehə aid edilən ifadələrdən ibarətdir. Birinci instansiya məhkəməsi də həmin halların konkret olaraq mübahisəli obyektin mövcud vəziyyətinin dəyişdirilməsi təhlükəsi yaratmasını və belə təhlükənin yalnız obyektin istifadəsinin tam qadağan edilməsi yolu ilə qarşısının alına biləcəyini ayrıca müəyyən və əsaslandırmamışdır. Ərizəçinin bu istiqamətdə irəli sürdüyü hallar qərardadda əks etdirilsə də, onların müvəqqəti təminat tədbirinin tətbiqini zəruri edən konkret fakt kimi qiymətləndirilməsi aparılmamışdır. Əksinə, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyini əsaslandırarkən yalnız tərəflər arasında münasibətlərin bu formada davam etməsinin “müəyyən problemlərin yaranmasına səbəb ola biləcəyini” və iddianın təmin ediləcəyi halda gələcəkdə yeni mübahisələrə zəmin yarana biləcəyini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu cür ümumi və ehtimala əsaslanan mülahizələr şəxsin əmlakdan faktiki istifadəsinin bütövlükdə dayandırılması kimi intensiv hüquqi məhdudiyyətin tətbiqi üçün yetərli sayıla bilməz. Müvəqqəti təminat tədbirinin tətbiqi üçün gələcəkdə hər hansı mübahisənin yaranmasının abstrakt ehtimalı deyil, ərizəçinin hüquqlarının məhz hazırkı vəziyyət dəyişəcəyi təqdirdə müdafiəsinin mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyini göstərən konkret hallar mövcud olmalıdır. Digər tərəfdən, müvəqqəti təminat tədbiri seçilərkən tərəflərin mənafeləri arasında ağlabatan tarazlıq qorunmalıdır. Mübahisəli qərardadla cavabdehə 208 kv.m sahəsi olan qeyri-yaşayış obyektindən ümumiyyətlə istifadə etmək qadağan edilmişdir. Bununla da cavabdehin həmin obyektdə həyata keçirdiyi faktiki fəaliyyət iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək tamamilə dayandırılmışdır. Halbuki Mülki Prosessual Məcəllənin 157.6-cı maddəsi müvəqqəti təminat tədbirinin yalnız məqsədə mütənasib olmasını deyil, eyni zamanda qarşı tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına gətirib çıxarmamasını tələb edir. Hazırkı halda cavabdeh şikayətində mübahisəli obyektdə sahibkarlıq fəaliyyəti həyata keçirdiyini, orada işçilərinin çalışdığını, obyekt daxilində əhəmiyyətli həcmdə mal olduğunu və obyektin istifadəsinin tam qadağan edilməsinin fəaliyyətinin faktiki dayanmasına səbəb olduğunu bildirmişdir. Bu dəlillərin əsas mübahisənin mahiyyəti üzrə həlli baxımından nə dərəcədə əsaslı olması hazırkı mərhələdə müəyyən edilməsə də, müvəqqəti təminat tədbirinin mütənasibliyi qiymətləndirilərkən belə tədbirin qarşı tərəfə yaratdığı faktiki nəticələr nəzərə alınmalıdır. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, əsas iş üzrə iddia tələblərindən biri cavabdehin mübahisəli obyektdən çıxarılmasıdır. Müvəqqəti təminat tədbiri barədə ərizə ilə isə cavabdehin həmin obyektdən istifadəsinin əsas iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək qadağan edilməsi tələb edilmiş və birinci instansiya məhkəməsi həmin tələbi təmin etmişdir. Əsas iddianın predmetinin zəbt olunmuş obyektdən çıxarılma, obyektin əvvəlki vəziyyətə gətirilməsi və pul tələblərindən ibarət olduğu qərardadın özündə də göstərilmişdir. Bu səbəbdən tətbiq edilmiş tədbirin faktiki nəticəsi ilə əsas iddia üzrə tələb olunan hüquqi nəticə arasında əhəmiyyətli yaxınlıq yaranmışdır. Cavabdehin mübahisəli obyektdən istifadə imkanının bütövlükdə aradan qaldırılması, əsas iş üzrə tərəflərin hüquq və vəzifələri, o cümlədən cavabdehin obyektə sahiblik və istifadə etməsinin hüquqi əsasları tam araşdırılmamışdan əvvəl iddiaçının tələb etdiyi nəticənin mühüm hissəsinin faktiki olaraq təmin edilməsinə gətirib çıxarır. Müvəqqəti təminat institutu isə iddianın qabaqcadan təmin olunması və ya əsas mübahisənin nəticəsinin əvvəlcədən müəyyən edilməsi vasitəsi kimi çıxış edə bilməz. Onun funksiyası gələcək məhkəmə müdafiəsinin real və səmərəli qalmasını təmin etməkdən ibarətdir. Bu səbəbdən əsas iddia ilə faktiki olaraq eyni nəticəni doğuran təminat tədbiri yalnız xüsusilə ciddi və konkret əsaslandırılmış zərurət mövcud olduqda tətbiq edilə bilər. Birinci instansiya məhkəməsi qərardadında qəbul etdiyi tədbirin “işi qabaqcadan mahiyyəti üzrə həll etmədiyini” göstərsə də, həmin nəticəyə nə üçün gəldiyini və əsas iddia ilə tətbiq olunan qadağa arasındakı faktiki əlaqəni qiymətləndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti təminat tədbirinin formal olaraq müvəqqəti xarakter daşıması onun faktiki nəticələrinin nəzərə alınmamasına əsas vermir. Əgər tətbiq edilən məhdudiyyət əsas iddianın təmin olunması halında əldə ediləcək nəticəni tərəflərdən biri üçün məhkəmə araşdırması başa çatmamışdan əvvəl faktiki olaraq yaradırsa, belə tədbirin tətbiqi üçün zərurət və mütənasiblik xüsusilə diqqətlə yoxlanılmalıdır. Qeyd olunmalıdır ki, ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında müvəqqəti təminat tədbirləri tətbiq edilə bilməz - ərizəçidən gözlənilən odur ki, o, hüquqlarının müdafiəsi üçün iddia icraatının nə üçün yetərli olmadığını, nəyə görə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırsın. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər - ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Hazırkı iş üzrə isə ərizəçi mübahisəli obyektin cavabdehin istifadəsində qalmasının əsas iş üzrə çıxarılacaq məhkəmə aktının gələcək icrasını mümkünsüz və yaxud əhəmiyyətli dərəcədə çətinləşdirəcəyini, yaxud onun hüquqlarına bərpası mümkün olmayan konkret zərər vuracağını əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi də belə bir təhlükənin mövcudluğunu konkret faktlarla müəyyən etməmiş, yalnız tərəflər arasında gələcəkdə problemlərin və yeni mübahisələrin yarana biləcəyi ehtimalına əsaslanmışdır. Halbuki müvəqqəti təminat tədbirinin tətbiqi gələcəkdə ərizəçinin hüquqlarının müdafiəsinin mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşməsi təhlükəsinin aradan qaldırılmasına xidmət edir. Əksinə, hazırkı halda cavabdehin uzun müddətdir faktiki istifadəsində olan və onun sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdən istifadəsinin tam şəkildə qadağan edilməsi tərəflər arasında əlavə əmlak, zərər, gəlirdən məhrum olma və digər tələblərlə bağlı yeni məhkəmə mübahisələrinin yaranmasına rəvac verə bilər. Belə olan halda məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, mübahisəli qeyri-yaşayış obyektindən cavabdehin istifadəsinin tamamilə qadağan edilməsi Mülki Prosessual Məcəllənin 157.2 və 157.6-cı maddələrində müəyyən olunmuş zərurilik və mütənasiblik tələblərinə cavab vermir, əks tərəfin hüquqlarının işin hazırkı mərhələsində lüzumsuz və həddindən artıq məhdudlaşdırılmasına səbəb olur. Odur ki, Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-**(*-***)-***/**** saylı qərardadı qanuni və əsaslı hesab edilə bilməz, həmin qərardad ləğv edilməli və Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-159-cu, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-**(*-***)-***/**** saylı qərardadı ləğv edilsin. Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar