Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-16(3-9)-129/2026 24.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə ##.##.2026-ci il tarixdə Füzuli Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Cavabdeh qarşı tərəfindən “şərəf və ləyaqətin müdafiə edilməsi, mənəvi zərərlə” bağlı veriləcək iddia tələbi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək həqiqətə uyğun olmayan, böhtan xarakterli, şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən, həmçinin barəsində olan istənilən məlumatların kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə, digər kütləvi informasiya vasitələrində, şəxsi hesablarında və digər hesablarda yayılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə (hakim Səkinəxanım Məmmədli) ərizə qismən təmin edilmiş, ərizəçi Ərizəçi barəsində *(*- ***)-****/**** saylı iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək həqiqətə uyğun olmayan, böhtan xarakterli, böhtan xarakterli, şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən məlumatların kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə, digər kütləvi informasiya vasitələrində, şəxsi hesablarında və digər hesablarda yayılmasının cavabdeh Cavabdeh qadağan edilməsi, qərardadın dərhal icra edilməsi və ərizənin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh şikayət verərək qərardadın ləğv edilərək ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsi, əks halda qərardaddan verilmiş şikayətin işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəçinin irəli sürdüyü iddiaları əsasən olduğu kimi təkrarlamış, həmin iddiaların ilkin sübutlarla nə dərəcədə təsdiq edildiyini konkret və hərtərəfli şəkildə qiymətləndirməmişdir. Belə ki, ərizəçi tərəfindən onun sosial şəbəkədə müəyyən ifadələr işlətməyi iddia edilmiş, lakin həmin ifadələrin hüquqi baxımdan həqiqətə uyğun olmayan məlumat, böhtan, yaxud şərəf və ləyaqəti ləkələyən məlumat olmasının ilkin sübutlarla təsdiqlənməsi məsələsinə lazımi hüquqi qiymət verilməmişdir. Müvəqqəti təminat tədbirinin tətbiqi üçün sadəcə olaraq iddiaçının subyektiv mövqeyinin mövcudluğu kifayət edə bilməz. Məhkəmə ən azı ilkin mərhələdə iddia tələbinin əsaslılığı barədə real və obyektiv əsasların mövcudluğunu müəyyən etməli idi. Əks halda, istənilən şəxs qarşı tərəfin hər hansı ifadəsini “böhtan” və ya “şərəf və ləyaqəti ləkələyən məlumat” adlandırmaqla, məhkəmə qərarı vasitəsilə həmin şəxsin gələcək ifadə və davranışlarına qeyri–müəyyən müddətə qadağa qoyulmasına nail ola bilər. Tətbiq edilmiş qadağa qeyri–müəyyən və həddindən artıq genişdir. Qərardadın nəticə hissəsində ona “həqiqətə uyğun olmayan, böhtan xarakterli, şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən məlumatların” yayılması qadağan edilmişdir. Lakin hansı konkret məlumatların nəzərdə tutulduğu qərardaddan müəyyən edilmir. Başqa sözlə, qərardadda hansı konkret ifadələrin, hansı konkret məlumatların, hansı konkret paylaşımın və hansı konkret hərəkətin qadağan edildiyini müəyyən etmir. Bu isə qərardadın icrası baxımından ciddi qeyri–müəyyənlik yaradır. Qərardadın belə geniş formada ifadə edilməsi nəticəsində o, gələcəkdə sosial şəbəkədə hansı məlumatı paylaşmağının həmin qərardadın pozuntusu hesab ediləcəyini əvvəlcədən müəyyən edə bilmir. Daha mühüm hal ondan ibarətdir ki, məhkəmə özü də ərizəçinin “barəsində olan istənilən məlumatların yayılması” və “digər şəxslərə qadağan edilməsi” barədə tələblərini qeyri–müəyyən hesab edərək həmin hissədə ərizəni təmin etməmişdir. Qərardadda bunun səbəbi kimi həmin hissənin qeyri–müəyyən olması və qadağanın kimin üzərinə qoyulmasının icranı mümkünsüz etməsi göstərilmişdir. Belə olan halda, məhkəmənin təmin etdiyi hissədə də “həqiqətə uyğun olmayan”, “böhtan xarakterli”, “şərəf və ləyaqəti ləkələyən” və “işgüzar nüfuza xələl gətirən” məlumatların konkretləşdirilməməsi eyni hüquqi qeyri–müəyyənliyi yaradır. Hazırkı qərardadla isə ona faktiki olaraq çox geniş dairədə sosial şəbəkələrdə və digər kütləvi informasiya vasitələrində məlumat yaymaq qadağan edilmişdir. Məhkəmə konkret olaraq hansı hərəkətin gələcəkdə ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşdirəcəyini müəyyən etməmişdir. Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2-ci maddəsinə əsasən iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7-ci maddəsinə əsasən Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. 160.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir. Qeyd edilən prosessual hüquq normalarının təhlilindən müəyyən edilir ki, hər bir kəs hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ vardır. Hər bir şəxs məhkəməyə müraciət edərkən iddia tələbinə mahiyyəti üzrə baxıb müvafiq məhkəmə aktı qəbul edilənə kimi müvafiq risklərdən, itkilərdən azad olunmaq üçün cavabdehə müəyyən hərəkətləri etməkdən çəkinməsi üçün tədbirlər görülməsini xahiş edə bilər. Əgər həmin hərəkətlərin cavabdeh tərəfindən realizə edilməsi müəyyən itkilərin yaranmasının əsas olacaqdırsa iddia tələbi üzrə qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəyə minənədək qadağan edilə bilər. O da nəzərə alınmalıdır ki, müvəqqəti təminat barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məhkəmə tərkibi şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən verilmiş şikayətlə bağlı gəldiyi nəticə prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə cavabdehin ilkin sübutların iddia tələbinin əsaslılığını təsdiq etmədiyi barədə dəlili əsassızdır. İş materiallarında olan Cavabdeh məxsus olan “Tiktok” sosial şəbəkə platformasında “sevinc_huseynova91” adlı hesabla edilmiş paylaşımlar aydın olur ki, cavabdeh Cavabdeh ərizəçi Ərizəçi qarşı nalayiq (qərardadda qeyd edilməsi mümkün olmayan) ifadələr işlətmişdir. Vurğulanmalıdır ki, cavabdehin istifadə etdiyi ifadələr xüsusilə nalayiq və insanın ləyaqətini alçaldan xarakter daşıyır. Lakin məhkəmə aktları rəsmi hüquqi sənəd olduğu üçün həmin ifadələrin tam məzmununun göstərilməsi məqsədəuyğun deyil. Hüquqi baxımdan ifadələrin məzmunu deyil, onların hüquqa zidd olması və nəticədə tərəfin mənəvi zərərə məruz qalması əsasdır. Bu səbəbdən də həmin ifadələrin tam yazılması deyil, ümumi formada “nalayiq ifadələr işlədilməsi ilə ləyaqətin alçaldılması” kimi qeyd olunması kifayətdir. Məhkəmə tərkibi qeyd edir ki, şərəf və ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusudur. Şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti, ləyaqət isə həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissini müəyyən edir. Şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların, təhqiredici və ya ittihamedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılması tələb edilirsə, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan şəxsə söylənilməsi kifayət edir. Bu baxımdan hətta kütləvi yayılma halı olmadan ünvanlandığı şəxsin şəxsiyyətinə uyğun olmayan, onu açıq-aşkar alçaldan, nüfuzdan salan ifadələr zərərçəkənin ləyaqətini alçaltmaqla onun mənəvi iztirab və sarsıntı keçirməsinə, başqa sözlə mənəvi zərərə məruz qalmasına səbəb ola bilər. Hazırkı iş üzrə cavabdeh Cavabdeh ərizəçi Ərizəçi qarşı nalayiq ifadələr işlətməsi iş materiallarında olan ilkin sübutlarla təsdiq olunduğundan, həmin ifadələrin ərizəçinin ləyaqətinə toxunduğu və onu alçaldıcı xarakter daşıdığı qənaətinə gəlməyə əsas verir. Məhkəmə tərkibi şikayətin yuxarıda qeyd edilən dəlillərini əsassız hesab edir. Belə ki, qərardadda qadağan edilən məlumatların xarakteri aydın şəkildə müəyyən edilmiş, söhbətin ərizəçinin şərəf və ləyaqətinə toxunan, onu alçaldan və nüfuzdan salan ifadələrdən getdiyi göstərilmişdir. Bu xarakterli ifadələrin hamılıqla qəbul edilmiş mənada şəxsin şərəf və ləyaqətini alçaltması mübahisəsiz olduğu üçün onların hər birinin ayrıca sadalanması nə zəruri, nə də mümkündür. Həmin ifadələrin hər birinin məhkəmə aktında ayrıca sadalanması isə zəruri olmadığı kimi, ifadələrin məzmununun məhkəmə aktında yenidən əks etdirilməsi də məqsədəuyğun deyildir. Belə ki, bu cür ifadələrin sözbəsöz sadalanmasının tələb edilməsi ərizəçinin hüquqlarının müdafiəsinə deyil, həmin ifadələrin yenidən yayılmasına səbəb ola bilər. Odur ki, cavabdehin qərardadın konkret ifadələri sadalamaması barədə dəlili mahiyyət etibarilə qərardadın icrasına maneə yaradan qeyrimüəyyənliyin mövcudluğunu deyil, qadağanın dairəsindən yayınmağa yönəlmiş formal mülahizəni ifadə edir. Həmçinin tətbiq edilmiş müvəqqəti təminat tədbiri cavabdehin hər hansı qanuni hüququnu əsassız olaraq məhdudlaşdırmır; cavabdeh öz fikir və məlumatlarını ifadə etmək hüququnu saxlayır, yalnız ərizəçinin şərəf və ləyaqətinə toxunan, onu alçaldan və həqiqətə uyğun olmayan məlumatların yayılmasından çəkinməlidir. Bununla yanaşı, cavabdehin istifadə etdiyi ifadələrin həqiqətə uyğun olub-olmamasının, habelə həmin ifadələrin böhtan xarakteri daşıyıb-daşımamasının hazırkı müvəqqəti təminat tədbirinin tətbiqi mərhələsində tam və hərtərəfli araşdırılması məhkəmə araşdırmasının predmeti deyildir. Həmin məsələlər iddia tələbinin mahiyyəti üzrə həll edilməsi zamanı, tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırılmalı və müvafiq hüquqi qiymət verilməlidir. Hazırkı mərhələdə isə məhkəmənin vəzifəsi Mülki Prosessual Məcəllənin 157.2 və 157.5-ci maddələrinin tələblərinə uyğun olaraq, müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi riskinin mövcudluğunu, habelə irəli sürülmüş iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların olub-olmadığını müəyyən etməkdən ibarətdir. Odur ki, cavabdehin mübahisəli ifadələrin böhtan olub-olmamasının hazırkı mərhələdə araşdırılmalı olması barədə dəlili müvəqqəti təminat tədbirinin hüquqi mahiyyəti ilə uzlaşmır. Qeyd edilənləri nəzərə alan məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qərara aldı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-9)-129/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-9)-129/2026
24.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver