Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-16(3-9)-63/2026 21.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-16(4-14)-67/2026 saylı qərardadından cavabdeh İsayev Azər Xanəli oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyən etdi: Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə “müvəqqəti təminat tədbirinin tətbiqi barədə” ərizə ilə müraciət edərək, hazırkı iş üzrə iddiaya baxılıb yekun qətnamənin icra edilməsinədək cavabdeh – İsayev Azər Xanəli oğluna məxsus bank hesablarındakı pul vəsaiti üzərinə iddia tələbi həcmində - 19789 (on doqquz min yeddi yüz səksən doqquz) manat məbləğində həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi MMC tərəfindən cavabdeh İsayev Azər Xanəli oğluna qarşı Şirvan Kommersiya Məhkəməsində iddia qaldırılaraq əsas borc olaraq - 18141 manat, bank uçot faiz dərəcəsi olaraq - 1179 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə vəkil qurumuna ödənilmiş - 320 manat və dövlət rüsumu olaraq ödənilmiş - 149 manat, ümumilikdə 19789 (on doqquz min yeddi yüz səksən doqquz) manat məbləğində pul vəsaitinin cavabdeh İsayev Azər Xanəli oğlundan tutularaq Ərizəçi MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Aşağıdakı əsaslara görə hesab edilir ki, cavabdehin bank hesablarında olan pul vəsaiti üzərinə, iddia tələbi həcmində (19789 (on doqquz min yeddi yüz səksən doqquz) manat) həbs qoyulması barədə müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair qərardad qəbul edilməlidir. İddiaçı İlk olaraq qeyd edir ki, İddia tələbinin kifayət qədər əsaslılığına dair kifayət qədər ilkin sübutlar məhkəməyə təqdim edilmişdir. İkinci olaraq 1 il yarımdır ki, dəfələrlə şifahi, 4 dəfə isə rəsmi qaydada onlayn kargüzarlıq vasitəsilə cavabdehə müraciət edilməsinə baxmayaraq cavabdehin müxtəlif bəhanələrlə ödənişdən yayınması səbəbindən mövcud vəziyyətin dəyişəcəyi təqdirdə hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağından və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyindən əmin olduğun bildirmişdir. Belə ki, iddia qaldırıldıqda cavabdehin bank hesablarındakı hesabında olan (hesaba daxil olan) pul vəsaitlərini məqsədyönlü olaraq çıxara bilər, maliyyət hesabında olan pul vəsaitini dağıda bilər və bununla da gələcəkdə qətnamənin icrasında süni problemlər yarada bilər. Başqa sözlə, iş üzrə cavabdehin uzun müddət ərzində öhdəliyini qərəzli olaraq yerinə yetirməməsi, ödəməli məbləği ödəməkdən dolayısıyla müxtəlif bəhanələrlə boyun qaçırması deməyə əsas verir ki, iddia qaldırıldıqdan sonra cavabdehin bank hesablarında olan (hesaba daxil olan) pul vəsaitlərini məqsədyönlü olaraq çıxarması ehtimalı böyükdür. Belə vəziyyətin gələcəkdə qətnamənin icrasının həyata keçirilməsində ciddi problem yaradacağı qeyd edilmişdir. Odur ki, bu riskin qarşısını almaq məqsədilə verilmiş ərizə əsaslı hesab olunaraq onun təmin olunması haqqında qərardad qəbul edilməlidir. Şirvan Kommersiya Məhkəməsinin e-**(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı Ərizəçi MMC-nin cavabdeh İsayev Azər Xanəli oğluna qarşı “müvəqqəti təminat tədbirinin tətbiqi”nə dair iddia ərizəsinin qismən təmin edilməsi, cavabdeh Azər Xanəli oğlunun “xxxx” QSC-nin Lənkəran filialında olan hesabına 18141 manat (on səkkiz min bir yüz qırx bir) manat həcmində həbs qoyulması qərara alınmışdır. Cavabdeh İsayev Azər Xanəli oğlu ##.##.2026-cı il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, bank hesabına sərəncam qoyulması barədə çıxarılmış ##.##.2026-cı il tarixli, № e-**(*-**)-**/**** saylı qərardadın ləğv edilməsini xahiş etmiş, həmçinin, o, iş üzrə iddianın əsaslılığının tam, obyektiv və hərtərəfli araşdırılmasını, təqdim ediləcək sübutların (səs yazıları və digər materialların) məhkəmə tərəfindən qəbul edilərək qiymətləndirilməsini, eləcə də mübahisəli müqavilənin hüquqi qüvvəsinin və onun saxta (uydurma) əqd olubolmamasının ayrıca araşdırılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin yuxarıda mübahisələndirilən qərardadı ilə İsayev Azər Xanəli oğlu iş üzrə çıxarılmış qərardaddan qanunvericilikdə nəzərdə tutulmuş qaydada şikayət verərək bildirmişdir ki, həmin qərardad əsassız, qanunsuz və işin faktiki hallarına uyğun olmayan şəkildə qəbul edilmişdir. Belə ki, iddiaçı Ərizəçi MMC tərəfindən ona qarşı irəli sürülmüş iddia tələbi guya tərəflər arasında bağlanmış müqaviləyə əsaslanır. Lakin həmin müqavilə yalnız formal xarakter daşımış, real hüquqi və iqtisadi münasibətləri əks etdirməmişdir. Müqavilənin bağlanmasına baxmayaraq, onun predmetini təşkil edən hər hansı mal alqı-satqısı faktiki olaraq baş verməmiş, onun tərəfindən iddiaçıdan heç bir mal qəbul edilməmiş və hər hansı borc öhdəliyi yaranmamışdır. Mübahisənin mahiyyəti ondan ibarətdir ki, Masallı rayonunda pərakəndə satış fəaliyyəti ilə məşğul olan Mirələm Mirvaleh oğlu adlı şəxs iddiaçı ilə əməkdaşlıq etmiş və müəyyən səbəblərdən maliyyə əməliyyatlarının İsayev Azər Xanəli oğlunun bank hesabı vasitəsilə həyata keçirilməsini xahiş etmişdir. Bu məqsədlə tərəflər arasında formal müqavilə bağlanmış, lakin həmin müqavilə real iqtisadi münasibətləri deyil, yalnız texniki vasitəçilik xarakterini daşımışdır. Faktiki olaraq malların təqdim edilməsi və pul vəsaitlərinin hərəkəti Mirələm Mirvaleh oğlu ilə iddiaçı arasında baş vermiş, İsayev Azər Xanəli oğlu isə bu münasibətlərdə yalnız formal tərəf kimi göstərilmişdir. Daha mühüm məqam ondan ibarətdir ki, əldə olan sübutlar, o cümlədən səs yazıları açıq şəkildə təsdiq edir ki, ## ######## 2024cü il tarixli, № ****/** saylı müqavilə real iradə ifadəsini əks etdirmir və uydurma (saxta) əqd xarakteri daşıyır. Borc öhdəliyi faktiki olaraq ona aid olmamaqla yanaşı, onun adına süni şəkildə borc formalaşdırılmışdır. Hesabına tətbiq edilmiş məhdudiyyət əsassız iddia üzərində qurulmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi işin mahiyyətini tam, obyektiv və hərtərəfli araşdırmadan, təqdim edilə biləcək sübutları nəzərə almadan və iddianın əsaslı olub-olmaması məsələsini kifayət qədər qiymətləndirmədən onun bank hesabına sərəncam qoyulması barədə qərardad qəbul etmişdir. Qeyd edilmişdir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, iddianın təmin edilməsi tədbirləri yalnız o halda tətbiq edilə bilər ki, belə tədbirlərin görülməməsi gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Həmçinin, bu tədbirlər mütənasib olmalı və tərəflərin hüquq və qanuni mənafelərinə əsassız müdaxilə etməməlidir. Hazırkı halda isə iddianın əsaslı olub-olmaması ciddi şübhə altındadır. Müqavilənin hüquqi qüvvəsi mübahisəlidir və onun saxta əqd olması ehtimalı yüksəkdir. Onun heç bir real borc öhdəliyi mövcud olmasa da, buna baxmayaraq ən sərt təminat tədbirlərindən biri tətbiq edilmişdir. Nəticə etibarilə, bank hesabına sərəncam qoyulması onun sahibkarlıq fəaliyyətinə ciddi maneələr yaradır, gündəlik maliyyə əməliyyatlarını iflic edir, tərəfdaşlar qarşısında öhdəliklərini yerinə yetirməsini çətinləşdirir və işgüzar nüfuzuna ciddi zərbə vurur. Bu isə gələcəkdə daha böyük maddi zərərlə üzləşməsinə səbəb ola bilər. Bildirilir ki, iddia tələbi ilə qətiyyən razı deyil və həmin iddiaya qarşı ayrıca qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəkdir. Həmçinin, mövcud olan səs yazılarını və digər sübutları məhkəməyə təqdim edərək işin həqiqi hallarının araşdırılmasını təmin edəcəkdir. Səs yazıları iş üzrə mühüm sübut kimi təqdim olunacaq və həmin yazılardan aydın şəkildə görünür ki, tərəflər arasında bağlanmış müqavilə real iqtisadi münasibətləri əks etdirmir. Bu yazılarda Mirələm adlı şəxsin təşəbbüsü ilə müqavilənin formal şəkildə bağlandığı, faktiki mal dövriyyəsinin onun iştirakı olmadan həyata keçirildiyi və pul vəsaitlərinin yalnız onun hesabı üzərindən ötürüldüyü açıq şəkildə təsdiqlənir. Bu yazılar həmçinin onu göstərir ki, iddia olunan borc öhdəliyi əslində ona aid deyil və onun adına əsassız şəkildə formalaşdırılmışdır. Eyni zamanda qeyd etmişdir ki, göstərilən səs yazıları texniki səbəblərə görə elektron məhkəmə sisteminə yüklənə bilmədiyindən, həmin sübutlar CD daşıyıcısında məhkəməyə poçt vasitəsilə göndərilmişdir. Xahiş etmişdir ki, təqdim olunmuş bu sübutlar qəbul edilərək iş materiallarına əlavə edilsin və araşdırma zamanı nəzərə alınsın. Hesab edir ki, məhkəmə tərəfindən çıxarılmış qərardad işin faktiki hallarına uyğun deyil, sübutlar tam və hərtərəfli araşdırılmadan qəbul edilmişdir. Qərardad mütənasiblik prinsipini pozaraq onun hüquq və qanuni mənafelərinə əsassız müdaxilə edir. Cavabdeh İsayev Azər Xanəli oğlu tərəfindən ## ##### 2026-cı il tarixli, e-16(4-14)- 67/2026 saylı qərardaddan verilmiş şikayət Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026cı il tarixli, e-16(4-14)-67/2026 nömrəli qərardadı ilə təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılaraq həmin qərardaddan verilmiş şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qəradad qanuni və əsaslıdır. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri maraqlı şəxsin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir, 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər, 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir, 158.1.3-cü maddəsinə əsasən mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi müvəqqəti təminat tədbiri tətbiq edilə bilər. Azərbaycan Respublikasının MPM-nin 157.6-cı maddəsinin tələbinə görə, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci l tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
1. İlk növbədə nəzərə alınmalıdır ki, iş üzrə iddia tələbi konkret pul öhdəliyindən irəli gəlmişdir. İş materiallarından görünür ki, Ərizəçi MMC cavabdeh İsayev Azər Xanəli oğluna qarşı əsas borc kimi 18.141 manat, faiz borcu, vəkil haqqı və dövlət rüsumu daxil olmaqla ümumilikdə 19.789 manat məbləğində pul tələbi irəli sürmüşdür. Eyni zamanda, müvəqqəti təminat tədbiri barədə ərizəyə əlavə edilmiş ilkin sübutların təhlili nəticəsində birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehin hesabına 18.141 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bu fakt xüsusi əhəmiyyət kəsb edir. Çünki müvəqqəti təminat tədbirinin tətbiqi mərhələsində məhkəmə mübahisəni mahiyyəti üzrə həll etmir, yalnız iddianın “prima facie” əsaslılığına və gələcək icranın təhlükə altında olub-olmamasına qiymət verir. Hazırkı işdə isə pul vəsaitinin cavabdehin hesabına köçürülməsi faktı ilkin yazılı sübutlarla təsdiqləndiyindən, məhkəmənin iddia tələbinin kifayət qədər əsaslandırıldığı nəticəsinə gəlməsi tam qanuni olmuşdur.
2. Cavabdeh şikayətində müqavilənin formal xarakter daşıdığını, malların faktiki təqdim edilmədiyini, münasibətlərin əslində Mirələm Mirvaleh oğlu adlı şəxslə bağlı olduğunu və müqavilənin saxta əqd olduğunu bildirmişdir. Lakin həmin dəlillər işin mahiyyəti üzrə araşdırılmalı olan hallardır və müvəqqəti təminat tədbiri mərhələsində həmin arqumentlərin tam sübuta yetirilməsi tələb olunmur. Əksinə, MPM-in 157-ci maddəsinin məqsədi məhz yekun məhkəmə araşdırması başa çatana qədər gələcək icranın təhlükə altına düşməsinin qarşısını almaqdır. Cavabdehin müqavilənin saxta olması ilə bağlı arqumentləri hələ məhkəmə tərəfindən araşdırılmamış iddialardır və həmin arqumentlərin mövcudluğu özlüyündə müvəqqəti təminat tədbirinin tətbiqini istisna etmir.
3. Bundan başqa, cavabdehin şikayətində göstərdiyi “səs yazıları”, “formal müqavilə”, “texniki vasitəçilik” və digər arqumentlər ilkin və obyektiv sübutlarla təsdiq olunmamışdır. Cavabdeh yalnız gələcəkdə müəyyən sübutlar təqdim edəcəyini bildirmiş, lakin müvəqqəti təminat tədbirinin tətbiq olunduğu anda iddiaçının təqdim etdiyi yazılı sübutları təkzib edən hər hansı mötəbər sənəd təqdim etməmişdir. Əksinə, iş materiallarında iddiaçı tərəfindən pul vəsaitinin məhz cavabdehin hesabına köçürülməsini təsdiq edən sənədlər mövcuddur və birinci instansiya məhkəməsi həmin sübutlara əsaslanaraq cavabdehin hesabına həbs qoyulmasını zəruri hesab etmişdir.
4. İş materiallarında əks olunmuş digər mühüm hal ondan ibarətdir ki, iddiaçı cavabdehin uzun müddət ərzində ödənişdən yayınmasını, dəfələrlə edilən müraciətlərə baxmayaraq borcun ödənilməməsini və cavabdehin gələcəkdə hesabındakı vəsaiti çıxarmaqla qətnamənin icrasını çətinləşdirə biləcəyini əsaslandırmışdır. Birinci instansiya məhkəməsi də haqlı olaraq bu riskin real olduğunu nəzərə almışdır. Çünki mübahisə pul tələbi ilə bağlıdır və pul vəsaiti öz mahiyyətinə görə asanlıqla başqa hesablara köçürülə və ya istifadə edilə bilər. Belə vəziyyətdə gələcək icranın təmin edilməsi üçün bank hesabına həbs qoyulması MPM-in 157.2-ci maddəsinin məqsədinə tam uyğundur.
5. Cavabdeh şikayətində bank hesabına qoyulmuş həbsin onun sahibkarlıq fəaliyyətini iflic etdiyini və işgüzar nüfuzuna zərər vurduğunu bildirsə də, həmin arqumentlər də konkret sübutlarla təsdiqlənməmişdir. Cavabdeh hesabın tam bloklanması, əmək haqqı ödənişlərinin dayanması, vergi öhdəliklərinin icra olunmaması və ya fəaliyyətinin faktiki dayanması barədə hər hansı maliyyə sənədi təqdim etməmişdir. Digər tərəfdən, tətbiq edilmiş həbs yalnız iddia tələbi həddində, 18.141 manat məbləğində olmuşdur. Bu isə göstərir ki, məhkəmə cavabdehin bütün əmlakına deyil, yalnız iddia predmetinə uyğun hissədə məhdudiyyət tətbiq etmişdir.
6. Birinci instansiya məhkəməsi həmçinin MPM-in 158.3-cü maddəsində nəzərdə tutulan ardıcıllıq prinsipini də düzgün tətbiq etmişdir. Həmin normaya əsasən, ilk növbədə cavabdehin hesabında olan pul vəsaitlərinə həbs qoyulması nəzərdə tutulur. Hazırkı işdə də məhkəmə birbaşa pul tələbi üzrə ilk növbədə pul vəsaitinə yönəlmiş təminat tədbiri seçmişdir ki, bu da qanunun birbaşa tələbidir.
7. Bundan əlavə, cavabdehin müqavilənin etibarsızlığı və ya saxta əqd olması ilə bağlı arqumentləri müvəqqəti təminat tədbirinin tətbiqinə mane olmur. Çünki həmin hallar yalnız iş mahiyyəti üzrə araşdırıldıqdan sonra müəyyən edilə bilər. Əgər gələcəkdə iddia rədd edilərsə və ya cavabdehin arqumentləri təsdiq olunarsa, MPM-in 162.3-cü maddəsinə uyğun olaraq tətbiq edilmiş təminat tədbiri ləğv edilə bilər. Lakin hazırkı mərhələdə məhkəmə yalnız ilkin riskləri və təqdim edilmiş sübutların yetərliliyini qiymətləndirir. Birinci instansiya məhkəməsi də məhz bunu etmişdir. İş materiallarında olan sübutları, tətbiq edilməli maddi və prosessual hüquq normalarını məcmu halında qiymətləndirən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qərardadın dəyişdirilmədən saxlanılmasını zəruri sayır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı işin hallarına və qanunvericiliyin tələblərinə uyğun qəbul edilmiş, qanuni və əsaslı olmuşdur. Odur ki, qərardad dəyişdirilmədən saxlanılmalı, verilmiş şikayət isə təmin edilməməlidir. Beləliklə, birinci instansiya məhkəməsi doğru qənaətə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası
Qərara aldı:
Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-16(4-14)-67/2026 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.