Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-16(3-9)-96/2026 31.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli tarixli qərardadından (hakim N.Misirzadə) ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə, məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Ərizəçi Ərizəçi MMC – (cavabdeh “xxxx” MMC) müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin “xxxx” ASC-də yerləşən IBAN H\H:AZ42RBTA00400300100944302257; M\H:AZ61NABZ01350100000000006944; S.W.İ.F.T:RBTAAZ22, VÖEN:**********, kod: 506399 olan bank hesabına; Azərbaycan Respublikasında mövcud olan bank və digər kredit təşkilatlarındakı cavabdehə məxsus hesablarda olan pul vəsaitləri üzərinə; cavabdehə məxsus bütün daşınar və daşınmaz əmlakın üzərinə iddia tələbi həcmində, yəni ümumilikdə 28.103,52 manat həcmində həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2022-ci il tarixli, ***/** saylı “yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə bağlanmışdır. Cavabdeh öz üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyinə görə ona qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət olunaraq, cavabdehdən ##.##.2022-ci il tarixli, ***/** saylı müqavilə üzrə 21203,72 manat məbləğində əsas borcun (ƏDV daxil), 6360 manat məbləğində cərimə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 539,08 manat pulun, ümumilikdə 28103,52 manat pul məbləğinin və 191,74 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Belə ki, hazırda məhkəməyə baxılması üçün müvəqqəti təminat tədbirlərinin təmin etmək haqqında ərizənin də təqdim edilməsi zərurəti vardır. Əks halda, müvəqqəti təminat tədbirlərinin tətbiq edilməməsi gələcəkdə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmamasına və ya əhəmiyyətli dərəcədə çətinləşdirməsinə səbəb ola bilər. Bu əsasla, cavabdehə məxsus “xxxx” ASC-də yerləşən bank hesabına, həmçinin, cavabdehin digər bank və kredit təşkilatlarında olan hesablarına həbs qoyulmalıdır. Belə ki, iddia tələbindən də təsdiq olunduğu kimi cavabdehin iddiaçıya olan borcu vardır və iddiaçıya məlum olan hazırkı bank hesabındakı məbləğ iddia tələbi həcminə mütənasib olmaya bilər. Bununla bərabər, cavabdehin digər bank hesabları ilə bağlı məlumat iddiaçının bilavasitə özünün əldə edə biləcəyi informasiya olmadığından, həmin məlumatın iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsi də özlüyündə mümkünsüzdür. Lakin, müvəqqəti təminat tədbirləri institutunun mahiyyətinin gələcəkdə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısının alınması olduğundan hesab edirik ki, müvəqqəti təminat tədbirlərinin təmin etmək üçün tədbir kimi, cavabdehin bank və digər kredit təşkilatlarındakı hesablarında olan pul vəsaitləri üzərinə də iddia tələbi həcmində həbs qoyulmalıdır. Artıq uzun müddətdir ki, cavabdehin hər vəchlə ödənişdən yayınma cəhdləri özlüyündə ilkin vəziyyətdə işin ədalətli həlli üçün müvafiq müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyini sübut etməkdədir. Belə ki, mübahisənin məhkəməyə qədərki həlli istiqamətində görülən tədbirlər üzrə cavabdehə göndərilmiş pretenziya üzrə heç bir nəticə əldə edilməməsi cavabdehin ödənişdən yayınmaq üçün müxtəlif üsullara müraciət edəcəyini, bununla da ərizəçinin hüquqlarının qorunmasının çətinləşəcəyini sübut etməkdədir. Həmçinin, təqdim edilmiş müqavilə, maliyyə arayışı, göstərilmiş xidmətlər üzrə elektron qaimələr və qoşmada təqdim edilmiş bütün digər sənədlər iddia tələbinin əsaslılığının ilkin sübutudur. Habelə, müvəqqəti təminat tədbirinin tətbiq edilmədiyi halda gələcəkdə çıxarılacaq qətnamə üzrə cavabdeh tərəfindən qətnamənin “icrasının onlar tərəfindən mümkün olmadığı” donunu geyindirmək üçün sui istifadə halları üzrə hərəkətliliyə səbəb olacaqdır ki, bu da məhz MPM-nin 157.2-ci maddəsində təsbit edildiyi kimi ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmamasına və ya qorunmanın əhəmiyyətli dərəcədə çətinləşəcəyinə birbaşa istiqamətləndirəcəkdir. Nəzərə alınmalıdır ki, cavabdeh müvafiq iş üzrə icraat davam etdiyi müddətdə məhdudiyyət qoyulmadığı təqdirdə müvafiq əmlaklarının üzərində istənilən sərəncam verməyi, habelə bank hesablarında olan pulun nağdlaşdırılmasına və ya hər hansı digər formada çıxarılmasında və digər hərəkətləri etməkdə azaddır. Belə olduğu halda isə qətnamə çıxarıldığı halda belə, ərizəçinin hüquqları cavabdeh tərəfindən qəsdli olaraq pozulmaqda davam edəcəkdir. Habelə, qoyulacaq həbs yalnız iddia tələbi həcmində olacağından və cavabdehin əmək haqqı, vergi və digər məcburi dövlət ödənişlərinə məhdudiyyət qoymayacağından bu nüansda belə müvafiq tədbir cavabdehin hüquqlarını məhdudlaşdırmayacaq, mütənasiblik prinsipi tam olaraq gözləniləcək və bu yalnız ədalətin bərpası naminə ərizəçinin hüquqlarının qorunmasına xidmət edəcəkdir. Şirvan Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək “xxxx” MMC-yə məxsus “xxxx” ASC-də olan olan H/h: AZ**RBTA******************** nömrəli bank hesabındakı 21.203,72 manat həcmində pul vəsaitlərinin üzərinə işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan həbs qoyulması, ərizənin qalan hissədə təmin edilməməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Ərizəçi Ərizəçi MMC “müvəqqəti təminat tədbirinin tətbiqi barədə” qərardaddan şikayət verərək, Şirvan Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadını ləğv edilməsini, müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizənin tam təmin edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hal-hazırki situasiyada göstərilən xidmətin qarşılığını cavabdeh ödəməkdən hər vəchlə yayınır. Müraciətlərə, zənglərə cavab verilmir. Cavabdehin bütün bank hesablarında olan pul vəsaitlərinin, o cümlədən daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulmasının cavabdehin fəaliyyətini iflic vəziyyətinə salması əsaslı deyil və müvəqqəti təminat tədbirinin qismən təmin edilərək cavabdehin digər bank hesablarına aid olan hissədə həbsin qoyulmaması üçün əsas deyil. Gələcəkdə qəbul ediləcək qətnamə üzrə məbləğin ödənilməsi hər bir halda cavabdeh tərəfindən həyata keçirilməlidir. Iddiaçı təcrübədə dəfələrlə təmin edilmiş qətnamələrin icrasında çətinliklər çəkmiş və bu hal bir neçə situasiya üzrə hal-hazırda da davam edir. Qeyd edilən iş üzrə MTT qismən təmin edilmiş və cavabdehin digər banklarda olan hesablarının üzərinə həbs qoyulmamış, məhkəmə prosesinin gedişində cavabdeh tərəfindən onun adına olan bütün əmlak başqa şirkətin balansına keçirilmiş və nəticədə iş üzrə çıxarılmış qətnamənin icrası qeyri-mümkün hala gəlmişdir. Belə olduğu halda da iş üzrə qəbul edilən qətnamənin cavabdeh tərəfindən icra edilməmiş öhdəliyinin icrasında heç bir perspektivi olmur. Lakin bu halların qarşısını almaq, qətnamənin daha tez icrasını təmin etmək üçün əvvəlcədən və yalnız tələb həcmində müvəqqəti təminat tədbirinin tətbiq edilməsi, yəni cavabdehin digər bank hesablarının da üzərinə həbsin qoyulması zəruridir. Əlavə olaraq, cavabdehə göndərilmiş pretenziya üzrə heç bir nəticə əldə edilməməsi, iş materiallarına əlavə edilmiş müqavilə, maliyyə arayışı, göstərilmiş xidmətlər üzrə aktlar, elektron qaimələr və qoşmada təqdim edilmiş bütün digər sənədlər, buna baxmayaraq artıq uzun müddətdir cavabdehin öhdəliyini icra etməməsi gələcəkdə də cavabdeh tərəfindən qətnamənin icrasından yayınacağını kifayət qədər sübut edir, hətta, müvafiq müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyini sübut edir. Habelə, ərizəçinin tətbiq edilməsini xahiş etdiyi təminat tədbirləri maraqlı şəxsin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə yox, təminat tədbiri olaraq yalnız cavabdehə məxsus “xxxx” ASC-dəki bank hesabına həbsin qoyulması və cavabdehin digər bank hesablarının üzərinə həbsin qoyulmaması ərizəçinin hüquqlarının lüzumsuz pozulması, hətta sonradan bu hüquqların həyata keçirilməsinin qeyri-mümkünlüyü və ümidsizliyi ilə nəticələnə bilər. Ədalətlilik və hüququn müəyyənliyi meyarlarından çıxış edilsə də, hal-hazırda ərizəçinin haqqı çatanlardan məhrum olduğu bir situasiyada onun haqqı çatanlardan məhrum olmasına səbəb olan cavabdehin, yalnız icra etmədiyi öhdəlik həcmində (iddia üzrə tələb həcmində) digər əmlaklarının üzərinə həbs qoyulmaması, özgəninkiləşdirilməsinin qadağan edilməməsi cavabdehin sonradan da öhdəliyini icra etməməsinə imkan yaradır. Bu hal isə göstərdiyi xidmətin qarşılığını əldə edə bilməyən ərizəçinin vəziyyətini daha da ağırlaşdırır. Odur ki, belə vəziyyətdə məhkəmə ərizəçini yox, ərizəçinin vəziyyətini ağırlaşdıran cavabdehi nəzərə alır. Müvəqqəti təminat tədbirləri daimi xarakter daşımır, bu səbəbdən də ərizəçinin ərizəsi təmin edildiyi təqdirdə cavabdeh tərəfindən gələcəkdə qətnamənin daha tez və asanlıqla icrasına, hətta öhdəliyin öncədən icra edilməsi halına nail olmaq mümkündür. Həmçinin cavabdehin yalnız bir bank hesabının məlum olması onun digər banklarda və kredit təşkilatlarında hesablarının mövcud olmasını, habelə həmin hesablara münasibətdə müvəqqəti təminat tədbirinin tətbiq edilməsinin zəruriliyini istisna etmir. Bu baxımdan, müvəqqəti təminat tədbiri yalnız ərizədə göstərilən hesabla məhdudlaşdırılmamalı, cavabdehin Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün banklarda və digər kredit təşkilatlarında açılmış mövcud hesablarına şamil edilməlidir. Əks yanaşma cavabdehə digər hesablarındakı pul vəsaitləri üzərində sərbəst sərəncam vermək imkanı yaratmaqla gələcəkdə məhkəmə qətnaməsinin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bundan əlavə, digər kommersiya məhkəmələrinin formalaşmış məhkəmə təcrübələrində cavabdehin banklarda və kredit təşkilatlarında adına açılmış bütün bank hesabları üzərinə həbs qoyulması barədə çoxsaylı qərardadlar qəbul edilmişdir. Hazırda həmin məhkəmə qərardadlarının nümunələri mövcuddur. Məhkəmə təcrübəsində formalaşmış mövcud hüquqi yanaşma da nəzərə alınaraq, hazırkı iş üzrə də cavabdehin banklarda və digər kredit təşkilatlarında adına açılmış bütün bank hesablarına həbs qoyulması barədə müvəqqəti təminat tədbirinin təmin edilməsi zəruridir. Şirvan Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizəçinin şikayəti təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə tədqiq edib belə nəticəyə gəlir ki, şikayətin təmini üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ; 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar, 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir, 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər, 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir, 158.1.1-ci maddəsinə əsasən cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq. "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci l tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Kollegiya şikayətin dəlillərini iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin həcmini düzgün müəyyən etmişdir. Belə ki,cavabdehin gələcəkdə əmlakını özgəninkiləşdirə və ya məhkəmə qətnaməsinin icrasından yayına biləcəyi göstərilsə də, bu ehtimalı təsdiq edən konkret hallar və sübutlar iş materiallarında müəyyən edilməmişdir. Cavabdehin pretenziyaya cavab verməməsi və ya borcu könüllü ödəməməsi özlüyündə onun bütün əmlakına və bütün bank hesablarına münasibətdə məhdudiyyət tətbiq edilməsini zəruri edən hal kimi qiymətləndirilə bilməz. Eyni zamanda, MPM-in 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri iddia tələbinə mütənasib olmalı və qarşı tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. MPM-in 158.3-cü maddəsində də əmlak üzərinə həbsin tətbiq edilməsinin ardıcıllığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehə məxsus olduğu müəyyən edilmiş konkret bank hesabındakı pul vəsaitlərinə əsas borc məbləği həcmində, işçilərin əməkhaqlarının və məcburi dövlət ödənişlərinin həyata keçirilməsinə mane olmamaq şərti ilə həbs qoymaqla həm iddiaçının mümkün hüquqlarının qorunmasını təmin etmiş, həm də cavabdehin sahibkarlıq fəaliyyətinə zərurətdən artıq müdaxiləyə yol verməmişdir. Bu baxımdan, cavabdehin bütün bank hesablarına, habelə bütün daşınar və daşınmaz əmlakına eyni vaxtda həbs qoyulması müvəqqəti təminat tədbirinin məqsədi və mütənasiblik prinsipi ilə uzlaşmır. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz və ya əsassız olduğunu təsdiq etmədiyindən, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Mahir Əsədli Cahid Imanov
Məhkəmə qərarları › İş №e-16(3-9)-96/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-9)-96/2026
31.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver