Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1005/2023 07.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 2508,30 manat sığorta ödənişinin, ödənilmiş 45,08 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən idarə olunan **-CB-*** (k.n.n. **-HX-***) dövlət qeydiyyat nişanlı Tofaş Dogan markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış **-PR-*** dövlət qeydiyyat nişanlı Audi A6 markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2022-ci il tarixli TP4807209 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. Müqavilə üzrə öhdəlik əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən 99-PR -552 dövlət qeydiyyat nişanlı Audi A6 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 7542,00 manat, təmir edildiyi tədqirdə əlavə xərc 3472,20 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 100,00 manat azadolma çıxılmaqla 7442,00 manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC -nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyəti "xxxx" şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından ödənilmiş 7542,00 manat manatdan 4 933,70 (dörd min doqquz yüz otuz üç manat, yetmiş qəpik) manat məbləğini şirkətimizə ödəmişdir. Ödənilmiş 4 933,70 manat vəsait həmçinin azadolma ümumi zərərdən çıxılmış və qalıq 2 508,30 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini cavabdeh(lər)dən xahiş etmişlər, lakin,cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
5. Əvvəli məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
6. TP seriyalı, 48072009 saylı xx.xx.2022-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində **-CB-*** (k.n.n. **-HX-***) dövlət qeydiyyat nişanlı Tofaş Dogan markalı avtonəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci madddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərar alınmışdır.
7. AP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh özünəməxsus xx.xx.2022-ci il tarixində saat 11:41-də **-CB-*** dövlət qeydiyyat nişanlı, “Tofaş Dogan” markalı avtomobillə hərəkətdə olarkən manevr etmə qaydalarını pozaraq, mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsus olan və etibarnamə əsasında X1 tərəfindən idarə edilən **-PR-*** dövlət qeydiyyat nişanlı Audi A6 markalı avtonəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə **-PR-*** dövlət qeydiyyat nişanlı Audi A6 markalı avtonəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur.
8. "xxxx" ASC tərəfindən təqdim edilən avtonəqliyyat vasitələrinin (kasko) sığortası şəhadətnaməsindən görünür ki, **-PR-*** dövlət qeydiyyat nişanlı Audi A6 markalı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək sığortalanmışdır.
9. "xxxx" ASC tərəfindən tərtib edilən sığorta aktından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi ilə V.Plotnikov küçəsinin kəsişməsində xx.xx.2022-ci il tarixində yol nəqliyyat hadisəsi baş vermiş, sığorta olunan **-PR-*** dövlət qeydiyyat nişanlı Audi A6 markalı avtonəqliyyat vasitəsinə dəymiş maddi zərər 7542 manat müəyyən edilmiş, 100 manat azadolma ödəniləcəyi qeyd etmişdir.
10. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür **-CB-*** (k.n.n. **-HX-***) dövlət qeydiyyat nişanlı Tofaş Dogan markalı avtonəqliyyat vasitəsini idarə edən Cavabdeh, "xxxx" MMC-nin mülkiyyətində olan, X1 tərəfindən idarə olunan **- PR-*** dövlət qeydiyyat nişanlı Audi A6 markalı avtonəqliyyat vasitəsinə ziyan dəymişdir.
11. "xxxx" MMC tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli ********** №-li təmir kartından görünür ki, **-PR-*** dövlət qeydiyyat nişanlı Audi A6 markalı avtonəqliyyat vasitəsinə 7542 manat məbləğində zərər dəymişdir.
12. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə dəymiş ziyandan 100,00 manat azadolma çıxılmaqla-7442 manat məbləğində sığorta ödənişi avtonəqliyyat vasitəsinin təmiri üçün zərərçəkən şəxsin hesabına ödənilmişdir.
13. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanan 08 iyun 2022-ci il tarixli bildirişdən görünür ki, mülki məsuliyyəti "xxxx" Şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası” növü üzrə sığortalanmışdır. Ödənilmiş məbləğdən 4933,70 manat məbləğin sığortaçı tərəfindən ödənildiyini əsas tutaraq 2508,30 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
14. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 45,08 manat məbləğində dövlət rüsumu, 0,40 manat məbləğində bank xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
15. Cavabdeh idarə etdiyi **-CB-*** (k.n.n. **-HX-***) dövlət qeydiyyat nişanlı Tofaş Dogan markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış **-PR-*** dövlət qeydiyyat nişanlı Audi A6 markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur.
16. Hadisə nəticəsində **-PR-*** dövlət qeydiyyat nişanlı Audi A6 markalı avtonəqliyyat vasitəsinə 7542 manat zərər dəydiyi müəyyən edilmişdir.
17. "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixində zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə dəymiş ziyandan 100,00 manat azadolma çıxılmaqla- 7442 manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün zərərçəkən şəxsin hesabına ödəmişdir.
18. **-CB-*** (k.n.n. **-HX-***) dövlət qeydiyyat nişanlı Tofaş Dogan markalı avtonəqliyyat vasitəsi isə "xxxx" Şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortalandığından Şirkət tərəfindən "xxxx" ASCnin bank hesabına 4933,70 manat sığorta ödənişi ödənilmişdir.
19. Hazırda iddiaçı qalıq qalmış 2508,30 manat məbləğində pul vəsaitinin subroqasiya qaydasında cavabdehdən tutulmasını xahiş edir.
20. Cavabdeh isə əvvəlki məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
22. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
23. 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur;
24. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir;
25. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);
26. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;
27. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;
28. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur;
29. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
30. Sadalanan normaların məzmunundan göründüyü kimi mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.
31. Bundan başqa sığortaçının verdiyi sığorta ödənişi məbləğində zərər vurmuş şəxsdən geriyə tələb etmək hüququ, yəni subroqasiya hüququ vardır.
32. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı sığorta şirkəti zərər dəymiş avtomobilin kasko sığortası üzrə sığortaçısıdır. Zərərin Cavabdeh tərəfindən vurulması işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən zərər dəymiş avtomobilin təmiri üçün 7442 manat sığorta ödənişi edilmiş və həmin sığorta ödənişinin bir hissəsi, yəni 4933,70 manatı yüksək təhlükə mənbəyinin icbari sığortası üzrə sığorta şirkəti tərəfindən qarşılanmışdır. İddiaçı hazırda qalıq məbləği, yəni 2508,30 manatı tələb edir, cavabdeh isə zərərin məbləği ilə razıdır. Tətbiq edilən prosessual normalar:
33. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
34. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
38. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2508,30 manat məbləğində pul vəsaiti və 45,08 manat məbləğində dövlət rüsumu, 0,40 manat məbləğində bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia təmin edilsin. Cavabdeh 2508,30 (iki min beş yüz səkkiz manat, otuz qəpik) manat məbləğində pul vəsaiti və 45,08 (qırx beş manat, səkkiz qəpik) manat məbləğində dövlət rüsumu, 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev