Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-110/2025 25.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilkin ərizəsi və Cavabdeh MMCnin İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 51725,7 manat pul vəsaitinin, 73000 manat məbləğində əldən çıxmış mənfəətin, mütəxəssis rəyinin alınması üçün çəkilən 750 manat xərcin və hüquqi xidmətin göstərilməsi üçün ödədiyi 1500 manat pul vəsaitinin, cəmi 126975,7 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumu 416,98 manat məbləğin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında 18 mart 2023-cü il tarixli 176 nömrəli Podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.2.5-ci bəndinə əsasən Cavabdeh MMC müqavilə üzrə sifarişçi İddiaçı məxsus Qəbələ şəhəri, Vəndam qəsəbəsi, bağ sahəsində 0,0825 ha bağ torpaq sahəsində ümumi sahəsi 205 kv.m olan 2 mərtəbəli 5 otaqlı evin tikintisini 6 aya bitirib təhvil verməli, sifarişçi isə bunun müqabilində podratçıya 172500 manat ödəməli idi. Baxmayaraq ki, sifarişçi tərəfindən 119000 manat ödəniş həyata keçirilmişdir, lakin podratçı tərəfindən həmin məbləğ üzrə tikinti işləri həyata keçirilməmiş, eyni zamanda öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət artıq bitmişdir. Qeyd edir ki, İddiaçı evi tikdirməkdə məqsədi Qəbələ şəhərinə istirahətə gələn şəxslərə icarəyə verib, gəlir əldə etmək olmuşdur. Podratçının sifarişin 29 iyul 2023-cü il tarixində, 6 aya bitirəcəyi barədə vəd verilmişdir. Yay aylarında Qəbələ şəhərinə istirahətə gedənlərin sayının çox olması və həmin tip evlərə tələbatın çox olması, 6 ayın tamamında kirayə verib, gəlir əldə edəcəyinə inandırıldığından həmin şirkətlə podrat müqavilə bağlamışdır. Müqavilə bağlandıqdan dərhal sonra İddiaçı həmin gün, 18 mart 2023-cü il tarixində 69000 manat ödənişi etmiş, bundan sonra İddiaçı dəfələrlə işin yubanması barədə haqlı iradlar bildirsə də, şirkətin məsul şəxsi və əməkdaşı Hacıyev Səddam pul vəsaitinin işləri tamamlamağa çatmadığını bildirmişdir. Baxmayaraq ki, ödənilmiş pul və görülən işə mütənasib deyildi, yəni görülmüş iş 69000 manat dəyərində deyildi. Hər bir halda pulu ödəməli olacaqlarını bildirən podratçı, sürətli şəkildə işi yekunlaşdırıb təhvil verəcəyini bildirmişdir. İddiaçı bu səbəbdən 03 iyun 2023-cü il tarixdə yenidən 50000 manat pul vəsaitini Cavabdeh MMC-yə ödəmişdir. Bundan sonra müqavilə ilə icra edib təhvil verməli olduğu işi podratçı yubatdığından dəfələrlə öhdəliyini icrası sifarişçi tərəfindən tələb edilsə də, Podratçı öz öhdəliklərini lazımınca icra etməyərək, 6 aya təhvil verməli olduğu evi tikməmişdir. Qeyd edir ki, mütəxəssis rəyinə əsasən Podratçıya ödənilmiş 119000 manat pulun müqabilində şirkət tərəfindən müqavilə üzrə mənzil tikilməsi üçün cəmi 70292,72 manat vəsait xərclənmişdir. Yəni hal-hazırda Cavabdeh MMC müqavilə üzrə nəzərdə tutulmuş müddətin bitməsinə baxmayaraq, öhdəliklərini icra etməmiş, bununla yanaşı Sifarişçiyə məxsus 48707,28 manat pul vəsaitini əsassız olaraq saxlayır. Lakin 3-16-16/2-10/9902 nömrəli 05 iyul 2024-cü il tarixli ekspert rəyində birinci və ikinci suala cavab olaraq ekspert qeyd edir ki, Qəbələ şəhəri, Vəndam qəsəbəsi, bağ sahəsində 0,0825 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixdəki vəziyyətə gətirilməsi üçün yerinə yetirilmiş müxtəlif növ tikintitəmir və quraşdırma işlərinin təqribi qiymətinin bazar qiymətlərinə uyğun olaraq 67274,3 manat məbləğində olduğu müəyyən edilir. Nəticə etibarı ilə mütəxəssis rəyi və ekspert rəyi birgə olduğu təqdirdə ekspert rəyi əsas götürülür. Belə olduqda podratçıya ödənilmiş 119000 manat pulun müqabilində şirkət tərəfindən müqavilə üzrə mənzil tikilməsi üçün cəmi 67274,3 manat vəsait xərclənmişdir. Nəticədə cavabdeh sifarişçiyə məxsus 51725,7 manat pul vəsaitini əsassız olaraq saxlayır. Tikintiyə çəkilən xərcin və eləcə də cavabdeh tərəfindən əsassız olaraq saxlanan pul vəsaitinin dəqiq müəyyənləşdirib iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən “X3 Mərkəzi” MMC ilə müqavilə bağlanmış və 750 manat ödəniş edilmişdir. Cavabdeh MMC-yə müqavilə üzrə borcunu ödəməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Lakin MMC tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmişdir. Göründüyü kimi, Cavabdeh MMC tərəfindən 9 aydan çoxdur ki, öhdəliyin icrasını yubatmış, eyni zamanda bundan sonra yarımçıq qalmış işin tamamlanması üçün isə əlavə olaraq 3 ay vaxt tələb olunduğundan, ümumilikdə evin tikilməsi 12 ay yubanmışdır. Bununla da cavabdeh iddiaçıya əldən çıxmış mənfəət şəklində 73000 manat (365 gün x 200 manat = 73000 manat) zərər vurmuşdur. Belə ki, həmin ərazidə oturaqlaşmış işgüzar adətlər nəzərə alınsa, Qəbələ şəhərinin Vəndam qəsəbəsində 400 manatdan ucuz qiymətə mənzilin kirayəsinin verilmədiyinin şahidi olunar. Bununla belə tərəflərindən həmin məbləğ 200 manat kimi qəbul edilərək, əldən çıxmış mənfəət həmin məbləğlə hesablanmışdır. Cavabdeh MMC-dən 51725,7 manat pul vəsaitinin, 73000 manat məbləğində əldən çıxmış mənfəətin, mütəxəssiz rəyinin alınması üçün çəkilən 750 manat xərcin və hüquqi xidmətin göstərilməsi üçün ödədiyi 1500 manat pul vəsaitinin, cəmi 126975,7 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumu 416,98 manat məbləğin tutularaq İddiaçı ödənilməlidir. Daha sonra Cavabdeh MMC İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələblərinin tam həcmdə təmin olunmaması, qarşılıqlı iddia tələblərinini tam həcmdə təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 20000 manat, ödədikləri dövlət rüsumu 150 manat, cəmi 20150 manat pul tutularaq şirkətə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbəri irəli sürərək, 48707,28 manat pul vəsaitinin, 24000 manat əldən çıxmış mənfəətin, mütəxəssis rəyinin alınması üçün çəkilən 750 manat xərcin və hüquqi xidmətin göstərilməsi üçün ödədiyi 1500 manat pul vəsaitinin, 74957,28 məbləğdə pulun və ödənilmiş dövlət rüsumu 315,35 manat pul tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qeyd edilir ki, bu iddia tələbləri əsassızdır və ona görə də onlar təmin olunmamalıdır. Bildirilir ki, tərəflər arasında bağlanılmış podrat müqaviləsində nəzərdə tutulmuş işlərin görülməsi üçün müqavilə üzrə edilən ödənişlərdən artıq məbləğdə qarşılıqlı iddia üzrə iddiaçının faktiki olaraq əlavə xərclər yaranmışdır. Bunlara aşağıdakılar aiddir - ərazidə qazıntı işləri, lazımi səviyyəyə gətirilməsi, xüsusi texnikaların çalışması (daşınma, bərk materialların gətizdirilməsi və s.), evin fasadının malasının vurulması (ştukaturlanması), hovuzun böyüdülməsi (əvvəllər 6*4 nəzərdə tutulmuş, sonradan isə 8*3 olan ölçüdə hazırlanmışdır) və onun perimetrdə bir neçə kvadrat ölçüdə böyüldülməsi, köşkün (besedka) böyüldülməsi (40 kv.m. dən 50 kv.m. dək böyüdülməsi, həmçinin ön hissəsi 1 metrə çəkildi, evin ümumi hörgü işi mişar daşı ilə nəzərdə tutulmuşdur, lakin sonradan cavabdehin istəyi ilə kərpiçlə hörülmüşdür. Bundan başqa qeyd edilir ki, cavabdehə məxsus olan torpaq sahəsi çətin coğrafi məkanda yerləşir. Bundan başqa torpaq sahəsində kohnədən qalan tikili var imiş, onun söküntüsü üçün tərəflərindən xeyli iş aparılmışdır. Daha sonra müxtəlif əlavə işlər görülmüşdür. Nəzərə alınsa ki, torpaq sahəsi Qəbələ rayonunun, Vəndam kəndinin ən hündür və ucqar nöqtəsində yerləşir. Beləliklə, əvvəlcədən şərtləşdirilməmiş müxtəlif işlər şirkət tərəfindən görülmüş və bu da təbii ki, şirkətimiz üçün artıq məsrəflərin çəkilməsinə səbəb olmuşdur. Bütün bunlar cavabdeh tərəfindən gələcəkdə əvəzinin ödəniləcəyinə vəd verilsə də, sonradan bu vədin yerinə yetirilməsindən boyun qaçırılaraq imtina olunmuşdur. Belə olduğu halda, şirkətin artıq çəkdiyi xərclərin əvəzinin ödənilməsinə ehtiyac yaranmışdır. Şirkət tərəfindən müqavilə ilə götürülən bütün öhdəliklər tam həcmdə və lazımınca yerinə yetirilmişdir. Lakin cavabdeh bunu əsassız olaraq mübahisələndirilmiş və əksinə şirkətə olan qalıq borcunun ödənilməməsi üçün bu əsassız iddianı irəli sürmüşdür. Amma təbii ki, şirkətin çəkdiyi bütün xərclərin əvəzi cavabdeh tərəfindən qarşılanaraq əvəzi tam həcmdə onlara ödənilməlidir. Cavabdehin nümayəndəsi və vəkili iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 48707,28 manat pul vəsaitinin, 24000 manat məbləğində əldən çıxmış mənfəətin, mütəxəssis rəyinin alınması üçün çəkilən 750 manat xərcin və hüquqi xidmətin göstərilməsi üçün ödədiyi 1500 manat pul vəsaitinin cəmi 74457,28 manat məbləğdə pulun və ödənilmiş dövlət rüsumu – 351 manat 35 qəpik məbləğin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan ilk iddiaçı qeyri-müəyyən ekspert rəyinə əsaslanaraq iddia tələbinə dəqiqləşdirmə barədə ərizə verərək Cavabdeh MMC-dən daha artıq məbləğdə pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələblərinin tam həcmdə təmin olunmaması (rədd edilməsi), qarşılıqlı iddia tələblərinin tam həcmdə təmin edərək, qarşılıqlı iddia üzrə cavabdeh - İddiaçı 35000 manat, ödədiyi dövlət rüsumu 195 manat, cəmi 35195 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli Podrat müqaviləsinin 1.6-cı maddəsinə əsasən, yaşayış evinin tikintisi üçün “Sifarişçi” “Podratçıya” həvalə etdiyi işlərin, xidmətlərin yerinə yetirilməsi ilə əlaqədar bu müqavilə ilə razılaşdırılmış muzd, malmaterialların haqqını ödəməyi öz üzərinə görürür, alınan materiallar “Sifarişçinin” əvvəlcədən ödənişi əsasında alınır və ... . Həmin müqavilənin 2.2.4-cü maddəsinə əsasən, “Podratçı” fərdi yaşayış evinin tikintisi ilə əlaqədar Smeta sənədləri tərtib etməlidir. Müqavilənin 3.5-ci maddəsinə əsasən, hər dəfə “Sifarişçi” tərəfindən ödənilməli muzdun məbləği tərtib edilmiş “Smeta” sənədləri əsasında “Podratçı” tərəfindən müəyyən edilir. Müqavilənin 4.2-ci maddəsinə əsasən, əgər “Sifarişçi” müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, “Podratçının” həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Müqavilənin 4.7-ci maddəsinə əsasən, əgər “Sifarişçi” yerinə yetirilmiş işi qəbul etməzsə, “Podratçı” yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb ed bilər. “Sifarişçi” işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Müqavilənin 4.8-ci bəndinə əsasən, “Sifarişçi” işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin “Podratçı”ya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə bağlı vurulan zərərin əvəzini ödəməlidir. Müqaviləyə əsasən, tərəflər arasındakı bütün mübahisələr məsləhətləşmələr və danışıqlar yolu ilə razılaşdırıla bilinmədiyi təqdirdə məhkəmdə həll edilməlidir. Müqavilənin 7.1-ci maddəsinə əsasən, müqavilənin icra müddətinə (işin mübahisəsiz halıdır ki, bu müddət 6 ay təşkil etmişdir) havanın və digər amillərin təsiri nəticəsində işin dayanması müddəti nəzərə alınmayacağına dair razıllıq əldə edilmişdir. “Podratçı” tərəflər arasında bağlanmış müqavilə üzrə öz öhdəliklərini layiqincə, vicdanlı şəkildə, Smeta ürə razılaşdırılmış keyfiyyətdə görmüşdür. Bu həm də onda təsdiqini tapır ki, “Sifarişçi” iddia ilə məhkəməyə müraciət etsə də, nə iddia ərizəsində, nə də məhkəmə proseslərində görülən işin keyffiyyəti ilə bağlı heç bir irad və narazıçılıq bildirməmişdir. Həmçinin, ekspert rəyində də rəyin natamam olmasına, görülən bütün işləri əhatə etməməsinə baxmayaraq, aprılmış qeydlərdə mal və materialların keyfiyyəti Smeta üzrə razılaşdırılmış mal-materiallarla eynilik təşkil edir. Həqiqətən də, tərəflər arasında bağlanılmış podrad müqaviləsində nəzərdə tutulmuş işlərin görülməsi üçün müqavilə üzrə edilən ödənişlərdən artıq məbləğdə qarşılıqlı iddia üzrə iddiaçının faktiki olaraq əlavə xərcləri yaranmışdır. Belə ki, cavabdehə məxsus olan torpaq sahəsi çətin coğrafi məkanda yerləşir. Bundan başqa torpaq sahəsində köhnədən qalan tikili olmuşdur, onun söküntüsü üçün tərəflərindən xeyli iş aparılmışdır. Daha sonra müxtəlif əlavə işlər görülmüşdür. Torpaq sahəsi Qəbələ rayonunun, Vəndam kəndinin ən hündür və ucqar nöqtəsində yerləşir. Əvvəlcədən şərtləşdirilməmiş müxtəlif işlər ilkin iddia üzrə iddiaçıya məlumat verilməklə şirkət tərəfindən görülmüş və bu da təbii ki, şirkət üçün artıq məsrəflərin çəkilməsinə səbəb olmuşdur. Bütün bunlara qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən gələcəkdə əvəzinin ödəniləcəyinə vəd verilsə də, sonradan bu vədin yerinə yetirilməsindən boyun qaçırılaraq imtina olunmuşdur. Belə olduğu halda Şirkətin artıq çəkdiyi xərclərin əvəzi ödənilməlidir. Şirkət tərəfindən müqavilə ilə götürülən bütün öhdəliklər tam həcmdə və lazımınca yerinə yetirilmişdir. Lakin cavabdeh bunu əsassız olaraq mübahisələndirmiş və əksinə Şirkətə olan qalıq borcunun ödənilməməsi üçün bu əsassız iddianı irəli sürmüşdür. "xxxx" MMC bir tikinti şirkətidir və onun əsas iş fəaliyyəti sifariş üzrə tikinti işlərini həyata keçirməklə həm də gəlir əldə etməkdir. Hər bir sifariş qəbul və icra edilərkən təbii ki, şirkətin qazancı, fəhlə pulu, nəqliyyat və s. xərclər, smeta xərci nəzərə alınır. Bu xərclər Sifarişçi tərəfindən müqavilə imzalanarkən qəbul edilmiş olur. Tərəflər arasındakı münasibətlər müqavilə azadlığına əsaslanır. Tərəflər Podrat müqaviləsini bağlayarkən, “Podrat müqaviləsi”nin mahiyyətinə görə işlərin görülməsində dəyişikliklər ola biləcəyini, əlavə işlər və xərclər əmələ gələ biləcəyini bilməli idilər və bilmişlər. Tikintinin aparılması nəzərdə tutulan ərzidə yağıntıların çox olması, hətta daşqın hadisəsinin baş verməsi, belə bir hadisədən sonra tikinti işlərinin davam etdirilməsi vəziyyətini təsəvvür etmək çətin deyil. Qanunvericiliyin tələbinə görə müqavilə tərəfləri həm də vicdanla hərəkət etməlidirlər. Podratçı üzərinə götürdüyü vəzifəni vicdanla həyata keçirmişdir. İşin bir qədər uzanması isə həm ondan asılı olmayan səbəblərdən, hansı ki, bu səbəblərə görə müqavilə üzrə öhdəliklərdən azaddır, həm də “Sifarişçi” tərəfindən əlavə tələb olunan vəsaitin verilməməsi səbəbindən olmuşdur. “Sifarişçi” isə əksinə, verdiyi pul vəsitinin qarşılığında daha artıq işlər gördürməyə nail olmuş, əlavə yaranmış vəsaiti verməmiş, müxtəlif bəhanələr gətirərək, Şirkətlə heç bir razılaşmaya, danışığa cəhd belə etmədən, hüquqlardan qanunazidd şəkildə sui-istifadə etməklə müqavilənin xx.xx.2023-cü il tarixdə və hava şəraiti nəzərə alınmadan 6 ay müddətinə icra nəzərdə tutulması şərti ilə bağlanmasına baxmayaraq, artıq 02 oktyabr 2023-cü il tarixdə məhkəməyə müraciət üçün dövlət rüsumu ödəmiş və xx.xx.2023-cü il tarixdə mövcud əsassız varlanma mahiyyəti daşıyan iddia ərizəsi məhkəmənin icraatında olmuşdur. Buna qədər isə hətta qiymətləndirici rəyi almışdır. Bu bir daha sübut edir ki, İddiaçı niyyəti müqavilə şərtlərindən yayınmaq, qalan pul məbləğini ödəməmək, hətta bu azmış kimi əlavə gəlir əldə etmək olmuşdur. İlkin iddiaçının qanunsuz hərəkətləri, əsassız iddiası ciddi fəaliyyət göstərən "xxxx" MMC-nin başqa sifarişçiləri qarşısında götürmüş olduğu öhdəliklərinin yerinə yetirilməsinə maneəçilik yaratmış, işgüzar nüfuzuna xələl gətirmişdir, həmin sifariş üzrə əldə edəcəyi gəlirə ümid bəsləyərək, başqa gəlirindən məhrum olmuşdur. Axı, Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini ehtiva edir. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda yaranmış mübahisə həmin müqavilə şərtləri çərçivəsində həll edilməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələri hərtərəfli araşdırılmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğu dəqiqliklə müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən, İddiaçı Cavabdeh MMC-yə qarşı iddiasını əsassız olduğundan rədd edilməsini, qarşılıqlı iddianının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili ilkin iddianı müdafiə edərək, təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili qarşılıqlı iddianı müdafiə edərək, təmin olunmasını, ilkin iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı (Sifarişçi) Cavabdeh MMC (Podratçı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli podrat müqaviləsinin surətindən görünür ki, Podratçı Sifarişçiyə məxsus Qəbələ şəhəri, Vəndam qəsəbəsi, bağ sahəsində 0.0825 ha bağ torpaq sahəsinin 0,0825 ga torpaq sahəsində Sifarişçinin göstərdiyi yerdə, çöl divardan – çöl divara ümumi sahəsi 205 kv/m olan 2 mərtəbəli 5 otaqlı evin tikintisi həyata keçirilir. Ümumilikdə görüləcək işin məbləği 172500 manat təşkil edir. Mədaxil orderlərinin surətlərindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin hesabına xx.xx.2023-cü il tarixdə 69000 manat, xx.xx.2023-cü il tarixdə isə 50000 manat pul vəsaiti ödəmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, sonuncu İddiaçı olan borcunu 5 iş günü ərzində icra etməməsi təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. X3 Mərkəzi tərəfindən İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, apardıqları araşdırmalar, təhlillər və hesablamalar nəticəsində, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,0825 ha torpaq sahəsinin üzərində inşa edilmiş yarı tikili yaşayış evinin təmir-tikinti işlərinin ümumi xərcinin dəyəri 72292,72 manat olması müəyyən edilmişdir. X3 Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, sifarişçi İddiaçı tərəfindən Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,0825 ha torpaq sahəsinin üzərində inşa edilmiş yarı tikili yaşayış evinin təmir-tikintisinə çəkilmiş xərclərinin müəyyən mənzilə dair qiymətləndirmə prosesinin aparılması məqsədi ilə “X3 Mərkəzi” MMC-nin hesabına 750 manat məbləğində xidmət haqqının dəyəri ödənilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,0825 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,0825 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixdəki vəziyyətə gətirilməsi üçün yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin bazar qiymətlərinə uyğun olaraq 67274,3 manat məbləğində olduğu müəyyən edilir. Görülmüş işlərin və materialların ayrı-ayrılıqda həcmi, dəyəri rəyə əlavı olunmuş smetada ayrı-ayrılıqda ətraflı göstərilmişdir. Yerinə yetirilmiş tikinti-təmir işlərinə dair tərtib olunmuş smetada yerləşdiyi ərazi, relyef, iş şəraiti nəzərə alaraq dəyəri müəyyən olunmuşdur. Eyni zamanda tikinti aparılan ərazinin relyef şəraitinin, eləcə də həmin tikililərin inşa edilməsi zamanı komunikasiya xəttlərinin mövcud olub-olmaması müəyyən olunması (elektrik, su, qaz və s. amillər), eləcə də həmin şəraitin olmaması təmir-tikinti işlərinin dəyərinə təsir (qiymətin artırılmasına) göstərə bilər. Tədqiq olunan ərazidə mövcud olan fərdi yaşayış evinin inşasının başlanmasına (yəni hazırlıq mərhələsi), xx.xx.2023-cü il tarixinə bilavasitə inşasına sərf edilən vəsaitin dəyəri 67274,3 manat müəyyən olunmuşdur. Lakin təmirinə faktiki sərf edilən vəsaitin dəyəri istifadə olunmalı materiallar, smeta və qaimə sənədləri təqdim olunduqdan sonra müəyyən oluna bilər. xx.xx.2023-cü il tarixinə aparılan təmir-tikinti işlərinə dair smeta sənədləri olmadığından, həmin ünvanda aparılmış tikinti işlərinin dəyəri dəqiqliklə müyəən etmək mümkün deyildir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına 1500 manat məbləğində xidmət haqqı ödəmişdir. xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, hazırkı iddianın qaldırılması üçün məhkəməyə 416,98 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddianın qaldırılması üçün məhkəməyə 195 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 754.1-ci maddəsinə əsasən əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. Həmin Məcəllənin 754.2-ci maddəsinə əsasən müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə podrat müqaviləsi bağlanmış, iddiaçı həmin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh müqaviləyə əsasən iddiaçıya məxsus torpaq sahəsində evin tikintisini 6 aya bitirib təhvil verməli, sifarişçi isə bunun müqabilində podratçıya 172500 manat ödəməli idi. Həmin müqavilə üzrə iddiaçı tərəfindən 119000 manat ödəniş həyata keçirilmişdir, lakin cavabdeh tərəfindən həmin məbləğ üzrə tikinti işləri həyata keçirilməmiş, eyni zamanda öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət artıq bitmişdir. Belə olan halda da, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə ilkin iddianın 73000 manat məbləğində əldən çıxmış faydanın ödənilməsi hissəsində qeyd etməyi zəruri hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, bunu mötəbər sübutlarla əsaslandıra bilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X2 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, qarşılıqlı iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Qarşılıqlı iddia üzrə iddiaçı podrat müqaviləsi üzrə İddiaçı tərəfindən görülən işlərin dəyərini tam şəkildə ödəmədiyini qeyd etsə də, bu hal öz təsdiqini tapmır. Belə ki, mülki iş materiallarından da göründüyü kimi, İddiaçı tərəfindən müqavilə üzrə görülən işlərin dəyəri ödənilmişdir. Göstərilənlərə əsasən, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, cavabdeh tərəfindən tələb olunan pul vəsaitinin ona ödənilməməsini mötəbər sübutlarla əsaslanıdıra bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsassız olduğundan iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 51725,7 manat məbləğində pul vəsaiti alınaraq İddiaçıə ödənilməli, ilkin iddia qalan hissədə rədd edilməli, eyni zamanda qarşıqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə ilkin iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq və iddianın qismən təmin olunduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən mütəxəssis rəyinin alınması üçün ödənilmiş 750 manat məbləğində vəsait, ödənilmiş dövlət rüsumunun 178 manatı, həmçinin, vəkilə ödənilmiş 1500 manat xidmət haqqı (AR MPM 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla) Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia tələbi üzrə iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 51725,7 (əlli bir min yeddi yüz iyirmi beş manat, yetmiş qəpik) manat məbləğində pul vəsaiti, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 750 (yeddi yüz əlli) manat məbləğində vəsait, ödənilmiş dövlət rüsumunun 178 (yüz yetmiş səkkiz) manatı və vəkilə ödənilmiş 1500 (min beş yüz) manat xidmət haqqı alınaraq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-110/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-110/2025
25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver