Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1181/2024 30.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi ounla əsaslandırılır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X4 anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-3488/2023 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, və sabit pul məbləğində 220 manat alimentin iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı hazırda azyaşlı uşağına baxdığı üçün işləmək imkanına malik deyildir. Ona görə də xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay sabit pul məbləğində 100 manatın və ödənilmiş 55 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü övladları dünyaya gəlmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tərəflərin nikahları pozulmuş və uşağa görə hər ay 220 manat məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı tək xanımdır, evlənməmişdən əvvəl ürək əməliyyatı keçirmişdir. Maddi imkanı olmadığından, cavabdeh alimenti vaxtında ödəmədiyindən, verilən 220 manat aliment kifayət etmədiyindən iddiaçı məcburiyyətdən satıcı işləyir, aylıq əmək haqqı 350 manat təşkil edir. Ailə Məcəlləsinin 84.2.1-ci maddəsinə əsasən, əmək qabiliyyətli olmayan, maddi yardıma ehtiyyacı olan ər-arvad bir-birindən məhkəmə qaydasında aliment tələb edə bilər. Cavabdeh işləmədiyini qeyd etsə də, onun işləməsi ilə bağlı fotoşəkillər məhkəməyə təqdim edilmişdir. Cavabdeh avtoyuma məntəqəsi işlədir. Bu tipli məsələlərdən yayınmaq üçün cavabdeh məntəqəni öz adına sənədləşdirməmiş, təqdim olunan şəkildən görünür ki, məntəqə faktiki olaraq cavabdehin istifadəsindədir. Cavabdehin iddiaçıya alimenti ödəmək imkanı var. İddiaçı elə də böyük məbləğ istəmir, cəmi 100 manat aliment istəyir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə qarşı məhkəməyə təqdim etdiyi etirazında göstərmişdir ki, tərəflər xx.xx.2021-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuş, birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X4 anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-3488/2023 saylı qətnaməsi ilə tərəflərin nikahları pozulmuş, X1 üçün Cavabdeh hər ay sabit pul məbləğində 220 manat miqdarında alimentin tutulması qət edilmişdir. Cavabdeh məhkəmə qətnaməsi ilə qət edilmiş 220 manat aliment və ödənilməmiş aliment borcundan 80 manat olmaqla hər ay cəmi 300 manat aliment ödəyir. Cavabdeh İddiaçı tələb etdiyi hər 100 manat alimenti ödəmək imkanı yoxdur. Belə ki, cavabdeh MSS-nin üzvi xəstəliyi nəticəsində koqnitiv, emosional labil və dissosiativ pozuntuları, qıcolma tutmalar anamnezi xəstəliyindən əziyyət çəkir. Cavabdehdə xəstəliyi ilə bağlı tez-tez qıcolmalar olduğundan o, heç bir yerdə işləyə bilmir. Məhkəmənin müəyən etdiyi hər ay 220 manat alimenti və 80 manat aliment borcunu cavabdeh valideyinlərinin maddi köməkliyi sayəsində çətinliklə ödəyir. Cavabdehin iddiaçıya əlavə hər ay 100 manat ödəməyə maddi imkanı olmadığından iddia ərizəsinin təmin edilməməsi xahiş olunur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini qəbul etməyib, iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçı işləyə bilmədiyi üçün özü üçün əlavə aliment tələb edir. Lakin sonradan məlum oldu ki, iddiaçı hazırda işləyir. Nəzərə alınsa ki, minimum əmək haqqı 345 manatdır iddiaçının da əmək haqqı 350 manat təşkil edir. Eyni zamanda iddiaçının vəkili qeyd edir ki, alimentin ödənilməsində gecikmələr olur. Əslində belə gecikmələr olmur, 220 manat alimenti cavabdeh vaxtı-vaxtında ödəyir. Sadəcə əvvəlki gecikmələrdən yığılan aliment borcları var ki, həmin borcdan hər ay 80 manat ödəniş edilərək ümumilikdə hər ay iddiaçıya 300 manat məbləğində pul ödənilir. Ailə Məcəlləsində deyilir ki, əgər iddiaçı uşağa baxdığına görə işləmək imkanı olmadıqda özü üçün aliment tələb edə bilər. İddiaçı isə işləyir. Ailə Məcəlləsinin 87-ci maddəsinə əsasən nikah uzun çəkmədikdə aliment verən aliment ödəməkdən azad edilir. Belə ki, iddiaçı ilə cavabdeh arasında nikah 2 il çəkməmişdir. Həmin maddənin 2-ci bəndi mübahisəyə aid edilə bilər. Cavabdeh avtoyuma məntəqəsi işlətmir. Sosial şəbəkələrdə çox şey yazıla bilər. Həmin məntəqə cavabdehin dostuna aiddir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; 85.1.2. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 85.1.3. nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 85.1.4. ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad). 85.2. Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər. Maddə 86. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. 4 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV № 783471 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 3839 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-3488/2023 saylı qətnaməsindən müəyyən olunur ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh ilə Abdullayeva (Əliyeva) Nəzrin Fərhad qızı arasında xx.xx.2021-ci il tarixdə 3492 nömrəli akt qeydi ilə 5 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 anası Abdullayeva (Əliyeva) Nəzin Fərhad qızının yanında saxlanılması, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh iddiaçı X3 xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli № 3-17-712-A-48192/2023 saylı arayışdan müəyyən olunur ki, Cavabdeh (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmk və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən qüvvədə əmək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2018-ci il tarixli № 395 nömrəli arayışından müəyyən olunur ki, xx.xx.2018-ci il tarixdə müayinə olunmuş Cavabdeh MSS-nin üzvi xəstəliyi nəticəsində koqnitiv emosional labil və dissosiativ pozuntular, qıcolma tutmalar anamnezində F06,5; F06.6; F06.7 diaqnozu təyin edilmişdir. Elektron sistemdən gəlir məlumatları çıxarışından müəyyən olunur ki, İddiaçı fərdi sahibkar X7 ilə bağladığı əmək müqaviləsinə əsasən, satıcı vəzifəsində işləməklə aylıq əmək haqqı 350 manat təşkil edir. Elektron sistem üzrə gəlir məlumatları çıxarışından müəyyən olunur ki, Cavabdeh Xaliq Faiq oğlu MMC-də elektrik vəzifəsində işləməklə aylıq əmək haqqı 1300 manat təşkil edir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, Cavabdeh ilə Xaliq Faiqoğlu MMC arasında bağlanılmış əmək müqaviləsinə k- 176 saylı xx.xx.2023-cü il tarixli əmrə əsasən, Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən, xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin nikahları pozulduqdan sonra onların birgə nikahlarından olan xx.xx.2022-ci il təvəllüdlü X4 anasının himayəsində saxlanılmış, hər ay cavabdehdən iddiaçının xeyrinə birgə nikahlarından olan uşağın saxlanması üçün 220 manat alimentin tutulması qət edilmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, himayəsində 3 yaşına çatmayan övladı olduğu üçün işləyə bilmədiyini iddia ərizəsində qeyd edən iddiaçı fərdi sahibkar X7 ilə bağladığı əmək müqaviləsinə əsasən, satıcı vəzifəsində işləməklə aylıq əmək haqqı 350 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi cavabdehə məxsus avtomobil yuma məntəqəsinin olmasını bildirsə də, bu halı təsdiq edə biləcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmiş, əksinə məhkəmə araşdırması zamanı cavabdehin adına qüvvədə olan əmək müqaviləsinin olmadığı müəyyən olunmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı iddiaçının daimi iş yerinin olması, övladının saxlanması üçün hər ay 220 manat alimet ödəmək öhdəliyi olan cavabdehin isə iddiaçıya görə aliment ödəmək üçün zəruri vəsaitə malik olmaması öz təsdiqini tapdığından iddia ərizəsi təmin edilə bilməz. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay 100 manat alimentin, ödənilmiş 55 manat mediasiya xərcinin tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-1181/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1181/2024
30.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver