Məhkəmə qərarları › İş №e-2(001)-1215/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1215/2023

05.04.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1215/2023 05.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “qeyri-iş günləri üçün ödənilməmiş əmək haqqı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “qeyri-iş günləri üçün ödənilməmiş əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2018ci il tarixdən xx.xx.2022-ci il tarixədək işlədiyi şənbə-bazar günləri üçün ödənilməmiş 6.713,34 manat və ondan əsassız olaraq tutulmuş 3.660 manat olmaqla ümumilikdə 10.073,34 manat pulun və 50 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh Tovuz rayonu üzrə satış nümayəndəsi vəzifəsində işləmişdir. O, bu müddət ərziəndə şənbə, bazar günləri məcburi işə çıxmışdır. Onun rəsmi olaraq əmək haqqı (vergilər və digər ödənişlər çıxdıqdan sonra) xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 170,92 manat, xx.xx.2019-cu il tarixdə 395,16 manat, xx.xx.2019-cu il tarixdə 373,63 manat, 2019-cu ilin mart-sentyrabr ayrlarında 296 manat, 2019-cu ilin oktyabrından 2020-ci ilin dekabr ayına kimi 372 manat, 2021-ci ilin yanvar oktyabr 368 manat, 2021-ci ilin noyabr xx.xx.2022-ci il tarixədək aylıq 364 manat olmuşdur. Qeyd edildiyi kimi, bu müddət ərzində o, hər şənbə bazar günü işdə olmasına baxmayaraq cavabdeh ona əlavə əmək haqqı hesablamamışdır. Onun şənbə-bazar günləri işdə olması onun tərəfindən təqdim olunan satış fakturaları ilə öz təsdiqini tapır. Bundan əlavə, şənbə-bazar günləri işçilərin işə çıxmalarına göstəriş verməsinə dair onun rəhbəri tərəfindən göndərilmiş səs yazıları da məhkəmə prosesi zamanı təqdim ediləcək. Azərbaycan Respublikası Əmək Məcəlləsininin 149-cu maddəsinin 3-cü bəndinə əsasən: Gündəlik tarif (vəzifə) maaşları, (saatlıq tarif maaşları) əməyin ödənilmə dərəcəsinə uyğun olan aylıq tarif (vəzifə) maaşının aylıq iş günü (aylıq iş saatı) normasına bölünməsi yolu ilə tapılır. 2018-ci ilin iyul-dekabr aylarına 184 gün iş günü olmuş bu günlər üçün ona ümumilikdə 1.010,85 manat pul ödənilmişdir. Qeyd edilən tarixlərdə 184 gün iş günü olmuşdur ki, həmin məbləği də iş günlərinin sayına bölsə (1.010,85:184) günlük 5.49 manat edir. Qeyd edilən tarixlərdə 50 gün şənbə bazar günü olduğundan həmin vəsaiti (5.49*50) vursa cavabdeh ona həmin tarixlərdə 274.50 manat əlavə pul ödəməli idi. 2019cu ilin yanvar ayında 23 iş günü olmuş buna görə ona 395,16 manat əmək haqqı ödənilmiş, bu da günlük 17.10 manat edir (395,16:23) deməli yanvar ayında onun əlavə işlədiyi şənbə bazar günlərinin sayı 8 gün olduğundan həmin günlərin sayını 17.10-a vursa (8*17.10) 2019-cu il yanvar ayında ona əlavə olaraq 138,8 manat əlavə pul ödənilməli idi. 2019-cu ilin fevral ayında 20 iş günü olmuş buna görə ona 373,63 manat edir ki, bu da günlük 18.68 manat edir. Deməli fevral ayında onun əlavə işlədiyi şənbə bazar günlərinin sayı 8 gün olduğundan həmin günlərin sayını 18.68-ə vursa (8*18.68) 2019-cu il fevral ayında ona əlavə olaraq 149.44 manat əlavə pul ödənilməli idi. 2019-cu ilin mart-sentyabr aylarında 152 gün iş günü olmuş bu günlər üçün ona hər ay 296 manat olmaqla (7*296) ümumilikdə 2072 manat pul ödənilmişdir. Həmin məbləği də iş günlərinin sayına bölsə (2072:152) günlük 13.63 manat edir. Qeyd edilən tarixlərdə 62 gün şənbə bazar günü olduğundan həmin vəsaiti (13.63*62) vursa, cavabdeh ona həmin tarixlərdə 845,06 manat əlavə pul ödəməli idi. 2019-cu ilin oktyabrından 2020-ci iln dekabr ayına kimi 315 gün iş günü olmuş bu günlər üçün ona hər ay 372 manat olmaqla (15*372) ümumilikdə 5580 manat pul ödənilmiş, həmin məbləği də iş günlərinin sayına bölsə (5580:315) günlük 17,71 manat edir. Qeyd edilən tarixlərdə 138 gün şənbə bazar günü olduğundan həmin vəsaiti (17,71*138) vursa cavabdeh ona həmin tarixlərdə 2443 manat əlavə pul ödəməli idi. 2021ci ilin yanvar - oktyabr aylarında 208 gün iş günü olmuş bu günlər üçün ona hər ay üçün 368 manat olmaqla (10*368) ümumilikdə 3.680 manat pul ödənilmişdir. Həmin məbləği də iş günlərinin sayına bölsə (3.680:208) günlük 17,69 manat edir. Qeyd edilən tarixlərdə 96 gün şənbə bazar günü olduğundan həmin vəsaiti (17.69*96) vursa cavabdeh ona həmin tarixlərdə 1698,24 manat əlavə pul ödəməli idi. 2021-ci ilin noyabr ayından xx.xx.2022-ci il tarixinədək 154 gün iş günü olmuş bu günlər üçün hər ay 364 manat olmaqla (8*364) ona ümumilikdə 2.912 manat pul ödənilmişdir. Həmin məbləği də iş günlərinin sayına bölsə (2.912:154) günlük 18.90 manat edir. Qeyd edilən tarixlərdə 68 gün şənbə bazar günü olduğundan həmin vəsaiti (18.90*68) vursa cavabdeh ona həmin tarixlərdə 1.285,2 manat əlavə pul ödəməli idi. Ümumilikdə, o, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh Tovuz rayonu üzrə satış nümayəndəsi vəzifəsində işlədiyi dövr ərzində şənbə və bazar günləri işlədiyi üçün, cavabdeh ona 6.713,34 manat pul ödəməlidir. Ödənilməmiş, həmin vəsaitin cavabdeh tərəfindən ödənilməsi üçün onun tərəfindən cavabdehə müraciət olunmuş, lakin cavabdeh bundan imtina etmişdir. Bundan əlavə qanunvericiliyin tələbinə uyğun olaraq o, mediasiya sessiyasından keçmiş, lakin cavabdeh mediasiyada iştirak etməmişdir. Bundan əlavə işəgötürən tərəfindən DSMF-yə ödənilməli olan məbləğ də cavabdeh tərəfindən qeyri-rəsmi olaraq ondan tutulmuş və bunun da nəticəsində qeyd edilən dövr ərzində ondan əsassız olaraq 3.660 manat pul tutulmuşdur ki, cavabdeh tərəfindən həmin vəsaitdə ona ödənilməlidir. Cavabdeh məhkəməyə iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı "qeyri-iş günləri üçün ödənilməmiş əməkhaqqı tələbinə dair" iddia tələbi tamamilə əsassızdır və təmin edilə bilməz. İddiaçı öz iddia ərizəsində göstərmişdir ki, guya o, Cavabdeh MMC-də işlədiyi müddət ərzində istirahət günü hesab edilən şənbə və bazar günlərində də işləməyə cəlb edilmiş, lakin işlədiyi həmin günlərin əməkhaqqı ona ödənilməmişdir. Əvvəla, bildirmək istəyir ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə uyğun olaraq yalnız iş günlərində işlərə cəlb edilmiş, qeyri-iş günlərində işlərə cəlb edilməmişdir. İddiaçının işlədiyi bütün günlərin əvəzi, ona hər ay əməkhaqqı şəklində tam ödənilmişdir. Əks təqdirdə, iddiaçı Cavabdeh MMC-də işlədiyi müddət ərzində ona qarşı yol verilmiş hüquq pozuntuları ilə bağlı aidiyyatı orqanlara müraciət edər, ən azından bu halın hər ay baş verməməsi üçün zəruri hərəkətləri edər və etirazlarını bildirərdi. İddiaçının Cavabdeh MMC-də işlədiyi 4 il ərzində ona qarşı 48 ay və hər ayda 8 gün qanun pozuntusuna yol verilməsi, yəni qeyri-iş günü olan şənbə və bazar günləri işə çıxarılması, lakin onun tərəfindən bu müddət ərzində heç bir etiraz bildirilməməsi inandırıcı hesab edilə bilməz. İkincisi, həftənin şənbə və bazar günləri işlərə cəlb edildiyinin sübutu kimi iddiaçının məhkəməyə təqdim etdiyi satış fakturaları həftənin şənbə və bazar ertəsi günlərinə aiddir. Lakin bu, o demək deyil ki, iddiaçı məhz satış fakturalanın tərtib edildiyi tarixlərdə işlərə cəlb edilib və işlədilib. Belə ki, "xxxx" MMC-də satış üzrə nümayəndə vəzifəsində çalışan işçilərin əmək funksiyası satış nöqtələrindən qəbul etdiyi sifarişləri, ona təhkim edilmiş pos-terminal vasitəsilə mərkəzi anbara bildirməkdən və satış nöqtələrində olan mal və pul qalıqlarına nəzarət etməkdən ibarətdir. Yəni, iddiaçı satış nümayəndəsi olaraq, satış nöqtələrinin sifarişlərini, daim üzərində saxladığı pos-terminal vasitəsilə mərkəzi anbara ötürürdü. Yalnız bundan sonra anbar tərəfindən onun sifarişi növbəti günlərdə hazırlanır, operatorlar tərəfindən müvafiq satış fakturaları çap edilir və anbara təqdim edilir, anbar işçiləri satış fakturasında göstərilən malları yük maşınına yükləyir, yekun olaraq isə sürücü həmin malları satış nöqtələrinə çatdırır. Beləliklə, satış nümayəndəsinin malları pos-terminal vasitəsilə sifariş verdiyi vaxtla malların satış fakturası əsasında satış nöqtələrinə çatdırıldığı vaxt arasında ən azı 2 gün fərq edir. Bu isə, o deməkdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş satış fakturalarından şənbə gününə təsadüf edənlər üzrə mallar iddiaçı tərəfindən mərkəzi anbara ən tezi həftənin cümə axşamı, bazar ertəsinə təsadüf edənləri isə cümə günü sifariş verilmişdir. Belə olan halda, iddiaçının qeyri-iş günləri hesab edilən şənbə və bazar günlərində işə cəlb edilməsindən söhbət gedə bilməz. İddianın digər hissəsi olan "iddiaçıdan qeyri-rəsmi olaraq DSMF ödənişlərinin əvəzi kimi 3660 manat tələbi" ilə bağlı isə bildirmək istəyir ki, iddiaçının bu tələbi də tamamilə əsassızdır. Göstərilənlərə əsasən iddianın əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh həmçinin iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və hazırki iddia üzrə 1 illik iddia müddəti ötürüldüyündən, iddiaya iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı yuxarıda qeyd edilən məzmunlarda izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, satış fakturalarda olan imzalar ona məxsus deyil. O, həqiqətən də məhsulların sifarişlərini icra etmişdir. O, həftənin şənbə-bazar günləri işə cəlb edilməsi ilə bağlı işdən çıxana qədər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə və işəgötürənə şikayət etməmişdir. O, hesab edir ki, ümumiyyətlə onun əmək haqqından tutulmalı olan ödənişlər düzgün aparılmamış və ondan artıq pul tutularaq əmək haqqı az məbləğdə ödənilmişdir. İddiada yalnız DSMF üzrə tutulmalar qeyd edilsə də, o, ümumilikdə tutulmaların hamsını mübahisələndirir və hesab edir ki, cavabdeh şirkət hesablamaları düzgün aparmamışdır. Ona görə də o, ondan artıq tutulan məbləği cavabdehdən tələb edir. Onun əmək haqqı 2018-ci ildə 180 manatla başlamış, sonra az-az artım olmuş, ən son 2019-cu ilin sentyabr ayından 400 manata artmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizəsində qeyd olunan məzmunlarda izahat verərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin əlavə olaraq bildirdi ki, iddiaçı cavabdeh şirkətdə anbardar və yaxud sürücü vəzifəsində çalışmamışdır ki, o, satış fakturalarına əsaslanaraq göstərilən tarixlərdə işə cəlb edildiyini bildirsin. Belə ki, həmin satış fakturalarda məhsulları təhvil verən və təhvil alan şəxs iddiaçı olmamış, heç bir fakturada da onun imzası yoxdur. Həmin fakturada yalnız iddiaçının elektron qaydada adı yazılmışdır, çünki satış üzrə nümayəndə kimi həmin məhsullar onun tərəfindən sifariş edilmişdir. Həmin sifarişlər də bir neçə gün əvvəlcədən verilir. Digər tələblə, yəni 3660 manatın tutulması ilə bağlı isə bildirir ki, bu tələb ümumiyyətlə əsassızdır. Belə ki, iddiaçı həmişə vaxtlı-vaxtında stabil olaraq öz əmək haqqısını almış, bu barədə hər hansı etirazı olmamışdır. Lakin nədənsə iddiaçı işdən çıxdıqdan sonra qərəzli olaraq cavabeh şirkətdən əsassız formada faydalanmaq niyyətindədir. Əmək haqqından tutulmalar isə qanunvericilikdə göstərilən qaydada və məbləğdə olmuşdur. İddiaçı ümumiyyətlə həmin tələblə bağlı iddiasını əsaslandırmır ki, ona qarşı etirazlarını əsaslı şəkildə bildirsinlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan: 04 iyul 2018-ci il tarixdə Cavabdeh ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdehndə satış üzrə nümayəndə vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 3-cü bəndinə əsasən işçi aşağıdakı əmək funksiyalarının icrasını öhdəsinə götürür: müşayətedici sənədlərə uyğun olaraq anbardan yükləri qəbul edir, qablaşdırmanın bütövlüyünü yoxlayır, yüklərin təyin olunmuş yerə çatmasını müşayiət edir, onların nəql edilməsi zamanı lazım olan mühafizə rejimini həyata keçirir, gətirilmiş yükü təhvil verir, qəbul - təhvil sənədlərini rəsmiləşdirir; bölgə müdiri və menecerinin verdiyi tapşırıqlara vaxtında və keyfiyyətlə əməl etmək; qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməlidir; Avrora şirkətinə məxsus malların ticarət nöqtələrinin rəflərində prioritet yerlərdə normativlərə uyğun düzülüşü; Avrora şirkətinə məxsus malların maksimum dərəcədə paylaşılmasını təmin etmək; satış nümayəndəsi Avrora şirkətinin satış məntəqələrində olan maddi (pul, invertar və s.) vəsaitə nəzarət edir, onun məsuliyyətini daşıyır; müştərilərdən (ticarət nöqtələrindən) Cavabdeh Şirkətinə məxsus məhsulların satışından əldə edilən pul vəsaitini Şirkətin xəzinəsinə vaxtında və tam ödənilməsinə birbaşa məsuliyyət daşıyır; Birbaşa tabe olduğu müdirə hər günün sonunda gördüyü işlər barəsində məlumat və hesabat verməlidir; satış nümayəndələri satış nöqtəsinin anbardakı Avrora məhsullarının varlığına nəzarət etməlidir; daxili nizamintizam qaydalarına riayət etmək. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən işçiyə hər ay 180 manat məbləğində əmək haqqı ödənilir. Həmin müqavilənin 4.23-cü bəndinə əsasən istirahət günləri hər həftənin şənbə və bazar günləridir. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən işçiyə iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə Əmək məcəlləsində nəzərdə tutulandan artıq əmək haqqı verilir. 04 iyul 2018-ci il tarixdə sistemə daxil edilmiş Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 04 iyul 2018ci il tarixdə bağlanmış əmək müqaviləsi üzrə sonuncu satış üzrə nümayəndə kimi işə qəbul edilmiş və onun əmək haqqı 180 manat təşkil edir. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 04 iyul 2018-ci il tarixli “X4 Daşıması” haqqında müqavilənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı işəgötürənə məxsus olan əmlakın (avadanlığın) və maddi sərvətlərin salamatlığını təmin etməyi, təqsirli hərəkətləri nəticəsində X4 daşımağı və ziyan vurduğu şəxs qarşısında vurulmuş ziyanı şəxsən tam ödəməyi və sair öhdəlikləri öhdəsinə götürmüşdür. 12 sentyabr 2019-cu il tarixdə sistemə daxil edilmiş Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdehndə satış üzrə nümayəndə kimi çalışır və onun əmək haqqı 400 manat təşkil edir. 16 aprel 2022-ci il tarixli (həftənin şənbə günü) satış fakturasından görünür ki, İddiaçı satış nümayəndəsi, məsul şəxs kimi göstərilməklə alpenland məhsulları satışa yararlı şəkildə mağazaya təhvil verilmişdir. 23 aprel 2022-ci il tarixli (həftənin şənbə günü) satış fakturasından görünür ki, İddiaçı satış nümayəndəsi, məsul şəxs kimi göstərilməklə xama, ayran məhsulları satışa yararlı şəkildə mağazaya təhvil verilmişdir. 25 aprel 2022-ci il tarixli (həftənin bazarertəsi) satış fakturasından görünür ki, İddiaçı satış nümayəndəsi, məsul şəxs kimi göstərilməklə ayran məhsulları satışa yararlı şəkildə "xxxx" MMC-yə təhvil verilmişdir. 12 may 2022-ci il tarixli (həftənin cümə axşamı) satış fakturasından görünür ki, İddiaçı satış nümayəndəsi, məsul şəxs kimi göstərilməklə ayran məhsulları satışa yararlı şəkildə "xxxx" MMC-yə təhvil verilmişdir. 14 may 2022-ci il tarixli (həftənin şənbə günü) satış fakturasından görünür ki, İddiaçı satış nümayəndəsi, məsul şəxs kimi göstərilməklə ayran, süd məhsulları satışa yararlı şəkildə mağazaya təhvil verilmişdir. 16 may 2022-ci il tarixli (həftənin bazarertəsi) satış fakturasından görünür ki, İddiaçı satış nümayəndəsi, məsul şəxs kimi göstərilməklə qatıq-süd məhsulları satışa yararlı şəkildə mağazaya təhvil verilmişdir. 16 may 2022-ci il tarixli (həftənin bazarertəsi) satış fakturasından görünür ki, İddiaçı satış nümayəndəsi, məsul şəxs kimi göstərilməklə atena xama, ayran, süd məhsulları satışa yararlı şəkildə "xxxx" MMC-yə təhvil verilmişdir. 21 may 2022-ci il tarixli (həftənin şənbə günü) satış fakturasından görünür ki, İddiaçı satış nümayəndəsi, məsul şəxs kimi göstərilməklə qatıq-süd, xama məhsulları satışa yararlı şəkildə mağazaya təhvil verilmişdir. 23 may 2022-ci il tarixli (həftənin bazarertəsi) satış fakturasından görünür ki, İddiaçı satış nümayəndəsi, məsul şəxs kimi göstərilməklə qatıq-süd, xama məhsulları satışa yararlı şəkildə mağazaya təhvil verilmişdir. 11 iyun 2022-ci il tarixli (həftənin şənbə günü) satış fakturasından görünür ki, İddiaçı satış nümayəndəsi, məsul şəxs kimi göstərilməklə Romashka 25% 350 qr adlı məhsul satışa yararlı şəkildə mağazaya təhvil verilmişdir. 13 iyun 2022-ci il tarixli (həftənin bazarertəsi) satış fakturasından görünür ki, İddiaçı satış nümayəndəsi, məsul şəxs kimi göstərilməklə ayran adlı məhsul satışa yararlı şəkildə mağazaya təhvil verilmişdir. 20 iyun 2022-ci il tarixli (həftənin bazarertəsi) satış fakturalarından görünür ki, İddiaçı satış nümayəndəsi, məsul şəxs kimi göstərilməklə ayran və Romashka 25% adlı məhsullar satışa yararlı şəkildə mağazaya təhvil verilmişdir. 21 iyun 2022-ci il tarixli (həftənin çərşənbə axşamı) satış fakturasından görünür ki, İddiaçı satış nümayəndəsi, məsul şəxs kimi göstərilməklə xama məhsulları satışa yararlı şəkildə "xxxx" MMC-yə təhvil verilmişdir. Cavabdeh İddiaçı ünvanladığı 15 iyul 2022-ci il tarixli 0953 nömrəli məktubundan görünür ki, sonuncu ilə bağlanılmış əmək müqaviləsinə 15 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Xahiş edilmişdir ki, Ziya Bünyadov 13 ünvanında yerləşən Cavabdeh MMC-yə gəlib əmək kitabçası təhvil alsın. 15 iyul 2022-ci il tarixdə sistemə daxil edilmiş Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cəmiyyətin şatış üzrə nümayəndəsi 15 iyul 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2(a) bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsdiq edilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı aşağıdakı kimi əmək haqqı almışdır: 2018-ci ilin 24 sentyabrında 156,27 manat və 170,92 manat, oktyabr ayının 10-da 170,92 manat, noyabr ayının 8-ində 170,92, dekabr ayının 5-i və 28-ində 170,92 manat; 2019-cu ilin martın 1-ində 109 manat sosial müavinət və 395,16 manat yanvar ayının əmək haqqı, martın 19-unda fevral ayının əmək haqqı 373,63 manat, aprelin 24ündə 296 manat mart ayının əmək haqqı, may ayının 24-ündə 296 manat aprel ayının əmək haqqı, iyun ayının 25-ində 296 manat may ayının əmək haqqı, iyul ayının 29-unda 296 manat iyun ayının əmək haqqı, avqust ayının 21-ində 296 manat, sentyabr ayının 20ində 296 manat, oktyabr ayının 11-ində 372 manat, noyabr ayının 22-ində 372 manat oktyabr ayının əmək haqqı, dekabr ayının 26-ında 372 manat noyabr ayının əmək haqqı,; 2020-ci ilin yanvar ayının 30-unda 372 manat dekabr ayının əmək haqqı, fevral ayının 372 manat yanvar ayının əmək haqqı, mart ayının 19-unda 372 manat fevral ayının əmək haqqı, aprel ayının 29-unda 372 manat mart ayının əmək haqqı, iyun ayının 5-ində 372 manat, iyun ayının 29-unda 372 manat, iyul ayının 13-də 372 manat iyun ayının əmək haqqı, avqustun 14-ündə 372 manat iyul ayının əmək haqqı, sentyabr ayının 11-ində 372 manat avqust ayının əmək haqqı, oktyabr ayının 14-ündə 372 manat sentyabr ayının əmək haqqı, noyabr ayının 13-ündə 372 manat oktyabr ayının əmək haqqı, dekabr ayında 372 manat noyabr ayının əmək haqqı; 2021-ci ilin fevral ayının 15-ində 368 manat yanvar ayının əmək haqqı, mart ayının 15-ində 368 manat fevral ayının əmək haqqı, aprel ayının 12-ində 368 manat mart ayının əmək haqqı, may ayının 7-ində 368 manat aprel ayının əmək haqqı, iyun ayının 11-ində 368 manat may ayının əmək haqqı, iyul ayının 13-ündə 368 manat iyun ayının əmək haqqı, avqust ayının 12-ində 368 manat iyul aynın əmək haqqı, sentyabr ayının 15-ində 368 manat avqust ayının əmək haqqı, oktyabr ayının 14-ündə 368 manat sentyabr ayının əmək haqqı, noyabrın 17-ində 339,94 manat oktyabr ayının əmək haqqı, dekabr ayının 10-da 368 manat noyabr ayının əmək haqqı ; 2022-ci ilin yanvar ayının 14-ündə 353,96 manat dekabr ayının əmək haqqı, fevralın ayının 9-u 364 manat yanvar ayının əmək haqqı, mart ayının 9-u 364 manat fevral ayının əmək haqqı, aprel ayının 19-u 364 manat mart ayının əmək haqqı, may ayının 11-i 364 manat aprel ayının əmək haqqı, iyun ayının 14-ü 364 manat may ayının əmək haqqı, iyul ayının 7-si 364 manat iyun ayının əmək haqqı, iyul ayının 15-i son haqq hesab olaraq 890,38 manat. X3 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanladığı 23 sentyabr 2022-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, sonuncunun müraciətinə baxılmış və araşdırma zamanı Cavabdeh ünvanına (AZ1108, ünvan 2aciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq ona aid olan sənədlərin 7 iş günü ərzində X3 Xidmətinin Bakı şəhər idarəsinə (Bakı şəhəri, Yasamal rayonu, H. Zərdabi 87 A) təqdim olunması üçün xx.xx.2022-ci il tarixli **********3 nömrəli sorğu məktubu (SS792800905AZ) göndərilmiş, ancaq sənədlər təqdim edilməmişdir. Məlumat üçün bildirilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar 01 yanvar 2023-ci il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır. Müraciətində qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Tovuz 1 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçı hazırki mübahisə üzrə xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasından keçmək üçün ərizə ilə mediasiya təşkilatına müraciət etməsinə baxmayaraq, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, tərəflər arasında əmək münasibətləri olmuş, iddiaçı 04 iyul 2018-ci il tarixdən 15 iyul 2022-ci il tarixə qədər cavabdeh şirkətdə satış üzrə nümayəndə vəzifəsində çalışmışdır. 15 iyul 2022-ci il tarixdə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2(a) bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Hazırda iddiaçının tələbləri aşağıdakılardır. 1.cavabdehdən onun xeyrinə xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işlədiyi şənbə-bazar günləri üçün ödənilməmiş 6.713,34 manat əmək haqqının tutulması; 2.ondan əsassız olaraq tutulmuş 3.660 manat pulun qaytarılması;

3. 50 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulması. Məhkəmə birinci tələblə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıdakı normalarını qeyd edir: Maddə 89. Tam iş vaxtı və onun müddəti

1. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.

2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.

3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Maddə 90. Həftəlik tam iş vaxtının müəyyən edilməsi

1. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

2. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər.

3. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz. Maddə 95. İş vaxtının rejimi

1. İş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. Maddə 154. Əmək haqqı

1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Maddə 164. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsi

1. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.

2. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. Göründüyü kimi, əmək qanunvericiliyin normalarına riayət edilməklə tərəflər arasında bağlanmış əmək müqaviləsində iş vaxtının rejimi qaydaları müəyyən edilmişdir. Həmin qaydalara əsasən işçinin istirahət günləri hər həftənin şənbə və bazar günləridir. Həmçinin əmək müqaviləsində göstərilmişdir ki, işçi istirahət günlərində işlədikdə ona Əmək Məcəlləsində nəzərdə tutulandan artıq əmək haqqı verilir. İddiaçı hazırda hər həftənin şənbə və bazar günlərində işəgötürən tərəfindən işə cəlb edildiyini, lakin ona bunun üçün əmək haqqı ödənilmədiyini bildirir. İddiaçı tələbini təsdiq edən sübut qismində isə satış fakturalarını məhkəməyə təqdim etmiş, həmin vaxtlar cavabdeh şirkətin məhsullarını mağazalara satılmasını təmin etdiyini bildirmişdir. Cavabdeh isə etirazında iddiaçının istirahət günlərində işə cəlb edilmədiyini bildirərək, iddianı qəbul etməmiş, iddianın əsassız olduğundan, habelə iddiaya 1 illik iddia müddətinin də tətbiq edilərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə baxışı iclasında iddiaçı tərəfindən təqdim edilmiş satış fakturalar tədqiq edilərkən müəyyən edildi ki, 16 və 23 aprel, 14 may və 11 iyun 2022-ci il tarixləri həftənin şənbə günləridir. İclas zamanı cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçı cavabdeh şirkətdə anbardar və yaxud sürücü vəzifəsində çalışmamışdır ki, o, satış fakturalarına əsaslanaraq göstərilən tarixlərdə işə cəlb edildiyini bildirsin. Belə ki, həmin satış fakturalarda məhsulları təhvil verən və təhvil alan şəxs iddiaçı olmamış, heç bir fakturada da onun imzası yoxdur. Həmin fakturada yalnız iddiaçının elektron qaydada adı yazılmışdır, çünki satış üzrə nümayəndə kimi həmin məhsullar onun tərəfindən sifariş edilmişdir. İddiaçı cavabdehin izahatını təkzib etməmiş, əksinə ona verilmiş suala cavab olaraq bildirmişdir ki, satış fakturalarda olan imzalar ona məxsus deyil. O, həqiqətən də məhsulların sifarişlərini icra etmişdir. Qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının istinad etdiyi hallara əsasən iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164.1-ci maddəsi təşkil edir. Həmin maddə də istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, işin halları yuxarıda qeyd edilən normanın (164.1) dispozisiya şərtləri əsasında yoxlanılarkən məhkəmə tərəfindən, iddiaçının tələbinin təmin edilməsi üçün zəruri olan əsasların mövcudluğu müəyyən edilmədi. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi işdə olan sübutlarla öz təsdiqini tapmadığından iddia “istirahət günlərində işə cəlb edilməyə görə əmək haqqının ödənilməsi” hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Bu qənaətə gələrkən məhkəmə həmçinin onu da nəzərə alır ki, iddiaçı 2018-ci ilin iyul ayından işdən azad edilən vaxta qədər mütəmadi olaraq hər həftənin şənbə-bazar günləri işə cəlb edilməsini iddia etsə də, həmin uzun müddət ərzində qeyd edilən məsələyə dair nə işəgötürənə iradını bildirmiş, nə də ki, bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət etmişdir. Onun işdən azad edildikdən sonra edilmiş müraciəti isə hazırki mübahisənin həlli baxımından hər hansı əhəmiyyət kəsb etmir. Eyni zamanda, iddiaçının ikinci tələbi isə “ondan əsassız olaraq tutulmuş 3.660 manat pulun qaytarılması”dır. İddiaçı bu tələbini onunla əsaslandırmışdır ki, işəgötürən tərəfindən qanunverciliklə müəyyən edilən tutulmalar qeyri-rəsmi olaraq ondan çox tutulmuşdur. Məhkəmə ikinci tələblə bağlı hesablamalar aparmamışdan əvvəl cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır Azərbaycan Respublikası Əmək Məcəllənin 296-cı maddəsinə əsasən 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və s “Mediasiya haqqında” Qanunun: Maddə 35. İddia müddətlərinin axımının dayandırılması 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Maddə 32. Mediasiya prosesinə xitam verilməsi 32.4. Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir: 32.4.1. barışıq sazişinin imzalandığı gündən; 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. Hazırkı iddia tələbləri üzrə iddiaçı bildirir ki, 2018-ci ilin iyul ayından 2022-ci ilin iyul ayının 1-nə qədər işlədiyi qeyri-iş günlərində işə cəlb edildiyinə görə əmək haqqı almamış və ondan sığorta ödənişləri üçün artıq pul çıxılmışdır, belə olan halda işçiyə hüququnun pozulduğu 2018-ci ilin iyul ayından başlamaqla hər ay aşkar olsa da, o, hazırki mübahisə ilə bağlı 06 dekabr 2022-ci il tarixdə mediasiya təşkilatına, xx.xx.2023-cü il tarixdə isə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı 2018-ci ilin iyul ayından 2021-ci ilin 6 dekabrına kimi pul tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Beləliklə, təsvir olunanlara əsasən, iddiaçının 2018-ci ilin iyul ayından 2021-ci ilin 6 dekabrına kimi əmək haqqı tələbi əsassız olduğundan, həmçinin iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Həmin müddət ərzində ondan çıxılmış artıq ödənişlərə görə pul tələbi isə iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Belə olan halda, məhkəmə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər iddiaçıya köçürülmüş əmək haqqlarından müvafiq tutulmaların düzgün aparılıbaparılmadığını müəyyən etmək üçün hesablama aparmağı zəruri görmüşdür. Beləliklə, iddiaçının 2021-2022-ci illər üzrə əmək haqqı məbləği 400 manat məbləğində olduğu nəzərə alınmalı və hesablama məhz həmin məbləğ üzərindən aparılmalıdır. İlk növbədə məhkəmə bu tələblə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 175. Əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası

1. Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.

2. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr; b) qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ; c) işəgötürənə işçinin (X4 daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği; ç) müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu; d) xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği; e) mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər; ə) təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği; f) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ; g) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur: Vergiyə cəlb olunan məbləğ 8000 manatadək olduqda: 0 Vergiyə cəlb olunan məbləğ 8000 manatdan çox olduqda: Vergiyə cəlb olunan məbləğ *14% Hazırki mülki iş üzrə tərəf olan cavabdeh Şirkət - neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyici olduğundan, iddiaçının əmək haqqı məbləği də 8.000 manatadək olduğundan iddiaçı gəlir vergisi ödəməkdən qanunla azad edilmişdir. “Sosial sığorta” haqqında Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. (cədvəldə göstərilir: Sığorta haqqına cəlb edilən aylıq gəlir 200 manatdan çox olduqda 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi) Belə olan halda, iddiaçının əmək haqqından tutulmalı olan sığorta haqqı məbləği aşağıdakı kimidir. 6 manat+ 200 (400-200) *10%=26 manat. “İşsizlikdən sığorta” haqqında Azərbaycan Respublikası Qanununun 9.0.2-ci maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi məbləğində müəyyən edilir. Göründüyü kimi, işsizlikdən sığorta haqqı = Hesablanan aylıq əmək haqqı * 0.5%, belə olan halda, iddiaçının əmək haqqı 400 manat * 0.5%=2 manat. “Tibbi Sığorta” haqqında Azərbaycan Respublikası Qanununun 15-2.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslərə münasibətdə onların təyin olunduqları dövlət orqanı (qurumu), seçkili ödənişli vəzifə tutan şəxslərə münasibətdə isə onların seçildiyi dövlət və ya bələdiyyə orqanı (qurumu), Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə (o cümlədən, digər əsaslara muzdlu işə cəlb olunan şəxslər) münasibətdə isə sığortalı qismində işəgötürənlər (işə cəlb edən şəxslər) çıxış edir; İcbari tibbi sığorta üzrə sığorta haqları aşağıdakı məbləğlərdə və dərəcələrdə müəyyən edilir: 15-10.1.2. muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz . 16-4.3-cü maddəsinə əsasən bu Qanunun 15-10.1.2-ci maddəsində nəzərdə tutulan əməkhaqqının 8000 manatadək hissəsindən ödənilən sığorta haqqının məbləğinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilir. Bu maddənin məqsədləri üçün neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada müəyyən edilir. Göründüyü kimi, işçinin əmək haqqı 8000 manatadək olduğundan icbari tibbi sığorta üzrə sığorta haqqının tutulmasında 2022-ci ilin yanvar ayının 1-dək əmək haqqısında güzəşt tətbiq edilir. Belə olduğu təqdirdə işçinin əmək haqqı məbləği 400 manat *1% (güzəştlə)= 4 manat. 2022-ci ilin yanvar ayının əmək haqqısında isə qeyd olunan güzəşt tətbiq edilmədiyindən işçinin əmək haqqı məbləği 400 manat *2% (güzəştsiz)= 8 manat. Beləliklə, nəticə etibarı ilə iddiaçı 2021-2022-ci illər üzrə aşağıdakı məbləğlərdə əmək haqqı almalı idi. 2021-ci il üzrə, əmək haqqı 400 manat - Gəlir vergisi 0 - DSMF ayırmaları 26 manat - İşsizlikdən sığorta haqqı 2 manat - İcbari tibbi sığorta haqqı – 4 manat, yəni, 400-26-2- 4=368 manat işçiyə yekun ödəniləcək məbləğdir. 2022-ci il üçün isə, əmək haqqı 400 manat - Gəlir vergisi 0 - DSMF ayırmaları 26 manat - İşsizlikdən sığorta haqqı 4 manat - İcbari tibbi sığorta haqqı – 8 manat, yəni, 400- 26-2-8=364 manat işçiyə yekun ödəniləcək məbləğdir. Göründüyü kimi, işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız qanunvericiliklə müəyyən edilmiş ödəmələr tutulmuş, artıq hər hansı məbləğdə pul vəsaiti tutulmamışdır. Belə ki, i ddiaçı tərəfindən təqdim edilmiş əmək haqqı çıxarışından da müəyyən edilir ki, iddiaçıya qanunvericiliklə müəyyən edilmiş ödəmələr çıxıldıqdan sonra 2021-ci il üzrə 368 manat, 2022-ci il üzrə isə 364 manat məbləğində əmək haqqı köçürülmüşdür. Belə olanda məhkəmə hesab edir ki, iddiaçının ondan əlavə ödəmələrin tutulması isə bağlı iddiası əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən hazırki mübahisə ilə bağlı iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci də cavabdehdən tutula bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı Cavabdehnə qarşı “qeyri-iş günləri üçün ödənilməmiş əmək haqqı” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar