Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1278/2025 12.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil Asimovnanın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “digər valideynin razılığı olmadan uşağın xaricə çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “digər valideynin razılığı olmadan uşağın xaricə çıxarılması” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh razılığı olmadan xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi ölkədən getməsinə icazə verilməsi, mediasiyaya ödənilmiş 60 manat və 100 manat dövlət rüsumunun, eləcə də vəkillə bağlanmış müqavilə üzrə 300 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikahdan keçərək ailə həyatı qurmuşdur. Cavabdehlə birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X4 dünyaya gəlmişdir. Lakin Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli qətnaməsi ilə Cavabdehla olan rəsmi nikahlarına xitam verilmiş və birgə nikahlarından olan qızının onun himayəsində saxlanılması qət edilmişdir. Yetkinlik yaşına çatmamış X5 hal-hazırda tam olaraq onun himayəsindədir və onunla birlikdə ünvan 1 ünvanda yaşayır. İnarənin saxlanması, təhsili, sağlamlığı, istirahəti, fiziki və mənəvi inkişafı üçün bütün xərclər onun tərəfindən ödənilir. Cavabdeh isə 2019-cü ildə Almaniyada Siegen Universitetinə qəbul olunmuş və orada əyani təhsil almaq üçün viza alaraq Almaniyaya köçmüşdür. Cavabdeh ilə “TS Gim GmbH Şirkəti” arasında bağlanmış əmək müqaviləsinə əsasən cavabdeh xx.xx.2023-cü ildən həmin müəssisədə çalışır və onun əmək müqaviləsi müddətsizdir. Cavabdehin əmək haqqısı 4166,66 Avro təşkil edir, lakin buna baxmayaraq o, öz uşağına aliment ödəmir. xx.xx.2023-cü il tarixdə cavabdeh xx.xx.2027-ci il tarixinədək Almaniyada yaşayış barədə müvəqqəti icazə vərəqəsi almışdır. Göründüyü kimi, cavabdeh artıq uzun müddət Almaniyada yaşayır və Bakıya gəlmir. O, cavabdehə qızlarını xaricə aparmaq üçün razılığın verilməsi ilə bağlı nə qədər müraciət etsə də, həmişə imtina cavabını almışdır. Halbuki, qızı 4 ildir Horizons Akademiyasında oxuyur və mütəmadi olaraq, xaricdə yay məktəbində iştirak etmək üçün təkliflər alır. Horizons Akademiyasının xx.xx.2024-cü il tarixli yay məktəbinə dair tövsiyə məktubuna əsasən, İnarə Qayıbovaya inglis dilini təkmilləşdirmək üçün 2025-ci ilin yayında Xaricdə Yay Məktəbi kursu keçməyi tövsiyə edilmişdir. Lakin cavabdehin uşağın xaricə aparılması üçün razılığın verilməməsi qızını bu imkandan xaric edir və təhsilinə mənfi təsir göstərir. Bundan əlavə, iddiaçının bacısı X1 yaşayır (xx.xx.2024-cü il tarixli müvəqqəti yaşamaq icazəsi əlavə olunur) və artıq uzun müddət onun yanına da gedə bilmirlər. Göründüyü kimi, cavabdeh öz valideynlik hüquqlarından sui-istifadə edib, övladının Azərbaycan Respublikasının hər bir vətəndaşına məxsus olan sərbəst hərəkət hüququnu, təhsil hüquqlarını, qohumları ilə ünsiyyət və istirahət hüquqlarını pozur. Cavabdeh onunla şəxsi prinsipləri olduğundan o, övladının istirahət, təhsil, sağlamlığı və dünyagörünüşü inkişaf məqsədi ilə ölkədən çıxarılmasına maneələr yaradır və əsassız olaraq uşağın onunla ölkədən kənar getməsi üçün müvafiq razılığın verilməsindən imtina edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmuna uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, atanın uşaqla ünsiyyəti barədə məhkəmə qətnaməsi mövcud deyil. Uşaq anası ilə birlikdə istirahətə, təhsillə bağlı yay məktəbinə getmək arzusundadır, bunun üçün isə atanın notarial qaydada razılığı tələb olunur. Ata da buna razı deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİİ seriyalı, 484466 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2472/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Qayıbova (Ələkbərli) Səhyəbanı Hümbət qızı ilə Cavabdeh arasında Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən 07 yanvar 2014-cü il tarixdə bağlanmış və 09 №-li akt qeydi ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan övladları 12 dekabr 2014-cü il təvəllüdlü X2 iddiaçı Qayıbova (Ələkbərli) Səhyəbanı Hümbət qızının himayəsində saxlanılması və Cavabdeh 12 dekabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Qayıbova (Ələkbərli) Səhyəbanı Hümbət qızına ödənilməsi qət edilmişdir. AZ-İ seriyalı, 489136 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2024-cü il tarixdə ləğv edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddiaya görə 24 saylı Vəkil Bürosuna 301 manat məbləğində hüquqi xidmət haqqı ödənilmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iddiaçı hazırki mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş və bunun üçün 50 manat məbləğində mediasiya xərci, 10 manat isə kargüzarlıq xərci ödəmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçının nümayəndəsi və vəkili tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ və İV hissələrinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 6.2-ci maddəsinə əsasən ailənin hər bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən ailə hüquqları məhkəmələr, bu məcəllədə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti və digər dövlət orqanları tərəfindən qanunvericilikdə müəyyən olunmuş qaydada müdafiə olunur. Eyni Məcəllənin 49.2-ci maddəsinə görə hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Ailə Məcəlləsinin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50.2-ci maddəsinə görə valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Eyni Məcəllənin 51.2-ci maddəsinə görə uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Ailə Məcəlləsinin 51.4-cü maddəsinə görə uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Eyni Məcəllənin 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı (bundan sonra - vətəndaş) dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən, vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, həmin məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. İşin müəyyən edilmiş həqiqi hallarına əsasən İddiaçı Cavabdeh ilə nikah münasibətlərindən 12 dekabr 2014-cü il təvəllüdlü X4 doğulmuşdur. Tərəflər arasında mövcud olmuş ailə münasibətləri kəsilmiş, iddiaçı övladı ilə birgə cavabdehdən ayrı yaşayır. İddiaçı onunla birgə yaşayan azyaşlı övladına münasibətdə öz valideynlik hüquqlarını həyata keçirmək, o cümlədən övladı ilə birgə ölkə hüdudlarından kənara sərbəst şəkildə çıxmaq istəyir. Uşaq isə 18 yaşına çatmadığından məcburiyyət qarşısında qalaraq digər valideynin qanunvericiliklə nəzərdə tutulmuş qaydada razılığından asılı olur. Hal-hazırda Cavabdeh ilə iddiaçı arasında iddiaçının uşağı ilə birlikdə xarici ölkələrə getməsinə icazə verilməsinə dair mübahisələr yaranmış və tərəflər öz aralarında bununla əlaqədar razılığa gələ bilmirlər. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Çünki, valideynlərdən birinin razılığı olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxsı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən”. Həmin Konvensiyanın 10-cu maddəsinin 1-ci hissəsinə görə iştirakçı dövlətlərin 9cu maddənin 1-ci bəndi üzrə öhdəliyinə uyğun olaraq uşağın və ya onun valideynlərinin ailənin birləşməsi məqsədilə iştirakçı dövlətə gəlmək və ya oradan getmək barədə ərizələrinə istirakçı dövlətlər tərəfindən müsbət, humanist və operativ baxılmalıdır. İstirakçı dövlətlər daha sonra təmin edirlər ki, bu cür xahişin verilməsi ərizəçilər və onların ailə üzvləri üçün xoşagəlməz nəticələrə gətirib çıxarmasın. Konvensiyanın 10-cu maddəsinin 2-ci hissəsinə görə valideynləri müxtəlif dövlətlərdə yaşayan uşağın, xüsusi hallar istisna olmaqla, hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbasa əlaqələr saxlamaq hüququ vardır. Bu məqsədlə və iştirakçı dövlətlərin 9-cu maddənin 2-ci bəndi üzrə öhdəliyinə uyğun olaraq istirakçı dövlətlər uşağın və onun valideynlərinin istənilən ölkəni, o cümlədən öz ölkəsini tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna hörmət bəsləyirlər. İstənilən ölkəni tərk etmək hüququ barəsində yalnız elə məhdudiyyətlər qüvvədədir ki, onlar qanunla müəyyən edilmişdir və dövlət təhlükəsizliyinin, ictimai qaydanın, əhalinin sağlamlığının və ya mənəviyyatının və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün zəruridir və bu Konvensiyada tanınan başqa hüquqlarla bir araya sığır.” “İnsan Hüquqları haqqında” Avropa Konvensiyasının 4 saylı protokolunun 2-ci maddəsinə görə hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz....” “Pençevlər Bolqarıstana qarşı” iş üzrə 10 fevral 2015-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi” qeyd etmişdir ki, uşağın və valideynin birgə vaxt keçirməkdən müsbət təəssüratlar alması ailə həyatının əsas elementini təskil edir və Konvensiyanın 8-ci maddəsi ilə qorunur. Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən, birgə vaxt keçirməkdən müsbət təəssüratlar almağa daxili tədbirlərlə mane olmaq ailə həyatına hörmət hüququna müdaxiləni təşkil etmişdir (həmin qərarın 53cü bəndi). Məhkəmə, qiymətləndirmə apararaq qeyd etmişdir ki, uşağın və valideynlərin hər ikisinin maraqları arasında ədalətli tarazlıq gözlənilməlidir. Məhkəmə, uşaqla görüş, yaşayış yeri və səyahət etmək ilə əlaqəli mübahisələri tənzimləyən dövlət hakimiyyət orqanlarını əvəz etməməlidir; o, Konvensiyaya əsasən həmin orqanların öz səlahiyyətlərini yerinə yetirərkən qəbul etdiyi qərarları nəzərdən keçirməlidir. Məhkəmə bu qərarları qiymətləndirərkən, faktiki, emosional, psixoloji, maddi və tibbi xarakterində bütün faktorlar ilə ailənin vəziyyətinin və digər faktorların hərtərəfli araşdırması ilə əlaqədar uşağın maraqlarının üstün tutulması halını nəzərə alaraq həmin faktorların hər bir şəxsin maraqlarına münasibətdə əsaslı qiymətləndirilmə və tarazlama aparmalıdır (həmin qərarın 55-ci bəndi). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 24 dekabr 2021-ci il tarixli qərarının 1.7, 7.6, 7.17-7.20-ci bəndlərində qeyd edilir ki, məhkəmələr tərəfindən uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında mübahisələrə baxılarkən, uşağın təhsil, peşə hazırlığı, tibbi xidmət, sağlamlığının bərpası, əmək fəaliyyətinə hazırlıq sahəsində xidmətlərdən səmərəli istifadə etməsini və istirahət vasitələrindən bəhrələnməsini təmin etmək məqsədi ilə bütövlükdə uşağın sosial həyata mümkün qədər daha yaxşı cəlb edilməsi, uşağın mədəni və mənəvi inkişafı da daxil olmaqla, şəxsiyyətinin formalaşması naminə hər bir halda üstün mənafeyi nəzərə alınmalıdır. İddianın qaldırılmasınadək razılıq verməməsi, razılığın rəsmiləşdirilməsindən yayınması, yaxud da olduğu yeri müəyyənləşdirilməyin mümkünsüzlüyü sübuta yetirilən valideynin sonradan işə məhkəmədə baxılarkən notarial qaydada təsdiq edilmiş razılığını təqdim etməsi iş üzrə icraata xitam verilməsi, iddia ərizəsinin baxılmamış saxlanması və yaxud da iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, həmin valideynin təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsini hüququndan sui-istifadə etməklə sonradan ləğv etmə imkanının olması qarşı tərəfi müdafiəsiz qoymaqla, hüquqlarının pozulması ilə nəticələnə bilər. Bu baxımdan, mübahisəyə məhkəmə icraatında baxıldığı vaxt müvafiq razılığı əks etdirən ərizənin təqdim edilməsi mahiyyət etibarı ilə iddianın tam və yaxud qismən etiraf edilməsi kimi qiymətləndirilməlidir. Uşağın digər valideynin razılığı olmadan ölkədən çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edən valideyn iddia ərizəsində uşağın ölkə hüdudlarından kənara çıxarılmasının məqsədi ilə bağlı (uşaqların xarici ölkələrdə daha etibarlı və düzgün müalicə almaları, eləcə də onların dünya görüşlərinin artırılması, xarici dövlətlərdə yaşayan qohumları ilə əlaqələrin bərpa və inkişaf etdirilməsi, təhsil alması, istirahətinin təşkili və.s) aydın mövqe sərgiləməlidir. Belə ki, bu qaydaya riayət edilməklə verilən iddia tələbi uşağın xarici ölkəyə aparılmasının onun mənafeyinə uyğunluğunu yoxlamağa imkan verir. Bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Digər tərəfdən uşağın həmin valideynlə müxtəlif məqsədlər üçün (istirahətinin təşkili, dünya görüşünün artırılması, keyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması və digər) ölkə ərazisindən kənara getməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş azadlıq hüquqununun (maddə 28, İİİ hissə) həyata keçirilməsidir. Bu hüquq uşağın üstün mənafeyini qorumaq məqsədilə, özü də mütənasib şəkildə məhdudlaşdırıla bilər. Ona görə də, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir. Bu baxımdan, uşağın himayəsində olduğu valideynlə xarici ölkəyə çıxarılmasına etiraz edən tərəf belə səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, fiziki və psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübut etdiyi təqdirdə iddianın təmin olunmasından imtina edilə bilər. Qeyd edilməlidir ki, iddiaçı uşağın ölkədən çıxarılmasına icazənin verilməsini özünün daimi əsaslarla başqa ölkəyə köçməsi məqsədi ilə də əsaslandıra bilər. Belə əsas iddianın özü-özlüyündə rədd edilməsinə səbəb ola bilməz. Məhkəmə nəzərə alır ki, uşağın ondan ayrı yaşayan valideynin razılığı olmadan sərbəst olaraq birlikdə yaşadığı valideynlə xarici ölkəyə gedə bilməsi barədə mübahisə həll edilərkən diqqət yetirilməli əsas məqam yetkinlik yaşına çatmayan uşağın mənafeyidir ki, bu mənada məhkəmə uşağın yaşını, onun iddiaçının yanında yaşamağını, ən əsası isə uşağın və valideynin qanunvericilikdə təsbit edilmiş hüquqlarını nəzərə alaraq hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü X3 atası - Cavabdeh razılığı olmadan xarici ölkələrə getməsinə icazə verilməlidir. Məhkəmə bu qərarını həmçinin onunla əsaslandırır ki, Azərbaycan Respublikası Kоnstitusiyаsının 28-ci maddəsinə əsasən hər kəsin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq hüququ vardır. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2014cü il təvəllüdlü X3 atası - Cavabdeh razılığı olmadan qətnamənin qanuni qüvvəyə mindiyi gündən xarici ölkələrə getməsinə icazə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən nəhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun və mediasiya xərcinin cəmi – 160 manat, habelə göstərilmiş hüquqi xidmətə görə 300 manat məbləğində vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər atası Cavabdeh razılığı olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə icazə verilsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu, 60 manat mediasiya xərci, habelə göstərilmiş hüquqi xidmətə görə 300 manat olmaqla, cəmi 460 (dörd yüz altmış) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-1278/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1278/2025
12.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver