Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1305/2024 21.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh ilə birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatmayan övladları vardır. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən 2022-ci ilin avqust ayından hesablanmaqla hər ay hər uşağa görə 250 manat olmaqla, ümumilikdə 500 manat sabit pul məbləğində alimentin tutulması, xx.xx.2010-cu il təvəllüdlü X3 müalicəsi üçün əlavə xərclərə cəlb edilməklə hər ay 300 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2009-cu il tarixdə el adəti ilə toy etməklə evlənmişlər. Nikahları xx.xx.2014-cü il tarixdə 1 saylı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində 30 nömrə ilə qeydiyyatda alınmışdır. Birgə nikahlarından iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Hazırda iddiaçı RF, Permdə cavabdehdən ayrı yaşayır. Cavabdeh uşaqların saxlanması üçün iddiaçıya heç bir maddi yardım göstərmədiyindən, ümumiyyətlə uşaqlarının necə böyüdüyündən xəbərsiz olduğundan, ümumi vəziyyəti ilə maraqlanmadığından, iddianı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X6 ağır xəstədir, anadangəlmə tək böyrəklidir, mütəmadi müalicələrə ehtiyacı vardır, 4 əməliyyat keçirmiş, beşinci əməliyyat üçün əlavə xərclərə ehtiyac var və növbəti əməliyyat üçün iddiaçının maddi durumu buna imkan vermir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi əlavə olaraq bildirdi ki, tərəflər arasında nikah Rusiya Federasiyasında pozulub, həmin vaxt aliment tələbi olmayıb. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş, iclaslarda iştirak etməmə səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. Məhkəmə Mülki Prosessual Məcəllənin tələbləri baxımından işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Maddə 19.2. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Maddə 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Maddə 20.2. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Maddə 21.1. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Maddə 21.2. Ər-arvad bu Məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq uşaqları barədə sazişi baxılmaq üçün məhkəməyə təqdim etmək hüququna malikdirlər. Bu saziş olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə bu Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulan qaydada onların mənafeyinin müdafiəsi üçün tədbirlər görür. Maddə 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Maddə 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: - 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; - 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; - 22.2.3. ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; - 22.2.4. ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Maddə 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: - 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; - 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; - 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. - 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Maddə 99. Ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13—16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Maddə 100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar Həmin 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin mövqeyi: İşin hallarından belə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə 1 saylı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində 30 nömrə ilə qeydiyyatda alınmış nikah xx.xx.2022-ci ildə Rusiya Federasiyasında pozulub. Tərəflərin Birgə nikahlarından iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Tərəflər ayırı yaşayırlar, uşaqlar ananın himayəsindədir və cavabdeh uşaqların saxlanılmasında iddiaçıya heç bir maddi yardım göstərmir. Buna görə də iddiaçı hazırkı iddia ilə çıxış edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və tərəfin izahatını dinləyərək hesab edir ki, iddianın qismən təmin edilməsinə əsaslar var. Belə ki, iddia tələbinin tərəflərin birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən 2022-ci ilin avqust ayından hesablanmaqla hər ay hər uşağa görə 250 manat olmaqla, ümumilikdə 500 manat sabit pul məbləğində alimentin tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbləri və Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununu nəzərə alınmalıdır. Tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur, “Elektron məhkəmə informasiya sistemin”də olan məlumatlara əsasən cavabdehin əmək müqaviləsi üzrə əmək haqqı alır, onun başqa qazancı və ya sair gəliri barədə məlumat mövcud deyil. Belə olan halda uşaqların ananın himayəsində olmalarını, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal, yəni qida rasionlarına uyğun qidalanması ilə bağlı xərclərin mövcudluğunu və “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununu nəzərə alaraq məhkəmə hesab edir ki, uşaqların saxlanması üçün sabit pul məbləğində aliment müəyyən edilməli və tutulmalı olan alimentin məbləği hər ay hər bir uşaq üçün 235 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bununla yanaşı alimentin 2022-ci ilin avqust ayından hesablanmalı omasını məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci və 100.3-cü maddələrinin dispozisiya şərtlərinə uyğun olmadığı üçün əsassız sayır. Belə ki, iddiaçı tərəfindən aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edən heç bir sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli iddia verilən xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Tələbin xx.xx.2010-cu il təvəllüdlü X3 müalicəsi üçün əlavə xərclərə cəlb edilməklə hər ay 300 manat sabit pul məbləğinin Cavabdeh tutulması hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir. Yuxarıda sadalanan maddi hüquq normalarından belə nəticəyə gəlinir ki, uşağı sağlam böyütmək təkcə ananın deyil, hər iki valideynin borcudur və uşağın xəstəliyi ilə bağlı əlavə xərclərin ödənilməsinə bir valideynin müraciəti əsasında digər valideyn də cəlb oluna bilər. “Elektron məhkəmə informasiya sistemin”nə əlavə olunan tibbi sənədlərdən belə müəyyən olunur ki, xx.xx.2010-cu il təvəllüdlü X3 müntəzəm olaraq tibbi müayinə və müalicə olunmasına ehtiyac vardır və buna dair zəruri məsrəflər yalnız iddiaçı tərəfindən qarşılanmışdır. Məhkəmə tərəflərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alaraq hesab edir ki, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3 18 yaşa çatanadək müalicə xərcləri üçün hər ay 50 manat sabit pul məbləğində aliment tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 5640 manat təşkil etdiyinə və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 76,4 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 adlı uşaqların 18 yaşa çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. 76,4 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşa çatanadək müalicə xərcləri üçün hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-1305/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1305/2024
21.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver