Məhkəmə qərarları › İş №e-2(001)-1318/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1318/2024

09.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1318/2024 09.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Muradova Nigar Yunis qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh oğlu tərəfindən idarə olunan “STP AYD60” markalı, Y278QQ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Hyundaı Tucson” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. **********9 nömrəli, xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Hyundaı Tucson” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində könüllü sığorta müqaviləsi ilə sığortalanmışdır. Hesablama aktına əsasən, “Hyundaı Tucson” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2050.05 manat məbləğində ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq, 108855 nömrəli sığorta aktına və 6879 nömrəli ödəniş tapşırığına əsasən sığortalanmış “Hyundaı Tucson” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 250 manat azadolma məbləği çıxılmaqla 1800.05 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2022-ci il tarixdə yolnəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın və protokolun surətindən görünür ki, Cavabdeh oğlu İXM-nin 327.1 və 332.2-ci maddələri ilə təqsirli bilinmişdir. O, hadisə zamanı manevr etmə qaydalarını pozmaqla yanaşı, nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Bu səbəbdən də, hesab edirlər ki, 1800.05 manat pul vəsaiti Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı iddia tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 936.1, 936.2, 1096.2 və 1097.1-ci maddələri ilə əsaslandıraraq, Cavabdeh oğlundan “Hyundaı Tucson” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1800.05 manat pul vəsaitinin və ödənilmiş 38.40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Lakin İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, işlərin çoxluğu və məsafənin uza olması səbəbindən məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin və ya onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sığorta aktından görünür ki, ** VT *** dövlət qeydiyyat nişanlı “Hyundaı Tucson” markalı avtonəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. Sığortanın növü “Kasko”, sığorta məbləği isə 30000 manat müəyyən edilmişdir. Sığortalanmış avtomobil, “STP AYD60” markalı, Y278QQ dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bunun nəticəsində 2050.05 manat məbləğində zərər müəyyən edilmiş və 250 manat azadolma məbləği çıxılmaqla 1800.05 manat məbləğində sığorta ödənişi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalı (faydalanan şəxs) "xxxx" MMC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan İXP seriyalı, ******* nömrəli İnzibati xəta haqqında protokolun və İnzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, sürücü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 6879 №-li ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 1800.05 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsi müəyyən edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin mülki hüquq pozuntuları üçün məsuliyyətin əsaslarını müəyyən edən 1097-ci maddəsi nəzərdə tutur ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Həmin Məcəllənin 1108.2-ci maddəsinin yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuluyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (maddə 936.2). Beləliklə, bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edilmişdir ki, Cavabdeh idarə etdiyi “STP AYD60” markalı, Y278QQ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı Qazax Gürcüstan sərhəd yolunun 338-ci km-də manevr qaydalarını pozmuş və bunun nəticəsində yol-nəqliyyat hadisəsi törədərək “Hyundaı Tucson” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə nəticəsində “Hyundaı Tucson” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Həmin hadisənin törədilməsində onun təqsirli olması TP ******* nömrəli İnzibati xəta haqqında qərarla təsdiq edilmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün İddiaçı Sığorta Şirkəti ASC-si tərəfindən sığorta aktına əsasən 250 manat azadolma məbləği çıxılmaqla 1800.05 manat məbləğində ödəniş ödənilmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alıb, yuxarıda qeyd edilmiş maddi hüquq normalarını rəhbər tutaraq, belə qənaətə gəlir ki, iddiaçı sığorta şirkətinin tələbi Cavabdeh qarşı əsaslı olduğu üçün təmin edilməli və Cavabdeh 1800.05 manat və həmçinin hazırki iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 38.40 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1800.05 (bir min səkkiz yüz manat beş qəpik) manat məbləğində pul vəsaiti və 38.40 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar