Məhkəmə qərarları › İş №e-2(001)-1344/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1344/2024

10.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1344/2024 10.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil1, Cavabdeh və onun nümayəndəsi, Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "cehiz əmlakının, qızıl-zinət və fərdi istifadə əşyalarının və ya onların dəyərinin qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 3, mənzil 33 ünvanında yerləşən və X4 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3203, OBA MTK yaşayış komleksi, 2-ci blok, mərtəbə 7, mənzil 35 ünvanında yerləşən cehiz əmlaklarının, habelə, siyahıda qeyd etdiyi ona məxsus olan fərdi istifadə və qızıl-zinət əşyalarının geri qaytarılması, onların özgəninkiləşdirilməsi halında isə dəyərinin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 04 iyun 2019-cu il tarixində birgə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikahları Bakı Nikah evinin nikahın bağlanması haqqında akt qeydləri kitabında AZ-İİ № 331603 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Birgə nikahdan bir övladları – xx.xx.2021-ci il təvəllüdlü X5 anadan olmuşdur. Hal-hazırda qızı onunla bir yerdə yaşayır və uzun müddətdir ki, faktiki olaraq himayəsindədir. Eyni zamanda Cavabdeh qarşı“nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məlum edir ki, ona məxsus cehiz əmlakları halhazırda Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən və X4 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3203, OBA MTK yaşayış komleksi, 2-ci blok, mərtəbə 7, mənzil 35 ünvanında yerləşən evdədir. Cavabdeh dəfələrlə tərəfindən təklif edilsə də, ona məxsus olan cehiz əmlaklarının və şəxsi istifadə əşyalarının (geyim, kosmetik vasitələr və s.) verilməsindən imtina etmişdir. O cümlədən, ona hədiyyə olunmuş həri və nişan üzükləri də Cavabdehdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli,e-16(001)-433/2023 nömrəli qərardadı ilə iddia tələbinin əsasını təşkil edən əşyaların özgəninkiləşdirilməsi cavabdehə və üçüncü şəxslərə qadağan edilmişdir. Həmin əmlakların siyahısını və dəyərini təqdim edir: Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3203, OBA MTK yaşayış komleksi, 2-ci blok, mərtəbə 7, mənzil 35 ünvanında yerləşən evdə olanlar: 1) 01 ədəd qonaq otağı dəsti – dəyəri 4000 (dörd min) manat – Türkiyə istehsalı Daxildir: 01 ədəd qəhvəyi rəngli künc divan mebeli – 01 ədəd ağ-qəhvəyi rəngli jurnal masası – 08 ədəd ağ rəngli stul – 01 ədəd ağ rəngli stol – 01 ədəd qəhvəyi rəngli güzgülü şkaf – 01 ədəd qəhvəyi rəngli TV-stend. ünvan 3, mənzil 33 ünvanında yerləşən mənzildə olan əşyalar: 1) 02 ədəd ağ rəngli “GREE” markalı kondisioner – 01 ədədinin dəyəri 860 manat olmaqla ümumilikdə 1720 manat 2) 08 ədəd çıl-çıraq – ümumi dəyəri 1780 manat 3) 01 ədəd göy rəngli vertikal tozsoran – dəyəri 220 manat 4) 01 ədəd şəffaf “Villeroy&Boch” markalı qrafin – dəyəri 160 manat 5) 01 ədəd “Estee Lauder” markalı üz serumu – dəyəri 230 manat, 6) 01 ədəd Versace 3-lü parfüm dəsti – dəyəri 250 manat 7) 01 ədəd “Join us” markalı göy rəngli şalvar-köynək dəsti – dəyəri 150 manat 8) 01 ədəd “Koton” markalı qəhvəyi rəngli şalvar – dəyəri 50 manat 9) 01 ədəd “Michael Kors” markalı açıq-bənövşəyi rəngli çanta – dəyəri 720 manat 10) 01 ədəd “Sevenday” markalə qara şalvar – dəyəri 50 manat 11) 01 ədəd tünd göy rəngli L ölçüdə Türkiyə istehsalı çemodan – dəyəri 180 manat. Qızıl-zinət əşyaları aşağıdakılardan ibarətdir: 1) 1 ədəd 750 prob brilliant qaşlı qızıl nişan üzüyü – 10 qram – dəyəri 3.000 manat 2) 1 ədəd 750 prob brilliant qaşlı qızıl həri üzüyü – 10 qram – dəyəri 3.000 manat. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, qayınanasıgilə qonaq getdikləri bir gündə orada cavabdehlə dalaşmışlar. O zamandan bəri də evinə geri qayıtmamışdır. Ancaq səhərisi gün ən vacib olan əşyalarını toplamaq üçün bacısının həyat yoldaşı ilə birgə gəlib, əşyalarını özü yığanda cavabdehin özü, qayınanası evdə, əşyalar da, öz yerində idi. İddia ərizəsində sadalağı əşyalardan “Villeroy&Boch” markalı qrafin o, evi tərk etdikdən sonra qırılımışdır. Bunu cavabdeh özü də təsdiqləyir ki, əlinin əsməsi nəticəsində düşüb qırılmışıdır. Bunu xəbər verəndə artıq ayrı evlərdə olmuşlar. Həmin qrafin də onun cehiz əmlakı olmuşdur. Tozsoran maşın da həmçinin ayrı evlərdə yaşadıqları vaxt düşüb qırılmışdır. Hətta cavabdeh “Samsung” markalı tozsoran almaq üçün ona şəkillər atmışdı. Ancaq qəbul etməmişdir. İddia ərizəsini yazdığı zaman da onu əlavə etməli olduğunu düşünmüşdür. 8 ədən çılçıraqdan, 2-si zalda, 1-i mətbəxdə, 1-i yataq otağında, 1-i qonaq otağında yerləşir. Cavabdehin dediyi hadisə bacısından götürdüyü çamadanın başına gəlmişdir, ancaq o, köhnə evdən təzə evə köçdükləri zaman anasından aldığı böyük ölçülü çamadanı nəzərdə tutur. Müəyyən qarışıqlıqdan sonra həmin çamadan qayınanasıgilin evindəki qarajdan çıxmışdır. Hər dəfə də oradan götürmək yaddan çıxırdı. Türkiyə istehsalı L ölçülü çamadan idi. Soyuqlar düşdüyü zaman qarşı tərəfə bildirmişlər ki, qalan əşyalarıı yığmağa gələcəklər. Bu ərəfədə cavabeh ona gələn zəngində “nənəsinin üzüyünü, həri üzüyünü, nişan üzüyünü” gətirməyini istəmişdi. Nənəsinin üzüyünü toydan sonra ona hədiyyə vermişdilər. Digərləri də həmçinin onun öz üzükləri olmuşdur. Bu barədə aralarında olan telefon yazışmasından çıxarış da, iş materiallarına əlavə olunub. Həmin yazışma olan saatda işdə olmuşdur. Qalan əşyalarını yığmağa xalası oğlu da kömək edəcəkdi. Özü də şahid qismində iştirak edə bilər. İşdən birbaşa olaraq Qrand-həyata-əşyalarının olduğu yerə getmişlər. Təbii ki, üzüklər üstündə olmamış, 6-da işdən çıxmış, tıxacla saat 8-ın yarısında artıq orada olmuşdur. İçəri daxil olmaq istəyəndə cavabdeh üzüklərin harada olduğunu soruşmuşdu. Ona bildirmişdir ki, “oğru deyiləm, hamısını geri qaytaracağam”. Ancaq o razılaşmırdı. Xalam oğlu da həmçinin tıxacdan gəldiklərini bildirərək, ondan icazə istəsə də, heç cür razı olmadı. O da, təklif etmişdir ki, xalası oğlu gedib, üzükləri gətirsin, özü isə əşyaları toplasın. İddiaçı da bu şərtlə razılaşdı. Bəxtiyarı qapıda qalanda göndərmişdir ki, gedib üzükləri gətirsin. Anasına da, zəng edib demişdir ki, qızılları istədiklərindən əşyalarını vermirlər. Hətta anası da, etiraz etmişdir ki, dini baxımdan sənə çatanları niyə vermisən. Əşyalarını yığmağa başlayanda görmüşdür ki, artıq əşyaları- geyim, parfumeriyanın heç biri orada yoxdur. Bunların bir çoxunu heç iddia ərizəsinə də əlavə də etməmişdir. Hansı ki, bir çoxu onun öz pulu ilə alınmışdı. Xalası oğlu ilə gedəndə, avropadan aldığı bahalı kremini soruşduqda cavabdeh demişdir ki, “sənə o qədər pul verməmişdim, sən hansı pulnan almısan, ona görə götürdüm” Əşyalarını baldızı ilə yığıblar yəqin o götürüb. Onun tələb etdiyi əmlaklar atasının, anasının onun üçün aldıqlarıdır. Ancaq onlarn hamısı xonçada gələn əşyalarla birgə aparılmışdı. Cavabdeh ona alınan nişan üzüyünü və saatı qaytarmışdır. Cavabdehdən sadəcə nikah və nişan üçün olan üzüklərini istəyir. Nənəsindən qalanı isə istəmir. Qızılların dəyərini isə qramlarına uyğun müəyyən edib (10 qram 750 prob). Evdə olan seyfin açarı da, evdə olur. Özü ilə gəzdirmirdir. Lakin iddiaçı seyfdə olan, uşağına aid qızılları oğurlayıb, qumarda uduzub.

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bundan əlavə bildirmişdir ki, cavabdeh tərəf iddia ərizəsində sadalanan əşyaların mövcudluğunu etiraz etmirlər. Hətta sındığı iddia edilən əşyalarla bağlı hər hansı sübut təqdim edilməyib. Məhkəmə iclas zalında müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçıdan 3 qızıl üzük istənilir. Qızıllar verilənə kimi də, iddiaçı tərəf evə buraxılmamışdır. Təkcə 1 qızıl üzük müqabilində iddiaçı tərəfin cavabdeh tərəfindən evə buraxılmış olması inandırıcı hal deyil.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, cavabdeh özü də etiraf edir ki, həqiqətən də tozsoran və su qrafınkası olubdur və sınıbdır. Cavabdeh sübut etsin ki, sınıbdır. Qaldıkı paltarlara, paltarlar iddiaçı xanıma verilməyibdir. Bununla bağlı tərəflərin səs yazıları var. Deməli tərəflər maşında oturub söhbət edirlər, Südabə xanım Rəşada deyir ki, “mənim paltarlarımı niyə vermirsiniz?” Rəşad da deyir ki, “məndən ayrılıb gedənə mən paltar vermirəm”. Südabə də deyir ki, “paltarlar mənim xonçamda gəlibdir”, Rəşad da deyir ki, “mənim anam 3 dənə alacaq idisə, mən sənə görə məcbur etdim ki, çox alsın, məndən ayrılıb getdiyinə görə paltarları vermirəm”. Qaldıkı üzüklərə, iddiaçı deyir ki, Bəxtiyarla evə gedəndə, Rəşad ona deyib ki, “üzükləri gətirməsən paltarları verməyəcəm” Həmin sms yazışmalarını elektron kabinetə yerləşdirmişdir. Südabə də, üzükləri verib, paltarları götürüb. Rəşad isə paltarları tam verməyib.

6. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, keçən məhkəmə iclasında dindirilən şahid Bəxtiyar özü etiraf etmişdir ki, 30 paketə yaxın evdən əşya çıxarılıb. Daha sonra iddiaçı atası və bacısının əri ilə bir neçə əşya aparıb. 7-8 paket elə bacısının əri Rəşad Əliyev evdən çıxarıb. Sentyabr, oktyabr, noyabr, dekabr ərəfələrində hələ də, barışmağa ümidi olmuşdur. Bütün münasibətləri, cavabdehin ondan maşın tələb etməsi, sonradan isə atasının evi qızının adına keçirtməyi tələb etməsi ilə daha da, korlandı. Qızıllar, əşyalar oktyabr ayının 10-a kimi götürülmüşdü. Qarşı tərəfin əsas məqsədi mal-mülk əldə etməkdir. Nikah dövründə alınmış qaraja, nikah dövründə çıxarış alıb deyə, ondan qarajın dəyərinin yarısı istənilir. Xanım əşyalarını götürməyə gələndə 3 qızıl əvəzinə sadəcə nənəsindən qalma qızılı ilə kifayətlənmişdir. Çünki, evdə söhbətləri olmuş, ümumi olaraq barışığa cəhd edirdi deyə 1 üzük verəndə “nəisə” demiş və güzəştə getmişdir. Baxmayaraq ki, ondan ev və maşın tələb edilirdi, ailəsi olduğunu düşünmüşdür. Şahid-Bəxtiyar üzüyü gətirənə kimi, əşyalar artıq hazır idi. Bəxtiyar özü də, təsdiq etdi ki, evdə cəmi 1 dəqiqə olub. Xanım iddia verənə kimi onlar evli sayılırdılar. Tozsoran ailəli olduqları dövrdə qırılıb, həttə evə təzəsini də, almışdır. Çamadan isə ümumiyyətlə olmuyub. O ki, qaldı tonal kremə, evə 4 dəfə gəlinib və necə ola bilər ki, hər şey götürülüb, lakin tonal krem qalıb. Kremin aid olduğu markanı belə tanımır ümumiyyətlə. Çamadan onda olubsa, iyulun 20-si Şrilanka səfərləri var idi. Çamadan ola ola bacısından niyə çamadan götürməyə ehtiyac duyub. İddiaçının anasının səs yazısı var və deyir ki, qızıllar bjuteriyadı. Amma indi həmin qızıllara qiymət qoyub tələb edir. İddiaçı gedərkən, anasının şubasını götürüb, aparıb. İddiaçıda qızıl 5-likləri var. Şəxsi istifadəsində olan komputerini götürüb. Lakin bunları o mübahisələndirmir. Uşaq ikisinin də uşağıdır. Uşağa aid olanlar ona da aiddir. Ev onun, seyf onun ola-ola nə üçün oğurluq etməlidir ki.

7. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında göstərir: İddiaçı ona məxsus cehiz əmlaklarının hal-hazırda onun mülkiyyətində olan ünvan 3, mənzil 33 ünvanında yerləşən və X4 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3203, OBA MTK yaşayış komleksi, 2-ci blok, mərtəbə 7, mənzil 35 ünvanında yerləşən evdə olduğunu iddia edir. İddiaçı da qeyd etdiyi kimi 04 iyun 2019-cu il tarixində onunla nikaha daxil olmuşlar ünvan 3 ünvanında yerləşən 33 nömrəli mənzildə yaşamışlar. 08 avqust 2023-cü il tarixdən etibarən də, İddiaçı yaşadıqları evi tərk etmişdir. Dəfələrlə barışıq üçün cəhd etsə də müsbət nəticələnməmişdir. Barışıq cəhdlərinin birinə cavab olaraq qaynatası Ənvər Rəhimov yaşadıqları ünvan 3 ünvanında yerləşən 33 nömrəli mənzilin Südabənin adına keçirilməsi və ona avtomobil almağı şərtilə barışıq ola biləcəyini təklif etmişdir. Bu təklifə etiraz etdikdə iddiaçı tərəf, boşanmaqda qərarlı olduqlarını nümayiş etdirmək məqsədilə yaşadıqları ünvandan cehiz və şəxsi istifadəsində olan əşyaları götürmək niyyətlərini elan etdikdə qəti etiraz etməmiş, əksinə, mənzilin açarlarını onlara təqdim etməklə , (ailəmin,evimin dağılmasını görmək mənim üçün çox ağır, stresli olduğundan) özü ümumiyyətlə evə gəlməməklə, bütün lazımi şəraiti onlara təmin etmişdir. 15 oktyabr 2023-cü il tarixində Elvin adlı sahə müvəkkili dəvət edilmiş, video çəkiliş aparılmaqla bütün cehiz, qızıl zinət əşyaları və digər şəxsi istifadə əşyaları İddiaçı, atası Ənvər Rəhimov, bibisi qızı, bacısı və digər şəxslərin iştirakı ilə evdən çıxarılmışdır. İstifadə olunmuş pol əskisinə,sarı təmizlik bezlərinə, hamamda asılmış, istifadə olunmuş, çirkli əl dəsmalına, ona bəy hamamı xonçasında gətirdikləri, hamamda asılı olan qurulanmış olduğum hamam dəsmalına və hamam xalatına kimi bütün cehiz və digər əşyalarını, sadəcə ona toyda aparılan, hədiyyə olunan deyil, ona da onlar tərəfindən hədiyyə olunan qızıl saat, qızıl nişan üzüyü, anasının doğum günlərin hədiyyə etdiyi qızıl onluqlar, digər qızıl-zinət əşyalarını və şəxsi əşyalarını da aparmışdır. İnsanlar sarı təmizlik bezini aparırsa necə olur ki, şəxsi istifadəsində olan əşyaları, geyimləri evdə saxlayır. Bu iddia absurddur. Evində, iddiaçıya aid 1 çöp belə qalmayıb. İddiaçının təqdim etdiyi siyahıdakı bəzi adları ona tanış gələn əşyalara da münasibət bildirmək istəyir. 01 ədəd göy rəngli vertikal tozsoran – dəyəri 220 manat- hansı marka olduğu belə məlum olmayan evliliklərinin təxminən 3-cü ilində xarab olan keyfiyyətsiz tozsorana uydurma bir qiymət 220 manat müəyyən ediblər. Qeyd etdiyi kimi təxminən 2022-ci il tarixdə həmin tozsoran xarab olduğu, düzəldilməsi də qeyri-mümkün olduğundan gorenje markalı yeni tozsoran almışdır. Hazırda da evdə həmin tozsoranı işlədir. Şəffaf “Villeroy&Boch” markalı qrafin – dəyəri 160 manat, xatırladığı qədər sadə 10-20 manatlıq, marketlərdə satılan su qrafini olub, o da bəli evliliklərinin ən şirin dövrlərində əlindən düşərək sınmışdır. Onun qabların markasından, qiymətindən anlayışı ümumiyyətlə yoxdur. İddiaçı tərəf o qrafinin dediyi kimi “Villeroy&Boch” markasına aid olmasını və dəyərinin 160 manat təşkil etməsini sübut etsin, o qrafinin dəyərini ödəməyə hazırdır. Çemadan dediyi isə, yəqin ki, Şri-lankadan istirahətdən qayıtdıqda Air-Arabia hava yollarında, hava yolunun əməkdaşlarının günahından zədələnmiş olan çamadandır. Hətta onların Altes Plazanin yaninda yerleşən ofislərinə getdik cemodani onlara təhvil vermişlər. 3 gun sonra İddiaçı zəng edib bildirdilər ki, gəlin sınmış cemodaninizi goturun, sizə yeni cemodan verilə bilməz, çünki siz, airoportu terk etmeden bu barədə əməkdaşlara məlumat verməli idi. Südabə də əsəbləşərək cemodanı onlardan götürmədi, çemadan onların ofisində qaldi. Air-Arabia hava yollarının yararsız hala saldığı çemadanı, həyat yoldaşı istirahətə özü apardığı üçün özü mü ödəməlidir??? dediyi ki, iddiaçı bütün qızıl zinət əşyalarını, o cümlədən nişan üzüyü, həri üzüyünü və bütün şəxsi istifadəsində olan əşyaları, geyimləri, kosmetik vasitələri, cehiz əşyalarını apardığı üçün məndə, evimdə ona aid 1 əşya belə qalmayıb. Son olaraq onu da qeyd edim ki, qaynanam Almara Rəhimova anama göndərdiyi səs yazısında da bildirir ki, qızına toyda apardığımız qızıl qarnitur və digər qızıl-zinət əşyaları qaralmış bijuteriya imiş və həmin qızılları (bijuteriyaları) görən hər kəs dəhşətə gəlirmiş. Qıza bijuteriya aparan ailə 6000 manat dəyərində həri, nişan üzüyü almaz. Bijuteriya almaq əvəzinə 6000 manata qızıl komplekt ala bilər. Video çəkiliş və səs yazılarını flashkartda məhkəməyə təqdim edəcəm. Yuxarıda qeyd etdiklərimə əsasən, xahiş edirəm, İddiaçı iddia ərizəsini rədd edəsiniz.

8. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, onun heç kimin əşyasına, puluna ehtiyacı yoxdur. Onun qaynatası ondan cehizləri aparmaq istəyir. Qaynatası demişdir ki, “Mehinin yerdə yatmasını necə özünə necə sığışdırırsan?". O, da “ağsaqqal, sən məndən ancaq xahiş edə bilərsən, məhkəmənin sənədi olmadan heç kim mənim qapımı aça bilməz". demişdir Evin açarını özlərinə təqdim etdmiş və demişdir ki, özü iştirak etməyəcək. Sahə inspektorunu dəvət etmiş, hər şey qanuni şəkildə oldu. Gecə saat 1-də cehizlərin yığılması yekunlaşdı. Qaynatasına demişdir ki, çatmıyan nəsə qaldı? Qaynatası da dedi ki, hər şeyi götürüblər, hər bir şey yerindədir. Sabahı gün qızı Mehini gəzməyə aparmaq üçün onların ünvanına getmiş və orada bir də demişdir ki, çatışmayan nəsə qaldı?. Ona deyildi ki, hər şeyi götürüblər. Amma o, yenə də deyir ki, evdə əşyaları var, gəlib götürsünlər. Türkiyə istehsalı, dəyəri 4000 manatlıq qonaq otaq dəsti aparılmayıbdır. Oba MTK-da anasının adına olan evdədir. Həmin evdə hazırda kirayədədir. Qonaq otağı dəstinə daxil olan qəhvəyi rəngli künc divan, ağ qəhvəyi rəngli jurnal, 8 ədəd ağ rəngli stul və 1 ədəd masa, qəhvəyi rəngli güzgü şkaf və 1 ədəd tv stend hamısı yerindədir və iddiaçıya qaytarmaq fikri var. Məhkəməyə verilməmişdən əvvəl də qarşı tərəfə dəfələrlə xəbər göndərmişdir ki, cehiz əşyalarını aparsınlar. Tiblisi prospekti 54 ünvanında olan 2 ədəd kondisoner yerindədir. 08 ədəd çılçıraq yazılıb, amma sayını dəqiqi bilmir, çox gümanki divara yapışdırılan çılçıraqları da, hesab edirlər. O, ev tozsoranlayan kişi deyil və ya cavabdehin tozsoranına ehtiyacı yoxdur. İddiaçı evlilik vaxtı qırdığı tozsoranı indi ondan tələb edir. 01 ədəd şəffaf boch markalı su qrafinini evlilik vaxtı əlindən salıb sındırmışdır. Həmin qrafınkanın qiyməti 15 manatdır, lakin qiymətini 160 manat yazıblar. Evlilik vaxtı qırılan bir şeyin pulunu ödəmək nə dərəcədə düzgündür, həm də 160 manat dəyəri olmadığına görə pulunu ödəmək fikri yoxdur. Estee Lauder markalı üz serumunun adını ilk dəfədir eşidir və bilmir nədir, qərəzli bir şeydir. Versace parfum onda yoxdur. Join us markalı şalvar köynək dəsti onda yoxdur. Koton markalı qəhvəyi rəngli şalvar yoxdur. Michael Kors markalı çanta yoxdur. Sevenday markalı şalvar yoxdur. Çemodanla bağlı sübutları da var. Şri-lankaya gedəndə Südabə dedi ki, çemodanı yoxdur. “Mən də bacım Aytəndən çemodan götürdüm, geri qayıdanda qaytarmaq fikri var idi. Şri lankadan geri qayıdanda hava limanında çemodanı əlinə olanda görmüşdür ki, çemodan qırıq-qırıq idi. Çox yorğun olduğu üçün əhəmiyyət verməmiş, evə getmişlər. Sabahı gün Südabə dedi ki, şirkətlə danışıbdır, qırıq çemodanı aparıb təzə çemodan götürsün. O, özü çemodanı şirkətə təhvil vermişdir. Bizə Air arabi şirkətindən dedilər ki, 3 gün sonra bizə xəbər gələcək. 3 gün sonra Südabənin mailinə cavab gəldi ki, həmin vaxtı şikayət ərizəsi yazmadan hava limanını tərk etdiklərinə görə ona çemodan verilmiyəcək. İndi ərizədə yazır ki, onun çemodanını vermir. Bir ədəd brilyant qaşlı nişan üzüyü onda deyil. Bir ədəd brilyant qaşlı həri üzüyü onda deyil. Evdəki seyfin açarı onda olmamışdır. Avqustun 9-u Südabə evə gəldi, seyfdəki bütün qızılları götürüb çıxıb getdi. Südabə ona məxsus olan qızılları da apardı amma heç birini istəmir. Çünki pulla alınan şeylər ona maraqlı deyil. Ona maraqlı olan uşaqdır. Flaşkartdakı sübutları ona görə gətirmişdir ki, toyda gəlinə 25.000 manatlıq qızıl alınmışdır. İddiaçı tərəf deyir ki, guya aldıqları qızıllar bjuteriyadır. Bjuteriyaya da 3000 manat qiymət qoyublar. Tutaq ki, bjuteriyadır, imkanı buna çatır almışdır. Qaynatam səsli mesaj atıb ki, guya onlara heç nə lazım deyil, onlara maraqlı olan qızılarının və nəvələrinin talehidir. Flaşkartdakı səs yazılar oktyabr noyabr ayında yazılmışdır. İddiaçı evi avqustun 8-də tərk edibdir. Avqustun 8-dən oktyabr ayının 15-ə qədər iddiaçı ilə münasibətləri yaxşı olmuşdur. Uşağı birlikdə parka restorana aparır, iddiaçının nazıyla oynuyurdu ki, evə geri qayıtsın. Oktyabrın 15-də qaynatası gəlib dedi ki, “evi keçirt qızımın adına, qızım evinə qayıtsın”. O da, demişdir ki, “bu nə biabrçılıqdır, mənimlə alqı-satqı edirsiniz, mənim nəyim varsa, hamısı ailəmindir, amma nəyə görə həyat yoldaşımın adına keçirtməliyəm ki, bu nə biabırçılıqdır”. Bu hadisədən bir gün əvvəl də oktyabrın 14-də həyat yoldaşı dedi ki, “maşın istəyirəm, maşınını sat, iki dənə maşın alaq, biri sənə, biri mənə”. Cavabında demişdir ki, “sən maşına görə evə qayıdırsansa ehtiyac yoxdur, qayıtma, mən sənə maşını gözlənilməz ani anda alaram".

9. İddiaçı evdən gedəndən sonra 3 dəfə geri gəlmişdir. Birinci dəfə Südabə avqustun 8- getdi, avqustun 9- da yeznəsi ilə bir yerdə gəldi və 5-6 çemodan paltar və qızıllarını götürüb getdi. Hətta anası da gəlib Südabəyə dedi ki, bu nə görməmişlikdir, birinci dəfə evdən gedəndə qızılları aparırsan. Anası qızı Mehinin 1 yaş ad günündə 4 ədəd qızıl onluq hədiyyə etmişdi. Qanunvericilikdə qızıl onluqlar valyuta kimi nəzərə alınır və yarıbayarı bölünməlidir. Südabə avqustun 9-da evə gəldi qızıllarını və paltarlarını apardı, ikinci dəfə oktyabrın 1-də isə xalası oğlu Bəxtiyarla gəlib bütün pal-paltarını apardı və oktyabrın 15-də Südabə bacısı, bacısının qulluqçusu, atası və bibisi qızı ilə gəlib, bütün əşyaları apardılar, evdə 8 ədəd çılçıraq və 2 ədəd kondisioner qaldı. Həmin günün səhəri gün qaynatası məsaj yazdı ki, Mehinin xalçası yoxdur, xalçanı da o, təmizlik şirkətinə vermək üçün maşının baqajına qoymuşdu və 3 aydır maşının baqajında qalıb. Xalçanı aparıb onlara vermişdir. Evində olan döşəmə əskisini, ona məxsus hamam xalatını, qızıl saatını, xonçada ona gələn bütün əşyaları hamsını yığıb aparıblar. Hətta onlara demişdir ki, “bu nə biabrçılıqdı hamam xalatına kimi aparmısınız”. Orada mübahisələri düşdü, qaynatamsı ona kəllə və yumruq vurdu, özləri də 102 xidmətinə zəng etdilər. Flaşkartda fotoşəkillər, qaynatasının səs yazısı var. Qarşı tərəf evdən əşyaları götürəndə, oboyları cırıblar, domofonu sındırıblar, asılqanı qırıblar. Bu özgə əmlakını qəsdən yararsız hala salmaqdır. Qızıllar onun evində saxlanılırdı, evində seyf var idi, seyfin açarı da həmişə Südabədə olubdur. Qaynanası deyir ki, verdiyiniz qızılların hamısı bjuteriyadır, kimə göstərirsə hamı dəhşətə gəlir.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, qızıl üzüklərdən ikisi həri və nişan üzükləri faktiki olaraq cavabdehə təhvil verilməmişdir. Hətta şahid belə ifadəsində Rəşada verdiyi şəffaf paketdə sadəcə bir üzük olduğunu təsdiq edir. Digər çanta, este lauder markalı krem və s. onların mövcudluğu, alınmasını və dəyərini təsdiq edən qəbzlər təqdim edilməyib.

11. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, iddiaçı ilə uşağın paltarların götürməyə birlikdə getmişlər. Maşını qarajda saxlayıb, evə qalxmışlar və qapını Rəşad açmışdır. Rəşad həmin zaman evdə tək idi. Rəşad Südabəyə qapını açan kimi qızılı gətirib-gətirmədiyini soruşdu. Südabə isə yolda olan zaman Rəşadın ona bu barədə sms yazdığını bildirmişdir. Rəşad isə nənəsindən yadigar qalan qızılı verdikləri təqdirdə əşyaları götürə biləcəklərini dedi. Bundan sonra xalasıgilə gedərək, qızılı götürüb gəlmiş və Südabəyə vermişdir. Südabə isə həmin paketi Rəşada vermişdir. Əşyaları yığmağa Rəşad da onlara kömək etmişdir. Rəşad onları mehriban qarşılamış və yola salmışdır. Hətta əşyaları aparmağa kömək etdiyini də təklif etdi, lakin onlar razı olmamışlar. Paltarları götürəndə Südabənin qızıl götürüb-götürmədiyini bilməmiş, 20-30 paket əşya götürmüşlər. Qızılın olduğu paket şəffaf idi, lakin paketin içinə baxmamışdır. Lap bir dənə qızıl götürsə belə, içinə baxmamışdır. Evdə cəmi 1 dəqiqəlik olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 1344/2024 saylı qərardı ilə mülki iş üzrə mübahisə predmeti olan qızıl-zinət əşyalarının qiymətinin müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

13. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 9/2405 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən qızıl-zinət əşyalarının orta-bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2200 manat müəyyən edilmişdir.

14. Rəyin tədqiqat hissəsində göstərilir: Tədqiqat (obyekti) obeyktləri: çəkisi 10 qram, əyarı 750 olan bir ədəd brilliant qaşlı qızıl (nişan) üzüyü və çəkisi 10 qram, əyarı 750 olan bir ədəd brilliant qaşlı qızıl (həri) üzü Həmin qızıl-zinət əşyaları tədqiqata təqdim edilmədiyindən qiymətləndirmə nəzəri qayda aparılır. Malın (işin, xidmətin) bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələri məlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında, qızıl-zinət əşyaları alqı-satqı məntəqələrin mövcud olan qiymətlərə və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilmək ekspertiza təyini haqqında qərardadda göstərilən qızılzinət əşyalarının orta bazar qiyməti ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2200,00 manat müəyyən edilir. Çəkisi 10 qram, əyarı 750 olan qızıl (nişan üzük) ümumi qiyməti 1100 manat; Çəkisi 10 qram əyarı 750 olan qızıl (həri üzük) ümumi qiyməti 1100 manat.

15. 14 dekabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Binəqədi Rayon Məhkəməsində iddia qaldırılması üçün 87 manat məbləğində dövlət rüsumunu ödəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

16. İddiaçı ilə Cavabdeh arasında 04 iyun 2019-cu il tarixində nikah bağlanmış, nikahdan sonra tərəflər cavabdehin mükiyyətində olan evə köçmüşlər. İddiaçı da, özü ilə birlikdə gətirdiyi cehizlərini həmin evdə və qayınanasının evinə yerləşdirmişdir. Tərəflər arasında olan ailədaxili mübahisələr nəticəsində, aralarında olan ailə münasibəti faktiki olaraq pozulmuş, tərəflər ayrı yaşayırlar.

17. Hazırda iddiaçı cavabdehin gəlin köçdüyü zaman gətirdiyi cehiz əşyalarının və ona hədiyyə edilən qızıl-zinət əşyalarının cavabdehin evində olduğunu və cavabdeh tərəfindən qaytarmadığını iddia edir, onların natura qaytarılmasını, mövcud olmadıqda isə dəyərinin ona ödənilməsini tələb edir.

18. Cavabdeh isə iddia tələbin qismən qəbul etməklə iddiaçının öz xoşu ilə getdiyini, daha sonra hətta bir neçə dəfə evə qayıtmaqla həm özünə, həm uşağına aid əşyaları, hətta qızılları götürərək, özü ilə apardığını bildirir.

19. İşin mübahisələndirilməyən halı, sadalanan cehiz əmlaklarından 1 ədəd qonaq otağı dəstinin, 2 ədəd kondisonerin, 8 ədəd çılçırağın mövcudluğu və faktiki olaraq cavabdehin evində olmasıdır. Digər mübahisələndirilməyən məqam isə qızıl əşyalarının həqiqətən mövcudluğudur. Belə ki, bu faktı cavabdeh tərəf özü təsdiq edir.

20. İşin mübahisləndirilən halı isə tələb edilən bəzi cehiz əşyalarının birgə nikah dövründə yararsız hala düşməsi, qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparılıbaparılmaması və qızıl zinət əşyalarının dəyəri ilə bağlıdır.

21. Belə ki, cavabdehin etirazına münasibətdə məhkəmə araşdırması dövründə müəyyən edilmişdir ki, iddia ərizəsində cehiz əmlakı sadalanan “01 ədəd qonaq otağı dəsti”, çılçıraqlar və kondisonerlər həqiqətən cavabdehin evindədir. Həmin hissədə cavabdehin iddiaya hər hansı etirazı yoxdur.

22. Cavabdeh iddiaya etirazında birgə nikahda olduqları dövrdə istifadədə olan tozsoranın və qrafinin möcud olduğunu etiraf etsə də, həmin əmlaklarının dəyəri ilə razı deyil və bildirir ki, əşyalar tərəflərin faktiki ayrıldıqları dövrdə yox, birgə nikah dövründə xarab olmuş, tozsoran yenisi ilə əvəzlənmiş, qrafin isə sınmışdır. İş materiallarında olan DVD diskin tədqiqi zamanı da, evdə tələb edilən markaya aid olan tozsoran yox, başqa bir tozsoran aşkar edilir. İddiaçı isə həmin əşyaların faktiki olaraq, ayrı yaşadıqları dövrdə sındığını iddia etsə də, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilmir.

23. İddiaçı cavabehə onda qalan 3 ədəd üzük- həri, nişan və nənəsindən yadigar olan üzükləri qaytardığını və bunun müqabilində cavabdehin onu evə buraxdığını və bundan sonra həmin evdən əşyalarını götürə bilməsinə imkan yaradıldığını bildirir. Hətta cavabdehin bu barədə tələbini göstərən votsap yazışmasını məhkəməyə təqdim edir.

24. Cavabdeh isə həmin hissədə iddia tələbi ilə razılaşmayaraq, yazışma zamanı 3 üzük tələb etsə də, cavabdehdən yalnız nənəsindən xatirə qalan üzüyü aldığını və güzəştə gedərək 1 qızıl üzük müqabilində iddiaçını evə buraxdığını bildirir.

25. Qızıl zinət əşyalarının dəyərinin müəyyənləşdirilməsi üçün keçirilmiş ekspertiza tədqiqatı nəticəsində sadalanan 2 adda qızıl-zinət əşyalarının dəyəri 2200 manat müəyyən edilmişdir: 1 ədəd, 10 qr., əyyarı 750 olan nişan üzüyünun və eyni qaydada həri üzüyünün qiyməti. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

26. Əvvəla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

28. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;

29. 152.10-ci maddəsinə əsasən əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür;

30. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

31. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

32. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

33. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 34.1 və Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.

34. Qeyd olunan Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərinə görə, tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Qanunvericiliyin qeyd olunan normasından göründüyü kimi, yalnız bu üç şərtin mövcudluğu halında iddia təmin edilə bilər.

35. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh iddia tələbini Bakı şəhəri, Cəfər Xəndan küçəsi 3203, "xxxx" MTK yaşayış kompleksində yerləşən dəyəri 4000 manat olan və tərkibinə 1 ədəd künc divan mebeli, 1 ədəd jurnal masası,1 ədəd stol, 8 ədəd stul, 1 ədəd güzgülü şkaf, 1 ədəd TV stendi daxil olan qonaq otağı dəsti hissəsində və Bakı şəhəri, Tbilisi prospekti 1054, “Grand Həyat” yaşayış kompleksində yerləşən dəyəri 1780 manat olan 8 ədəd çılçıraq, dəyəri 1720 manat olan 2 ədəd Gree Kondisioner hissəsində qəbul edir və həmin əmlakları qaytarmağa razıdır.

36. Bundan əlavə məhkəmə hesab edir ki, iddianın digər hissələrinin əsaslılığı sübutetmə ilə bağlıdır.

37. Yararsız hala düşdüyü və sındığı mübahisə doğurmayan dəyəri 220 manat olan tozsoran və dəyəri 160 manat olan “Villeroy and Boch” markalı qrafin hissəsində məhkəmə iddia tələbini əsaslı hesab etmir. Belə ki, əvvəla iddiaçı tərəfindən həmin əşyaların markasını, modelini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir və hazırda mövcud olmayan əşyaların dəyərini də müəyyən etmək mümkün deyildir. Bununla belə, əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski mülkiyyətçinin üzərinə düşür və hansı ki, həmin əşyaların istifadə nəticəsində sıradan çıxmış olmasını istisna edən hər hansı hal müəyyən edilmir.

38. Digər geyim, kosmetik əşyalar və çamodanla bağlı isə məhkəmə iddianı ona görə əsassız hesab edir ki, iddiaçı bir neçə dəfə mübahisəsiz qaydada əşyalarını götürmüşdür. Bu səbəbdən məhz həmin əşyaların götürülmədiyini sübutetmə yükü iddiaçının üzərinə düşür, lakin iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları mötəbər sübutlarla təsdiq edə bilməmişdir.

39. Tələb edilən qızıl əşyalarına münasibətdə isə məhkəmə iddianı əsaslı hesab edir. Belə ki, tədqiq edilən sübutlarla müəyyən edilmişdir ki, iddiaçı sonuncu dəfə əşyalarını götürməyə o halda buraxılmalı idi ki, o, cavabdehin telefon yazışmalarında göstərilən qızıllarını geri qaytarsın. İşin halları ilə isə müəyyən edilir ki, iddiaçı cavabdehin icazəsi ilə qalan əşyalarını götürmək üçün evə buraxılır və cavabdeh də öz növbəsində ona hədiyyə edilən qızıl saat və nişan üzüyünü iddiaçıya qaytarır. Bu halda cavabdeh sübut etməli idi ki, iddiaçı ondan tələb edilən qızıl əşyalarını qaytarmamışdır. Lakin cavabdeh bu hissədə etirazını formal mülahizələrlə əsaslandırmış və mötəbər sübutlar təqdim etməmişdir. Hansı ki, qızılları israrla tələb edən və gətirilənə kimi iddiaçı tərəfin evə daxil olmasına icazə verməyən cavabdehin qızıl üzüklər ona təqdim edildikdən sonra, sayını yoxlamaması və buna irad bildirməməsi tərəflər arasında olan mübahisənin gərginlik dərəcəsi nəzərə alındıqda inandırıcı deyildir. Məhkəmə iclasında dindirilən şahidin isə həmin hal barədə dəqiq məlumatı olmamışdır.

40. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qızıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi hissəsində də təmin edilməli, qızıl-zinət əşyalarının dəyəri ekspert rəyinə uyğun müəyyən edilməli, həmin əmlakın özü o, mövcud olmadıqda isə onun dəyəri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Tətbiq edilən prosessual normalar:

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

42. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

43. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

44. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir;

45. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

46. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

47. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, aşağıdakı əmlaklar, olmadıqda isə dəyəri cavabdeh X2 alınaraq İddiaçı verilsin: dəyəri 4000 manat olan-01 ədəd qonaq otağı dəsti (daxilində 01 ədəd qəhvəyi rəngli künc divan mebeli, 1 ədəd ağ-qəhvəyi rəngli jurnal masası, 08 ədəd ağ rəngli stul, 01 ədəd ağ rəngli stol, 01 ədəd qəhvəyi rəngli güzgülü şkaf, 01 ədəd qəhvəyi rəngli tv-stend), dəyəri 1720 manat olan-02 ədəd ağ rəngli “Gree” markalı kondisoner, dəyəri 1780 manat olan-08 ədəd çılçıraq, dəyəri 1100 manat olan -1 ədəd 750 əyarlı qızıl nişan üzüyü , dəyəri 1100 manat olan - 1 ədəd 750 əyarlı qızıl həri üzüyü, iddia qalan hissədə təmin edilməsin.

48. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməklə, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************).

49. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Aşağıdakı əmlaklar, olmadıqda isə dəyəri cavabdeh X1 alınaraq İddiaçı verilsin: Dəyəri 4000 (dörd min) manat olan-01 ədəd qonaq otağı dəsti (daxilində 01 ədəd qəhvəyi rəngli künc divan mebeli, 1 ədəd ağ-qəhvəyi rəngli jurnal masası, 08 ədəd ağ rəngli stul, 01 ədəd ağ rəngli stol, 01 ədəd qəhvəyi rəngli güzgülü şkaf, 01 ədəd qəhvəyi rəngli tv-stend), dəyəri 1720 (bir min yeddi yüz iyirmi) manat olan-02 ədəd ağ rəngli “Gree” markalı kondisoner, dəyəri 1780 (bir min yeddi yüz səksən) manat olan-08 ədəd çılçıraq, dəyəri 1100 (bir min yüz) manat olan -1 ədəd 750 əyarlı qızıl nişan üzüyü, dəyəri 1100 (bir min yüz)manat olan - 1 ədəd 750 əyarlı qızıl həri üzüyü. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar