Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-136/2022 23.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkili X1 Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında olan 05.07.2011-ci il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan olan, 18.05.2012-ci il təvəllüdlü X2 və 06.02.2014-cü il təvəllüdlü X4 onun himayəsində saxlanılması və övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər 05.07.2011-ci il tarixdə rəsmi qaydada nikah bağlamışlar. Birgə nikahdan Məhəmməd və Ləman adlı uşaqları anadan olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan müəyyən problemlər üzə çıxmış və münasibətləri kəskin şəkildə pisləşmişdir. Cavabdehlə aralarında baş verən münaqişələr nəticəsində münasibətləri pozulduğundan, birgə yaşamaqları qeyrimümkün olmuşdur. Ailə münasibətlərinin bərpa olunması mümkün deyildir. Nikahları formal xarakter daşıyır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilərək nikahın pozulması, birgə nikahdan olan uşaqların onun himayəsinə verilməsi və alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili X3 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirirək, qeyd etdi ki, tərəflər nikaha daxil olduqdan sonra mehriban yaşasalar da, sonrada iddiaçının ona xəyanət etdiyindən şübhələnmişdir. Bu səbəbdən də onun telefonunu izləməyə başlamış və şübhələrinin əsaslı olduğu görmüşdür. Odur ki, nikahın pozulmasına etiraz etmədiyini, birgə nikahdan olan uşaqların isə onun himayəsində saxlanılması barədə qətnamə qəbul edilməsini məhkəmədn xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - nikah haqqında şəhadətnamədən görünür ki, tərəflər 05.07.2011-ci il tarixdə 1089 nömrə nömrəli akt qeydi ilə Bakı şəhər Binəqədi rayon Qeydiyyat Şöbəsində nikah bağlamışlar. - doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki,18.05.2012-ci il təvəllüdlü X2 və 06.02.2014-cü il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. - Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin 04/06-13-8-11-31/1289 saylı 04.10.2021-ci il tarixli rəyindən görünür ki, Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52, 58 və 60-cı maddələrini nəzərə alaraq, uşaqların mənafelərinin üstünlüyü baxımından, 18.05.2012-ci il təvəllüdlü X2 və 06.02.2014-cü il təvəllüdlü X4 anaları İddiaçı himayəsində qalmaları məqsədəmüvafiq hesab edilmişdir. Həmçinin komissiyada dindirilən X5 və X6 əvvəllər analarını çox istəsələr də analarının pis hərəkətlər etdiyinə görə artıq onu istəmirlər və ataları ilə yaşamaq istədiklərini bildirmişlər. - 10.09.2021-ci il tarixli həyat şəraitinin müayinə aktından görünür ki, Cavabdeh ailə və mənzil-məişət şəraiti övladlarını öz himayəsində saxlaması üçün əlverişli vəziyyətdədir. - 10.09.2021-ci il tarixli həyat şəraitinin müayinə aktından görünür ki, İddiaçı ailə və mənzil-məişət şəraiti övladlarını öz himayəsində saxlaması üçün əlverişli vəziyyətdədir. - AR DİN Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsindən verilmiş 22.11.2021-ci il tarixli sorğuya cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Cavabdeh “102” xidmətinə müraciət edərək, bəzi mobil telefon nömrələrindən onun arvadı Vüsalə Osmanovaya zəng olunaraq onu narahat etmişlər. Aparılmış araşdırmalar zamanı mobil telefon nömrələrinin sahibləri müəyyən edilmiş və polis bölməsinə dəvət olunaraq izahat alınmışdır. Belə ki, bölmədə izahat verən N.Nəcəfquliyev bildirmişdir ki, Vüsalə ilə telefon vasitəsilə tanış olmuş, lakin sonuncunun ailəli olduğunu bilməmişdir. O, Vüsalə ilə bir neçə dəfə pul qarşılığında müxtəlif ünvanlarda görüşmüş, lakin sevgili olmamışlar. Sonradan Vüsalənin başqa şəxslərlə də pul qarşılığında görüşdüyünü bilmişdir. Daha sonra Vüsalənin evli olduğunu bilmiş və sonuncu ilə əlaqəsini kəsmişdir. - Məhkəmə Ekspertiza Mərkəzinin 28.02.2022-ci il tarixli, 11/14 saylı ekspert rəyinə əsasən, 18.05.2012-ci il təvəllüdlü X2 və 06.02.2014-cü il təvəllüdlü X4 ataları Cavabdeh bağlılıqları (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, anaları İddiaçı bağlılıqları müəyyən olunmur. İddiaçı və Cavabdeh fərdi-psixoloji xüsusiyyətlərində azyaşlı uşaqlarının emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. Həmçinin 18.05.2012-ci il təvəllüdlü X5 və 06.02.2014-cü il təvəllüdlü X6 fikir və mülahizələrini ifadə etmək qabiliyyətinə malik olmaqla, onların psixikası və davranışlarında hansı valideyninin himayəsində qalmasını seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. - "xxxx" MMC tərəfindən verilmiş 17.01.2022-ci il tarixli psixoloji arayışa əsasən, ümumi olaraq qeyd edilir ki, uşaqların hər birinin valideynlərinə qarşı sevgiləri vardır. Sadəcə olaraq ananın obrazı neqativ olduğundan və ailədə onun hərəkətlərinin sübutları tez-tez müzakirə edildiyindən ana ilə görüşməyin onlara ziyan verəcəyini düşünürlər və inciklik vardır. Əslində atanın ailəsində ana ilə bağlı müzakirələr dayandırılsa və uşaqların ana ilə görüşlərinə icazə verilsə ana ilə münasibətlərin normallaşması mümkündür. Azərbaycan Respublikası AM-nin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. X6 və X5 qanunvericiliklə nəzərdə tutulmuş yaş həddinə çatmış olduqlarından və onlar haqqında həll edilən məsələ barəsində dinlənilmək hüququna malik olduqlarından, Mehdiyeva Ləman və Mehdiyev Məhəmməd məhkəmənin əvvəlki iclaslarında dinlənilmiş və onlar, hazırda ataları ilə birlikdə yaşadıqlarını bildirmişlər, həmçinin atalarının himayəsinə verilmələrini məhkəmədən xahiş etmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 18.05.2012-ci il təvəllüdlü X2 və 06.02.2014-cü il təvəllüdlü X4 xahişləri məhkəmə tərəfindən nəzərə alınmalıdır. Nikaha xitam verilməsinin əsasları və qaydası Ailə Məcəlləsinin 4-cü fəslinin, nikahın pozulmasının qeydə alınması məsələləri isə həmin Məcəllənin 25-ci fəslinin müddəaları ilə tənzimlənir. Məhkəmə AR Ailə Məcəlləsinin 19.1, 20.1, 20.2, 22, 60.1-60.4, 61.1, 62.2, “Uşaq hüquqları haqqında Konvesiyanın” 3-cü maddəsinin 1-ci bəndi, 18-ci maddəsinin 1-ci bəndi, 27-ci maddəsinin 2-ci bəndi, “Uşaq hüquqları”haqqında AR Qanunun 19-cu maddələrinə əsaslanaraq belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış nikah formal xarakter daşıyır, tərəflər könüllü olaraq nikahın pozulması ilə bağlı iradə ifadəsini açıq nümayiş etdirmişlər, eyni zamanda ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü təsdiq edildiyi üçün iddia qismən təmin olunmalı, onların arasında olan nikah pozulmalı, nikah pozulduqdan sonra tərəflərin uşaqları atanın himayəsində saxlanılmalıdırlar. Məhkəmə hazırki mülki iş üzrə toplanmış bütün sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin uşaqlarının atanın himayəsində saxlanılması onların mənafeyinə və maraqlarına daha uyğundur. Belə ki, iş materiallarında öz əksini tapan müxtəlif vaxtlarda yazılmış whatsapp yazışmaları və Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsində izahat vermiş N.Nəcəfquliyevin izahatı (İddiaçı barəsində) əslində İddiaçı şəxsi həyatını əks etdirsə də, nəzərə almaq lazımdır ki, bu hallar və hərəkətlər İddiaçı və Cavabdeh birgə nikahda və ailəli olduqları dövrə təsadüf edir. Yəni sadalanan bu xüsusatlar iddiaçının mənəvi-əxlaqi dəyərlərə, həmçinin öz ailəsinə olan münasibət və bağlılığının qeyri-ciddi olmasına dəlalət edir. Məhkəmə qeyd edir ki, uşaqların iddiaçının himayəsinə verilməsi gələcəkdə arzuolunmaz nəticələrə (uşaqların nəzarətsiz qalması, onların mənəvi-əxlaqi tərbiyəsi və s. ) gətirib çıxara bilər. Belə ki, iddiaçının yol verdiyi bu hərəkətlər onun ailəsinin dağılmasına səbəb olmuş və bunun özü elə uşaqların həyatında mənfi rolunu oynamışdır. Uşaqların hər şeydən əvvəl hər iki valideynin birgə olduğu bir ailə qayğısına ehtiyacı var və bu imkanından artıq onlar məhrum olmuşlar. İddiaçının bu cür əməllərə yol verməsi heç də öz uşaqlarını düşünməsi və onlara qayğı göstərməsini özündə əks etdirmir, əksinə bu əməllər onu laqeyd və qeyri-ciddi bir valideyn, ana və şəxs kimi xarakterizə edir. Məhkəmə qeyd edir ki, uşaq hüquqları haqqında qanunvericiliyin tələblərinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasını, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. Odur ki, uşaqların valideyinlər tərəfindən lazımi qaydada tərbiyə edilməsi dedikdə, onların yalnız normal qaydada qidalanmaları və maddi tələbatlarının ödənilməsi deyil, eyni zamanda mənəvi zənginlik, milli və ümumbəşəri dəyərlər əsasında və yüksək əxlaqi prinsiplər əsasında böyüdülməsi də önəmli məsələlərdəndir. "Elşolts Almaniyaya qarşı" işi üzrə Avropa İnsan hüquqları Məhkəməsinin qərarında qeyd edilir ki, Konvesiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideyinlərin arasında ədalətli tarazlığa riayət etsinlər, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideyinlərin maraqlarından üstün tutula bilər. Xüsusən 8-ci maddəyə əsasən valideyin uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Məhkəmə qeyd olunanları nəzərə alaraq uşaqların cavabdehin himayəsində saxlanılmasını uşaqların maraqlarına, həm də bu maraqlarda ifadə olunan ictimai mənafeyə uyğun sayır və qeyd edir ki, uşaqların atanın yanında qalması anaya mane olmur ki, bir valideyn kimi istədiyi vaxt uşağı ilə ünsiyyət saxlasın və onun tərbiyəsi, inkişafı üçün əlindən gələni etsin. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında 05.07.2011-ci il tarixdə 1089 nömrəli akt qeydi ilə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulmalı, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 18.05.2012-ci il təvəllüdlü X5 və 06.02.2014-cü il təvəllüdlü X6 ataları Cavabdeh himayəsində saxlanılmalıdırlar. Məhkəmə hazırda Cavabdeh aliment tələbinə dair iddiasının olmamasını nəzərə alaraq, alimentin tutulmasına münasibət bildirmir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə Mehdiyeva (Osmanova)Vüsalə Ziyadxan qızı arasında 05.07.2011-ci il tarixdə 1089 nömrəli akt qeydi ilə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulsun. Nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 18.05.2012-ci il təvəllüdlü X5 və 06.02.2014-cü il təvəllüdlü X6 ataları Cavabdeh himayəsində saxlanılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edisin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-136/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-136/2022
23.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver