Məhkəmə qərarları › İş №e-2(001)-146/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-146/2023

20.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-146/2023 20.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İlk iddia üzrə İddiaçı, onun nümayəndələri və vəkilləri Vəkil1 və Vəkil3, İlk iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı pul tələbinə dair iddia ərizəsi; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı hərracın nəticələrinə dair protokolun, alğı-satqı müqaviləsinin və çıxarışın ləğvi tələbi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 49.5 kv.m. olan 20 saylı mənzilin altındakı 43.9 kv.m. ölçüdə zirzəminin Hərracların Təşkili üzrə X1 Rəsul Fəzli oğluna satılmasına dair 27 mart 2018-ci il tarixli hərrac protokolunun etibarsız hesab edilməsi və onun hüquqi nəticələri aradan qaldırılmaqla Cavabdeh2 verilmiş 24 aprel 2018-ci il tarixli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli, 2(007)-2843/2018 saylı qətnaməsi ilə iddia təmin olunaraq, ünvan 1 saylı binanın 1ci mərtəbəsində yerləşən, ümumi sahəsi 49.5 kv.m. olan 20 saylı mənzilin altındakı 43.9 kv.m. ölçüdə zirzəminin Hərracların Təşkili üzrə X1 Rəsul Fəzli oğluna satılmasına dair 27 mart 2018-ci il tarixli hərrac protokolu etibarsız hesab edilməsi və onun hüquqi nəticələri aradan qaldırılmaqla Cavabdeh2 verilmiş 24 aprel 2018-ci il tarixli ********** saylı çıxarışın ləğv olunması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2019-cu il tarixli, 2(103)-9314/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli, 2(007)-2843/2018 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli, 2(102)-7436/2019 saylı Qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi, külli miqdarda pul vəsaiti xərcləyərək zirzəmini mənzil halına satmağıma baxmayaraq ilk iddia üzrə iddiaçının sahibliyində və istifadəsində olan əmlak cavabdehin mülkiyyətinə keçmiş və nəticədə iddiaçıya ziyan dəymişdir. X3 ilə bu barədə aparılan söhbətlər heç bir nəticə vermədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən ilk iddia üzrə iddiaçı iddia ərizəsinin təmin edilməsi, cavabdehlər Cavabdeh2n və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən ünvan 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 49.5 kv.m. olan 20 saylı mənzilin altmdakı 43.9 kv.m. ölçüdə zirzəminin abadlaşdırılmasına xərclənmiş 32.579,11 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 187,74 manat dövlət rüsumunun tutlmasma dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 43.9 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilmiş 27 mart 2018-ci il tarixli hərrac protokolu ilə Cavabdeh2 özgəninkiləşdirilmiş və Cavabdeh2 həmin əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən 24 aprel 2018-ci il tarixli ********** nömrəli Çıxarış təqdim edilmişdir. 24 aprel 2018-ci il tarixdən etibarən Cavabdeh2 özünə məxsus sözügedən əmlak üzərində mövcud olan hüquqlarını tam şəkildə icra edə bilmir. İddiaçı qeyd edilən əmlakdan qanunsuz istifadə etməklə birbaşa olaraq İddiaçının əsas Konstitusyon hüquqlarından biri olan mülkiyyət hüququndan məhrum edir. Hal-hazırda cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən əmlakdan istifadə edilməklə iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə bərabər, eyni zamanda, iddiaçıya 24000 manat məbləğində maddi zərər də vurulmuşdur. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və məhkəməyə bildirmişdir ki, mübahisəli əmlak dövlətə məxsus olub. Əmlaka münasibətdə ilk iddia üzrə iddiaçı ilə icarə müqaviləsi bağlanılmışdır, eyni zamanda alqı-satqı müqaviləsi də bağlanılmış və müəyyən müddət ərzində əmlakın dəyərinin ödənilməsi barədə o, xəbərdar edilmişdir. Əmlakın dəyəri 15000 müəyyən edilmişdir. Lakin iddiaçı tərəfindən həmin məbləğ ödənilməmiş, bundan sonra iddiaçı ilə bağlanan alqı-satqı müqaviləsi ləğv edilmişdir. Həmçinin əmlak hərraca çıxarılmazdan əvvəl əmlakın satın alınması ilə bağlı ilk iddia üzrə iddiaçıya təklif göndərilmişdir. İddiaçının cavabdehlərdən pul tələb etməsinə gəldikdə, iddiaçı icarəyə verilmiş obyekti müvafiq icazə və razılıq əsasında təmir etdirməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ilk və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-7436/2019 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab olunması, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilərək Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsindəki 16 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 49,5 kv.m. olan 20 saylı mənzilin altında 43,9 kv.m. ölçüdə zirzəminin Hərracların Təşkili üzrə X1 Rəsul Fəzli oğluna satılmasına dair 27 mart 2018-ci il tarixli hərrac protokolunun etibarsız hesab edilməsi və onun hüquqi nəticələri aradan qaldırılmaqla Cavabdeh2 verilmiş 24 aprel 2018-ci il tarixli ********** saylı çıxarışın ləğv olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmaqla İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “hərracın nəticələrinə dair protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” barədə iddia tələbi təmin edilməmişdir. ... Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının xüsusi mülkiyyətindəki ünvan 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 49,5 kv.m. olan 20 saylı mənzilin altında yerləşməklə dövlət mülkiyyətində olan ümumi sahəsi 43,9 kv.m. qeyri-yaşayış sahəsi 30 sentyabr 2005-ci il tarixdən etibarən eyni tarixli icarə müqaviləsi əsasında iddiaçının istifadə və sahibliyində olmuş, həmin müqaviləyə əsasən o, cavabdeh quruma icarə haqqı ödəmişdir. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 43,9 kv.m. olan qeyri-yaşayış sahəsi ilkin olaraq 15 000 manat qiymətlə hərraca çıxarılmış, Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən həmin əmlakla bağlı 18 iyul 2017-ci il, 22 avqust 2017- ci il, 26 sentyabr 2017-ci il, 31 oktyabr 2017-ci il, 05 dekabr 2017-ci il, 09 yanvar 2018-ci il, 13 fevral 2018-ci il və 27 mart 2018-ci il tarixlərdə hərraclar keçirilmiş, sonuncu hərracda sözügedən əmlak 7500 manata Cavabdeh2 satılaraq hərracın nəticələri haqqında eyni tarixli 11/01 saylı protokol tərtib olunmuş, xx.xx.2018-ci il tarixdə isə sözügedən əmlak sonuncunun adına dövlət qeydiyyatına alınmaqla ona eyni tarixli çıxarış verilmişdir. ... Şərh edilənlərdən də göründüyü kimi, icarəyə verilmiş dövlət əmakının özəlləşdirilməsi zamanı ilkin olaraq əmlak 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur, sonuncu, icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə məhz onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 (otuz) gün ərzində əmlakın dəyərini ödəyir; əks halda isə yəni, o (icarəçi), əmlakı almaqdan imtina etdikdə və ya həmin təklifi aldığı andan 30 (otuz) gün ərzində əmlakın dəyərini ödəmədikdə əmlak hərraca çıxarılır və özəlləşdirilir. Bu zaman hərracların keçirilməsi barədə keçmiş icarəçiyə ayrıca məlumat verilməsinə zərurət qalmır, yəni, keçmiş icarəçi də əmlak almaq istəyən başqa şəxslər kimi hərracla bağlı ümumi elanı izləməlidir. Keçmiş icarəçi keçirilən hərracda (hərraclarda) iştirak etmək və obyekti ümumi əsaslarla (hərracda qalib gəlməklə) əldə etmək hüququnu özündə saxlayır. Apellyasiya instasiyası məhkəməsinin qənaətinə görə, hazırkı mübahisənin düzgün həlli üçün hərracların keçirilməsi barədə iddiaçıya məlumat verilib-verilməməsi deyil, hərraca çıxarılmamışdan öncə əmlakın alınması üçün ona (iddiaçıya) təklif olunubolunmamasının yoxlanması əhəmiyyət kəsb edir. Yuxarıda da qeyd edildiyi kimi, İddiaçı izahatında cavabdeh quruma çağırıldığını, icarəçisi olduğu mübahisəli əmlakı 15000 manat ödəyərək ala biləcəyi barədə ona məlumat verildiyini, lakin deyilən məbləği ödəməyə imkanı olmadığından əmlakı ala bilmədiyini göstərməklə əmlakın hərraca çıxarılmamışdan öncə alınması üçün hər bir halda özünə təklif edildiyini etiraf etmiş, hətta sonuncu hərrac və 750 manat beh ödəməklə həmin hərracda iştirak edə biləcəyi barədə də məlumatlı olduğunu, lakin imkanı olmadığından həmin pulu da ödəyə bilmədiyini bildirmişdir. Bütün bunlar isə 27 mart 20l8ci il tarixli hərrac protokolunun (həmçinin onun əsasında aparılmış qeydiyyatın) etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlərin mövcudluğunu istisna edir. Apellyasiya instansiyası məhkəməsinin qənaəti bundan ibarətdir olmuşdur ki, mübahisəli əmlakın hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən hazırkı apellyasiya baxışının predmetini təşkil edən iddia tələblərinin təmin edilməsi üçün əsas mövcud deyidir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir.”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-481/2021 saylı qətnaməsində aşağıdakılar göstərilmişdir: “ ... İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “maneələrin aradan qaldırılması və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin cavabdehin qanunsuz istifadəsindən alınaraq iddiaçının qanuni idarəçiliyinə verilməsi, iddiaçının qanuni idarəçiliyinə edilən qanunsuz müdaxilə və maneələrin aradan qaldırılması, əmlakın boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması və 20 000 manat məbləğində dəymiş zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 43.9 kv.m ölçüdə qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilmiş 27 mart 2018-ci il tarixli hərrac protokolu ilə Cavabdeh2 özgəninkiləşdirilmiş və Cavabdeh2 həmin əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən 24 aprel 2018-ci il tarixli ********** nömrəli Çıxarış təqdim edilmişdir. Təəssüflər olsun ki, 24 aprel 2018-ci il tarixdən etibarən Cavabdeh2 özünə məxsus sözügedən əmlak üzərində mövcud olan hüquqlarını tam şəkildə icra edə bilmir. İddiaçı qeyd edilən əmlakdan qanunsuz istifadə etməklə birbaşa olaraq iddiaçının əsas Konstitusyon hüquqlarından biri olan mülkiyyət hüququndan məhrum edir. Hal-hazırda cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən əmlakdan istifadə edilməklə iddiaçının mülkiyyət hüquqularının pozulması ilə bərabər, eyni zamanda iddiaçıya 20 000 manat məbləğində maddi zərər də vurulmuşdur. ... Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 43,9 kv.m. qeyri-yaşayış sahəsi 30 sentyabr 2005-ci il tarixdən etibarən eyni tarixli icarə müqaviləsi əsasında cavabdeh İddiaçı istifadə və sahibliyində olmuşdur. Həmin qeyri yaşayış sahəsi ilkin olaraq 15 000 manat qiymətlə hərraca çıxarılmış, Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən həmin əmlakla bağlı 18 iyul 2017-ci il, 22 avqust 2017- ci il, 26 sentyabr 2017-ci il, 31 oktyabr 2017-ci il, 05 dekabr 2017-ci il, 09 yanvar 2018-ci il, 13 fevral 2018-ci il və 27 mart 2018-ci il tarixlərdə hərraclar keçirilmiş, sonuncu hərracda sözügedən əmlak 7500 manata Cavabdeh2 satılaraq hərracın nəticələri haqqında eyni tarixli 11/01 saylı protokol tərtib olunmuş, xx.xx.2018-ci il tarixdə isə sözügedən əmlak sonuncunun adına dövlət qeydiyyatına alınmaqla ona eyni tarixli çıxarış verilmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi qanunvericiliyin tələblərinə riayət edilməklə rəsmləşdirilmiş və Cavabdeh2 xüsusi mülkiyyəti kimi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Yuxarıda qeyd olunan maddi normaların məzmunundan görünür ki, mülkiyyətçi ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olma, ondan istifadə edə və ona dair sərəncam vermə bilər, həmçinin öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə və özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən “ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı qanunsuz istifadəsindən alınaraq Cavabdeh2 qanuni idarəçiliyinə verilməsi, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə olan qanuni idarəçiliyinə edilən müdaxilə və maneələr aradan qalırılması, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi boşaldılaraq Cavabdeh2 istifadəsinə qaytarılması” hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin “20 000 manat məbləğində dəymiş zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı Cavabdeh2 iddia tələbinin həmin hissəsi ilə bağlı məhkəməyə mötəbər sübut növü təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir”. Məhkəmə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)- 481/2021 saylı qətnaməsinin mövcudluğu əsası ilə ilkin olaraq qarşılıqlı iddia ərizəsi üzrə icrata xitam vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022ci il tarixli, 2(103)-4864/2022 saylı qərardadı ilə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3056/2022 saylı, 26 may 2022-ci il tarixli qərardadı ləğv edilmiş və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, “ ... qarşılıqlı iddiaçının Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-481/2021 saylı qətnaməsinin çıxarılmasından sonrakı dövr üzrə yeni əsasla, mötəbər sübut təqdim etməklə maddi zərərin əvəzini tələb edə bilər yaxud edir. Bu cür vəziyyətdə qarşılıqlı iddia üzrə icraata qeyd olunan əsasla xitam verilə bilməzdi”. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (icarəyəverən) ilə İddiaçı (icarəçi) arasında bağlanmış icra müqaviləsindən görünür ki, icarəyəverən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 43,9 kv.m. olan Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nizami rayon MKTB-nın balansında olan qeyri-yaşayış sahəsini icarəçinin müddətli istifadəsinə vermiş və icarə müqaviləsinin 6.2-ci bəndinə əsasən, icarəyəverənin yazılı icazəsi olmadan icarəçi tərəfindən icarəyə verilən sahədə əsaslı təmir işləri, rekonstruksiya, yenidənqurma aparılması qadağan edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 700.3-cü maddəsinə müvafiq olaraq, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 680.2-ci maddəsinə görə, kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Həmin Qanunun 13.1-ci maddəsinə görə, icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Mülki Məcəllənin 1090.1-ci maddəsinə əsasən isə, əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Hazırkı işdə mübahisəli qeyri-yaşayış sahəsində abadlaşdırma işlərinin aparılmasının sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlməsi müəyyən edilmir. Belə ki, həmin qeyri-yaşayış sahəsi faktiki olaraq söküntü planına düşdüyü ərəfədə satılıb və həmin sahənin təmirli və ya təmirsiz olmasının faktiki olaraq dəyərinə təsir etməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 3056/2022 saylı qərardadı ilə iş üzrə kompleks məhkəmə ekspertizası təyin edilmiş və qiymətləndiricinin rəyinin alınması qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... Qərardadın icrası ilə əlaqədar xx.xx.2022 ci il tarixdə şirkətin qiymətləndirici eksperti Süleyman Tağıyev sözügedən ünvanda olmuşdur. Bununla belə, həmin binanın söküldüyü və hazırda mövcud olmadığı müəyyən edilmişdir. Eyni zamanda, qərardadın icrasının təmin edilməsi məqsədi ilə əmlakın sökülməmişdən əvvəlki vəziyyətinə dair fotoşəkillər İddiaçı tələb edilsə də, o, hər hansı fotoşəkil təqdim edə bilməmişdir. Beləliklə, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı bina sökülməklə hazırda mövcud olmadığından, o cümlədən əmlakın sökülməmişdən əvvəlki vəziyyətinə dair fotoşəkillər təqdim edilmədiyindən qərardadda soruşulan sualların cavablandırılaraq müvafiq rəyin hazırlanması mümkün olmamışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1063 saylı Ekspert rəyində aşağıdakılar göstərilmişdir: “... Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən, 16 saylı binanin faktiki olaraq söküldüyünü, binanın yerləşdiyi ərazinin metal təbəqə vasitəsilə hasara alinaraq tikinti işlərinin aparıldığını nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 49,5 kv.m. olan 20 saylı mənzilin altındakı 43,9 kv.m. olan zirzəminin abadlaşdırılmasına nə qədər vəsait xərcləndiyi, hazırkı şəraitdə və vəziyyətdə, habelə texniki göstəriciləri baxımından mübahisəli zirzəmiyə uyğun olan təmirsiz qeyri-yaşayış sahəsinin orta bazar qiyməti ilə aylıq icarə haqqının nə qədər təşkil etdiyini müəyyən etmək mümkün olmamışdır”. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 43,9 kv.m. qeyri-yaşayış sahəsi 30 sentyabr 2005-ci il tarixdən etibarən eyni tarixli icarə müqaviləsi əsasında cavabdeh İddiaçı istifadə və sahibliyində olmuşdur. Həmin qeyri-yaşayış sahəsi ilkin olaraq 15000 manat qiymətlə hərraca çıxarılmış, Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən həmin əmlakla bağlı 18 iyul 2017-ci il, 22 avqust 2017- ci il, 26 sentyabr 2017-ci il, 31 oktyabr 2017-ci il, 05 dekabr 2017-ci il, 09 yanvar 2018-ci il, 13 fevral 2018-ci il və 27 mart 2018-ci il tarixlərdə hərraclar keçirilmiş, sonuncu hərracda sözügedən əmlak 7500 manata Cavabdeh2 satılaraq hərracın nəticələri haqqında eyni tarixli 11/01 saylı protokol tərtib olunmuş, xx.xx.2018-ci il tarixdə isə sözügedən əmlak sonuncunun adına dövlət qeydiyyatına alınmaqla ona eyni tarixli çıxarış verilmişdir. Hal-hazırda İddiaçı həmin qeyri-yaşayış sahəsinin abadlaşdırılmasına xərclənmiş pul vəsaitlərini tələb edir, lakin qeyri-yaşayış sahəsində əsaslı təmir işləri, rekonstruksiya, yenidənqurma aparılmasına dair icarəyəverənin yazılı icazəsinin olması iş materialları ilə öz təsdiqini tapmır, Cavabdeh2 isə ümumiyyətlə həmin tələb üzrə cavab verməli olan şəxs hesab edilə bilməz. Belə ki, onun İddiaçı apardığı təmir işləri nəticəsində əsassız varlanması iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Qarşılıqlı iddia ərizəsinə gəldikdə isə, məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-481/2021 saylı qətnaməsinin çıxarılmasından sonrakı dövr üzrə iddia tələbini əsaslandırmamış, hansı əsaslarla qarşılıqlı iddia üzrə cavabdehdən məhz 24000 manatın tələb edilməsini əsaslandırmamış, pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər barədə, adi mülki dövriyyə şəraitində hansı gəlirləri (əldən çıxmış fayda) əldə edəcəyi barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş və qanunvericiliyin tələblərinə zidd tərtib edilmiş mütəxəssis rəyini məhkəmə mötəbər sübut hesab etmir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı pul tələbinə dair iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. İlk və qarşılıqlı iddia ərizələri verilərkən ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar