Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1482/2023 03.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment borcundan azad edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı aliment borcundan azad edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, birgə nikahlarından olan 2009-cu il təvəllüdlü X2 anasının yanında saxlanılması, hər ay 100 manat alimentin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Tərəflər 2007-ci ildə ailə qurduqdan sonra Bakı şəhərində müxtəlif vaxtlarda qohum evlərində yaşamış, 2010-cu ildə iddiaçı Bakı şəhəri Binəqədi rayonu Zəngəzur şossesində torpaq alaraq fərdi yaşayış evi tikilmiş və tərəflər birgə olaraq həmin evdə yaşamışlar. Tərəflərin nikahlarına 2014-cü ildə məhkəmə qətnaməsi ilə xitam verisə də, qətnamə qəbul edildikdən sonra ilk 5 ay ərzində onlar ayrı yaşamış, 2014-cü ilin noyabr ayından isə iddiaçı yenidən keçmiş həyat yoldaşı və qızı ilə bilikdə yaşamağa başlamışdır. 2022-ci ilin sentyabr ayına kimi iddiaçı cavabdeh və övladı ilə birlikdə Binəqədi rayonu Rəsulzadə qəsəbəsi ünvanında olan evdə yaşamış, birgə yaşadıqları dövr ərzində heç bir sözsöhbətləri olmamış və nikahın pozulmasına baxmayaraq bir ailə kimi yaşamışlar. Nikah pozulduqdan sonra ilk 5 ay ərzində iddiaçı cavabdehin X16 hesabına hər ay 100 manat aliment üçün kəsilmiş pulu ödəmiş, lakin 2014-cü ilin noyabr ayından birgə yaşadıqlarından alimentin ödənişini dayandırmışdır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi Zəngəzur şossesi sakinləri X13, X8 və X12 tərtib etdiyi xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, İddiaçı həqiqətəndə 2010-cu il tarixdən Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Zəngəzur şossesində yerləşən fərdi evdə 2010-cu il tarixdən ailəsi birlikdə yaşamış, qeyd olunan ünvanda yerləşən fərdi ev İddiaçı şəxsi vəsaiti hesabına tikilmiş və akta imza atan şəxslər buna şahid olmuşlar. İddia ərizəsinə əlavə olunmuş müxtəlif vaxtlarda çəkilmiş fotoşəkillərdən müəyyən olunur ki, iddiaçı qeyd olunan dövr ərzində yəni 2014-cü ilin noyabr ayından 2022-ci ilin sentyabr ayına kimi ailəsi ilə bilrikdə yaşamışdır. Həmçinin cavabdeh tərəfindən iddiaçıya ona məxsus olan avtomobili idarə etmək üçün iki dəfə notarius vasitəsilə etibarnamə verilmişdir. Yuxarıda qeyd olunan xüsusatlarla sübuta yetirir ki, tərəflər 2014-cü ilin noyabr ayından 2022-ci ilin sentyabr ayına kimi birlikdə yaşamışlar. Tovuz rayon İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçının işlədiyi X7 göndərilmiş 277499/2022 saylı icra sənədinə əsasən, 6823 manat məbləğində aliment borcunun tutulması xahiş edilmişdir. İddiaçı hesab edir ki, nikahın pozulmasından sonra birgə yaşadıqları və birgə təsərrüfat apardıqları dövr üçün alimentin tələb edilməsi qanunsuz və əsassızdır. Belə ki, onlar 2014cü ilin noyabr ayından 2022-ci ilin sentyabr ayına kimi bir yerdə ailə kimi yaşamış və ailənin bütün ehtiyacları iddiaçı tərəfindən ödənilmişdir. Ona görə də iddiaçının 2009-cu il təvəllüdlü X1 üçün 2014-cü ilin noyabr ayından 2022-ci ilin sentyabr ayına kimi 6823 manat məbləğində aliment borcundan azad olunmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, tərəflərin barışıb birgə yaşamaq faktı cavabdeh tərəfindən də etiraf olunur, cavabdeh iddiaçının onlara baxmadığını mübahisələndirir. Nikah pozulandan 5-6 ay sonra tərəflərin ailə münasibətləri bərpa olunmuş, onlar 2014-cü ildən 2022-ci ilədək bir yerdə yaşamışlar. Tələb olunan aliment məbləği uşağın saxlanması üçün kəsilən puldur. Tələb etdiyimiz dövrdə uşaq atanın yanında olmuş, İddiaçı uşağının saxlanması üçün vəsait xərcləmişdir. Cavabdehin əmək haqqı kifayət qədər az olmuş, cavabdeh uzun müddət ərzində alimenti tələb etməmiş, yalnız Ramil evdən qovulduqdan sonra cavabdeh alimenti tələb etməyə başlamışdır. Hesab edir ki, kifayət qədər sübutlar məhkəməyə təqdim edildiyindən, iddia ərizəsi əsaslı olduğundan məhkəmə tərəfindən təmin edilməlidir. Tovuz rayon İcra şöbəsinə müraciət edilsə də, icra məmuru iddiaçıya 6823 manat aliment borcu hesablamış, onlar həmin qərardan şikayət verməmiş, hesab etmişlər ki, alimentin ödənilməsindən azad olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidirlər, cavabdehin həmin qərardan verdiyi şikayət isə təmin edilməmişdir. Hazırda icra məmuru iddiaçının əmək haqqından aliment borcu üzrə tutmalar aparır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, o, cavabdehlə 2007-ci ildə ailə qurmuş, 2014-cü ildə nikahları pozulmuşdur. 2014-cü ildən sonra dəfələrlə barışıq barədə ərizə yazmaq istəmişik. Cavabdeh 8 il ərzində alimentlə bağlı heç bir yerə şikayət etməmişdir. Cavabdehin qohumları da təsdiq edər ki, onlar mehriban olmuşlar. Sentyabr ayında o, evdən çıxandan sonra cavabdeh aliment tələb edir. Birgə yaşadıqları müddət ərzində onun əmək haqqı 1000 manatdan yuxarı olmuşdur. Cavabdeh özünün əmək haqqının 400 manat olmasını etiraf edir. Hər bir evdə söz-söhbət olur. Evdən çıxarkən evi övladına görə, uşağı kirayədə yaşamaması üçün halallıqla cavabdehə verib çıxmış, cavabdehə alimentin 25% kəsdirməsini demiş, özü hal-hazırda kirayədə yaşayır. 15 illik ailə həyatında münasibətləri əsasən yaxşı olmuş, 2014-cü ilin noyabr ayından o, həyat yoldaşı ilə barışıb övladı ilə birlikdə 2022-ci ilin sentyabr ayınadək birlikdə yaşamış, xx.xx.2022-ci il tarixdə evdən çıxmışdır. O, 2014-cü ildə 5 ay üçün hər 100 manat alimenti Yapıkredi Bankda olan hesaba ödəmişdir. Məhkəməyə təqdim olunan səs yazısının yalnız biri ona məxsusdur. 2022-ci ilin avqust ayında cavabdeh onun razılığı olmadan Türkiyəyə getdiyindən o, cavabdehə səs yazısı göndərmişdir. Onaların mehriban yaşamalarını cavabdehin ona nəqliyyat mülkiyyətində olan vasitələrinə dair etibarnamələr verməsi, birlikdə toylarda, adgünlərində iştirak etməsi, birlikdə rəqs etməsi ilə təsdiq olunur. Yaşadıqları evin kommunal qaz, su, telefon, internet xidmətləri onun adına olmuş, yalnız işıq cavabdehin adına olmuş, 8 il kommunal xidmət haqları onun tərəfindən ödənilmişdir. Evdən çıxarkən onun verdiyi etibarnaməyə əsasən cavabdeh bütün kommunal xidmətləri öz adına keçirmişdir. Evin sənədləri yoxdur, torpaq bələdiyyə sənədlərinə əsasən ayrılmış, 2009-cu ildə o, evin inşasına başlamış, 2010-cu ildə evə köçmüşlər. O, ailəsinin, uşağının qayğısına qalmasaydı cavabdeh sentyabr ayında müraciət etdiyi kimi 8 il ərzində də aliment tələbi ilə müraciət edərdi. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazında göstərmişdir ki, Tovuz Rayon Məhkəməsinin qətnaməsi ilə tərəflərin nikahı pozulduqdan sonra İddiaçı bu günə kimi bir manat da aliment ödəməmişdir. İddia ərizəsində guya X16 hesaba aliment ödədiyini bildirsə də, bu barədə məhkəməyə heç bir sübut tədim etməmişdir. Çünki belə bir sübut yoxdur. İddiaçı ilə bu müddətdə bir yerdə yaşasalar da, iddiaçı heç vaxt ailəsinə baxmamış, uşağın xərclərində iştirak etməmiş, dəfələrlə iddiaçı cavabdehi döymüş, təhqir etmiş, ondan aliment tələb edəcəyi təqdirdə öldürəcəyi ilə hədələmişdir. İddiaçıdan qorxduğu üçün qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ödənilməli olan alimenti tələb etməmişdir. Hesab edir ki, alimenti məhkəmə icraçısı vasitəsi ilə tələb etməməsi alimentdən imtina etməsi anlamına gəlməməlidir. 2014-cü il tarixdən 2022-ci il tarixədək iddiaçı ailənin xərclərində iştirak etməmiş, bütün xərcləri cavabdeh özü çəkmiş, çətinliklə uşağına baxmışdır. Bundan başqa hesab edir ki, alimentdən azad olunmaq üçün hüquqi əsas da yoxdur. Aliment borcu iddiaçının xəstəliyi və ya digər səbəblərə görə əmələ gəlməmişdir. Aliment borcu iddiaçının həmin borcu heç bir səbəb olmadan ödəməməsinə görə yaranmışdır. Bundan başqa, iddiaçının maddi durumu da ona imkan verib ki, bu müddətdə alimenti ödəyə bilsin. Belə ki, iddiaçı X6 böyük energetik vəzifəsində çalışır və aylıq əmək haqqısı 1881,60 manat təşkil edir. İddiaçının iddia ərizəsində Bakı şəhəri Binəqədi rayonu Zəngəzur şossesi sakinləri X13, X9 və X12 tərtib etdiyi xx.xx.2022-ci il tarixli akta istinad edərək tərəflərin bir yerdə yaşadıqları və qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinin iddiaçının hesabına tikildiyini göstərmişlər. Həmin aktın mötəbərliyi şübhə altındadır. Həmin şəxslər aktda göstərilənləri məhkəmədə şahid qismində ifadə verməklə təsdiqlədikdə, akt mötəbər sənəd kimi qəbul edilə bilər. Bundan əlavə, həmin şəxslər qonşu olumuş, onlar evdə baş verənləri bilə bilməzdilər. Onlar evin kimin vəsaiti hesabına tikildiyini və ya iddiaçının öz ailəsinə baxıb-baxmadığını, aliment ödəyibödəmədiyini bilə bilməzlər. Ona görə də İddiaçı aliment ödəməkdən azad olunmaq barədə iddiasının rədd olunmasına dair qətnamə çıxarılması xahiş olunur. Mülki iş üzrə xx.xx.2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, alimentin ödənilməsi ilə bağlı iddia tərəfi məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. İddia ərizəsində Yapıkredi Bank vasitəsi ilə ayda 100 manat aliment ödəməsi barədə məlumat göstərilsə də bu barədə sübut məhkəməyə təqim olunmamışdır. İddiaçının tədqim etdiyi xx.xx.2022-ci il tarixli akt mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki aktı imza edənlər, yalnız məhkəmədə ifadə verdikləri halda dedikləri sübut qismində qiymətləndirilə bilər. Aktı imza edənlər sonradan başqa bir aktla dediklərini təkzib etmişlər. Cavabdeh aliment tələbindən imtina etməsi barədə və ya tərəflərin barışığı ilə bağlı Tovuz rayon İcra şöbəsinə müraciət edilməmişdir. Tovuz rayon İcra şöbəsi tərəfindən qətnamənin icra edilməməsi cavabdehin səhvi səbəbindən olmamışdır. İcra haqqında qanunda məhkəmə qərarının hansı vaxtda, hansı şəkildə icra edilməsi qeyd olunmuş, həmin qanunda hər dəfə tələbkarın icranı tələb etməli olması, bundan sonra qərarın icra olunması göstərilməmişdir. Borc ödənilsəydi, cavabdeh qəbul etməsəydi bu halı qəbul etmək olardı. Ailə Məcəlləsinin 107.2. və 112-ci maddələrində olan hallar hazırkı işdə yoxdur. İddiaçının xəstəliyi, digər üzrlü səbəblər, ailə vəziyyəti və maddi vəziyyəti ilə bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır. Bu norma imperativ deyil, dispozitiv normadır. 112.1-ci maddədə qeyd olunan hallrda bu işdə yoxdur. Cavabdeh 2014-cü ilin noyabr ayından 2022-ci ilin sentyabr ayına qədər iddiaçı ilə birlikdə yaşasını inkar etmir, lakin tərəflərin heç vaxt mehriban ailə münasibətlərində olmamışlar. Bununla bağlı səs yazıları da məhkəməyə təqdim olunmuşdur. İddiaçı özü də mehriban yaşamadıqlarını qeyd etmişdir. Cavabdeh qeyd edir ki, Ramil uşağına, ailəsinə baxmamış, bütün xərcləri cavabdeh özü çəkmişdir, iddiaçı öz qazancını başqa yerlərə sərf etmişdir. Ona görə də bu dövrdə yığılmış aliment borcu iddiaçı tərəfindən ödənilməlidir. Cavabdeh icra şöbəsinə aliment tələbi ilə müraciət etməmiş və aliment almamışdır. Bunun səbəbi nümyəndə olaraq ona məlum deyildir. İddiaçının əmək haqqı artdığı üçün cavabdeh aliment məbləğinin artırılması üçün məhkəməyə müraciət etmişdir. İddiaçının əmək haqqı artığı üçün cavabdeh alimentin artırılması üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının onu döyməsi ilə bağlı polisə şikayət etməmişdir. Ona görə də iddia ərizəsinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ.Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 127. İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İİİ. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. İV.Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 6.1. Vətəndaşlar ailə hüquqlarını, habelə həmin hüquqların müdafiəsini, bu məcəllədə başqa qayda nəzərdə tutulmayıbsa, müstəqil həyata keçirirlər. Maddə 6.2. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Maddə 106.1. İcra vərəqəsi və ya aliment ödənilməsi barədə notariat qaydasında təsdiq olunmuş saziş əsasında onların təqdim edilməsindən əvvəlki dövrə görə aliment 3 illik müddət həddində tutula bilər. Maddə 106.2. Aliment onu icra vərəqəsi və ya aliment ödənilməsi barədə saziş əsasında ödəməli olan şəxsin təqsiri üzündən ödənilmədikdə, əvvəlki dövr üçün aliment bu Məcəllənin 100.3-cü maddəsi ilə müəyyən edilmiş 3 illik müddətdən asılı olmayaraq istənilən müddətdə tutula bilər. Maddə 106.3. Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Maddə 106.4. Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Maddə 106.5. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bakı şəhəri 26 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə 7E-7500 nömrəsi ilə qeydə alınmış etibarnamənin surətindən müəyyən olunur ki, Hyundai Accent minik markalı **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün mülkiyyətçi Cavabdeh İddiaçı xx.xx.2024-cü il tarixinədək qüvvədə olan etibarnamə verilmişdir. Bakı şəhəri 26 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə 7E-7072 nömrəsi ilə qeydə alınmış etibarnamənin surətindən müəyyən olunur ki, **-HR-*** dövlət qeydiyyat nişanlı Hyundai İX-35 minik markalı nəqliyyat vasitəsitəsini idarə etmək üçün mülkiyyətçi Cavabdeh tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixinədək qüvvədə olan etibarnamə vermişdir. Bakı şəhəri Binəqədi RİH-nin Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Q.G.Məmmədovun xx.xx.2023-cü il tarixli 202 saylı arayışın surətindən müəyyən olunur ki, qonşuların təsdiq etdiyi akta əsasən İddiaçı Binəqədi şossesi Zəngəzur küçəsində ailəsi ilə birlikdə 2010-cu ilin iyul ayından 2022-ci ilin oktyabr ayına kimi yaşamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(001)-6530/2022 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilərək İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Tovuz Rayon Məhkəməsinin 2(62)-851/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay cavabdeh İddiaçı aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Ə.Ə.İsmayılov, K.S.Fərzəliyev və Ə.N.Usubov tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi şosesi Zəngəzur küçəsində yerləşən fərdi evi 2009-cu ildə tikməyə başlamış, 2010-cu ildə həmin fərdi evə ailəsi ilə birlikdə köçərək yaşamış, fərdi ev İddiaçı şəxsi vəsaiti hesabına tikilmiş, onlar qonşu olaraq buna şahid olmuşlar. Hal-hazıra kimi İddiaçı ailə üzvləri ilə birlikdə qeyd olunan ünvanda yaşayır. Ə.Ə.İsmayılov tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X13 2015-ci ildə Binəqədi rayonu Binəqədi şossesi Zəngəzur şossesində yaşayan qızının evinə köçmüş, İddiaçı xx.xx.2022-ci il tarixdə onu evdən çağırıb, yalan danışaraq evə sənəd düzəldəcəyini, bunun üçün də imzası lazım olduğunu bildirmiş, onun nə evi tiktirdiyini, nə də ora köçdüyünü görməmiş, hərdən gəlib-getdiyini görmüş, ailəsi ilə ayrılmasından sonra xəbəri olmuş, sonradan bilmişdir ki, onun imzaladığı sənədi məhkəməyə və digər dövlət orqanlarına təqdim edib. K.S.Fərzəliyev tərəfindən imzalanan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 2022-ci il tarixdə İddiaçı onu evindən çağıraraq evinə sənəd düzəldilməsi üçün imzası lazım olduğunu bildirmiş, o, Ramilin hərdən evə gəlib-getdiyini görürdüyündən ailə münaqişəsindən və onların ayrılmasından xəbəri olmamış, yaxşılıq etməsini düşünmüşdür. Ondan istifadə edərək yalan danışıb ev sənədi üçün imzaladığı kağızı məhkəməyə və digər dövlət qurumlarına verdiyindən sonradan xəbəri olmuşdur. Ə.N.Usubov tərəfindən imzalanan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, o, 2018ci ildə Binəqədi rayonu Binəqədi şossesi Zəngəzur şossesində olan evinə köçmüş, xx.xx.2022-ci il tarixdə İddiaçı ona yalan danışaraq, guya evǝ sənəd düzəltdirəcəyini bildirib gətirdiyi sənədi imzalamasını xahiş etmiş, o da inanaraq sənədi imzalamışdır. O, A.Ramilin hərdən evə gəlib getdiyini görmüş, evin nə tikilməsini, nə də evə köçməsini görməmişdir. A.Ramilin ailəsindən ayrılmasından sonradan xəbəri olmuşdur. Sonradan bilmişdir ki, onu aldadaraq, çəktiyi imzanı məhkəməyə və digər dövlət qurumlarına təqdim etmişdir. Tovuz rayon İcra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli 277499\2022 saylı məktubunun surətindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə icraata daxil edilmiş və hazırda icra sənədi üzrə 6823 manat aliment borcu yaranmış Tovuz Rayon Məhkəməsinin 2(062)-851\2014 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi borclu İddiaçı əmək haqqından, yaranmış borc aradan qaldırılanadək hər ay 70% tutularaq tələbkar Cavabdeh verilməsi üçün borclunun işlədiyi X7 göndərilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan 2015, 2016, 2017, 2018, 2019, 2020, 2022-ci illərdə çəkilən fotoşəkillərdən və qohumlarının özəl günləri ilə bağlı video çəkilişlərdən müəyyən olunur ki, tərəflər birgə, ailə şəklində özlərinin və qohumlarının özəl günlərində iştirak etmiş, birgə istirahət etmişlər. Kapital Bank ASC-nin xx.xx.2023-cü il tarixli 048 saylı arayışından müəyyən olunur ki, Cavabdeh mərkəzi filialda xx.xx.2020-ci il tarixdə ******************** saylı hesaba əsasən rəsmiləşdirilmiş 2300 manat məbləğində BRED2564861A102 saylı kredit müqaviləsi üzrə borcu tam ödənilmişdir. Satıcı V.S.Fətəliyev ilə alıcı Cavabdeh arasında tərtib olunmuş xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, müqavilə şahid qismində İddiaçı tərəfindən də imzalanmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan kommunal xidmətlərin ödənişi ilə bağlı qəbzlərdən müəyyən olunur ki, kommunal xidmətlərlə bağlı ödənişlər İddiaçı və Cavabdeh tərəfindən aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki, tərəflərin 2014-cü ilin may ayında nikahları pozulsa da, elə həmin ilin noyabr ayında onların ailə nikah münasibələri bərpa olunmuş və tərəflər həmin vaxtdan 2022-ci ilin avqust ayı da daxil olmaqla birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X5 ilə birlikdə bir evdə yaşamış, iddiaçı xx.xx.2022-ci il tarixdə yaşadığı evi tərk etmişdir. Cavabdeh 2014-cü ilin noyabr ayından 2022-ci ilin sentyabr ayına qədər iddiaçı ilə birlikdə yaşamasını, lakin, onların heç vaxt mehriban ailə münasibətlərinin olmadığını, iddiaçının övladına baxmadığını, iddiaçıdan qorxduğu üçün qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ödənilməli olan alimenti tələb etmədiyini bildirsə də, etirazında istinad etdiyi halları sübuta yetirə biləcək hər hansı bir mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı isə tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin ailə nikah münasibətləri bərpa olunduqdan sonra onlar övladları ilə birlikdə ailə şəklində yaşamış, birgə təsərrüfat aparmışlar. Tərəflərin ailə nikah münasibətləri bərpa olunduqdan sonra iddiaçının ailəsinin qayğısına qalması, valideynlik vəzifələrini icra etməsi məhkəməyə təqdim olunmuş tərəflərin birgə yaşadıqları evin kommunal xidmətlərinin onların hər ikisi tərəfindən aparılmasını təsdiq edən ödəniş qəbzləri, tərəflərin birlikdə, birgə nikahlarından olan uşaqla özlərinin, qohumlarının özəl günlərində, özlərinin istirahət etdikləri məkanlarda çəkdirdikləri fotoşəkillərlə, video çəkilişlərlə, cavabdehin mülkiyyətində olan nəqliyyat vasitələrinin idarə edilməsi üçün iddiaçıya etibarnamələr verməsi ilə, birgə yaşadıqları səkkiz il müddətində cavabdehin alimentlə bağlı icra sənədinin icrasını tələb etməməsi ilə, Tovuz rayon İcra və probasiya şöbəsinə alimentin tutulması ilə bağlı icra sənədinin təkrarən xx.xx.2022-ci il tarixdə daxil olması ilə, təyin olunmuş alimentin artırılmasına dair cavabdehin məhkəməyə, yalnız 2022-ci ilin sentyabr ayından sonra müraciət etməsi ilə öz təsdiqini tapmışdır. Məhkəməyə cavabdeh tərəfindən təqdim olunan səs yazıları ilə bağlı məhkəmə qeyd edir ki, aparıldığı tarix məlum olmayan səs yazıları cavabdehin etirazında istinad olunan halları təsdiq edə biləcək mötəbər sübut növü olaraq qiymətləndirilə bilməz. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının 2014-cü ilin noyabr ayından 2022-ci ilin avqust ayı da daxil olmaqla xx.xx.2009-cu il təvəllüdlü X3 münasibətdə valideynlik vəzifələrini icra etməklə yetkinlik yaşına çatmayanın maddi təminatını təmin etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, qanunvericilik şəxsin aliment borcunun yaranmasının üzrlü səbəblərdən yaranma ehtimalını nəzərə alaraq özündə ehtiva etməklə bu halın aliment ödəməli olan şəxsin aliment borcundan tam və ya qismən azad edilməsi üçün əsas hesab etdiyindən, cavabdeh etirazında istinad etdiyi halları sübuta yeritə bilmədiyindən, yaranmış aliment borcunu hesablamaq vəzifəsi həmin icra sənədini icra edən icra məmurunun vəzifəsi olduğundan iddia əizəsi qismən təmin edilərək İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Tovuz Rayon Məhkəməsinin 2(62)-851/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə 2014-cü ilin noyabr ayından 2022-ci ilin avqust ayı da daxil olan dövr üçün yaranmış aliment borcundan azad edilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Tovuz Rayon Məhkəməsinin 2(62)- 851/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə 2014cü ilin noyabr ayından 2022-ci ilin avqust ayı daxil olmaqla olan dövr üçün yaranmış aliment borcundan azad edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-1482/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1482/2023
03.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver