Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1553/2025 23.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21.000 (iyirmi bir min) manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh bir neçə ildir ki, tanıyır. Bu müddət ərzində aralarında dostluq-yoldaşlıq münasibətləri formalaşmış və bir-birinin etibarını qazanmışlar. Hazırki iddianın mahiyyəti ondan ibarətdir ki, cavabdeh ondan ümumilikdə 21.000 (iyirmi bir min) manat (o cümlədən, ayrı-ayrı vaxtlarda 10.000 (on min) və 11.000 (on bir min) manat) pulu onu işə düzəltmək adı ilə digər hissəsini isə özünə ev əşyaları alacağını və qısa müddətdə pulu qaytaracağını söyləyərək almış, lakin aradan uzun müddət keçməsinə baxmayaraq, dəfələrlə xəbərdarlıqlar etməsinin qarşılığında ondan hüquq mühafizə orqanlarına da şikayət etmişdir. Şikayətini də onunla əsaslandırmışdır ki, guya ona hədə qorxu gəlib, pulu tələb etmişdir. Halbuki, onun şikayəti tamamilə əsassız və qanunsuz olmuşdur. Bununla bağlı Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsində izahatda vermişdir. Hazırkı iddiasının əsaslılığı ilə bağlı kifayət qədər sübutları mövcuddur. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmiş, izahatında həmçinin göstərmişdir ki, əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi ümumiyyətlə borcun mövcudluğunu təkzib edirdi. Hazırda isə cavabdeh tərəf borcdan bir hissəsini qaytardığını bildirir. Yəni, borcun mövcudluğunu etiraf edir. Belə ki, cavabdeh məhkəmə iclasında tədqiq olunan video görüntünün qurama olduğunu, video çəkilişdən sonra həmin pulu orada qoyub getdiyini bildirsə də, videonun çəkilməsini onunla izah edir ki, iddiaçı ona əvvəldən olan borcu üzrə güzəşt edəcəyi barədə söz verdiyindən və borca görə onu mütəmadi təhdid və şantaj etdiyindən məcbur qalaraq çəkilişə razı olmuşdur. Cavabdeh həmçinin etiraf etmişdir ki, iddiaçıya əvvəldən 6000 ABŞ dolları borcu olmuşdur və videogörüntü də əvvəldən olan həmin borcu təsdiqləmək üçün iddiaçının hədələri əsasında çəkilmişdir, o cümlədən həmin borcdan iddiaçıya 2000-3000 ABŞ dolları qaytarmışdır. Göründüyü kimi, cavabdeh iddiaçıdan 6000 ABŞ dolları aldığını hər halda, etiraf etmişdir və buna görə, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, videogörüntüdəki şəxs odur, səs yazısındakı səs də ona məxsusdur. Lakin videogörüntünün qeydə alınmasından sonra həmin pulu orada qoyub getmişdir. Belə ki, iddiaçıya əvvəldən 7000 manat borcu olmuş, həmin borcun faizi şişərək 50-60 minə qalxmışdır. İddiaçı onu təhqir və şantaj edərək həmin borcu tələb etmiş, sonradan isə bu videonu çəkmək şərtilə ona möhlət verməyə razılaşmış, buna görə də videonun çəkilməsinə razılaşmışdır. Avqust və sentyabr aylarında iddiaçıya olan borcun faizlərini ödəmiş və iddiaçıya cəmi 6000 ABŞ dolları borcu qalmışdır. Həmin borcdan da aparat vasitəsilə 200-500 manat aralığında olmaqla cəmi, 2000-3000 manat ödəmiş, o cümlədən borcun əvəzində iddiaçıya qızıl-zinət əşyaları vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 da iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, izahatında həmçinin göstərmişdir ki, cavabdeh əvvəldən iddiaçıdan borc götürmüşdür. Həmin borcu artıqlaması ilə qaytardığı halda, şantaj nəticəsində məhkəmə baxışında tədqiq edilən videonun çəkilməsinə razı olmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Yasamal RPİ-nin 29-cu PŞ-nin “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, X1 təxminən 2 il əvvəl İddiaçı faizə 7000 manat pul götürməsi, pulun bir qismini ödəsə də maddi imkansızlıqdan qalanını ödəyə bilməməsi və bu səbəbdən İddiaçı onun yaşadığı mənzilə gələrək onu, ailə üzvlərini və qonşularını narahat etməsi barədə şikayəti həmin şöbədə araşdırılmış, bununla belə mübahisənin mülki hüquq xarakterli olduğu qənaətinə gəlinərək cinayət işinin başlanılması rədd edilmişdir. Həmin işin araşdırılması zamanı dindirilmiş X2 izahatında göstərmişdir ki, təxminən 2 il əvvəl tanışı Elnarədən 7000 manat pul götürmüş və müxtəlif vaxtlarda ona faiz ödəmişdir. Lakin son vaxtlar imkanı olmadığıdan ödəniş edə bilmir. xx.xx.2024-cü il tarixdə Elnarə onun mənzilinə gələrək onu, ailə üzvlərini və qonşuları narahat etmişdir. Buna görə, həmin şəxs barəsində qanuna müvafiq tədbirlər görülməsini xahiş edir. İddiaçı tərəfindən təqdim edilmiş flaş diskdə olan videogörüntüdən görünür ki, özünü Mədinə Rzayeva kimi təqdim edən qadın 6000 ABŞ dolları pulu sayaraq həmin pulu çəkiliş aparan şəxsi işə düzəltmək üçün aldığını, dekabr-yanvar ayına kimi işin düzəlmədiyi halda isə həmin pulu geri qaytaracağını bildirir. İddiaçı, sözügedən videogörüntü ilə yanaşı, flaş diskdə olan səs yazısına və “whatsapp” proqramı vasitəsilə aparılan yazışmalara əsaslanmaqla hazırkı iddia tələbləri ilə çıxış etmiş, cavabdehə ayrı-ayrı vaxtlarda 10.000 (on min) və 11.000 (on bir min) manat olmaqla cəmi 21000 manat pulu verməsinə baxmayaraq cavabdehin həmin borcun qaytarılmasından yayındığını irəli sürmüşdür. Yuxarıda göstərildiyi kimi, məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçının təqdim etdiyi səs yazısının ona məxsus olduğunu etiraf etmişdir, o cümlədən videogörüntüdəki şəxsin də Cavabdeh olduğu müşahidə edilmişdir. Cavabdeh izahatında həmçinin, iddiaçıya əvvəldən 7000 manat borcu olduğunu, həmin borcun faiz hesablanması səbəbindən şişdiyini, iddiaçının onu təhqir və şantaj edərək həmin borcu tələb etdiyini, sonradan isə bu videonu çəkmək şərtilə ona möhlət verməyə razılıq verdiyini, buna görə də videonun çəkilməsinə razılaşdığını, çəkilişdən sonra görüntüdə olan pul vəsaitini orada qoyub getdiyini, o cümlədən avqust və sentyabr aylarında iddiaçıya olan borcun faizlərini ödədiyini və ona cəmi 6000 ABŞ dolları borcunun qaldığını, həmin borcdan da aparat vasitəsilə 200-500 manat aralığında olmaqla cəmi, 2000-3000 manat ödədiyini, o cümlədən borcun əvəzində iddiaçıya qızıl-zinət əşyaları verdiyini göstərmişdir. Göründüyü kimi, cavabdeh Mədinə Rzayeva iddiaçı tərəfindən təqdim edilmiş flaş diskdə olan videogörüntüdəki olan şəxsin özü olduğunu etiraf etmişdir. Bu isə həmin görüntülərin montaj edilmiş olduğunu istisna etməklə yanaşı, cavabdehin iddiaçıdan hər bir halda, 6000 ABŞ dolları pul almış olduğunu təsdiq edir. Bu qənaətə gələrkən məhkəmə xüsusilə nəzərə alır ki, cavabdeh iddiaçının təhqir və şantajlarına dözməyərək videoçəkilişə razılaşdığını, həmin videoçəkilişin səhnələşdirmə olduğunu və çəkilişdən sonra görüntüdə olan pul vəsaitini orada qoyub getdiyini bildirsə də, iddiaya etirazının əsası kimi istinad etdiyi həmin halları biri-digərini tamamlayan mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Başqa ifadə ilə, məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Digər tərəfdən, cavabdeh hər bir halda iddiaçı ilə arasında borc münasibətlərinin mövcud olduğunu, iddiaçının sözügedən videonu çəkmək şərtilə ona möhlət verməyə razılaşması səbəbindən çəkilişə razılıq verdiyini bildirməklə yanaşı, izahatında avqust və sentyabr aylarında iddiaçıya olan borcun faizlərini ödədiyini və ona cəmi 6000 ABŞ dolları borcunun qaldığını göstərməklə hər bir halda iddiaçıya 6000 ABŞ dolları qaytarmalı olduğunu dolayı şəkildə etiraf etmişdir. Cavabdeh həmin borcdan aparat vasitəsilə 200- 500 manat aralığında olmaqla cəmi, 2000-3000 manat ödədiyini, o cümlədən borcun əvəzində iddiaçıya qızıl-zinət əşyaları verdiyini və hazırda borcunun qalmadığını bildirsə də, həmin halları sübuta yetirə bilməmişdir. Beləliklə iddiaçının cavabdehə hər bir halda 6000 ABŞ dolları pul vəsaiti vermiş olduğu müəyyən edilir. Həmin pul vəsaitinin qaytarılması tələbinin hüquqi əsasına gəldikdə isə, videogörüntüdə cavabdeh hər nə qədər həmin pulu iddiaçını işə düzəltmək üçün aldığını bildirsə də, məhkəmə iclasındakı izahatlarında iddiaçı ilə aralarında əvvəldən borc münasibətlərinin olduğunu göstərmiş, habelə vurğulamışdır ki, videogörüntü iddiaçının təklifi ilə əvvəldən yaranmış borcuna möhlət verilməsi məqsədilə çəkilmiş, əvvəldən qalan 6000 ABŞ dollarını isə pul və natura (qızıl-zinət əşyaları) şəklində geri qaytarmışdır. Bu mənada tərəflər arasında hər bir halda borc müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yaranmış olduğu qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıdan aldığı borc məbləğini ona geri qaytarmamışdır (qaytardığını bildirsə, bunu sübut edə bilməmişdir). Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya 6000 ABŞ dolları borcunun olduğunu etirafı nəzərə alınaraq Cavabdeh iddiaçı ilə aralarında olan borc müqaviləsi üzrə 6000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Bu qənaətə gələrkən məhkəmə xüsusilə nəzərə alır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 120,60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 120,60 (yüz iyirmi manat 60 qəpik) manatı Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-1553/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1553/2025
23.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver