Məhkəmə qərarları › İş №e-2(001)-1586/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1586/2023

07.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1586/2023 07.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-531/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə müəyyən edilmiş aliment miqdarı azaldılaraq, qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 28 dekabr 2002-ci il tarixdə rəsmi qaydada nikah bağlamışlar. Birgə nikahdan Aydan və Əli adlı uşaqları anadan olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2296/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflərin rəsmi nikahı pozulmuş, uşaqlar ananın himayəsində saxlanılmış, xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Daha sonra o, yuxarıda qeyd olunan qətnamənin icra üsulunun və qaydasının dəyişdirməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)- 531/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2296/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin icra üsulu və qaydası dəyişdirilərək xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment Cavabdeh xeyrinə tutulması qərara alınmışdır. Nikah pozulduqdan sonra o X7 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və həmin nikahdan xx.xx.2021-ci il təvəllüdlü X9 anadan olmuşdur. Onun ikinci evliyiyi uzun sürməmiş, o nikahın pozulması tələbi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş, X7 isə qarşılıqlı iddia tələbi verərək, birgə nikahdan olan xx.xx.2021-ci il təvəllüdlü X2 üçün onun hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulmasını tələb etmişdir. Göstərilənlərə əsasən, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq, iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-531/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)2296/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin icra üsulu və qaydası dəyişdirilərək xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment Cavabdeh xeyrinə tutulması qərara alınmışdır. - doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X9 atası İddiaçı, anası X4r. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(105)-893/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 31 yanvar 2023cü il tarixli, 2(060)-624/2023 nömrəli qətnaməsi "İddiaçı hər ay qazancının və başqa gəlirlərindən tutulan alimentin məbləği” hissəsində dəyişdirilərək xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında aliment tutularaq X5 ödənilməsi qət edilmişdir. -Elektron Məhkəmə Portalından arayışa əsasən, İddiaçı mütəxəssis, keyfiyətə nəzarət vəzifəsində çalışır və aylıq əmək haqqısı 2800 manat təşkil edir. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarına əsasən aliment məbləğinin həcminin artırılması ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İşin materiallarından aydın olur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçı yeni ailə həyatı qurmuş və hazırda həmin nikahdan olan uşağı üçün hər ay qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında aliment ödəyir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Bununla yanaşı, Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, ailə qanunvericiliyi alimentin sabit pul məbləğində tutulması üçün müəyyən edilmiş əsaslar istisna olmaqla, 2 uşağa görə tutulacaq alimentin miqdarını-qazancın (başqa gəlirlərin) 1/3 hissəsində müəyyənləşdirmişdir. Göründüyü kimi ailə qanunvericiliyi aliment almaq hüququ olan uşaqların sayından asılı olaraq aliment ödəməli olan şəxsin gəlirlərindən tutulması mümkün olan alimentin yuxarı həddini müəyyən etmişdir. Belə tutmanın son həddi isə 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısıdır. Uşaqların sayına görə aliment ödəməli olan şəxsdən tutulan alimentin həcminin yuxarı həddinin müəyyən edilməsində qanunvericinin məqsədi aliment almaq hüququna malik olan şəxslərin mənafeləri ilə aliment ödəmək vəzifəsi olan valideynin qanuni maraqları arasında ədalətli tarazlığa nail olmaqdır. Bu baxımdan əgər iddiaçının digər uşaqlar üçün də aliment ödədiyi müəyyən edilərsə, qanunvericilinin qoruduğu məqsədlərə müvafiq olaraq məhkəmə alimentin məbləğini təyin edərkən aliment almaq hüququ olan bütün uşaqların sayını nəzərə almalıdır. Bu zaman aliment təminatı alan uşaqların mənafeyi bərabər tutulmaqla, eyni hüquqi vəziyyətdə olan uşaqlara qanuni əsaslar olmadan fərqli münasibət göstərilməməlidir. Ona görə də, iddiaçının qazancının (başqa gəlirlərinin) ¼ həcmində alimentin tutulması, habelə tutulan ümumi həcmin bütün uşaqların sayına görə bərabər bölüşüdürülməsi imkanları nəzərə alınmalıdır. Bundan əlavə qanunverici alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: -tərəflərin maddi və ailə vəziyyəti; -diqqətəlayiq digər hallar; -uşağın əvvəlki təminatının səviyyəsi. Beləliklə, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi (Ailə Məcəlləsinin 76.1.2-ci maddəsi) 2 uşağa görə tutulacaq alimentin miqdarı-qazancın (başqa gəlirlərin) 1/3 hissəsində müəyyən edilmişdir. Buradan da belə nəticəyə gəlinir ki, qazancın (başqa gəlirin) 2/3 hissəsi aliment ödəmək vəzifəsi olan valideynə qalmalı, 1/3 hissəsi isə uşaqlara görə tutulmalıdır. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, iddiaçının qazancının (başqa gəlirlərin) yalnız 1/3 hissəsi 2 uşaq arasında bölünməlidir (yəni hər bir uşaq üçün qazancın və ya başqa gəlirin 1/3 hissəsinin 1/2 hissəsi =1/6). Odur ki, xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında aliment tutularaq cavabdehə ödənilməlidir. Məhkəmə hesab edir ki, alimentin məbləği alimentin almaq hüququna malik olan bütün uşaqlar nəzərə alınmaqla, Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin tələbinə uyğun müəyyən edilməlidir. Beləliklə, məhkəmə cavabdehin hazırki maddi vəziyyətini nəzərə alaraq, xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı tutulacaq alimentin qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında müəyyən edilməsini uşağın mənafeyinə uyğun hesab edir (iddiaçının aldığı əmək haqqının 1/6 hissəsi təxmini 466,6 manat təşkil edir). Belə ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həmin il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, alimentin miqdarı azaldılaraq, xx.xx.2009-cu il təvəllüdlü X1 üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-531/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı azaldılsın. İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Alimentin azaldılmış hissədə tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar