Məhkəmə qərarları › İş №e-2(001)-1687/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1687/2024

13.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1687/2024 13.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-6792/2022 saylı qətnaməsi ilə birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər uşaq üçün hər ay 190 manat, ümumilikdə 570 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hal-hazırda Binəqədi Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmişdir. 2024-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri cavabdeh tam olaraq ödəməmişdir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o, çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı göstərilənləri nəzərə alaraq, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 235 manat sabit pul məbləğinin, cəmi 705 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda İddiaçı izahatında bildirmişdir ki, övladı xx.xx.2015-ci il təvəllüdlü X4 epilepsiya xəstəliyindən əziyyət çəkir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin məhkəmənin hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6792/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(001)- 2873/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, 27 dekabr 2007-ci il təvəllüdlü X1, 17 dekabr 2010-cu il təvəllüdlü X3 və 23 fevral 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 190 manat olmaqla, cəmi 570 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Füzuli Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 018963 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 27 dekabr 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan AZE seriyalı 11107917 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 17 dekabr 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 18166142 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 23 fevral 2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 218543 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. İş materiallarında olan “Vita Med” Hospital tərəfindən verilmiş 19 may 2021-ci il tarixli elektroensefaloqrafiyadan görünür ki, 23 fevral 2015-ci il təvəllüdlü X4 həmin hospitalda müayinədən keçmiş və ona “Beyin qabığında ləngimə müşahidə olunur. Yaşa uyğun deyil. Dinamik müşahidə və klinik ehtiyac olarsa kotrol EEQ tövsiyyə olunur. Epileptiform aktivlik davam edir” diaqnozu qoyulmuşdur. İş materiallarında olan “Andromed” Tibb Mərkəzi tərəfindən verilmiş 21 iyun 2023-cü il tarixli elektroensefaloqrafiyadan görünür ki, 23 fevral 2015-ci il təvəllüdlü X4 həmin tibbi mərkəzdə müayinədən keçmiş və ona “Beyin qabığında asimmetriya müşahidə olunmur. Yaşa uyğun deyil. Epileptiform aktivlik yoxdur. Dieansefal strukturlarda müsbət dinamika izlənildi. Dinamik müşahidə və klinik ehtiyac olarsa kotrol EEQ tövsiyyə olunur.” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş ərizədən görünür ki, Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etmədiyini, alimenti güclə ödədiyini və heç bir yerdə işləmədiyini ərizəsində qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah etmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. . «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6792/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(001)-2873/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, 27 dekabr 2007-ci il təvəllüdlü X1, 17 dekabr 2010-cu il təvəllüdlü X3 və 23 fevral 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 190 manat olmaqla, cəmi 570 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi müəyyən edilmiş, hazırki günədək cavabdeh tərəfindən aliment öhdəlikləri icra edilmişdir. Bununla yanaşı təsdiq edilir ki, iddiaçı hazırda işləmir və himayəsində olan üç uşaqdan biri - 23 fevral 2015-ci il təvəllüdlü X4 epilepsiya xəstəsi olmaqla yanaşı mütəmadi müayinə və müalicəyə ehtiyacı vardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehin işləməməsi özü-özlüyündə cavabdehin bir ata kimi alimentin ödənilməsi, uşaqlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ uşaqların saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğu, İddiaçı işləmədiyi, eyni zamanda xx.xx.2015-ci il təvəllüdlü X2 epilepsiya xəstəsi olduğu və davamlı müalicəyə ehtiyacı olduğu nəzərə alınaraq, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6792/2022 saylı qətnaməsinə əsasən 27 dekabr 2007-ci il təvəllüdlü X1, 17 dekabr 2010-cu il təvəllüdlü X3 və 23 fevral 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 705 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin alimentin iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən hesablanması hissəsini araşdıraraq hesab edir ki, alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmalı olduğundan, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6792/2022 saylı 22 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən 27 dekabr 2007-ci il təvəllüdlü X1, 17 dekabr 2010-cu il təvəllüdlü X3 və 23 fevral 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 705 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 36.20 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar