Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1690/2022 25.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdehə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Ə/D, Xocəsən qəsəbəsi, Sulutupə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi 117b, ev 13, mənzil 25 ünvanına istifadə hüququnun tanınması və iki azyaşlı uşağı ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 09 yanvar 2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Rəsmi nikahlarından 08 may 2018-ci il təvəllüdlü X4 və 28 sentyabr 2020-ci il təvəllüdlü X5 adlı övladları dünyaya gəlmişdir. Toylarından sonra o, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Ə/D, Xocəsən qəsəbəsi, Sulutupə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi 117b, ev 13, mənzil 25 ünvanına gəlin gəlmiş və bütün cehiz əmlakları da həmin mənzilə yığılmışdır. Bu gün də cehizləri həmin ünvandadır. O, 27 sentyabr 2021-ci il tarixdə saat 11:00 radələrində azyaşlı övladlarını uşaqlar evinə yerləşdirmək adı ilə cavabdeh ona hədə qorxular gələrək təhdid etdikdə və 40-cı Polis Bölməsinin hərəkətsizliyi nəticəsində köməksiz qaldığından qorxaraq Bakı şəhərinin 20 Yanvar ərazisində uksus məhlulu içərək özünü öldürməyə cəhd göstərmişdir. Həmin vaxtdan da o yaşadığı evdən qovulmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edərək, yuxarıda qeyd edilən məzmunda izahat verdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, tərəflər arasındakı nikah pozulmayıb. Belə ki, tərəflər arasında nikahın pozulması barədə mülki iş əvvəl Binəqədi Rayon Məhkəməsinin icraatında olsa da, sonradan baxılması üçün Kürdəmir Rayon Məhkəməsinin icraatında olan işlə birləşdirilmişdir. Hazırda iddiaçı cavabdehin arvadıdır, buna görə mövcud qanunvericiliyin tələblərinə əsasən iddiaçının da cavabdeh kimi Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutupə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi 117b, ev 13, mənzil 25 ünvanında yaşamaq hüquq vardır. İddiaçının başqa yaşayış yeri yoxdur. Eyni zamanda ona verilmiş suallara cavab olaraq bildirdi ki, onda olan məlumata görə hazırda tərəflər arasındakı ailə münasibətləri normal vəziyyətdədir. Ola bilər ki, ümumiyyətlə nikah pozulmasın və tərəflər arasında barışıq olsun. Ailə qanunvericiliyinə əsasən tərəflər arasında nikah pozulmayıbsa, deməli nikah mövcuddur. Xəyanət məsələsi cavabdeh tərəfin səsləndirdiyi fikirdir, bu barədə cavabdehdə hər hansı bir sübut yoxdur. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, onun iddiaçı ilə ailə münasibətlərinin dağılmasının səbəbi iddiaçının ona xəyanət etməsi olmuşdur. Bu halda iddiaçının onun mənzilində onunla birlikdə yaşaması qeyri-mümkündür. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili cavabdehin izahatını müdafiə etdi və əlavə olaraq bildirdi ki, tərəflərin ailəsinin dağılmasının səbəbi xəyanətdir. Boşanma məsələsi bir kənara, ortada daha ciddi və qəbuledilməz bir məsələ var. Belə olan halda hazırki iddianın təmin edilməsi xoşagəlməz hadisələrə zəmin yarada bilər. Tərəflər artıq bir ildir ki, ayrı yaşayırlar. Onların arasındakı münasbətlər gərgin olduğundan onların birlikdə yaşamaları qeyri-mümkündür. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: AZ-T seriyalı 026725 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında nikah 09 yanvar 2018-ci il tarixdə bağlanmış, nikah bağlandıqdan sonra arvada “Mehdiyeva” soyadı verilmişdir. AZ-İV 093388 və AZ-İV 534003 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, 08 may 2018-ci il təvəllüdlü X1 və 28 sentyabr 2020-ci il təvəllüdlü X2 ataları Cavabdeh, anaları isə İddiaçıdır. Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Sığırlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, Kürdəmir rayonunun Sığırlı kənd sakini İddiaçı hal-hazırda Sığırlı kəndində yaşayır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 1 ünvanladığı 28 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanı Cavabdeh adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin təhqiqatçısı polis baş leytenantı Nazim Əzizov tərəfindən qəbul edilmiş 15 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış HK-1505 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati qaydada inzibati təsir tədbirlərin görülməsi ərazinin sahə inspektoruna həvalə edilmişdir. Yasamal Rayon Prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas Ayaz Həbibbəyli tərəfindən qəbul edilmiş 18 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı özünü öldürməyə cəhd etməsi ilə əlaqədar rayon prokurorluğunda araşdırılma aparılmış 349-C-21 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(001)- 769/2022 saylı qərardadından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın atanın himayəsində qalması və aliment” tələbinə dair 2(001)-769/2022 saylı mülki işin İddiaçı Cavabdeh qarşı “uşaq” tələbi barədə Kürdəmir Rayon Məhkəməsinin icraatında olan 2(041)-2298/2021 saylı mülki işlə birlikdə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 29 yanvar 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, tərəflər 09 yanvar 2018-ci il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından 08 may 2018-ci il təvəllüdlü X4 və 28 sentyabr 2020-ci il təvəllüdlü X5 anadan olmuşdur. Tərəflər nikaha daxil olduqdan sonra cavabdehə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutupə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi, ev 13, 25 saylı mənzildə yaşamışlar. Daha sonra isə tərəflər arasında münasibətlər korlanmış, faktiki ayrı yaşamağa başlamışlar. Həmçinin o da müəyyən edildi ki, məhkəmə icraatında tərəflərin nikahın pozulması barədə işləri olsa da, lakin tərəflər arasında olan nikah hazırda pozulmamışdır. Hazırda isə iddiaçı cavabdehə məxsus mənzilə istifadə hüququnun tanınmasını və azyaşlı uşaqları ilə birlikdə mənzilə köçürülməsini xahiş edir. Cavabdeh tərəf isə iddianı qəbul etmir. Məhkəmə qeyd edir ki, tərəflərin 2018-ci ildə rəsmi nikaha daxil olaraq mübahisəli mənzildə birlikdə yaşamaqları işin mübahisə olunmayan halıdır, bu isə o deməkdir ki, tərəflər arasında sözügedən mənzillə bağlı münasibətlər həmin tarixdən sonra yaranmaqla hazırki iddia tələbinə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. Belə olan halda, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Göründüyü kimi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrində ailə üzvlərin yaşayış sahəsinə istifadə hüququnun yaranması üçün şəxsin mülkiyətçinin ailə üzvü olması və ailə üzvünün mülkiyyətçi ilə birgə yaşaması əsas şərt kimi göstərilmişdir. Hazırki işdə iddiaçı da cavabdehin rəsmi nikahda olan arvadı olmaqla onun ailə üzvləri sırasına daxildir və onunla birgə mübahisəli evdə yaşamışdır. Ona görə də, Mənzil Məcəlləsinin tələbləri baxımından onun mübahisəli evdən istifadə hüququ yaranmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının cavabdehə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutupə y/s, R.Allahverdiyev küçəsi, 13 saylı evin 25 saylı mənzilinə istifadə hüququ tanınmalı və iddiaçı uşaqları - 08 may 2018-ci il təvəllüdlü X4 və 28 sentyabr 2020-ci il təvəllüdlü X5 ilə birlikdə həmin mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutupə y/s, R.Allahverdiyev küçəsi, 13 saylı evin 25 saylı mənzilinə istifadə hüququ tanınsın və iddiaçı uşaqları - 08 may 2018-ci il təvəllüdlü X4 və 28 sentyabr 2020-ci il təvəllüdlü X5 ilə birlikdə həmin mənzilə köçürülsün. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-1690/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1690/2022
25.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver