Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1692/2025 19.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçın Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X3 üçün maddi vəziyyətinin olmadığını, övladlarının ehtiyaclarını qarşılaya bilmədiyindən ötrü onların hər biri üçün 246 (iki yüz qırx altı) manat olmaqla, cəmi 492 (dörd yüz doxsan iki) manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi, hüquqi yardımla bağlı vəkilə ödədiyi 300 manatın, mediasiya xərcləri üçün ödədiyi 60 manatın, məhkəməyə dövlət rüsumu kimi ödədiyi 50 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 23 oktyabr 2015-ci ildə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2018ci il təvəllüdlü X11 dünyaya gəlmişdir. Bir müddət sonra ailə münasibətləri pisləşdiyindən iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(001)- 599/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək xx.xx.2015-ci il tarixli nikahın pozulması, övladları xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2018-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər onun himayəsində saxlanılması və yetkinlik yaşına çatanadək onların saxlanılması üçün hər ay, hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin cavabdeh X9 tutularaq ona ödənilməsi qət edilmişdir. Bundan sonra cavabdeh Çingiz Həsənovla aralarında alimentlə bağlı razılıq əldə edildiyinə görə, onun tərəfindən Şahbuz rayon İcra şöbəsinə müraciət olunaraq alimentin alınmasının dayandırılması xahiş olunmuşdur. Müraciəti əsasında Şahbuz rayon İcra şöbəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(001)-599/2021 nömrəli qətnamənin icrasına aliment hissəsində xitam verilmişdir, lakin bir müddət sonra cavabdeh pul ödəməkdən imtina etmişdir. Buna görə də, onun tərəfindən Şahbuz Rayon Məhkəməsinə müraciət olunaraq Şahbuz Rayon İcra Şöbəsinin qərarının ləğv olunması tələb olunmuşdur. Hazırda maddi cəhətdən uşaqlarına baxmaqda çətinlik çəkir, onlara baxa bilməsi üçün aliment ödənilməsinə ehtiyacı var, cavabdeh isə könüllü qaydada aliment ödəməkdən yayınır. Həmçinin bildirmişdir ki, o, Şahbuz rayonunda qeydiyyatda olsa da, uzun müddət Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan şossesi ünvanında fərdi evdə faktiki yaşayır. Bundan əlavə məhkəməyə müraciət olunmamışdan əvvəl qarşı tərəfə Mediasiya təklifi göndərilmiş, Mediasiya təşkilatında mediasiya sessiyası keçirilsə də, cavabdeh iştirak etməmişdir. Buna görə arayış alınmışdır Həmçinin o, mediasiya təşkilatına 50 manat və məhkəməyə 50 manat dövlət rüsumu ödəmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb və sübutları hərtərəfli tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-599/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 23 oktyabr 2015-ci il tarixdə Abşeron Rayon Qeydiyyat Şöbəsində 505 № ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X7 anaları İddiaçı yanında qalmaları, xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X7 18 yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi və alimentin tutulmasının əvvəlinin 05 fevral 2021-ci il tarixdən hesablanması qət edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-599/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə xx.xx.2021-ci il tarixli, e41152/2021-65-4 nömrəli icra işinə xitam verilmiş və icra işi arxivə verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)-20/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-1692/2025 saylı mülki iş üzrə qətnamə çıxarılanadək xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X2 üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində müvəqqəti aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. AZ-İİİ seriyalı 748599 saylı və AZ-İİİ seriyalı 748469 saylı doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X7 anası İddiaçı, atası X12r. AZ-İ seriyalı, 423006 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə İddiaçı arasında nikahın pozulması xx.xx.2021-ci il tarixdə 284 №-li akt qeydi ilə Binəqədi Rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır. Bakı 18 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı X13 qarşı aliment tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş, xx.xx.2024-cü il, saat 14:00-a təyin edilmiş mediasiya iclasında iddiaçı iştirak edərək 61 manat dövlət rüsumunu ödəmiş, cavabdeh isə iclasda iştirak etməmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddiaya görə “Kəngərli və Partnyorları” Vəkil Bürosuna 300 manat məbləğində hüquqi xidmət haqqı ödənilmişdir. “Azemis” X4 əldə edilmiş məlumatlardan müəyyən olunur ki, iddiaçının və cavabdehin əmək faəliyyəti ilə məşğul olması barədə sistemdə hər hansı məlumat mövcud deyil. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. Həmin konvensiyanın 27.2-ci maddəsinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.4-1-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X1 Cavabdeh iştirak etmir. Məhkəmə, tərəflərin maddi vəziyyətini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləği və 2025-ci il tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqının miqdarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. (400 (2025-ci il üzrə müəyyən edilmiş minimum əmək haqqı) x 0,62 =248 manat). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-16(001)-20/2025 saylı qərardadı ilə müvəqqəti alimentin tutulması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172.1 və 172.1.1-ci maddələrinə əsasən işə bərpa, aliment tutulmasına dair işlərə 2 aydan gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun və mediasiya xərcinin cəmi – 110 manat, habelə göstərilmiş hüquqi xidmətə görə 300 manat məbləğində vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-16(001)-20/2025 saylı qərardadı ilə müvəqqəti alimentin tutulması nəzərə alınsın. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu, 60 manat mediasiya xərci, habelə göstərilmiş hüquqi xidmətə görə 300 manat olmaqla, cəmi 410 (dörd yüz on) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-1692/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1692/2025
19.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver