Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1744/2022 07.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Anar Tofiq oğluna qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onlara vurulmuş 114,8 manat zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 389,3 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla ümumilikdə 534,1 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus mənzili təbii qazla təchiz etmişdir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********01150 nömrəli abonent kodu verilmişdir. Mənzili təbii qazla təchiz edən qaz xəttinin üzərində “G-4” markalı qaz sayğacı quraşdırılmışdır. Lakin, cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin tələblərini pozaraq istifadəsinə verilmiş sayğaca qanunsuz olaraq müdaxilə etməklə təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən tərtib olunmuş 30 iyun 2020-ci il tarixli, İ006250 saylı akt əsasında iddiaçıya 114,8 manat ziyan dəymişdir. Əlavə olaraq, cavabdehin faktiki istifadə edilmiş, dəyəri ödənilməmiş, sayğac üzrə 389,3 manat borcu vardır (debitor borc). Sonda S.İ.Qasımova məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, o, sayğaca müdaxilə etməklə cəmi 14 manat dəyərində təbii qazdan istifadə etmişdir. İddia ərizəsində göstərilən zərərin miqdarı 114 manat deyil 14 manat kimi göstərilərsə, həmin 14 manatı və debitor borcu ödəməyə razıdır. Mülki iş materiallarında olan: - İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 06 aprel 2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Cavabdeh məxsus, Yasamal rayonu, K.Rəhimov küçəsi, 15 saylı evin 115 saylı mənzilinə quraşdırılmış 08AZ**********3 nömrəli sayğac “elektron hissənin sönməsi” nasazlığına görə yenisi ilə əvəz edilməsi üçün çıxarılmışdır. - 07 aprel 2020-ci il tarixli, AKX-0220540/04-2020 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə”dən görünür ki, həmin tarixdə İddiaçı İB tərəfindən K.Rəhimov küçəsi 15, mənzil 115 ünvanı üzrə Cavabdeh məxsus mənzilə “Smart G-4 İtron” markalı sayğac quraşdırılmışdır. - İddiaçı İB-nin 25 iyun 2020-ci il tarixli, MSK-29/1710-00959-1 saylı aktından görünür ki, 08AZ**********3 nömrəli sayğacın 01 aprel 2020-ci il tarixə elektron göstəricisinin 05214 kub-metr olması, yivli birləşmələrinin korroziyaya uğraması, sayğacın klapanının işlək vəziyyətdə olmaması, sayğacın hesablama mexanizminin qoruyuxu örtüyünün üzərinə vurulan sol metrologiya plomb yuvasının ətrafının zədəli olması, sayğacın yaddaş arxivinin oxunmasının mümkün olmaması, göstəricilər arasında fərq mövcud olması nəticəsində qaz itkisi aşkar edilmişdir. - İddiaçı İB-nin nümayəndələri tərəfindən tərtib edilmiş 30 iyun 2020-ci il tarixli, İ006250 nömrəli aktın surətindən görünür ki, 29/1710-00959-1 saylı aktı əsasında itirilmiş qazın miqdarı 574 kub-metr, məbləği isə 114,8 manat müəyyən edilmiş, Cavabdeh həmin akta imza etməkdən imtina etmişdir. - Abonentin saldosundan görünür ki, Cavabdeh mənzilinə quraşdırılmış əvvəlki sayğac üzrə son göstərici 25 fevral 2020-ci il tarixdə qeydə alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.4 və 3.4.1-ci maddəsinə əsasən, özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyrimetal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. İş materialları ilə müəyyən edilir ki, cavabdehin mənzilinə quraşdırılmış əvvəlki sayğacın son iki ayının göstəricisi – 25 fevral 2020-ci il tarixə 4780 kub-metr, 23 yanvar 2020-ci il tarixə 4315 kub-metrdir. Beləliklə 33 gün üzrə qaz sərfiyyatının miqdarı 465 kubmetr müəyyən edilir ki, bununla da orta hesabla gündəlik sərfin miqdarı 14 kub-metrdir. Sayğacın işləmədiyi vaxtdan çıxarılaraq yenisi ilə əvəz edildiyi vaxtadək oan günlər üzrə sərfin məbləği orta hesabla 574 kub-metr edir və təbii qazın qiyməti hər kub-metr üçün 0,2 manat müəyyən edilmişdir. Beləliklə, itirilmiş qazın məbləği 114,8 manat müəyyən edilir. Habelə, iş materiallarında olan məlumatlardan görünür ki, cavabdehin 389,3 manat debitor borcu vardır. Digər tərəfdən, məhkəmə onu da qeyd edir ki, cavabdeh izahatında sayğaca qanunsuz müdaxilə etdiyini etiraf etmiş, 14 manat həcmində qazdan qanunsuz istifadə etdiyini bildirsə də, belə istifadənin hansı əsasla 14 manat müəyyən edilməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İddia təmin edildiyinə görə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçınə vurulmuş zərərin əvəzi kimi 114,8 manat, debitor borc üzrə 389,3 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla ümumilikdə 534,1 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Azərbaycan Beynəlxalq Bakı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ**********99********) bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-1744/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1744/2022
07.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver