Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1821/2024 17.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “uşağın ananın yanında saxlanması, aliment və müalicə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 17 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olmaqla ailə qurmuş, sonradan 12 dekabr 2019-cu il tarixdə aralarındakı nikah pozulmuşdur. Tərəflərin faktiki nikahlarından 30 may 2021-ci il tarixdə Əliyeva (Süleymanova) Zeynəb Murad qızı adlı uşaqları doğulmuşdur. Hazırda iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faktiki nikahlarından olan uşağın onun yanında saxlanmasının müəyyən edilməsi, uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin, habelə, uşağın müalicəsi üçün xərclənmiş vəsaitin yarısının, yəni 1065 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, uşaq doğulduqdan sonra tərəflər arasında münasibətlər mehriban, səmimi olmuş, sonradan aralarında söz-söhbətlər yaranmış, nəticədə faktiki olaraq ayrı yaşayırlar. Cavabdehlə aralarında uşağın saxlanma xərcləri ilə bağlı saziş, razılıq mövcud deyil. Bundan başqa, uşağın qavrama və dərketmə qabiliyyətində pozuntular olduğu üçün davamlı olaraq ambulator nevroloji müayinə, müalicə və psixoloji reabilitasiya mərkəzində seanslar keçirilməsi tövsiyyə olunmuşdur. Uşaqda autizm spektr əlamətləri olduğu üçün 10 iyul 2023-cü il tarixdən etibarən “İlk söz” psixologiya və nitq mərkəzində psixoloq və duyu bütünləmə seanslarında həftədə 3 dəfə olmaqla iştirak edir. Bu təlimlərin uşaq məktəbə gedənədək davam etməsi nəzərdə tutulmuşdur. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə etdiyini bildirib, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində və tələbin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənləri təsdiq, iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, tərəflər arasında nikah pozularkən uşaqları olmadığından, nikah qeydiyyat şöbəsində pozulmuş, bundan sonra tərəflərin faktiki nikahlarından Zeynəb adlı uşaqları doğulmuşdur. Buna görə də, uşağın yaşayış yerini müəyyənləşdirmək zəruridir. Digər tərəfdən, cavabdeh uşağın saxlanması üçün iddiaçıya maddi-mənəvi yardım göstərmir. Uşaqda autizm spektr əlamətləri mövcuddur, məktəb yaşına qədər onun yaşıdları ilə eyni səviyyəyə qaldırmaq üçün davamlı tədris alması zəruridir. Məhz bu məqsədlə iddiaçı uşağı hər dərsin qiyməti 20 manat olmaqla, həftədə 3 dəfə psixoloq, düyü bütünləmə dərslərinə aparır. 06 dekabr 2023-cü il tarixədək iddiaçı nitq və psixologiya mərkəzinə bu təlimlərlə bağlı 1320 manat pul ödəmiş, ödənişlər bugünə qədər davam edir. Buna görə də, Ailə Məcəlləsinin 81-ci maddəsinin tələbləri nəzərə alınmaqla, iddiaçı uşağı üçün çəkdiyi əlavə xərclərin yarısının cavabdehdən tutularaq ona ödənilməsini də tələb edir. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul etdiyini bildirərək, izahatında göstərdi ki, o, uşaq 18 yaşa çatanadək onun saxlanması üçün iddiaçıya hər ay 235 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Lakin, əlavə xərclərdə iştirak hissəsində iddianı qəbul etmir. Belə ki, onun atası iddiaçıya maddi yardım göstərməyi təklif etmiş, bu məqsədlə iddiaçıdan bank kartının nömrəsini istəsə də, iddiaçı yardım göstərilməsindən imtina etmişdir. Həmçinin, iddiaçı 1 il yarımdır ki, onun uşaqla görüşünə maneçilik törədir. Sonda cavabdeh iddianın qismən, aylıq 235 manat sabit pul məbləği hissəsində təmin edilməsini, qalan hissədə rədd edilməsini xahiş etdi. Mülki iş materiallarında olan: - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Süleymanova (Əliyeva) Könül Arif qızı arasındakı nikah 12 dekabr 2019-cu il tarixdə pozulmuşdur. - Doğum və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətindən görünür ki, 30 may 2021-ci il təvəllüdlü Əliyeva (Süleymanova) Zeynəb Murad qızının atası Cavabdeh, anası İddiaçıdır. - “Fetal Mərkəz NS Genetics” tibb mərkəzi tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli, 79 saylı arayışda göstərilmişdir ki, 30 may 2021-ci l təvəllüdlü X3 06 iyul 2023-cü il tarixdə həmin tibb mərkəzində həkim uşaq nevroloqun müayinəsindən keçmiş, ona “G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya. R41.8 Qavrama və dərketmə qabiliyyətinə aid olan digər və dəqiqləşdirilməmiş simtoltomlar və nişanələr. R47.8 Nitqin digər dəqiqləşdirilməmiş pozğunluqları” diaqnozu qoyulmuşdur. Davamlı olaraq ambulator nevroloji müayinə, müalicə və psixoloji reabilitasiya mərkəzində seanslar tövsiyyə olunmuşdur. - X5 və Nitq Mərkəzinin direktoru tərəfindən verilmiş 06 dekabr 2023-cü il tarixli arayışda göstərilmişdir ki, “X2 Autizm spektr əlamətləri olduğu üçün xx.xx.2023-cü il tarixdən etibarən həmin Mərkəzdə psixoloq və düyü bütünləmə seanslarında həftədə 3 dəfə olmaqla iştirak edir, hər bir seansın qiyməti 20 manat təşkil edir. Uşağın valideyni İddiaçı tərəfindən ümumilikdə mərkəzə 1320 manat məbləğində vəsait ödənilmişdir. Eyni zamanda, bildirilir ki, uşağın zəruri təlimlərinin keçirilməsi məktəbə qədər davam etdiyilməlidir.” - X6 İnkişaf Mərkəzinin direktoru tərəfindən verilmiş arayışda göstərilmişdir ki, “X2 Autizm spektr əlamətləri olduğu üçün xx.xx.2023-cü il tarixdən etibarən həmin Mərkəzdə Psixoloji və duyubütünləmə təlimləri alır. Təlimlər həftədə 2 dəfə olmaqla keçirilir. Uşağın valideyni İddiaçı tərəfindən Mərkəzə ümumilikdə 810 manat ödəniş edilmişdir. Bir seans 20 manat təşkil edir. Diaqnoz Asp olduğu üçün məktəbəqədər yaşına qədər loqoped, psixoloq, psixoloq, duyubütünləmə təlimi mütləq aparılmalıdır.” Tətbiq edilən hüquq: Azərbaycaycan Respublikasının Ailə Məcəlləsi, maddə: 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, maddə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, işin halları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında nikah pozulmuş, bundan sonra Zeynəb adlı uşaqları doğulmuşdur. Məhkəmə uşağın üstün mənafeyini, maraqlarını və yaşını nəzərə alaraq hesab edir ki, onun yetkinlik yaşına çatanadək anasının yanında saxlanması müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın normal, yəni qida rasionlarına uyğun qidalanması, geyimi, istirahətlərinin səmərəli təşkili xərclərini, habelə, 2024-cü il üçün ölkə əhalisi üçün müəyyənləşdirilmiş yaşayış minimumunun həddini nəzərə almaqla, hesab edir ki, uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı hazırki iddia ərizəsi ilə 19 yanvar 2024-cü il tarixdə məhkəməyə müraciət etdiyindən, alimentin tutulmasının əvvəli də həmin tarixdən hesablanmalı, habelə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Uşağın müalicə xərcləri hesab edilən, iddia tələbində göstərilmiş xərclərin yarısının cavabdehdən iddiaçının tutulması hissəsində iddiaya münasibətdə məhkəmə qeyd edir ki, uşağın səhhətindəki problemlər və tədris-müalicə üçün iddiaçı tərəfindən çəkilmiş xərclər mülki iş materiallarında olan, iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla öz təsdiqini tapır. İş üzrə müəyyən olunur ki, Əliyeva (Süleymanova) Zeynəb Murad qızına “G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya. R41.8 Qavrama və dərketmə qabiliyyətinə aid olan digər və dəqiqləşdirilməmiş simtoltomlar və nişanələr. R47.8 Nitqin digər dəqiqləşdirilməmiş pozğunluqları” diaqnozu qoyulmuşdur. Ona davamlı olaraq ambulator nevroloji müayinə, müalicə və psixoloji reabilitasiya mərkəzində seanslar tövsiyyə olunmuş, onda Autizm spektr əlamətləri olduğu üçün xx.xx.2023-cü il tarixdən etibarən həmin Mərkəzdə psixoloq və düyü bütünləmə seanslarında həftədə 3 dəfə olmaqla iştirak edir. Uşağın müalicəsi və psixoloji reabilitasiyası üçün iddiaçı ümumilikdə 2130 manat ödəniş etmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinin tələbinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları, valideynlərin uşaqları üzərində bərabər hüquq və vəzifələri nəzərə alınmaqla, məhkəmə hesab edir ki, çəkilmiş xərcin yarısı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, beləliklə, iddia təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 2820 manat təşkil etdiyinə və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 48,2 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməli, habelə, mediasiya xərci kimi iddiaçı tərəfindən ödənilmiş vəsaitin əvəzi kimi 50 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı “uşağın ananın yanında saxlanması, aliment və müalicə xərclərinin ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. 30 may 2021-ci il təvəllüdlü Əliyeva (Süleymanova) Zeynəb Murad qızı adlı uşağın anası İddiaçı yanında saxlanması müəyyən edilsin. 30 may 2021-ci il təvəllüdlü Əliyeva (Süleymanova) Zeynəb Murad qızı adlı uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli 19 yanvar 2024-cü il tarixdən hesablansın. Müalicə-tədris ödənişlərinin əvəzi kimi 1065 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilməli dövlət rüsumunun əvəzi kimi 48,2 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə, mediasiya xərcinin əvəzi kimi isə 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev