Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1838/2025 26.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X5 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində 817 nömrə ilə qeyda alınmış rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 adlı üç uşaqları dünyaya gəlmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-5914/2024 saylı, xx.xx.2024 saylı qətnaməsi ilə rəsmi nikah pozulmuşdur. Nikah pozulduqdan sonra hər üç uşaq xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 Cavabdeh himayəsində saxlanılmışdır. Əmlak birgə nikah dövründə əldə edilməmişdir. Mülkiyyətində olan ünvan 2010-cu il tarixdə əldə etmişdir. Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanına 2011-ci il tarixdə qeydiyyata düşmüşür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, tələbinin tam həcmdə təmin olunmasını xahiş etdi. Eyni zamanda bildirdi ki, cavabdeh nikah pozulmamışdan öncə həmin evi tərk edib, hal hazırda atasının evində yaşayır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Sonradan elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq iddianın təmin edilməsinə etiraz etmədiyini, mənzilə dair heç bir iddiasının olmadığını bildirdi. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehin iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Əsaslandırıcı hissə: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, MA seriyalı, №0146070 saylı çıxarışdan müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Asan 1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən müəyyən olunur ki, X3, Cavabdeh, X2 və X4 ünvan 3 ünvanında qeydiyyatdadırlar. 113 aylı MKİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 74 saylı arayışın surətindən müəyyən olunur ki, X3, Cavabdeh, X2 və X4 xx.xx.2024-cü il tarixdən ünvan 3 ünvanında yaşamırlar. xx.xx.2025-ci il tarixdə Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən müəyyən olunur ki, iddianın təmin olunmasına etiraz etmir. Həmin mənzildə yaşamaq və hər hansı hüquq tələb etmək niyyətində deyil. İddiaçı ilə nikahın pozulması zamanı əmlakla belə heç bir tələb irəli sürməmişdir. İddiaçı ilə yollarını ayırmaq məqsədilə həmin evdən çıxanda heç bir əşyasını belə götürməmişdir və həmin mənzillə bağlı marağı yoxdur. Sadəcə olaraq şəxsi səbəbləri ilə əlaqədar məhkəmə iclaslarında iştirak etmək istəmir və hazırkı iddia tələbinə iştirakı olmadan mahiyyəti üzrə baxılmasına etiraz etmədiyini bildirir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlakı başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2-ci maddəsinə müvafiq olaraq, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Məhkəmənin mövqeyi: Hazırda tədqiq edilən sənədlərdən və məhkəmə araşdırmasının nəticəsindən belə müəyyən olunur ki, mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətindədir, cavabdehlə birgə nikahdan əvvəl əldə edilmiş əmlakdır, cavabdehin həmin mənzilə qarşı heç bir iddiası yodur. Keçmiş ailə üzvü kimi də qüvvədə olan qanunvericiliyin tələbinə əsasən cavabdehin mənzilə olan istifadə hüququna da xitam verilməsi və tələbin əsaslı hesab edilərək təmini mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50,60 manat dövlət rüsumundan ibarətdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 2 ünvanından istifadə hüquqlarına xitam verilsin. İddia ərizəsi verilərkən ödənilmiş 50,60 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(001)-1838/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1838/2025
26.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver