Məhkəmə qərarları › İş №e-2(001)-1867/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1867/2024

26.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1867/2024 26.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı Cavabdeh qarşı əlavə xərc tələbinə dair iddia ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı əlavə xərc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuş və elektron qaydada İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən imzalanmışdır. Həmin şəxsin səlahiyyətli şəxs olmasının təsdiq edilməsi üçün iddia ərizəsinə yalnız etibarnamə əlavə edilmiş, şəxsin iddiaçının yaxın qohumu (*doğum haqqında şəhadətnamə) və ya vəkili (*order) olmasını təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə müvafiq olaraq, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Mülki Prosessual Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin qeyd olunmalıdır ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışlardan göründüyü kimi, cavabdeh ünvan 1i ünvanında qeydiyyatdadır, hazırkı tələbin isə iddiaçıya özünün yaşadığı yer üzrə məhkəməyə müraciət etmək imkanını verməsi mülki prosessual qanunvericiliyin müvafiq normalarının məzmunundan görünmür. Belə ki, iddiaçı iddia ərizəsində ona istinad edir ki, həyat yoldaşı Cavabdeh və valideynləri ona təzyiq göstərərək uşağı aldırmağımı istəmişlər. Lakin, o, buna etiraz etdikdən sonra ona qarşı münasibət daha kəskin hal almışdır. Uşağına qarşı qəsdin olmasını gördükdən sonra sağlam şəkildə uşağını dünyaya gətirmək üçün cavabdehdən ayrılmışdır. Hazırda nikahları pozulmamışdır. Bu ay daxil olmaqla iddiçı artıq 5 aylıq hamilədir, təxmini doğuş tarixi xx.xx.2024 tarixə təsadüf edir. Artıq 5 aydır hamilə olmasına baxmayaraq cavabdeh bir dəfə də olsun, doğulacaq olan övladının xəstəxana xərcləri ilə maraqlanmamışdır. Hazırda və növbəti aylarda hamiləliyin kəskin dövrü başlayır, hər ay həkim müayinəsinə getmək və hamiləliklə bağlı dərman vasitələrinin alınması zərurəti vardır. Artıq bir neçə aylardır ki, xəstəxana və dərman xərclərini iddiaçı özü çəkir. Belə olan təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə müvafiq olaraq, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 36.3-cü maddəsinə müvafiq olaraq, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Ümumiyyətlə Mülki Prosessual Məcəllənin 36-cı maddəsindən göründüyü kimi, həmin maddədə iddiaçının seçməsinə görə aidiyyətin müəyyən edildiyi halların dairəsi dəqiq müəyyənləşmiş və həmin maddənin genişləndirici şərhinə yol verilmir. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla da, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2, 152.1.3, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı əlavə xərc tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 (yüz) manat dövlət rüsumu geri qaytarılsın. İddiaçıya izah edilir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar