Məhkəmə qərarları › İş №e-2(001)-1970/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1970/2022

26.04.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1970/2022 26.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı X5 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X5 Cavabdeh QSC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “ödənilməmiş əmək haqqının və digər ödənclərin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6 aylıq əmək haqqı olmaqla ümumilikdə 7.500 manat məbləğdə əmək haqqının, istifadə olunmamış məzuniyyətə görə pul əvəzi kimi 1.233 manatın, ümumilikdə 8.733 manat məbləğində pulun və Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənişin gecikdirilməsinə görə ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla 8.375 manat hər gecikdirilmiş gün üçün kompensasiya miqdarında vəsaitin Cavabdeh QSC-dən iddiaçı X5 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir Daha sonra iddiaçı X5 nümayəndəsi və vəkili Vəkil elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, 6 aylıq əmək haqqı olmaqla ümumilikdə 7.500 manat məbləğdə əmək haqqının, istifadə olunmamış məzuniyyətə görə pul əvəzi kimi kompensasiya məbləğinin və Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla 8.375 manat hər gecikdirilmiş gün üçün kompensasiya miqdarında vəsaitin Cavabdeh QSC-dən iddiaçı X5 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X5 nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş və tərəfindən təqdim edilmiş sübutlara əsaslanaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh QSC-nin nümayəndəsi X4 elektron məhkəmə informasiya sistemi vasitəsilə iddiaya qarşı etiraz təqdim edərək, iddianın əsassız olduğunu, iddiaçının müəssisə daxili əmək funksiyasını kifayət qədər yerinə yetirə bilmədiyini, bu səbəbdən onunla bağlanmış əmək müqaviləsi bitəndən sonra onun işdən dərhal azad edildiyini, həmçinin, iddiaçının müəssisəyə ziyan vurması ilə bağlı onun əmək haqqından tutmaların aparıldığını, bu barədə bütün sənədlərin məhkəməyə təqdim ediləcəyini bildirmiş və bunun üçün vaxt istəmişdir. Bundan sonra yenidən eyni qaydada ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxışı iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, cavabdehin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasını nəzərə alıb, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmişdir. Məhkəmə işə çüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı X6 ilə Cavabdeh QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən iddiaçı hər ay 1.250 manat əmək haqqı ödənilməklə layihə üzrə baş mühəndis-şöbə rəisi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı 2021-ci ilin fevral, mart, aprel, may, iyun və 14 iyul tarixi üçün cavabdeh tərəfindən ona əmək haqqının, habelə işlədiyi dövr üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin (kompensasiyanın) ödənilmədiyini bildirir və həmin dövr üçün ödənilməmiş əmək haqqı, istifadə olunmamış məzuniyyətə görə pul əvəzi kimi kompensasiya və ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün kompensasiyanın tutulmasını tələb edir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, iddianın əsas olduğunu, iddiaçının müəssisə daxili əmək funksiyasını kifayət qədər yerinə yetirə bilmədiyini, bu səbəbdən onunla bağlanmış əmək müqaviləsi bitəndən sonra onun işdən dərhal azad edildiyini, həmçinin, iddiaçının müəssisəyə ziyan vurması ilə bağlı onun əmək haqqından tutmaların aparıldığını bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin, etirazında göstərilən hallarla bağlı bütün sənədlərin məhkəməyə təqdim edilməsi üçün vaxt istəmiş, lakin ötən dövr ərzində cavabdeh tərəfindən məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sosial arayışa əsasən iddiaçı Cavabdeh QSC-də layihə üzrə baş mühəndis-şöbə rəisi vəzifəsində işləmiş, onun aylıq əmək haqqı 1.250 manat təşkil etmiş, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İddiaçı əmək haqqının ödənilməsinin təmin edilməsi üçün məhkəmədən əvvəl şikayətlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinə müraciət etmişdir. Həmin müraciətə uyğun olaraq idarə tərəfindən aparılmış araşdırma nəticəsində cavabdeh tərəfindən iddiaçıya 2021-ci ilin fevral ayından iyun ayınadək olan dövr üçün əmək haqqının ödənilmədiyi müəyyən edilmiş və cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozulduğundan cəmiyyətin rəhbəri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məclləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Eyni zamanda, əmək haqqının ödənilməsi ilə bağlı Cavabdeh QSC-nin rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddənin “d” bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarına aid edilmişdir; 43-cü maddəsinin “ə” bəndinə əsasən əmək müqaviləsində işçinin əmək şəraitinin şərtləri - iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması əsas şərt və məlumat kimi mütləq göstərilməlidir; 172-ci maddəsinin 1-ci bəndinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; 172-ci maddənin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir; 174-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Bu baxımdan iddiaçı 2021-ci ilin fevral ayının 1-i tarixindən iyul ayının 14-ü tarixinədək Cavabdeh QSC-də işlədiyini və həmin müddət üçün əmək haqqı almadığını, iddianın əsassız olmasını iddia edən cavabdeh isə bu məbləğin ödənildiyini, habelə iddiaçının müəssisəyə vurduğu zərərin əvəzi olaraq onun əmək haqqından tutmaların aparıldığını sübut etməli idi. Lakin cavabdeh öz mövqeyini sübut edə bilməmiş, o cümlədən bununla bağlı hər hansı sənəd təqdim edə bilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sosial arayışdan, ödəniş kartı üzrə çıxarışdan və iş materiallarında olan digər sübutlardan onun 2021-ci ilin fevral ayının 1-dən iyul ayının 14-nə kimi qeyd edilən cəmiyyətdə işlədiyi və həmin müddət üçün ona əmək haqqının ödənilmədiyi müəyyən edilir (xx.xx.2021-ci il tarixdə ödənilmiş 1.120,25 manat isə 2021-ci ilin yanvar ayı üçün nəzərdə tutulmuş əmək haqqıdır). Həmin hesabın iddiaçıya məxsus olmadığı, habelə cavabdeh tərəfindən ona hər hansı fərqli əmək haqqı hesabı açıldığı və ya əmək haqqının hər hansı başqa hesaba köçürüldüyü aşkar edilməmişdir. Lakin, iddiaçı əmək haqqının 1.250 manat, ödənilməli olan müddəti isə 6 ay olmasını əsas götürüb cavabdehdən 7.500 manat məbləğində pul tələb edir. Halbuki, 2021-ci ilin iyul ayının 14-ü tarixindən sonra onun qeyd edilən cəmiyyətdə işləməsi öz təsdiqini tapmır. Digər tərəfdən təqdim edilmiş ödəniş kartı üzrə çıxarışdan da onun hesabına hər ay 1.250 manat məbləğindən az məbləğdə əmək haqqının mədaxil edildiyi müəyyən edilir. Bu da əmək haqqı məbləğindən hər ay qanunvericiliyin tələblərinə uyğun olaraq tutmaların aparılmasına dəlalət edir. Bu səbəbdən məhkəmə hesab edir ki, ödənilməmiş əmək haqqı məbləği cavabdehdən iddiaçının xeyrinə müddət əsas götürülməklə tutulmalı, məbləğlə bağlı məsələ isə icra mərhələsində öz həllini tapmalıdır. Bununla belə, məhkəmə, mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, iddia bu hissədə qismən təmin edilməli, 2021-ci ilin fevral ayının 1-i tarixindən iyul ayının 14-ü tarixinədək ödənilməli olan, lakin ödənilməmiş əmək haqqı məbləği Cavabdeh QSC-dən iddiaçı X5 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 131-ci maddənin 1-ci hissəsinə əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir; 135-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır; 135-ci maddəsinin 2-ci hissəsinə əsasən İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir; 140-cı maddənin 1-ci hissəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir; 140-cı maddənin 2-ci hissəsinə əsasən 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məhkəmə yuxarıda göstərilən müddəaların tələblərinə istinadən iddia tələbinin “istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi kompensasiyanın ödənilməsi” barədə tələbi ilə bağlı qeyd edir ki, iddiaçının istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzini tələb etmək hüququ əmələ gəlmişdir və cavabdeh iddiaçıya istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzini (kompensasiyanı) ödəməlidir. Məhkəmə iddia tələbinin “ödənişin gecikdirilməsinə görə ödəncin verilməsi” hissəsində əsassız hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Nəzərə alınmalıdır ki, əmək haqqının verilməsinin gecikdirilməsi ilə bağlı tərəflər arasında artıq fərdi əmək mübahisəsi yaranmış və iddiaçı bununla bağlı araşdırmanın aparılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinə müraciət də etmişdir. Araşdırmanın nəticəsi üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozulduğundan cəmiyyətin rəhbəri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məclləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun: 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir; 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, 2021-ci ilin fevral ayının 1-i tarixindən iyul ayının 14-ü tarixinədək ödənilməmiş əmək haqqı məbləği və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi (kompensasiya məbləği) Cavabdeh QSC-dən iddiaçı X5 xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan məbləğin hazırda müəyyən edilməsi mümkün olmadığından ödənilməli olan dövlət rüsumu 100 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh QSC-dən tutularaq dövlət mədaxilinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2021-ci ilin fevral ayının 1-i tarixindən iyul ayının 14-ü tarixinədək ödənilməmiş əmək haqqı məbləği və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi (kompensasiya məbləği) Cavabdeh QSC-dən iddiaçı X5 xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. İddiaçı X5 ödəməkdən azad edildiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh QSC-dən tutularaq dövlət mədaxilinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar