Məhkəmə qərarları › İş №e-2(001)-2012/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2012/2022

16.06.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2012/2022 16.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 01 noyabr 2021-ci il tarixində vəfat etmiş X4 ilə Cavabdeh birgə nigahından xx xxxx 1979-cu il tarixində İddiaçı anadan olmuşdur. Bu fakt Doğum haqqında akt qeydləri kitabında 07 iyun 1979-cu il tarixində 788 nömrə ilə qeyd edilmişdir. Cavabdeh ilə X4 arasında rəsmi nikah Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsində bağlanmışdır. Bu barədə Nikahın bağlanması haqqında akt qeydləri kitabında 2012-ci ilin iyun ayının 29-cu günündə 703 № ilə qeyd icra edilmişdir. ünvan 1 ünvanında yerləşən mənzil 18 iyul 2012-ci il tarixində Cavabdeh adına qeydiyyatdan keçmişdir. Lakin 20 saylı Notariat Ofisində Cavabdeh və X7 arasında bağlanmış 4Ə-202 reyestr nömrəli, 20 noyabr 2021-ci il tarixli Bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Ü.Hacıbəyov küçəsi, ev 4B, 18 saylı mənzil X5 adına özgəninkiləşdirilmişdir. Beləliklə, birgə nikah müddətində əldə edilmiş ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh adına rəsmiləşdirilməsinə baxmayaraq, həmin daşınmaz əmlak Cavabdeh və X2 ümumi birgə mülkiyyətidir, yəni Bakı şəhəri, Binəqədi rayonu, Ü.Hacıbəyov küçəsi, ev 4B, 18 saylı mənzildə X2 ½ payı mövcuddur. 01 noyabr 2021-ci il tarixində vəfat etmiş X2 qanun üzrə vərəsələri iki nəfərdən - əri olaraq Cavabdeh və oğlu olaraq İddiaçı ibarətdir. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Ü.Hacıbəyov küçəsi, ev 4B, 18 saylı mənzildə X1 miras qalmış ½ payının ½ hissəsinə iddialıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1-ci maddəsinin tələbləri Cavabdeh tərəfindən kobud şəkildə pozularaq vərəsəlik hüququ ilə məhdudlaşmış ünvan 1 ünvanında yerləşən mənzildə öz payı ilə yanaşı, X2 miras payı da 4Ə-202 reyestr nömrəli, 20 noyabr 2021-ci il tarixli Bağışlama müqaviləsinə əsasən X5 adına özgəninkiləşdirilmişdir. Qeyd olunanlara əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə dair 20 saylı Notariat Ofisində Cavabdeh və X7 arasında bağlanmış 4Ə-202 reyestr nömrəli, 20 noyabr 2021-ci il tarixli Bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılmasına dair ərizə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin ərizədə iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə dair 20 saylı Notariat Ofisində Cavabdeh və X7 arasında bağlanmış 4Ə-202 reyestr nömrəli, 20 noyabr 2021-ci il tarixli Bağışlama müqaviləsi etibarsız hesab edilməsi və 01 noyabr 2021-ci il tarixində vəfat etmiş X1 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilə onun qanun üzrə vərəsəsi İddiaçı miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 2012/2022 saylı qərardadı ilə mülki işə “01 noyabr 2021-ci il tarixində vəfat etmiş X1 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilə onun qanun üzrə vərəsəsi İddiaçı miras payının müəyyən edilməsi” hissəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, X4 nikaha daxil olandan sonra uzun müddət uşaqları olmadı. Getmədikləri həkimlər qalmamışdır. Hətta Rusiya və Gürcüstana da müalicəyə getmişlər. Sonra qıraqdan onlara bir uşaq gətirib verdilər ki, öz övladları kimi bötütsünlər. O, arvadına görə həmin uşağı qəbul etdi. Arzuya öz soyadını verdi, öz balası kimi böyütdü, oxutdurdu, evləndirdi, evlə təmin etdi. Bir müddət sonra o, faktiki olaraq arvadından ayrıldı və (*hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs olan) Aynurun anası ilə yaşamağa başladı. Həmin münasibətlərdən onun Aynur adında qızı doğuldu. Buna baxmayaraq Vəsilə Məmmədova və oğlu Arzu ilə münasibətləri kəsilməmişdir. Hətta ölümündən əvvəl Vəsilə Məmmədovaya onun ikinci arvadı baxırdı. Mübahisələndirilən ev cəmi 26 kv.metrdir. O, həmin evi qızına ona görə bağışlamışdır ki, baxanı, qulluq edəni olsun. Arzuya onsuz da kifayət qədər edilib, mübahisəli mənzil alınarkən ona da yeni tikili binada ev alınmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 izahatında məhkəməyə bildirdi ki, ev ona atası tərəfindən bağışlanıb və İddiaçı həmin evə heç bir hüququ yoxdur. Bağışlama mümkün olmasa idi, notarius bunu etməzdi. Bağışlanan əmlakın isə bölünməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanlara əsasən o, iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 0032 4 0703 nömrəli, xx.xx.2012-ci il tarixli nikah haqqında akt qeydindən görünür ki, Cavabdeh ilə X4 arasında nikah xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsində akt qeydi icra edilməklə bağlanmışdır. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı atası Cavabdeh, anası isə X3r. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 4b, mənzil 18 xx.xx.2012-ci il tarixdən Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 4b, mənzil 18 Cavabdeh tərəfindən X6 bağışlanmışdır. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 4b, mənzil 18 halhazırda X5 mülkiyyətindədir (qeydiyyat nömrəsi – **********; reyestr nömrəsi - ********************40-05101-093002). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, mübahisəli mənzil Cavabdeh adına alınsa da, əslində mərhum bacısı X2 ata mülkü idi. Belə ki, həmin mənzil Vəsiləyə atası tərəfindən verilmiş mənzilin satılması nəticəsində alınmış İnşaatçılar prospektində yerləşən evin satılmasından sonra alınmışdır. Həmin ev Vəsilənin olsa da, cavabdeh və onun ikinci ailəsi tərəfindən həmin evdə bacısının yasını belə verməyə şərait yaradılmadı. Yas mərasimləri Vəsilənin keçmiş gəlini Nigarın evində keçirilmişdir. Sonradan bacısının heç qırxı çıxmamış cavabdeh mənzili qızına bağışlamışdır. Halbuki, Vəsilə həmişə deyirdi ki, həmin mənzil Arzunundur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, İddiaçı ilə nikahda olmuş, hal-hazırda boşanıblar. O, İnşaatçılar prospektində olan mənzilə gəlin gəlmiş və bir neçə il həmin mənzildə yaşamışdır. X8 həmişə deyirdi ki, həmin mənzil ona atasından qalıb. Sonra həmin mənzil satıldı və ayrı-ayrı mənzillər alındı. Qayınanası öləndən sonra qayınatası keçmiş əri İddiaçı söz vermişdir ki, həmin mənzili obiri ailəsinə verməyəcək. Arzu onda atasının səsini yazmışdı. O, həmin səs yazısını eşidib. Lakin sonradan xəbər tutdular ki, mənzil Aynur Məmmədovaya bağışlanıb. Onu da mütləq qeyd etmək istəyir ki, X8 cavabdehin ikinci ailəsi yaşayan evdə yıxılmış və yıxılmanın nəticəsində də ölmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Mülki Məcəllənin 1151-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mülki Məcəllənin 1249-cu maddəsinə müvafiq olaraq, digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanması, əmək haqqının ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən başqa, mirasın açıldığı gündən altı ay keçənədək və ya miras hüququ haqqında şəhadətnamə alınanadək mirasa dair sərəncam verə bilməz. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli qərarının 6.10-cu bəndinə görə, əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, ünvan 1 Cavabdeh ilə X2 birgə nikahları dövründə əldə edilib və sonuncu öləndən 19 gün sonra Cavabdeh tərəfindən faktiki nikahından olan qızı Aynur Məmmədovaya bağışlanmışdır. Halbuki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti olmuş və vərəsəlik hüququ ilə məhdudlaşmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Bakı şəhəri 20 saylı notariat ofisində 4Ə-202 nömrə ilə qeyd edilmiş və Cavabdeh ilə X7 arasında 20 noyabr 2021-ci il tarixdə bağlanmış Daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməli; Bakı şəhəri, Binəqədi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 4b, mənzil 18 barədə X5 hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilməlidir. Mülki Prosessual Məcəllinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Bakı şəhəri 20 saylı notariat ofisində 4Ə-202 nömrə ilə qeyd edilmiş Cavabdeh ilə X7 arasında 20 noyabr 2021-ci il tarixdə bağlanmış Daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 4b, mənzil 18 barədə X5 hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar