Məhkəmə qərarları › İş №e-2(001)-2031/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2031/2024

02.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2031/2024 02.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə nikahları xx.xx.2013-cü il tarixdə pozulmuş və bu barədə Yevlax rayon VVADQ şöbəsi nikahın pozulması barədə şəhadətnamə də vermişdir. Cavabdehlə birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Uşaqları hələ yetkinlik yaşına çatmadığı üçün onun normal şəraitdə böyüməsini təmin etmək üçün xərclər gündən-günə artır. Buna görə də, o, hesab edir ki, cavabdehdən uşaqlarının normal şəraitdə yaşayış və sağlam qidalanma xərclərinin qarşılanması üçün aliment alınmalıdır. Qanunla müəyyən olunmuş məbləğdə aliment ödəmək cavabdehin bir valideyn kimi borcudur. Övladlarının saxlanılması üçün ödənilən alimentin məbləği “Azərbaycan Respublikasında 2024-cü il üçün Yaşayış minimumu” haqqında qanunda müəyyən olunan məbləğdən, yəni – 235 manatdan az olmamalıdır. Bu səbəbdən o, məhkəməyə müraciət etməmişdən əvvəl yaranmış mübahisənin həlli üsulu olaraq Bakı 6 saylı mediasiya təşkilatına aliment tələbi ilə müraciət etmiş və xx.xx.2024-cü il tarixli arayış alınmışdır. Odur ki, yuxarıda qeyd etdiklərini nəzərə alaraq, Cavabdeh övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulmasını, son 3 il ərzindən indiyə qədər aliment ödəmədiyi üçün yaranan borcun Cavabdeh tərəfindən ödənilməsinə köməklik göstərməyi xahiş etmişdir. Buna görə də cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehdən övladları xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi və 3 il ərzindən indiyə qədər aliment ödəmədiyi üçün yaranan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə üç il müddətinə alimentin tələb edilməsini yalnız tərəflər arasında aliment tələbinə dair məhkəmə aktının olmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul edərək, uşağın saxlanması üçün qanunla müəyyən edilmiş məbləğdə, yəni hər ay 235 manat sabit pul məbləğində alimentin tutulmasına etiraz etmədiyini bildirmişdir. Eyni zamanda 3 il ərzində alimentin ödənilməməsinə münasibətdə müvafiq ödənişləri özündə əks etdirən sənədlər təqdim edərək, həmin tələbin əsassız olduğunu bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-ll seriyalı, 614343 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 12 fevral 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 2(039)-1134/2012 saylı 03 dekabr 2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında 20 noyabr 2004-cü il tarixdə Yevlax şəhər VVADQ şöbəsində 445 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqlarının cavabdeh İddiaçı himayəsində saxlanılmaları qət edilmişdir. İş materiallarında olan Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 31 yanvar 2024-cü il tarixli, MŞB/6-00155 saylı arayışdan görünür ki, 31 yanvar 2024-cü il tarixdə, saat 12:00-da Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 309-cu məhəllə, X5-də keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı və Cavabdeh iştirak etmişlər və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş materiallarında olan AZ-İ seriyalı, 158763 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah ləğv edilmişdir. İş materiallarında olan “Whatsapp” yazışmalarından görünür ki, tərəflər arasında, eyni zamanda cavabdehin övladı ilə arasında “Whatsapp” mobil tətbiqi vasitəsilə yazışmalar aparılmış, həmin yazışmalarda cavabdeh tərəfindən müxtəlif tarixlərdə və müxtəlif məbləğlərdə pul vəsaitlərinin kart hesabına köçürülməklə, həmçinin digər üsullarla ödənilməsi məlum olmuşdur. İlk növbədə qeyd edilməlidir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar (Konstitusiyanın 34-cü maddəsinin İV və V hissələri). “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı sübutlarla təsdiq edilmişdir ki, tərəflər 20 noyabr 2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahlarından iki övladları, yəni 14 noyabr 2005-ci il təvəllüdlü X3 və 12 fevral 2011-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Tərəflər arasında olan nikah Yevlax Rayon Məhkəməsinin 03 dekabr 2012-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, tərəflərin birgə nikahlarından olan övladlarının anaları İddiaçı himayəsində saxlanılması qət edilmiş, İddiaçı aliment tələbinin olmaması səbəbindən aliment məsələsi məhkəmənin müvafiq aktı ilə həll edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, aliment tələbi cavabdehin mübahisələndirilməyən vəzifəsinin icrası ilə bağlı olduğundan, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olduğundan, eyni zamanda cavabdeh minimum məbləğdə alimentin ödənilməsinə etiraz etmədiyindən iddia tələbi qismən təmin edilməli, Cavabdeh 12 fevral 2011-ci il təvəllüdlü X1 üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Digər tələbə münasibətdə, yəni 3 il ərzində alimentin ödənilməməsi səbəbindən yaranan borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qeyd edilməlidir ki, ailə qanunvericiliyi əvvəlki dövr üçün alimentin 3 illik müddət həddində ödənilməsini tələb etmək hüququnu müəyyən etsə də, məhkəmə qaydasında tələbi məhz məhkəməyə müraciət edənədək alimentin alınmasında iddiaçı tərəfindən müəyyən tədbirlərin görülməsini və onu verməkdən boyun qaçıran şəxsə qarşı qaldırılmasını nəzərdə tutmuşdur və bu hər iki hal işdə olan sübutlarla öz təsdiqini tapmalıdır. Lakin hazırki işdə iddiaçı tərəf cavabdeh tərəfdən alimentin alınmasında müəyyən tədbirlərin görülməsini, lakin bunun nəticə verməməsini, cavabdehin isə alimenti ödəməkdən boyun qaçırmasını təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 02 fevral 2024-cü il tarixdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78 və 85 ci maddələrini və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 12 fevral 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Cavabdeh 50 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Alimentin tutulması 02 fevral 2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar