Məhkəmə qərarları › İş №e-2(001)-2305/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2305/2022

22.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2305/2022 22.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məmmədli Elnurə Həbib qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın himayəyə verilməsi və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın himayəyə verilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında olan 12 noyabr 2011-ci il tarixli nikahın pozulması, 24 aprel 2012-ci il təvəllüdlü X4 və 18 oktyabr 2013-cü il təvəllüdlü X1 hüquqi cəhətdən cavabdehdən alınınb onun himayəsinə verilmələri, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər biri üçün ayrılıqda 193 manat olmaqla, cəmi 386 manat miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 12 noyabr 2011-ci il tarixdə Füzuli rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Qeyd etdiyi nikahın bağlanması haqqında akt qeydləri kitabında 491 nömrə ilə qeyd edilmiş və onlara nikahın bağlanması haqqında şəhadətnamə verilmişdir. Cavabdehlə birgə nikahlarından övladları - 24 aprel 2012-ci il təvəllüdlü X7 və 18 oktyabr 2013-cü il təvəllüdlü X5 anadan olmuşdur. Əvvəllər münasibətləri yaxşı olsa da, sonradan ailədə müəyyən münaqişələr yaranmışdır. Artıq 2 aydır ki, cavabdehlə ayrı yaşayırlar, birgə təsərrüfat aparmırlar. Buna səbəb isə cavabdehin mütəmadi olaraq spirtli içkilər içərək, ailədə aqressiya yaratması, onun və övladlarına qarşı şiddət tətbiq etməsidir. Belə ki, 07 yanvar 2022-ci il tarixində, cavabdeh növbəti dəfə ickili vəziyyətdə evdə dava saldığından, gecə saat 2-də məcbur olaraq atasının köməkliyi ilə evdən çıxmalı olmuşdur. Övladları o saatda yatdıqlarından onları oyatmaq istəməmişdir. Özü məcburiyyətdən, atası ilə birlikdə çantasını götürüb evdən getməli olmuşdur. Lakin səhəri gün evə uşaqların dalınca gedib, onları gedib özü ilə atasının evinə aparmaq istəyəndə, evdə yalnız qaynanası və qızının olduğunu görmüşdür. Cavabdeh oğlunu da götürüb rayona getmişdir. 3 gün sonra qayıtmalı idilər. Gecə qaynanası evdə tək qalmasın deyə, qızının həmin evdə nənəsi ilə qalmasına razılaşmışdır. Lakin 3 gün sonra evə gedib övladlarını özü ilə götürmək istədikdə, cavabdeh ona övaldlarını heç vaxt verməyəcəyini bildirmişdir. Bundan sonra o, dəfələrlə evə, uşaqların təhsil aldığı məktəbə getsə də, övladlarını görə və onlarla əlaqə saxlaya bilməmişdir. Buna cavabdeh imkan vermir. İlk əvvəllər uşaqlarla telefonla danışsa da, sonradan cavabdeh tərəfindən onların telefonları izləndiyindən, onun nömrəsi blok edilmişdir. Onunla danışan zamanlar, uşaqlar atalarının onlara dediyi sözləri təkrarlayaraq, onun yanına gedəcəkləri təqdirdə, atalarının özünü öldürəcəyi ilə hədələndiklərini deyirlər. Cavabdeh beləliklə övladlarını və onu manipulyasiya edir. Başqa çıxış yolu tapmadığından övladlarının müəlliməsi vasitəsi ilə onlarla telefonla danışırdı. Lakin artıq son günlər müəllimənin də, onunla uşaqlar arasında vasitəçi olduğu üçün problemlər yarandığından, artıq övladları ilə əlaqə qura bilmir. Bu hal onu bir ana kimi olduqca narahat edir. Qeyd edilən səbəblərdən hesab edir, cavabdehlə onun ər-arvad kimi bundan sonra birgə yaşamaqları, ailələrinin bərpası qeyri-mümkündür. Ona görə də cavabdehlə nikahını ləğv etdirmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək yuxarıda göstərilən məzmunda izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, uşaqlar təklikdə onunla normal davransalar da, atalarının yanında olanda tamam başqa cür davranırlar. Görünür ki, cavabdeh uşaqlara psixiloji təzyiq göstərərək, uşaqları ondan soyutmağa çalışır. Ona görə də Binəqədi Rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi əsas götürülməlidir. Həmçinin bildirdi ki, o, uşaqların sinif rəhbərləri ilə mütəmadi olaraq əlaqə saxlayır, uşaqların necə oxuduqlarını soruşur. Müəllim ona bildirmişdir ki, uşaqlar dərsə hazırlıqsız gəlir, iş dəftərləri yoxdur. Uşaqlar hazırda atası ilə qalsalar da, lakin həmin evin şəraiti olduqca pisdir. Onunla cavabdeh məcburi köçkün kimi bir yataqxanada qonşu otaqlarda ailələri ilə məskunlaşmışlar. Sonradan nikahları bağlandıqdan sonra cavabdehə məxsus otaqda ailə olaraq yaşamışlar. Hazırda o, həmin yataqxanadan Mərdəkan qəsəbəsinə valideynlərinin aldığı evə köçmüş, həmin evdə uşaqların yaxşı yaşaması və təhsil alması üçün hər şəraiti var. Təqdim etdiyi diskdəki videoda cavabdeh uşağı vurur, nənəsi isə müdaxilə etmir, stolun üstünü yığışdırır. Balaca oğlunu atası məclislərə aparıb meyxanaya qulaq asdırır, yanında silahla şəkil çəkdirir, spirtli içkilər içir, evdə silah saxlayır. Bütün bunlar uşaqlara pis təsir edir. Məhkəmə iclasında iştirak edən iddianının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh spirtli içkilər aludəçisidir, bununla bağlı onlarda kifayət qədər sübutlar da mövcuddur. Bundan əlavə, atanın ev şəraiti uşaqlar üçün əlverişli deyil. Uşaqların yaxşı tərbiyə alması, cəmiyyətə xeyirli olmaları üçün onların analarının yanında qalması daha məqsədə müvafiqdir. Məhkəmə qərar qəbul edərdək uşaqların üstün mənafeyini rəhbər tutmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o, nikahın pozulmasına etiraz etmir. Lakin, nikah pozulduqdan sonra uşaqların iddiaçının yanında qalmasına razı deyil, o, uşaqların onun yanında qalmasını məhkəmədən xahiş edir. Həmçinin ona verilmiş suala cavab olaraq bildirdi ki, uşaqlara o deyil, iddiaçının özü şiddət göstərirdi, ona görə də uşaqlar iddiaçı ilə qalmaq istəmirlər. Əgər uşaqlar ananın yanında qalarsa onların saxlanması üçün aliment ödəməyə etiraz etmir. O, uşaqlarını saxlamaqdan heç vaxt imtina etməz. Onun kimi uşaqlarını çox istəyən ata ola bilməz. Uşaqların bütün məktəb ləvazimatları onun tərəfindən alınmışdır. Uşaqlar dərsə hazırlıqlı gedirlər. Onlar ailə qurduqları vaxtdan iddiaçının bəyənmədiyi otaqda birlikdə yaşamışlar. İddiaçı özü də ailə qurmamışdan öncə məcburi köçkün kimi eyni binada eyni sahəsi olan otaqda yaşayırdı. İddiaçı tərəfin təqdim etdiyi fotoşəkillər və video ona məxsus sosial şəbəkədən götürülmüşdür. O, qızı dərsə hazırlıqsız getdiyi üçün danlamış və bunu video şəklində idddiaçıya göndərmişdir. İddiaçı isə bildirmişdir ki, uşaqlar həqiqətən də qudurub, gələndə paylarını verəcək. Burda qeyri-adı bir şey yoxdur. Bir ata kimi uşağına hirslənmişdir. Fotoşəkildəki silah isə oyuncaqdır. Ona verilmiş suala cavab olaraq bildirdi ki, uşaqlar onda qalarsa uşaqların saxlanması üçün iddiaçıdan aliment tələb etmir. Belə ki, uşaqlara baxmağa onun öz vəsaiti var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 192.3-cü maddəsinin tələblərinə uyğun olaraq yalnız Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri 276 nömrəli tam orta məktəbinin nümayəndəsi - psixoloq X2 iştirakı ilə məhkəmə iclasında fikri dinlənilən 24 aprel 2012-ci il təvəllüdlü X7 hazırda atası ilə qaldığını, valideynləri arasında nikah pozulandan sonra da atasının yanında qalmaq istədiyini bildirdi. Səbəbini isə belə izah etdi ki, anası tərəfindən tez-tez döyülürlər. Anası balaca qardaşı Tamerlanı dəfələrlə pəncərədən atmaq istəmiş, o isə maneə olmaq istəyərkən anası onun saçından tutaraq yerə vurmuşdur. O, hazırda anasını görmək belə istəmir. Anası onlara tez-tez əsəbləşir və onlara ayaq altında dolaşmamaqlarını bildirir. Atası ilə isə daha rahatdır. O, atası, nənəsi və balaca qardaşı ilə birlikdə yaşayır. Atası işdə olarkən onlarla nənəsi məşğul olur. Atası onlara bildirir ki, analarının yanına istədikləri vaxt gedə bilərlər. Lakin onlar bunu istəmirlər. 18 oktyabr 2013-cü il təvəllüdlü X5 hazırda atası ilə qaldığını, valideynləri arasında nikah pozulandan sonra da atasının yanında qalmaq istədiyini bildirdi. Səbəbini isə belə izah etdi ki, o, telefonla oynayarkən anası onu 3 dəfə pəncərədən atmaq istəmiş və o, çox qorxmuşdur. Ona görə də anasını görmək istəmir, anası üçün heç darıxmır. Atası ilə yaşamaq ona daha xoşdur. Atası ona və bacısına deyir ki, kiminlə qalmaq istəyirlərsə onunla da qala bilərlər, əgər onlar anası ilə qalmaq istəsələr atası onlardan küsməz. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 724128 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 12 noyabr 2011-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 491 nömrə ilə akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvadın soyadı “Quliyeva” saxlanılmışdır; AZ-İ 193430 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 24 aprel 2012-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası isə İddiaçıdır; AZ-T 193429 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 18 oktyabr 2013-cü il təvəllüdlü X1 qızının atası Cavabdeh, anası isə İddiaçıdır; 4 nömrəli yataxanın komendantı tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür; Binəqədi Rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 11 iyul 2022-ci il tarixli rəyindən görünür ki, komissiya Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52, 58, 60-cı maddələrini nəzərə alaraq uşaqların mənafeyinin üstünlüyü baxımından 24 aprel 2012-ci il təvəllüdlü X4 və 18 oktyabr 2013-cü il təvəllüdlü X1 İddiaçı yanında qalmasını məqsədəmüvafiq hesab edir. Rəyin məzmunundan görünür ki, Komissiyanın iclasında uşaqlar atası ilə qalmaq istədiyini bildirmişlər. Rəydən həmçinin görünür ki, Komissiya uşaqların ataları tərəfindən psixoloji təsirlərə məruz qaldıqları qənaətinə gəlmişdir; Rəyə əlavə edilmiş müayinə aktından görünür ki, İddiaçı yaşadığı ünvana baxış keçirilmiş və müəyyən edilmişdir ki, onun ailə və mənzil-məişət şəraiti övladlarını öz himayəsində saxlaması üçün əlverişlidir; Rəyə əlavə edilmiş müayinə aktından görünür ki, Cavabdeh yaşadığı ünvana baxış keçirilmiş və müəyyən edilmişdir ki, onun ailə və mənzil-məişət şəraiti övladlarını öz himayəsində saxlaması üçün qənaətbəxş deyil; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2022-ci il tarixli, 11/165 nömrəli ekspert rəyindən görünür ki, 24 aprel 2012-ci il təvəllüdlü X4 və 18 oktyabr 2013-cü il təvəllüdlü X1 hazırda ataları Cavabdeh bağlılıqları (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, anaları İddiaçı bağlılıqları müəyyən olunmur. İddiaçı və Cavabdeh fərdi-psixolji xüsusiyyətlərində azyaşlı uşaqlarının emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. Boşanmadan sonra uşağın hansı valideynin himayəsində yaşamasının məqsədəuyğun olması və həmin halın uşağın gələcəkdə psixi vəziyyətinə necə təsir göstərəcəyinin müəyyən olunması məhkəməpsixoloji ekspertizasının səlahiyyətinə aid deyildir. 24 aprel 2012-ci il təvəllüdlü X7 və 18 oktyabr 2013-cü il təvəllüdlü X5 əqli və psixi inkişaflarına görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikir və mülahizlərini ifadə etmək qabiliyyətinə malik olmaqla, onların psixikası və davranışında hansı valideynin himayəsində yaşamağı seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. İddiaçı tərəfindən təqdim edilmiş CD diskdə olan fotoşəkillərdən görünür ki, “İntagram” adlı sosial şəbəkədə “zloy2726” adlı profil istifadəçisinin - cavabdehin müxtəlif iaşə obyektlərində çəkilmiş fotoşəkilləri mövcuddur. Bəzi şəkillərdə oğlu Tamerlan da masa arxasındadır. Bir fotoşəkildə isə cavabdehin qarşısındakı masada silah müşahidə olunur. Qeyd olunan diskdə olan video görüntüdən görünür ki, cavabdeh Mələk adlı qızının 3 gün dərslərini hazırlamadığına görə hirslənmiş və onu danlamışdır. Video görüntü iddiaçıya ünvanlanmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinin tələbinə görə ərarvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə hesab edir ki, tərəflərin nikahın pozulmasına qarşılıqlı razığı olduğuna görə onların bağladığı nikah pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2 və 22.2.1-ci maddələrinin tələblərinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalmasını müəyyən etməlidir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmə tərəflərin birgə nikahlarından doğulmuş uşaqların məhkəmə iclasında bildirdikləri fikirlərini, onların üstün mənafelərini nəzərə alaraq hesab edir ki, nikah pozulduqdan sonra 24 aprel 2012-ci il təvəllüdlü X4 və 18 oktyabr 2013-cü il təvəllüdlü X1 ataları - Cavabdeh yanında qalmaları müəyyən edilməlidir. Belə ki, iddiaçı uşaqlara ataları tərəfindən psixoloji təsir edilməsini və bu səbəbdən uşaqların ataları ilə qalmaq istədiyini bildirsə də, məhkəmə qeyd edilən arqumentin əsaslı olub-olmamasını müəyyən etmək üçün məhkəmə-psixoloji ekspertizası təyin etmiş və ekspertiza tədqiqatında uşaqlara kənardan hər hansı psixoloji təsir edildiyi müəyyən edilməmişdir. Əksinə uşaqların atalarına bağlılıqları üzə çıxmaqla, anaları İddiaçı bağlılıqları müəyyən olunmamışdır. Bundan əlavə, psixoloqun iştirakı ilə məhkəmə iclasında da uşaqların fikirləri dinlənilmiş, uşaqlar aydın və konrekt şəkildə ataları ilə qalmaq istədiklərini bildirmişlər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Qəyyumluq və Himayəçilik Komissiyası uşaqların yaşayış yerinin müəyyən edilməsi ilə bağlı rəy verərəkən uşaqların ataları tərəfindən psixoloji təsirlərə məruz qaldıqları qənaətinə gəlmişdir. Lakin bu hal məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-psixoloji ekspertizası zamanı öz təsdiqini tapmamışdır. Bundan başqa, Komissiya cavabdehin ailə və mənzil-məişət şəraitinin övladlarını öz himayəsində saxlaması üçün qənaətbəxş olmadığı qənaətinə gəlsə də, məhkəmə qeyd edir ki, tərəflər ailə qurduqları vaxtdan uşaqları ilə birlikdə həmin şəraitdə yaşamışlar və tərəflər arasında mübahisə yarandığına görə iddiaçı valideynlərinə məxsus evə köçmüşdür. Yəni, mübahisə olmadığı təqdirdə tərəflər uşaqlarla birlikdə ailə olaraq hazırda cavabdehin yaşadığı otaqda yaşamağa davam edəcəkdilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən - yalnız nikahın pozulması hissəsində təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 12 noyabr 2011-ci il tarixdə Füzuli rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 491 nömrə ilə qeydə alınmış nikah pozulmalı, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 24 aprel 2012-ci il təvəllüdlü X4 və 18 oktyabr 2013-cü il təvəllüdlü X1 ataları Cavabdeh yanında qalmaları müəyyən edilməli, bu səbəbdən iddia aliment tələbi ilə bağlı hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2 və 22.2.2-ci maddələrinin tələblərinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Cavabdehin iddiaçıdan aliment tələbi olmadığını nəzərə alaraq məhkəmə uşaqlar üçün alimentin iddiaçıdan tutulması məsələsini həll etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddələrinə əsasən məhkəmədə verilən iddialar üzrə məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-cu maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 12 noyabr 2011-ci il tarixdə Füzuli rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 491 nömrə ilə qeydə alınmış nikah pozulsun. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 24 aprel 2012-ci il təvəllüdlü X4 və 18 oktyabr 2013-cü il təvəllüdlü X1 ataları Cavabdeh yanında qalmaları müəyyən edilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar