Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2372/2024 08.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi(vəkili) Nümayəndə, Cavabdeh vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi, iddia ərizəsinə əlavə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixdə Bakı şəhərində anadan olmuş X1 atası olmasının müəyyən edilməsi, uşağın saxlanması üçün Cavabdeh uşağın doğulduğu xx.xx.2023-cü il tarixdən yetkinlik yaşına çatanadək hər ay 500 (beş yüz) manat alimentin, xx.xx.2023-cü il təvəllüdlü X1 3 yaşına çatana qədər onun özü üçün aylıq 200(iki yüz) manat alimentin və ödənilmiş 100 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və iddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, o, 22 iyul 2022-ci il tarixdə Cavabdeh ilə toy etməklə və cəmiyyətdə təşəkkül tapmış digər sosial normalar üzrə ailə qurmuş və o, Cavabdeh faktiki həyat yoldaşıdır. Toyları olandan sonra Maisin adına olan Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Məsud Davudoğlu küçəsi, 32 saylı evin 67 saylı mənzilə gəlin köçərək orada onunla birgə yaşamışdır. Toylarından təxminən 1 il sonra 2023-cü ilin iyun ayının 27-də bir qız övladları da dünyaya gəlib. Uşaq olandan təqribən 1 ay sonra Cavabdeh və atası Nəzərov Vaqif ona ailə üzvləri ilə ünsiyyətə son qoymaq və bütün əlaqələri kəsmək kimi qadağa qoydular. Cavabdeh atasının təkidi ilə onu evdən çıxmağa məcbur etmiş və ailələri faktiki dağılıb. Rəsmi nikah bağlanmasına Cavabdeh mane olub. Cavabdeh övladlarının doğum haqqında şəhadətnaməsinin alınması ilə bağlı heç bir tədbir görməmiş və xx.xx.2024-cü il tarixə kimi övladı sənədsiz və qeydiyyatsız qalmışdır. Yalnız xx.xx.2024-cü il tarixdə övladı X1 doğum haqqında şəhadətnaməsini ata qeydi olmadan əldə etmişdir. Cavabdeh atalığın verilməsindən imtina etsə də, övladı olduğunu inkar etmir. Bu barədə sübutlar da vardır. Cavabdeh övladı olmasını inkar etməsə də onunla görüşmək və xərclərini ödəmək istəmir. Cavabdeh ona qarşı əmlakın boşaldılması barədə digər iddiasında onunla nikahdan övladı olduğunu etiraf etmişdir. Hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə Bakı şəhərində anadan olmuş Nigarın atası hesab edilməlidir. Uşağın saxlanması üçün atasından övladları doğulandan indiyə kimi aylıq 500 manat aliment də alınmalıdır. Məşhur klinikada estetik cərrah işləyən Cavabdeh buna imkanı çatır. Uşağa baxımla əlaqədar o, işləyə və gəlir əldə edə bilmir. Ona görə də uşaqdan əlavə onun özü üçün də aliment tələb edir. Hesab edir ki, Ailə Məcəlləsinin 85-ci maddəsi analogiya üzrə hazırkı mübahisəyə tətbiq edilməli və uşaq 3 yaşına çatana qədər cavabdeh ona aliment ödəməlidir. Alimentin məbləğini onun ehtiyacı, uşağa baxıma görə məruz qaldığı məhrumiyyət və cavabdehin qənaətbəxş maddi vəziyyəti (plastik cərrah işləyir) nəzərə alınaraq ən azı 200 manat həddində təsəvvür edir. Cavabdeh 03 aprel 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, o, iddianı qismən qəbul edir. Etiraf edir ki, xx.xx.2023-cü il təvəllüdlü X1 atasıdır və uşağın saxlanılması üçün qanunla nəzərdə tutulmuş məbləğdə və qaydada aliment tutulmasına etiraz etmir. Ananın saxlanılması üçün aliment tələbi hissəsində iddianı qəbul etmir, onların arasında ümumiyyətlə nikah olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi(vəkili) Nümayəndəiddia tələbini müdafiə edib,iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 iddia tələbini qismən qəbul etdiyini bildirərək, cavabdehin bununla bağlı verdiyi ərizəni nəzərə alınaraq qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 fevral 2024-cü il tarixli Arayışdan görünür ki, 11 fevral 2024-cü il tarixdə 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında X1 doğumu 484 №-ilə akt qeydi ilə qeyd edilmişdir. Doğum tarixi xx.xx.2023-cü ildir. Valideynləri: anası İddiaçı, atası X2r. Ata haqqında məlumat ananın ərizəsinə əsasən yazılmışdır. 22 yanvar 2024-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak edərək ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 20 fevral 2024-cü il tarixli ********** №-li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 17 fevral 2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin nəzdində “X3” plastik cərrah vəzifəsində çalışan Cavabdeh əmək haqqı 2023-cü ilin iyun ayından dekabr ayınadək əmək haqqı 900 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2.-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə cavabdehin etirafını nəzərə alaraq hesab edir ki, iddia tələbi Cavabdeh 27 iyun 2023-cü il tarixdə Bakı şəhərində doğulmuş X1 atası olmasının müəyyən edilməsi hissəsində iddia tələbi əsaslıdır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, ki, uşağın saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşağın saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından - uşağın saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Tutulan alimentin miqdarı müəyyən edilərkən, tərəflərin maddi vəziyyəti və uşağın mənafeyi, cavabdehin hər ay 500 manat məbləğində aliment ödəməyə maddi imkanının olmasını təsdiq edən məhkəməyə hər hansı bir sübut təqdim edilməməsi nəzərə alınmalı və uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün cavabdehdən hər ay uşağa görə sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat miqdarında aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Alimentin tutulması tələbi atalığın müəyyən edilməsi haqqında tələblə birlikdə verildikdə atalığın müəyyən olunması tələbi təmin edilərsə, aliment atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət olunduğu vaxtdan tutulmalıdır. Bu zaman Ailə Məcəlləsinin 100.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunandan əvvəlki dövr üçün aliment müəyyən edilə bilməz. Çünki, atalığın müəyyən edilməsi haqqında tələb təmin olunanadək cavabdeh qanunla müəyyən olunmuş qaydada uşağın atası sayılmırdı. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə 20 fevral 2024-cü il tarixdə müraciət etdiyindən, alimentin tutulmasının əvvəli 20 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə iddiaçının “xx.xx.2023-cü il təvəllüdlü X1 3 yaşına çatana qədər onun özü üçün aylıq 200(iki yüz) manat alimentin tutulması” hissəsində iddia tələbi ilə əlaqədar hesab edir ki, tərəflər arasında rəsmi nikah olmadığı və onlar ər-arvad statusunda olmadıqları üçün həmin hissədə iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəllənin 85.1 və 85.1.1-ci maddələrinə əsasən, nikah pozulduqdan sonra hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 27 iyun 2023-cü il tarixdə Bakı şəhərində doğulmuş X1 atası olması müəyyən edilməli, habelə uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 20 fevral 2024-cü il tarixdən başlayaraq, cavabdehdən hər ay 235 manat miqdarında aliment sabit pul məbləğində tutularaq, iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etsə də, iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ona görə də, ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 27 iyun 2023-cü il tarixdə Bakı şəhərində doğulmuş X1 atasının Cavabdeh olması müəyyən edilsin. 27 iyun 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 20 fevral 2024-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat miqdarında aliment sabit pul məbləğində tutularaq, İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-2372/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2372/2024
08.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver